Məhkəmə qərarları › İş №2(105)-1562/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1562/2025

11.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1562/2025 11.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Xəlilov Ramin Adilxan oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(060)-3711/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları

1. RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 saylı evin 36 saylı mənzili xx.xx.2014-cü il tarixdən İddiaçı adına qeydə alınmışdır.

2. Sumqayıt şəhər İH MKTİİB 11 saylı MKS-nin 423 saylı xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 saylı evin 36 saylı mənzilində yaşayan İddiaçı cavabdeh də daxil 6 nəfər ailə üzvü vardır.

3. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2025-ci il tarixli ******* saylı arayışdan görünür ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 saylı evin 36 saylı mənzilində tərəflər də daxil olmaqla cəmi 7 nəfər qeydiyyatdadır.

4. Sumqayıt şəhər İH MKTİİB 11 saylı MKS-nin təsdiq etdiyi xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Cavabdeh 2000-ci ildə ailə qurduğu üçün həmin tarixdən hazıra kimi Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 saylı evin 36 saylı mənzilində yaşamır, lakin qeydiyyatdadır.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 saylı evin 36 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 saylı evin 36 saylı mənzili onun mülkiyyətindədir. Bu barədə onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və adına xx.xx.2014-cü il tarixli çıxarış verilmişdir. Cavabdeh onun qızıdır. Cavabdeh 2000-ci ildə ailə quraraq, ərə getmişdir və həmin vaxtdan bu mənzildə yaşamır. Artıq 25 ildir ki, o, bu mənzili daimi olaraq tərk etmişdir. 2019-cu ilin sentyabr ayında cavabdeh ona müraciət edərək kredit şərti ilə ev almaq üçün pul lazım olduğunu bildirmiş, o isə qızına öz kartını vermişdir ki, kreditə ev alıb aylıq ödənişlərini etsin. Lakin cavabdeh onun kartından 2024-cü ilin dekabr ayına kimi hər ay 263 manat olmaqla vəsait çıxarmış və 15000 manata yaxın vəsaitini pensiya kartından çıxarmışdır. Cavabdehdən evdəki pasport qeydiyyatından çıxmasını tələb etsə də, o, nəinki qeydiyyatdan çıxmış, hələ üstəlik ona qarşı evə köçürülmə barədə iddia qaldırmışdır. Cavabdeh 26 ilə yaxındır ki, bu mənzildə yaşamadığı üçün mənzilə olan istifadə hüququnu itirmişdir. Onun formal qeydiyyatda qalmağı mülkiyyətçi kimi onun hüquqlarını pozur. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş edir.

7. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(060)-3711/2025 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 saylı evin 36 saylı mənzilindən istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir (hakim Elçin Kazımov).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 saylı evin 36 saylı mənzili İddiaçı mülkiyyətindədir. İddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan Cavabdeh məhkəmə iclasında özü də etiraf edir ki, 25 ildən artıqdır ki, ailə quraraq qeyd edilən mənzildən köçüb kirayədə, başqa ünvanda yaşayır, lakin ünvan 1 formal olaraq qeydiyyatdadır. İşin bu halları mötəbər sübutlarla təsdiq olunur. MPM-nin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdən görünür ki, tərəflər arasında yaranmış münasibətlər 2000-ci ilin sentyabr ayından əvvəlki dövrə təsadüf edir. Bu baxımdan sadalananları rəhbər tutaraq, məhkəmə hesab etmişdir ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin (köhnə) hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir . Həmin Məcəllənin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini yuxarıda qeyd olunan Mənzil Məcəlləsinin 60,87-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(060)-3711/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə formal yanaşmış, işin əsl mahiyyətini araşdırmamış və müəyyən edilmiş hallar üzrə qanunsuz nəticəyə gəlmişdir. Belə ki, o, həmin mənzildə yaşamışdır, orderdə adı olmuş, həmin mənzildə qeydiyyatda olmuş, hal-hazırda da həmin mənzildə yaşayır. Məhkəmə isə yalnız onun 2000-ci ildə ailə qurduğunu əsas gətirərək, onun mənzildə olan istifadə hüququnu itirilmiş hesab etmişdir ki, bu zaman məhkəmə düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, 2000-ci ildə o, gəlin getsə də, həmin mənzilin özəlləşdirilməsinə icazə vermiş və iddiaçı mənzili yalnız onun razılığı ilə özəllləşdirib.Əgər onun həmin mənzilə hüququ olmasaydı, 2014-cü ildə mənzil özəlləşdiriklərkən onun razılığı tələb edilməzdi. 2014-cü ildən ailə münasibətləri pozulduğu üçün o, mübahisəli mənzilə azyaşlı uşaqları ilə qayıtmışdır, iddiaçı onu bir ailə üzvü kimi qəbul edib və 2014-cü ildən 2024-cü ilin yayına qədər həmin mənzildə yaşamış və 2024-cü ildən iddiaçı onu mənzilə buraxmadı. O, bu barədə 2024-cü ilin sentyabrında məhkəmədə mənzilə köçürmə iddiası qaldırmış və həmin iş məhkəmədə baxılan ərəfədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdi. Buradan da görünür ki, o 2000-ci ildə gəlin köçsə də, 2014-cü ildə mənzilə qayıtmış və mübahisə yaranan 2024cü ilə qədər 10 il ərzində mülkiyyətçinin hər hansı bir etirazı olmadan ailə üzvü kimi mənzildə yaşamışdır. Bu halda onun mülkiyyətçinin ailə üzvü, orderdə adı olan, həmin evdə qeydiyyatda olan və özəlləşməyə razılıq verən şəxs kimi mənzildə yaşayış hüququ var və onun hazırda yaşayış və istifadə hüququnun itirilməsi üçün hər hansı bir hüquqi əsas olmamışdır. Məhkəmə isə maddi və prosesual hüquq normalarını pozaraq, onun konstitusion mənzil hüququnu pozaraq, onu yeganə yaşayış yerindən məhrum etmişdir ki, bu halda məhkəmə qətnaməsini qanuni və əsaslı hesab etmək olmaz. 2014-cü ildə yenidən mənzilə mülkiyyətçinin öz razılığı ilə qayıdıb mülkiyyətçinin ailə üzvü kimi yaşamaqla bu mənzildə istifadə hüququ qazanmışdır. Məhkəmə isə yeni münasibətlərin 2014-cü ildə yaranmasına baxmayaraq, 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrini tətbiq etmişdir ki, bununla da kobud prosessual pozuntuya yol vermişdir. Belə ki, mübahisə zamanı münasibətlər yaranan zaman qüvvədə olan maddi normalar tətbiq edilməlidir. Məhkəmə onun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün nəticəyə gələrkən iş üçün əhəmiyyətli olan bütün faktiki halları onun hazırda həmin mənzildə mülkiyyətçi ilə ailə üzvü kimi 10 ildən artıq yaşamağını, həmin mənzilin özəlləşdirilməsinə razılıq verməsini, mülkiyyətçinin ailə üzvü olmağını aydınlaşdırmamış, bu faktları nəzərə almadan, onlara hüquqi qiymət vermədən səhv nəticəyə gəlmişdir. Məhkəmə belə hesab etmişdir ki, guya o, 25 ildir mənzildə yaşamır. Lakin bu nəticə işin hallarına uyğun gəlmir. Belə ki, iddiaçı özü də həm onun iddiası üzrə olan mülki işdə, həm də hazırkı işdə etiraf etmişdir ki, o həmin mənzildə əri ilə münasibətləri pozulan 2014-cü ildən 2 uşağı ilə birgə yaşamışlar. Bu da təsdiq edir ki, o, mülkiyyətçinin ailə üzvü kimi 10 ildir ki, mənzildə yaşayır. Belə olan halda onun həmin mənzildə yaşayış hüququ var. Bu hüququn itirilməsi üçün isə hər hansı bir əsas olmamışdır. Belə ki, o, 2000-ci ildə gəlin köçsə də, 2014-də mübahisəli mənzilə qayıdıb, mülkiyyətçi ilə bir ailə üzvü kimi yaşamaqla həmin mənzilə istifadə hüququnu yenidən bərpa etmişdir.

Apellyasiya şikayətinə qarşı etiraz

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilərini müdafiə edərək təmin edilməsini xahiş etdilər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Konstitusiyasının:

13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

16. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (1982-ci ildə qəbul olunan):

87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (hazırda qüvvədə olan): 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iddia təmin edilməməlidir.

20. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi məsələsinə qiymət verilməzdən əvvəl, onun həmin mənzilə istifadə hüququnun nə vaxtdan itirilməsi məsələsi araşdırılmalıdır. Belə ki, belə hüquq mövcud olmadığı halda onun itirilməsindən söhbət gedə bilməz.

21. Buna görə cavabdeh yuxarıda qeyd olunan Mənzil Məcəlləsinin 87 və 60-cı maddəsinin tələbləri baxımından 2000-ci ilin iyun ayından ər evinə köçdüyü vaxtdan mübahisələndirilən mənzilə olan yaşayış hüququnu itirmişdir. Buna görə iddiaçının tələbinə əsasən artıq 2000-ci ilin iyun ayından mənzilə istifadə hüququ itirildiyi halda hazırda mənzilə olan hüququn itirilmiş heab olunması mənzilə dair olmayan hüququn itirilməsi baxımından qeyri-müəyyənliyə səbəb olur.Buna görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmaqla cavabdehin Sumqayıt şəhəri, 17-ci mikrorayon, 33 saylı evin 36 saylı mənzilinə istifadə hüququ olmadığından, həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia təmin edilməməlidir.

22. Cavabdehin 2014-cü ildən mülkiyyətçi olan iddiaçının mənzilinə köçərək yenidən mənzilə istifadə hüququ əldə etməsinə dair apellyasiya şikaytinin dəlillərini əsassızdır. Belə ki, iş materiallarına əsasən cavabdehin ərindən boşandıqdan sonra daimi əsaslarla qeyd olunan mənzilə mülkiyyətçinin ailə üzvü kimi köçərək orada yaşaması iş materialları ilə öz təsdiqini tapmır.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırarkən cavabdehin hüquqlarının olub-olmaması halını araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 02 sentyabr 2025-ci il tarixli, 2(060)-3711/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar