Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1571/2022 02.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı mülki iş üzrə (Açar sözlər: istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), İlqar Kamal oğlu Dəmirov və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1, Cavabdeh4 iştirakı ilə Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(027)- 2031/2021 nömrəli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı BOKT MMC iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızının Daşınmaz Əmlakın Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 0.16 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 172.2 kv.metrdən ibarət fərdi yaşayış evi üzrə istifadə hüquqlarının itirilməsi və həmin əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 avqust 2012-ci il tarixdən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Daşınmaz Əmlak Dövlət Reyestrində 2 nömrəli reyestr kitabının 42 nömrəli vərəqində qeydiyyata alınmış Seriya RX ******* nömrəli çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində 0.16 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 172.2 kv. metrdən ibarət fərdi yaşayış evi İddiaçı BOKT MMC-yə məxsusdur. Daşınmaz əmlak 2012-ci il tarixdən İddiaçı BOKT MMC-nin mülkiyyətinə keçməsinə baxmayaraq cavabdehlər Cavabdeh1, X3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızı hal-hazıradək həmin fərdi yaşayış evində qeydiyyatdadırlar və həmin əmlak hal-hazıradək boşaldılmamışdır. Cavabdehlərin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(027)-2031/2021 nömrəli qətnaməsi ilə İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması tələbi təmin edilib, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızının hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73-10301, qeydiyyat nömrəsi **********, xx.xx.2012-ci il tarixli Çıxarışa əsasən İddiaçı BOKT MMC-nin xüsusi mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.mdən ibarət fərdi yaşayış evi üzrə istifadə hüquqlarına xitam verilməsi və həmin əmlakın boşaldılması qət edilmişdir. (hakim Rahim Həsənov) Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, iddiaçının mülkiyyət hüququ toxunulmazdır, cavabdehlərin iddiaçının mülkiyyətində olan fərdi yaşıayış evində formal olaraq istifadə hüququnun qalması isə mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırır, ona görə də iddia tələbi əsaslı olduğundan təmin olunaraq cavabdehlərin fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməli, evdən çıxarılmalı və həmin fərdi yaşayış evi boşaldılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstiusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 153.3, 178.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh4 apellyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(027)- 2031/2021 nömrəli qətnaməsinin ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Şikayətin dəlilləri: Quba Rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı BOKT MMC-nin iddiası təmin edərək cavabdehlərin evdən çıxarılması barədə qətnamə qəbul edilmiş və cavabdehlər tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2013-cü il tarixli, 2(105)- 710/2013 nömrəli qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli qətnaməsi ilə İddiaçı BOKT MMCnin mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalarına dair hissədə ləğv edilərək həmin hissədə iddia təmin edilməmişdir. Qeyd olunan qətnamə hal-hazırda qüvvədədir və mülki işin materiallarına əlavə edilmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh4 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. İddiaçı BOKT MMC-nin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızına məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası həmin şəxslərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Mənzil Məcəlləsi Maddə 29.1. Yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Maddə 34.1. Şəxsin yaşayış sahəsindən istifadə hüququna bu Məcəllə, digər qanunlar, müqavilədə nəzərdə tutulmuş əsaslara görə və ya məhkəmə qərarı əsasında xitam verildikdə, şəxs həmin yaşayış sahəsini boşaltmalıdır (ondan istifadəni dayandırmalıdır). Əgər müvafiq yaşayış sahəsinin mülkiyyətçisi tərəfindən müəyyən edilmiş müddət ərzində şəxs göstərilən yaşayış sahəsini boşaltmırsa, o, mülkiyyətçinin tələbi ilə məhkəmə qərarı əsasında yaşayış sahəsindən çıxarılmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti vermiş, digər cavabdehlər isə məhkəmənin qətnaməsini mübahisələndirməmişlər. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yalnız Cavabdeh4 aid hissədə yoxlanılır. Belə ki, iş materialları ilə müəyyən olur ki, Quba rayon Məhkəməsinin 10 mart 2009cu il tarixli, 2(027)-248/2009 nömrəli qətnaməsi ilə ipoteka qoyulmuş Məlikov Bəxti Məlik oğluna məxsus olan Quba rayonu, Vladimirovka kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 76.2 kv.metr yaşayış sahəsi və 96.0 kvmetr köməkçi sahəsindən ibarət fərdi yaşayış evinin üzərinə həbs qoyularaq satılması və satışdan əldə edilən puldan Məlikov Bəxti Məlik oğlunun xx.xx.2009-cu il tarixə İddiaçı QBKT-ya olan cəmi 16037,09 ABŞ dolları məbləğində əsas kredit borcu və həmin borca hesablanmış cərimələrin ödənilməsi qət edilmişdir. İddiaçı BOKT MMC “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” xx.xx.2011-ci il tarixli müqavilə əsasında Quba rayonu, Vladimirovka kəndində 0,16 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 76.2 kv.metr yaşayış sahəsi və 96.0 kvmetr köməkçi sahəsindən ibarət fərdi yaşayış evini almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* №-li, Reyestr nömrəsi **********73- 10301, qeydiyyat nömrəsi **********, xx.xx.2012-ci il tarixli çıxarışdan görünür ki, Quba rayonu, Vladimirovka kəndində 0.16 ha torpaq sahəsi üzərində yerləşən, ümumi sahəsi 172.2 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı BOKT MMC-nin adına dövlət qeydiyyatına alınmışdır. Quba Rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli, 2(027)-36/2013 nömrəli qətnaməsi ilə İddiaçı BOKT MMC-nin Cavabdeh1, X3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı fərdi yaşayış evindən çıxarılma, yaşayış evinin özgənin qanunsuz sahibliyindən azad edilərək təhvil verilməsi barədə iddia ərizəsi təmin edilib, cavabdehlərin və onların ailə üzvlərinin (və onlara bərabər tutulan şəxslərin) 16 avqust 2012-ci il tarixli “hüquqların Dövlət qeydiyyatı haqqında” çıxarışa əsasən iddiaçı təşkilatın mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları və həmin fərdi yaşayış evinin qanunsuz sahiblikdən azad edilməklə iddiaçı təşkilata təhvil verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2013-cü il tarixli, 2(105)-710/2013 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, X3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 tərərfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilib, Quba Rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli, 2(027)-36/2013 nömrəli qətnaməsi qismən - cavabdehlərin ailə üzvləri və onlara bərabər tutulan şəxslərin İddiaçı BOKT MMC-nin mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalarına aid hissəsində ləğv edilib, həmin hissədə iddianın təmin edilməməsi və qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. Quba RİHB-nın Vladimirovka İƏD üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 1458 №-li arayışından görünür ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi ölçüsü olan, xüsusi mülkiyyət növü olan, ümumi sahəsi 172.2 kv.m-dən ibarət fərdi yaşayış evində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) Simnarə Bəxti qızı qeydiyyatdadır. DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Hacızadeh Fard (Məlikova) X4 rayonu, Vladimirovka kəndində qeydiyyatdadırlar. Cavabdeh apellyasiya şikayətində hazırki iddia predmetini təşkil edən cavabdehlərin Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları ilə bağlı qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2013-cü il tarixli, 2(105)-710/2013 nömrəli qətnaməsinin möcvud olmasını və eyni iddia predmetinə təkrar baxılmasının yolveriməzliyi ilə əsaslandırmışdır. Qeyd olunan qətnamənin əsaslandırıcı hissəsindən müəyyən edilmişdir ki, cavabdehlərin Quba rayonu, Vladimirovka kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmaları ilə bağlı Quba Rayon Məhkəməsinin 10 mart 2009-cu il tarixli, 2(027)- 248/2009 nömrəli qətnaməsi prosessual əsaslarla, yəni iddia ərizəsində cavabdehlərin dairəsi müəyyən edilib göstərilsə də, cavadehlərin ailə üzvlərinin və onlara bərabər tutulan şəxslərin kimlərdən ibarət olması, onların soyadları, adları, atalarının adları, poçt ünvanlarının göstərilmədiyi, bu halların işə baxılarkən aydınlaşdırılıb cavadehlərin ailə üzvlərinin və onlara bərabər tutulan şəxslərin müəyyən edilib, məhkəmə iclasına cəlb edilməməli, qətnamənin icrası zamanı çətinliklər yaratmaqla, həmin şəxslərin ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması kimi qiymətləndirilərək qismən ləğv edilib, iddia həmin hissədə təmin edilməmiş və qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmışdır. İşin araşdırılan halları ilə müəyyən edilir ki, Quba Rayon Məhkəməsinin 29 yanvar 2013-cü il tarixli, 2(027)-36/2013 nömrəli qətnaməsi ilə işə mahiyyəti üzrə baxılan zaman İddiaçı BOKT MMC-nin Cavabdeh1, X3, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh4 qarşı fərdi yaşayış evindən çıxarılma, yaşayış evinin özgənin qanunsuz sahibliyindən azad edilərək təhvil verilməsi barədə, hazırki iddia tələbinin mahiyyəti isə İddiaçı BOKT MMCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılmasından ibarətdir. Göründüyü kimi iddia tələblərinin predmeti müxtəlifdir. Eyni zamanda işin araşdırılan halları ilə müəyyən edilir ki, cavadeh Cavabdeh4 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2013-cü il tarixli, 2(105)- 710/2013 nömrəli qətnaməsinə əsasən İddiaçı BOKT MMC-nin mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.16 ha torpaq sahəsi üzərində xüsusi mülkiyyətdə olan ümumi sahəsi 172.2 kv.metrdən ibarət fərdi yaşayış evindən çıxmamış, hal hazırda da orada yaşamaqla qanuni qüvvəyə minmiş qətnamə faktiki surətdə onun tərəfindən icra edilməmiş qalmış, cavabdehin yaşayış üçün zəruri olan bütün əmlakları həmin ünvanda olmaqla tərəfindən istifadə edilir və onun həmin evə istifadə hüququna xitam verilməmişdir ki, bu da son nəticədə iddiaçı BOKT MMC-nin mülkiyyət hüququnun pozulması ilə nəticələnməkdədir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh4 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 2(027)-2031/2021 nömrəli qətnaməsi Cavabdeh4 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1571/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1571/2022
02.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver