Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1578/2022 18.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iş üzrə Qusar Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(029)- 434/2022 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında yazılı icraatda baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdeh qarşı müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış müqavilə üzrə 1300 manat məbləğində təhsil haqqı borcu, gecikdirilən hər gün üçün 0.1% olmaqla 286 manat həcmində olan dəbbə pulu və iddia ərizəsi üçün verilmiş 36 manat məbləğində dövlət rüsumu, cəmi 1622 manat məbləğin cavabdehdən tutularaq İddiaçı xeyrinə ödənilməsi və tərəflər arasında bağlanmış 31 mart 2015-ci il tarixli müqaviləyə xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 31 mart 2015-ci ildə İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X1 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyə öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 6000 azn təşkil etmişdir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 1300 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməmişdir. İddiaçı valideynə dəfələrlə müraciət edilərək təhsil haqqını və ona uyğun hesablanmış dəbbə pulunun ödənilməsini xahiş etmiş, bu səbəbdən lisey tərəfindən valideynə poçt vasitəsi ilə təhsil haqqının ödənilməsi tələbinə dair 06 fevral 2021-ci il tarixli xəbərdarlıq ünvanlanmışdır. Lakin, xəbərdarlıqlara baxmayaraq təhsil haqqı və hesablanmış dəbbə pulu ödənilməmişdir. Bu isə müqavilə üzrə valideynin üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 3.2.5-ci maddəsinə əsasən Lisey göstərilən təhsil xidmətlərinə görə təhsil haqqının tam və vaxtında ödənilməsini tələb edə bilər. Əlavə olaraq, həmin müqavilənin 7.2-ci maddəsinə görə təhsil haqqının ödənilməsinin gecikdirilən günlərinə görə valideyn dəbbə pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh 2019/2020-ci tədris ili üzrə təhsil haqqını tam ödəməmiş və 1300 manat borc qalmışdır. Bundan başqa, cavabdehə 2019/2020-ci tədris ili bitənədək borcu ödəməyə vaxt verilmişdir və heç bir dəbbə pulu hesablanmamışdır. Lakin, cavabdeh borcu ödəmədiyi üçün 2019/2020-ci tədri ili bitdiyi tarixdən, yəni 17 iyun 2020-ci ildən son xəbərdarlıq göndərilən 06 fevral 2021-ci il tarixinədək dəbbə pulu hesablanmışdır. Belə ki, 1300 manat borcun 0.1% faizi 1.3 manat etmiş və 17 iyun 2020-ci il tarixdən 06 fevral 2021-ci il tarixə qədər olan müddət nəzərə alınmışdır. Nəticədə cavabdehin 1300 manat təhsil haqqı borcu və 286 manat dəbbə pulu borcu hesablanmışdır. Lisey pandemiya dövründə öz fəaliyyətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil etmişdir. Müqaviləyə əsasən yaranmış vəziyyətdə tərəf (valideyn) götürdüyü öhdəliyi yerinə yetirməyə borcludur. Qusar Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(029)-434/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 1300 manat əsas və 286 manat dəbbə olmaqla, cəmi 1586 (min beş yüz səksən altı) manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 36 (otuz altı) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı hesabına keçirilməsi qət edilmişdir. (hakim Adil Vəliyev) Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: 31 mart 2015-ci ildə İddiaçı Bakı filialı ilə “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı Cavabdeh övladı X1 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyə öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 6000 azn təşkil etmişdir. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar olaraq Təhsil müəssisələrində koronavirus (COVİD- 19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həmin ərəfədə təhsil tam şəkildə dayandırılmış, tədris öhdəliklər üzrə müəyyən edilmiş tədris planı əsasında aparılmamışdır. Faktiki olaraq iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini tam həyata keçirməmişdir. Ödəniş də təqdim edilən təhsil xidmətinə müvafiq surətdə həyata keçirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(029)-434/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və hesab etmişdir ki, müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 1300 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməmişdir. Cavabdeh borcu ödəmədiyi üçün 1300 manat borcun 0.1% faizi 1.3 manat etmiş və 17 iyun 2020-ci il tarixdən 06 fevral 2021-ci il tarixə qədər olan müddət nəzərə alınmaqla cavabdehin 1300 manat təhsil haqqı borcu və 286 manat dəbbə pulu borcu yaranmışdır. İddiaçının istinad etdiyi əsas dəlil ondan ibarətdir ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, cavabdeh isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyə öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə iddiaçı üzərinə düşən öhdəlikləri tam yerinə yetirmiş, cavabdeh isə müqavilə üzrə öhdəliyini tam yerinə yetirməyərək 2019/2020 tədris ili üzrə 1 (bir) tədris ili üçün 6000 manat təşkil edən təhsil haqqından 4700 manat təhsil haqqını ödəsə də, 1300 manat məbləğində təhsil haqqı ödənişini həyata keçirməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlili isə ondan ibarət olmuşdur ki, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq təhsil müəssisələrində koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə həmin ərəfədə təhsil tam şəkildə dayandırılmış, tədris öhdəliklər üzrə müəyyən edilmiş tədris planı əsasında aparılmamışdır. Faktiki olaraq iddiaçı müqavilə üzrə müəyyən edilmiş öhdəliklərini tam həyata keçirməmişdir. Ödəniş də təqdim edilən təhsil xidmətinə müvafiq surətdə həyata keçirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsaslıdır və birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 31 mart 2015-ci il tarixli “Təhsil xidmətlərinin göstərilməsinə dair” müqavilənin “LİSEY” in hüquq və vəzifələri adlanan 3-cü bəndinə əsasən Liseyin aşağıdakı vəzifələri mövcuddur: 3.1.1.Həm milli, həm də beynəlxalq təhsil standartlarına cavab verən maddi-texniki vasitələrə və yüksək ixtisaslı kadr potensialına, habelə təhsil xidmətləri göstərilməsinə dair lisenziyaya malik olmaq; 3.1.2. Müasir tədris metodikalarından istifadə etməklə milliyyətindən və əvvəllər təhsil aldığı dildən asılı olmayaraq qısa müddətdə şagirdə Azərbaycan dilini, rus dilini, ingilis dilini öyrətməyi və bu dillərdə ona keyfiyyətli təhsil vermək; 3.1.3. Ev tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı şagirdə müəllimlər tərəfindən məktəbdə istiqamət, məsləhət və tövsiyələr vermək; 3.1.4 Təhsil prosesi zamanı, güm ərzində müəyyən olunmuş vaxtlarda şagirdi gigiyenik tələblərə uyğun və keyfiyyətli qida ilə təmin etmək; 3.1.5. Məktəbdə olduğu müddətdə dərsdən kənar vaxtda onun istirahəti üçün şərait yaratmaq; 3.1.6. Liseyin idman kompleksində idmanın müxtəlif növləri ilə məşğul olmasına şərait yaratmaq; 3.1.7. Məktəbdə olduğu müddətdə şagirdin təhlükəsizliyini təmin etmək; 3.1.8. Şagirdləri dərsliklərlə təmin etmək. 3.1.9. Zərurət olduqda şagirdə ilkin tibbi yardım göstərmək. 3.1.10. Şagirdləri məktəbli forması ilə təmin etmək; Müqavilənin tədris prosesinin xüsusiyyətləri adlanan 2-ci bəndinə əsasən “Lisey”də təhsil ili 9 aydan ibarət olmaqla sentyabr ayının ilk günündən may ayının son gününədək olan dövrü əhatə edir. Dərslər hər il sentyabr ayının 15-də başlanır. Sentyabr ayının 1-dən 15-dək olan dövrdə şagirdlər tədris ilinə hazırlıq mərhələsi keçirlər. Liseydə tədris həftənin İ - V günləri daxil olmaqla saat 8.30-dan - saat 17.30-dək keçirilir. İstirahət günü həftənin şənbə, bazar və qanunla müəyyən edilmiş qaydada qeyri iş günü hesab edilən bayram günləridir. Valideyn saat 17:40 –dək şagirdin məktəbdən aparılmasını təmin etməlidir. Göründüyü kimi, müqavilənin 3-cü bəndində qeyd olunan bütün vəzifələrin yerinə yetirilməsi yalnız tədris prosesinin tam şəkildə, yəni müqavilənin 2-ci bəndində mövcud olması şərtilə yerinə yetirilə bilərdi. Azərbaycan Respublikasında ilk koronavirus infeksiyasına yoluxma faktı 28 fevral 2020-ci ildə qeydə alınmış, hökumət “COVİD–19” infeksiyasının milli iqtisadiyyata, sahibkarlıq və bank sektorlarına mənfi təsirini azaltmaq və xalqın sosial müdafiəsini gücləndirmək istiqamətində tədbirlər paketi hazırlanmış, fevralın 27-də pandemiyanın yarada biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirləri həyata keçirmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmışdır. Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah mart ayının 14-dən etibarən ölkə daxilində tətbiq olunması qərara alınan sosial təcrid tədbirlərini həyata keçirməyə başlamış, artıq martın əvvəlində təhsil müəssisələri bağlanmaqla hökumətin bir sıra sosial təcrid tədbirləri tətbiq edilmiş, Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusa yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə Azərbaycandakı bütün təhsil müəssisələrində tədrisin 3-9 mart tarixləri arasında dayandırılmasına qərar verilmişdir. Dərslərin mart ayının 10-da açılacağı ehtimal olunmasına baxmayaraq, bunun, müəllim və şagird heyətinin səhhəti üçün təhlükəli olacağını nəzərə alaraq, dərslərin açılmasının qeyri-müəyyən olacağı bəlli olmuş, şagirdlərin təhsil prosesindən kənarda qalmasının qarşısını almaq üçün mart ayının 11-dən etibarən, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil pilləsi ilə bağlı tele-dərslərə start verilmiş və 2 aprel tarixindən “Virtual Məktəb” platformasından istifadə olunmağa başlanılmışdır. Təhsil Nazirliyi tərəfindən efirə verilən “Dərs vaxtı” proqramının yayımına, həmçinin şagirdlər və müəllimlər üçün nəzərdə tutulan “Virtual Məktəb” layihəsinə start verilmişdir. Müqavilənin dəfedilməz qüvvənin təsiri (fors-major) adlı 8-ci maddəsinin 1-ci bəndinə əsasən tərəflərdən heç biri hazırkı müqavilə üzrə öz öhdəliklərini onların iradəsindən asılı olmayan müharibə, iğtişaş, epidemiya, epizootiya, mühasirə, embarqo, zəlzələ, daşqın, yanğın və digər təbii fəlakətlər, qəzalar, dövlət hakimiyyət orqanlarının qərarı kimi dəfedilməz qüvvələr nəticəsində meydana çıxan səbəblərdən yerinə yetirə bilmədikdə həmin müddətdə məsuliyyət daşımır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək və müqavilənin qeyd olunan şərtlərini nəzərə alaraq hesab edir ki, Covid-19 pandemiyası səbəbindən təhsil müəssisələrində tədrisin məhdudlaşdırılması şəraitində cavabdehin həmin müddətdə təhsil haqqını tam ödəmək kimi məsuliyyəti olmamışdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(029)-434/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, e-2(029)-434/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1578/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1578/2022
18.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver