Məhkəmə qərarları › İş №2(105)-1571/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1571/2021

22.07.2021 · Müqavilələrin ləğv edilməsi - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1571/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh və Zamin qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(027)-159/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və Zamin tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli, 2(027)-159/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.02.2014-cü il tarixli kredit müqaviləsi və 06.04.2015-ci il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı-nin xeyrinə 05.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə 20.658,07 manat (iyirmi min altı yüz əlli səkkiz manat, yeddi qəpik) manat məbləğində əsas kredit borcu, 10703,81 (on min yeddi yüz üç manat, səksən bir qəpik) manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 100 (bir yüz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 31461,88 (otuz bir min dörd yüz altımış bir manat, səksən səkkiz qəpik) manat və 06.04.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə 4999,98 (dörd min doqquz yüz doxsan doqquz dollar, doxsan səkkiz sent) ABŞ dolları məbləğində əsas kredit borcu, 3996,06 (üç min doqquz yüz doxsan altı dollar, altı sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə faiz borcu olmaqla, 8996,04 (səkkiz min doqquz yüz doxsan altı dollar, dörd sent) ABŞ dolları məbləğində pulun ödəniş günü manat ekvivalentində tutulması, İddiaçı-nin tutma tələbinin cavabdeh Zamin mülkiyyətində olan Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 35 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetlərinin ilkin satış qiymətinin 55.000 (əlli beş min) manat müəyyən edilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borclarının, kreditdən istifadəyə görə faizlərin, cərimənin və dövlət rüsumunun ödənilməsi təmin edilməsi, ipoteka predmetinin hərracda satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyana verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya verilməsi qət edilmişdir (hakim Rahim Həsənov) Qətnamədən cavabdehlər Cavabdeh və Zamin apelyasiya şikayəti verərək qətnamənin ipoteka predmetinin qiyməti və ipoteka predmetinin hərracda satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması hissəsində dəyişdirilməsini xahiş etmişlər. İ Ş İ N H A L LA R İ: İddiaçı cavabdehlər Cavabdeh və Zamin qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı arasında bağlanmış 05.02.2014-cü il tarixli kredit müqaviləsinin və 06.04.2015-ci il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi; Cavabdeh İddiaçı-nin xeyrinə 21008,07 manat əsas kredit borcu, 10703,81 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 2940,66 manat əsas borca hesablanmış cərimə məbləği və 12019,20 manat faiz borcu üzrə hesablanmış cərimə məbləği olmaqla, cəmi 46671,74 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin 4999,98 ABŞ dolları kredit borcu və 3996,06 ABŞ dolları faiz borcu olmaqla, cəmi 8996,04 ABŞ dolları məbləğində pulun tutularaq ödənilməsi; cavabdeh Zamin məxsus olan Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 2 otaqlı və digər yardımçı sahədən ibarət fərdi yaşayış evinə tutmanın yönəldilməsi, açıq hərracda satış yolu ilə əldə ediləcək vəsaitin hesabına kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi; fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlər və sair şəxslər tərəfindən bir ay ərzində əmlakın boşaldılması; ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə həmin məbləğin Cavabdeh ümumi qaydada tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh və Zamin apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, ipotekanın ilkin satış qiyməti mövcud bazar dəyərinə uyğun qiymətləndirilməmiş, qiymətləndirici şirkət həmin evin və torpaq sahəsinin bazar dəyərinin hansı meyarlara uyğun hesabladığını qeyd etməmişdir. Halbuki, kredit müqaviləsi bağlayan zaman 2014cü ildə ipoteka predmetinin qiyməti 50000 (əlli min) manat müəyyən olunmuşdur. 2014-cü ildən bu vaxta kimi təkcə əmlakların deyil ümumiyyətlə bütün məhsulların qiyməti qalxmışdır. Belə olan halda 6 il ərzində Quba şəhərində 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli evin qiymətinin 5000 (beş min) manat artaraq 55000 (əlli beş min) manat məbləğində müəyyən edilməsi real deyildir. Həmin ərazidə analoji qiymətlər ən azından 60000 (yetmiş min) manatdan başlayır. Həmçinin ipoteka predmetinin qiymətləndirildikdən sonra onun qiymətindən məlumatı olmadığı üçün onun məhkəmədə mübahisələndirə bilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 'İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının hakimlərindən ibarət məhkəmə tərkibi mübahisəli məsələ ilə bağlı təqdimat vermiş məhkəmə tərkibi ilə razılaşaraq hesab edir ki, “İpoteka haqqında” Qanunun tələbi baxımından ipoteka predmetlərinin ilkin satış qiyməti məhz likvid qiymətlə müəyyən edilməlidir. O da qeyd edilməlidir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə. Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma “İpoteka haqqında” Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Bundan başqa qətnamənin ipoteka predmetinin hərracda satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması hissəsi ilə razı deyildir və qeyd edir ki, məhkəmə hələ keçirilmiməmiş hərracın nəticələrinə qiymət vermiş, hərrac keçirilmədən cavabdehlərin çıxarılması düzgün deyildir. Belə ki, məhkəmə qətnamədə cavabdehlərin həmin evdən çıxarılması nəticəsinə gəlməklə, ipoteka qoyanın hüquqlarının məhdudlaşdırılması ilə, hərrac keçirilmədən hərracın nəticələrinin müəyyən edilməsinə səbəb olmuşdur. Ona görə də ipoteka predmetinin satılmasından 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması hissəsi icra mərhələsində baş verən bir proses olduğundan qətnamə həmin hissədə də ləğv olunmalıdır. Bundan başqa cavabdehlərin kimlərdən ibarət olması aydın deyildir. Odur ki, Quba Rayon Məhkəməsinin 2(027)-159/2020 saylı, 07 yanvar 2020-ci il tarixli qətnaməsinin “ipoteka predmetinin qiyməti və ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması” hissəsində dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı-nin nümayəndəsi X2 izahatında apelyasiya şikayətinin dəlillərinə etiraz edib, iddia ərizəsinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 2(027)-159/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlər Cavabdeh və Zamin rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlər Cavabdeh və Zamin məhkəmə qətnaməsini yalnız “ipoteka predmetinin qiyməti və ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması” hissəsini mübahisələndirmişlər. Bu səbəbdən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə müzakirə edir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)-159/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması hissəsində dəyişdirilməli, ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh və Zamin həmin əmlakdan çıxarılması müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 05.02.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh üçün 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 33660 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan 06.04.2015-ci il tarixli kredit xətti müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh üçün 12 ay müddətinə 5000 ABŞ dolları məbləğində VİSA Gold plastik kart vasitəsilə kredit xətti açılmışdır. İş materiallarında olan 17.03.2015-ci və 30.06.2015-ci il tarixli kredit müqaviləsinin restrukturizasiyasına dair razılaşmalardan görünür ki, tərəflər arasında bununla bağlı razılıq əldə edilmişdir. İş materiallarında olan 05.02.2014-cü il tarixli notarial qaydada təsdiq olunmuş Zamin ilə İddiaçı arasında bağlanmış İpoteka müqaviləsindən görünür ki, ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün 50.000 manat dəyərində qiymətləndirilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li, RX seriyalı çıxarışla Zamin mülkiyyətində olan Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 35 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan 30.06.2015-ci il tarixli notarial qaydada təsdiq olunmuş Zamin ilə İddiaçı arasında bağlanmış Sonrakı İpoteka müqaviləsindən görünür ki, ASC ilə Cavabdeh arasında bağlanmış kredit və kredit xətti müqavilələri üzrə öhdəliklərin təmin edilməsi üçün 50.000 manat dəyərində qiymətləndirilmiş, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* №-li, RX seriyalı çıxarışla Zamin mülkiyyətində olan Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 35 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlardan görünür ki, ipoteka predmetini təşkil edən Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 35 nömrəli fərdi yaşayış evinin ipoteka ilə yüklülüyü dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı təşkilat tərəfindən hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin əmlakın qiymətləndirilməsi barədə 10.10.2019-cu il tarixli ekspert rəyindən görünür ki, ipoteka predmeti olan Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 35 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 55.000 manatdır. İş materiallarında olan 21.11.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh İddiaçı-yə əsas borc üzrə 20.658,07 manat, faiz borc üzrə isə 10703,81 manat məbləğində borcu vardır. Hesablanmış cərimə borcu isə 14959,86 manat müəyyən edilmişdir. İş materiallarında olan 2019-cu ilin may ayına aid arayışdan görünür ki, Cavabdeh İddiaçı-yə kredit xətti müqaviləsinə görə əsas borc üzrə 4999,98 ABŞ dolları, faiz borc üzrə isə 3996,06 ABŞ dolları məbləğində borcu vardır. Müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.02.2014-cü il tarixli kredit müqaviləsi üzrə sonuncunun 36 ay müddətinə illik 23% haqq ödəmək şərti ilə 33660 ABŞ dolları məbləğində kredit alması, həmin müqavilə əsasında kredit üzrə valyutanın konvertasiyası və restrukturizasiyasının həyata keçirilməsi, həmçinin həmin tərəflər arasında bağlanmış 06.04.2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə illik 25% haqq ödəmək şərti ilə 5000 ABŞ dolları məbləğində kredit alması, kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün Dövlət reyestrindən ******* №-li, RX seriyalı çıxarışla Zamin mülkiyyətində olan Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 35 nömrəli yaşayış evinin ipotekaya qoyulması, Cavabdeh müqavilələr üzrə öhdəliklərini yerinə yetirməyərək müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması nəticəsində ASC-yə 05.02.2014-cü il tarixli kredit müqaviləsinə görə əsas borc üzrə 20.658,07 manat, faiz borc üzrə 10703,81 manat, 06.04.2015-ci il tarixli kredit müqaviləsinə görə isə əsas borc üzrə 4999,98 ABŞ dolları, faiz borc üzrə 3996,06 ABŞ dolları məbləğində borclu qalması sübuta yetirilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 448.1, 442, 443.1, 445.1, 445.2, 279, 448.1, 449.1, 449.4, 295, 317.1, 319.1 maddələrinə istinad etməklə və işdəki sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 05.02.2014-cü il tarixli kredit müqaviləsinin və 06.04.2015-ci il tarixli kredit xətti müqaviləsinin ləğv edilməsi tələbi, həmçinin Cavabdeh bankın xeyrinə 05.02.2014-cü il tarixli kredit müqaviləsinə görə əsas borc üzrə 20.658,07 manat, faiz borc üzrə 10703,81 manat, 06.04.2015-ci il tarixli kredit müqaviləsinə görə isə əsas borc üzrə 4999,98 ABŞ dolları, faiz borc üzrə 3996,06 ABŞ dolları məbləğində pulun tutulması tələbi hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə haqdlı olaraq hesab etmişdir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi 14959,86 manat məbləğində cərimə borcu əsas borc və faiz borcuna münasibətdə tənasübsüz surətdə yüksək məbləğdir. Buna görə də, dəbbə pulunun 100 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən ipotekaya qoyulmuş Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 35 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 55.000 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə kollegiyasının qərardadına əsasən cavabdehlərin apelyasiya şikayətinin dəlilləri əsasında iş üzrə təyin nedilmiş ekspert rəyi ilə ipotekaya qoyulmuş Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 35 saylı fərdi yaşayış evinin likvid dəyəri 50.000 manat məbləğində müəyyən edilmişdir. Lakin məhkəmə kollegiyası evin qiymətinə dair birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır. Məhkəmə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə cavabdehdən ümumi qaydada tutulması haqqında qətnamə çıxarılması tələbinə qiymət verərək hesab etmişdir iddia tələbi həmin hissəsində təmin edilməməlidir. Belə ki, qanunda işə mahiyyəti üzrə baxan məhkəmə üçün icra tədbirlərinin həyata keçirilməsi, o cümlədən cavabdehin hər hansı əmlakı hesabına qətnamənin ümumi qaydada icra edilməsi səlahiyyəti nəzərdə tutulmamışdır. Ona görə də, cavabdehlərin digər əmlakları hesabına qətnamənin ümumi qaydada icra edilməsi qətnamədə əks oluna bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra edilməsi, bu barədə müvafiq icra tədbirlərinin həyata keçirilməsi “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir və qətnamənin icrası mərhələsinə aiddir. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən iddiaçı iddia tələbini əsaslandırdığı halları, yəni hərracdan satılmış əmlakın satış məbləğinin nə qədər təşkil etməsi, bunun banka olan borcu ödəyib-ödəməməsi, borcun qalan hissəsinin hansı məbləğ təşkil etməsi və cavabdehlərdən hansı formada tutulması, cavabdehlərin başqa əmklaklarının olub-olmaması və tələbin onların hansı əmlakına yönəldilməsinə dair hər-hansı sübutu məhkəməyə təqdim etməməklə, iddia tələbinin əsaslandırıldığı həmin halları sübut edə bilməmişdir. Bu da həmin iddia tələbinin rədd olunması üçün əsasdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticələrlə razı olsa da ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra cavabdehlər həmin əmlakdan çıxarılması hissəsində gəlmiş olduğu nəticə ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbində ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh və Zamin tərəfindən boşaldılması qeyd olunsa da qətnamənin nəticə hissəsində cavabdehlərin adı qeyd olunmamışdır ki, bu da qətnamənin icrası zamanı çətinliklər yarada bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh və Zamin apelyasiya şikayəti qismən təmin edilməli, Quba Rayon Məhkəməsinin 2(027)- 159/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması hissəsində dəyişdirilməli, ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh və Zamin həmin əmlakdan çıxarılması müəyyən edilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh və Zamin apelyasiya şikayəti qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-159/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti hərracda satıldıqdan bir ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması hissəsində dəyişdirilsin. İpoteka predmeti olan Quba şəhəri, Vaqif küçəsindəki 0,0381 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 35 nömrəli fərdi yaşayış evi hərracda satıldıqdan bir ay sonra cavabdehlər Cavabdeh və Zamin həmin əmlakdan çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar