Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1567/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızının iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi X1 cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı və Cavabdeh5 qarşı “yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılaraq təhvil verilməsi və kommunal borcun ödənilməsi” tələbinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(012)-5043/2021 saylı qətnaməsindən Cavabdeh2 Nəcməddin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı qanuni nümayəndəsi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Masazır kəndi, Afiq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızının və Cavabdeh5 tərəfindən boşaldılmasını təmin edərək həmin yaşayış sahəsinin qanuni mülkiyyətçisinə təhvil verilməsinə və cavabdehlər tərəfindən istifadə edilmiş, elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcun, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır kəndi, Afiq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evi (bundan sonra - yaşayış sahəsi) İddiaçı mülkiyyətindədir. Bu fakt Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli Çıxarış ilə öz təsdiqini tapır. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, həmin yaşayış sahəsi üzrə daimi qeydiyyatda olan hər hansı bir şəxs yoxdur. 2019-cu ilin sentyabr ayında sözügedən yaşayış sahəsi iddiaçının razılığı olmadan cavabdehlərin-Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızının və Cavabdeh5 əvəzsiz isifadəsinə verilmişdir. İddiaçı dünyada yayılmış Covid-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin aprel ayında yaşayış sahəsinə köçərək orada yaşamaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq, cavabdehlərdən xahiş olunmuşdur ki, iddiaçıya məxsus olan yaşayış sahəsi boşaldılsın. Lakin cavabdehlər yaşayış sahəsini boşaltmaqdan imtina etmişlər. İddiaçı dəfələrlə cavabdehlərlə əlaqə saxlayaraq, yaşayış sahəsinin boşaldılmasını tələb etsə də, cavabdehlər qanuni tələblərinə əməl etməkdən yayınmış və hər dəfə iddiaçı özünə və qanuni nümayəndəsinə qarşı yönəlmiş təhqiredici ifadələrə məruz qalaraq hədə-qorxu ilə müşayiət olunan rədd cavabı almışdır. Cavabdehlərin Abşeron rayonu, Masazır kəndi, Afiq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yaşadıqlarının təsdiqi kimi xx.xx.2021-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən cavabdehlərdən aldıqları izahatları iddiaçı göstərə bilər. Həmçinin əldə edilmiş arayışlardan da məlum olur ki, cavabdehlər Abşeron rayonu, Masazır kəndi, Afiq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yaşadıqları müddətdə istifadə etdikləri kommunal borcları ödəməmişlər. Hal-hazırda cavabdehlərin elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğində kommunal borcları var. Cavabdehlərə həmin kommunal borcların ödənilməsi ilə bağlı müraciət olunsa da, cavabdehlər həmin borcların ödənilməsindən də yayınmaqdadırlar. Belə olan halda iddiaçı öz konstitusion hüququnu bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(012)-5043/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Abşeron rayonu, Masazır kəndi, Afıq Abdülhüseynov küçəsi, döngə 2, dalan 1, ev 4B (yeni qaydalarla: Afiq Abdülhüseynov küçəsi, ev 85) ünvanında yerləşən fərdi yaşayış evinin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı və Cavabdeh5 tərəfindən boşaldılması və həmin yaşayış sahəsinin İddiaçı qanuni nümayəndəsi X2 təhvil verilməsi, cavabdehlər tərəfindən istifadə edilmiş, elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcu, həmçinin ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı və Cavabdeh5 tutularaq İddiaçı qanuni nümayəndəsi X2 ödənilməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Qətnamədən Cavabdeh2 Nəcməddin qızı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və sentyabr ayına qədər mənzildə yaşama hüququnun bərpa edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı, X3, X4 və digərləri ilə qonşu olmuşlar. Daha sonra yaşadıqları yerdən köçürülmüşlər və əvəzində onlara pul vəsaiti verilmişdir. Həmin vaxt kirayə qalmışlar. Fazil isə oğluna aid nəqliyyat vasitəsilə taksi fəaliyyəti ilə məşğul idi. Fazil təklif edib ki, həmin mənzilə köçüb, yeni ev tikilənə kimi orada kirayə qalsınlar. Kirayə pulu, kommunal xərcləri və kirayə ödənişini vaxtında ödəmişlər. Aralarında heç bir anlaşılmazlıq yaşanmamışdlr. Həmin mənzilə xx.xx.2019-cu ildə köçmüşlər. Fazil oğlu Kamranın maşınını istifadə etmiş, ailə üzvləri tez-tez onlara gəlmişlər. Bacısı Kəmalə hər ay ödənişi şəxsən onlardan almışdır. Maşının Fazil tərəfindən istifadə edilməsini də o xahiş etmişdir. 2020-ci il 23 fevralda növbəti dəfə Yasamal rayonunda oğlu Kamran Fazilə maşını təhvil vermişdir. Fazildən bir neçə gün xəbər çıxmamış, əvvəl narahat olmamışlar, sonra bacısı Kəmalə və arvadı Svetlana onlara gəlmiş və bildirmişlər ki, Fazil maşını Yasamalda uşaqlara verib və qarşılığında 1000 manat alıb. Fazilin harda olmasını bilmirlər, polisə şikayət etməməyi xahiş etmişlər. Bu işi özləri həll edəcəklərini, maşın qayıtmasa ziyanı ödəyəcəklərini bildirmişlər. Bir müddət Fazili axtarmışlar, dəfələrlə Kəmalə və Svetlana ilə əlaqə yaratmışlar, onlar isə vədlər verməyə davam etmişlər. Daha sonra pandemiya başlamış, bir neçə müddət sonra Fazilin tutulması haqda xəbər eşitmişlər. Kəmalə və Svetlana ilə tez- tez əlaqə yaratmışlar, onlara bildirmişlər ki, ev tikilənə kimi evdə qalsınlar. Həmin maşın lizinqdə olmuş, şirkətə aylıq ödəniş etmişlər. Jekdə süpürgəçi işləyir, yoldaşı və oğlu İmran fəhlədirlər. Ev tam hazır deyil, Svetlana Allahverdiyeva onlara söz vermişdir ki, nəqliyyat vasitəsinin dəyərini ödəyənədək həmin evdə yaşaya bilərlər, lakin sonradan onları məhkəməyə vermişlər. Həmçinin kommunal ödənişlərin böyük qismi ödənilmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 Nəcməddin qızı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdilər. İddiaçının qanuni nümayəndəsi X3 və cavabdehlər Cavabdeh1, Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçı və cavabdehlərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh2 Nəcməddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(012)-5043/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, 0,0107 ha torpaq sahəsi üzərində yerləşən ümüumi sahəsi 58 kv metr olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi tam pay olmaqla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron RPŞ QVŞV bölməsi tərəfindən verilmiş xx.xx.2021ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında qeydiyyatda heç bir şəxs yoxdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında quraşdırılmış abonent kodu **********15175 olan sayğaca əsasən işıq sərfiyyatına görə borc xx.xx.2021-ci il tarixinə 278,05 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC Abşeron rayon sukanal idarəsi tərəfindən verilmiş hesab-fakturadan görünür ki, Masazır kəndi, ev-320 ünvanına quraşdırılmış abonent kodu **********573 olan sayğaca əsasən su sərfiyyatına görə borc xx.xx.2021-ci il tarixinə 197,75 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evində yaşamalarının məhkəmədə sübutların tədqiqatı zamanı heç bir hüquqi əsası müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər tərəfindən istifadə edilmiş elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcunun olması iş materiallarında olan abunə haqqında cədvəl və hesab faktura ilə öz təsdiqini tapdığından, elektrik enerjisindən istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 278,05 manat və sudan istifadəyə görə xx.xx.2021-ci il tarixə olan 197,75 manat məbləğdə kommunal borcun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli olması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 30cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanunun 61ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 405 -ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh2 Nəcməddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2(012)-5043/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1567/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1567/2022
18.07.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver