Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1571/2025 15.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh Məryəm Şamil qızı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(060)-3319/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, ev 59 “B”, mənzil 49: Yeni qaydalarla: AZ 5000, ünvan 1, 59B, M10, m1 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdeh iddiaçının bacısıdır. Cavabdeh iddiaçıya məxsus mənzildə iddiaçının razılığı ilə yaşayır. Hazırda iddiaçı cavabdehdən mənzildən çıxmağını xahiş etmişdir. Lakin o, buna məhəl qoymur. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Cavabdeh xüsusi mülkiyyət hüquqi ilə cavabdehə məxsus mənzildən çıxarılmalıdır. Həmçinin dövlət rüsumu kimi ödədiyi 100 manat və hüquqi yardım üçün ödədiyi 325 manat pul da cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1, ev 59 “B”, mənzil 49, Yeni qaydalarla: AZ 5000, ünvan 1, 59B, M10, m1-dən çıxarılması, həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi yardım üçün ödədiyi 325 manat pulun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Daha sonra İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, Cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1, ev 59 “B”, mənzil 49: Yeni qaydalarla: AZ 5000, ünvan 1, 59B, M10, m1-dən bütün əmlakları ilə birlikdə çıxarılması, həmçinin iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və hüquqi yardım üçün ödədiyi 325 manat pulun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. "xxxx" ASC ilə İddiaçı arasında bağlanılmış 10 mart 2023-cü il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1, ev 59 “B”, mənzil 49, Yeni qaydalarla” AZ5000, ünvan 1, ev 59B, M10, 1 saylı mənzil öhdəliklərin təminatı kimi "xxxx" ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 37.159 manat məbləğində qiymətləndirilmişdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş Çıxarışın surətindən görünür ki, ünvan 1, ev 59 “B”, mənzil 49, Yeni qaydalarla” AZ5000, ünvan 1, ev 59B, M10, 1 saylı mənzil xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2023-cü il tarixdə ********** saylı nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində 450 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır.
7. 25.01.2023-cü il tarixli arayışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən müəssisənin yaşayış binası "xxxx" MTK-ya məxsusdur. 59B binanın, 1-ci giriş mansard mərtəbəsində ümumi sahəsi 39,6 kv.m, yaşayış sahəsi 30,4 kv.m olan 2 otaqlı, 49 saylı mənzilin İddiaçı tam ödəmişdir və "xxxx" MTK-ya borcu yoxdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
8. Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(060)- 3319/2025 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin təmin edilməsi, Cavabdeh ünvan 1, ev 59 “B”, mənzil 49, Yeni qaydalarla” AZ5000, ünvan 1, ev 59B, M10, 1 saylı mənzildən çıxarılması, Cavabdeh 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu və 325 (üç yüz iyirmi beş) manat hüquqi xidmət üçün ödənilmiş rüsumun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 61-ci maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2, 157.4, 228.1 və 228.5-ci maddələri, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsi, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1, 119.1, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 216-220, 227, 233, 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(060)-3319/2025 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin sözü gedən qətnaməsi ilə onun AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88, AR Konstitutsiyasının 43-cü maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi düzgün araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Məhkəmə işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyi üçün qətnaməni qanunsuz və əsassız hesab edir. Ona görə də apelyasiya şikayəti vermək qərarına gəlmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin MKnın üzvlərinin nəzərinə çatdırmaq istəyir ki, işin mahiyyəti aşağıdakılardan ibarətdir. Mübahisəli ev Sumqayıt ş., Bulvar küç., ev 59 “B”, mənzil 49, Yeni qaydalarla AZ5000 Sumqayıt ş., Bulvar küçəsi, ev 59B, M10,1 saylı mənzilə görə o, 11000 AZN ilkin ödəniş edərək almışdır. Bu barədə Kristal Abşeron Tikinti kooperativinin Sumqayıt filialı ilə onun arasında çoxmənzilli binanın idarəetmə müqaviləsi də bağlanmışdır. Sonradan 4 ay ərzində ayda 840 manat olmaqla ödənişlər həyata keçirmişdir. İddiaçı onun bacısıdır. Sonradan onun maddi vəziyyəti çətinləşmişdir. Başqa kredit borcu var idi. O, bacısı İddiaçı çətin vəziyyətdə olduğunu, evin ödənişlərini ödəməkdə çətinlik çəkdiyini demişdir. Ondan kömək istəmiş, belə ki, ödənişləri yarı-yarıya (iki il yarım biri, iki il yarım isə digəri ödəməli idi) bölmək barədə razılığa gəlmişlər. Lakin o ona bildirmişdir ki, evi onun adına keçirsə, ona aylıq ödənişləri etməkdə yardım edəcək. O da bir bacı kimi ona inanmışdır. Düşünmüşdür ki, bacısıdır, ona köməklik etmək istəyir, bu səbəbdən də evi onun adına keçirmişdir. Lakin evi ilkin ödəniş edərək o almış, aylıq ödənişləri, kommunal xərcləri o, ödəmişdir və hələ də ödəyir. Buna görə də apellyasiya şikayəti verməyə məcbur olmuşdur. Qətnamə çıxarılan zaman məhkəməyə təqdim olunan sübutlar evi əvvəlcə onun ilkin ödəniş edərək almağı, bütün ödənişləri onun etməyi, sonradan evi onu adına məcbur qalaraq keçirməyi nəzərə alınmamış, ədələtsiz qətnamə qət edilmişdir. Hesab edir ki, məhkəmə iş üzrə müəyyən edilmiş həqiqiqi hallara, tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanmadan qətnamə qət etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
13. Cavabdeh 11 dekabr 2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.
14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 228.1 Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
18. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, ünvan 1, ev 59 “B”, mənzil 49, Yeni qaydalarla” AZ5000, ünvan 1, ev 59B, M10, 1 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir, cavabdeh onun bacısıdır. Hazırda iddiaçı cavabdehin mənzildən çıxarılmasını tələb edir.
23. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi qət edilmişdir.
24. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan mənzil iddiaçının mülkiyyətində olmaqla, cavabdehin həmin mənzildən istifadə hüququnun olmaması hazırki işin mübahisəsiz halını təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilində cavabdehin buna hər hansı hüququ olmadan yaşaması faktı iddiaçının qanunla qorunan mülkiyyət hüququnun pozulmasıdır. Belə ki, cavabdehin mübahisəli evə dair hər hansı bir hüququ mövcud deyildir. Çünki onun həmin evdə qalması üçün hər hansı hüquqi əsas (əşya hüququ, yaxud hansısa müqavilədən irəli gələn tələb hüququ, məhkəmə qətnaməsi ilə müəyyən edilən hüquq) aşkar edilməmiş, habelə cavabdeh də bu barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
25. Həmçinin, cavabdeh heç vaxt «digər qohum» kimi iddiaçının ailə üzvü olmamışdır.
26. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
27. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
28. Göründüyü kimi, cavabdeh iddiaçının bacısı olmaqla, ailə üzvləri sırasına aid olmamış, eləcə də yuxarıda sadalanan şəxslərin kateqoriyasına da aid deyil. Bu səbəbdən də cavabdehin həmin əsasla iddiaçının ailə üzvü, yaxud da «digər qohum»u qismində mübahisəli yaşayış sahəsindən iddiaçı ilə bərabər istifadə etmək hüququ yaranmamışdır.
29. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(060)-3319/2025 nömrəli qətnaməsini ləğv etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişlbh.
31. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər formal mülahizəyə əsaslanır. İş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsinin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2025-ci il tarixli, e-2(060)-3319/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.