Məhkəmə qərarları › İş №2(105)-1579/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1579/2024

03.10.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1579/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Abşeron Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirlıyi, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Pirəkəşkül Qobustan Bələdıyyəsinə qarşı mülki iş üzrə (Açar sözlər: iddia ərizəsinin qəbulundan imtina, iddianın yolverilməzliyi) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X2 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" Açıq Səhmdar Cəmiyyəti və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının X1rşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(012)-4198/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 başçısının Pirəkəşkül- Qobustan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı QSCnin mülkiyyətində olan Abşeron rayonu, Pirəkəşkül kəndində yerləşən 2.0 ha torpaq sahəsində əkilmiş ağacların cavabdehlərin hesabına həmin ərazidən çıxarılaraq digər əraziyə köçürülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək mülkiyyətçi İddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(012)-4198/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 başçısının Pirəkəşkül-Qobustan Bələdiyyəsinə qarşı torpaq sahəsinin boşaldılması barədə iddia ərizəsinin qəbulundan imtina edilməsi və iddia ərizəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hazırkı mülki iş (e-2(012)- 4198/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumunun (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılması qərara alınmışdır.

3. İddiaçı QSC həmin qərardaddan şikayət verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-4198/2024 saylı qərardadının ləğv olunması və İddiaçıQSC mülkiyyətində olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 2.0 ha torpaq sahəsində əkilmiş ağacların cavabdehlərin hesabına həmin ərazidən çıxarılaraq digər əraziyə köçürülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək mülkiyyətçi İddiaçı QSC-yə verilməsi tələbinə dair e-2(012)-4198/2024 saylı mülki iş üzrə iddia ərizəsinin icraata qəbul edilərək baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

4. Abşeron Rayon Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, e-2(012)- 4198/2024 nömrəli qərardadı ilə (hakim Məlahət Abbasova) şikayətin təmin edilməməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-4198/2024 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

5. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

Şikayətin dəlilləri

6. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı QSC Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 2 ha torpaq sahəsini xx.xx.2007-ci il tarixli, 01M000000704 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Bu əmlakla bağlı hər hansı bir hüquqi addım atılarkən ipotekasaxlayan İddiaçı QSC-dən razılıq alınmamışdır. Hazırkı mübahisə tam olaraq mülki xarakter daşıyır və heç bir inzibati aktın qəbul edilməsi, qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi və ya inzibati orqanın səlahiyyətləri ilə əlaqədar deyildir. Hazırkı halda isə iddianın yolverilməzliyinə görə onun qəbul edilməsindən imtina edilməsinə dair əsaslar mövcud olmadığı halda məhkəmə əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Buna görə də Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(012)-4198/2024 saylı qərardadı ləğv olunmalı, İddiaçı QSC-nin mülkiyyətində olan Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 2 ha torpaq sahəsində əkilmiş ağacların cavabdehlərin hesabına həmin ərazidən çıxarılaraq digər əraziyə köçürülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərək mülkiyyətçi İddiaçı QSC-yə verilməsi tələbinə dair e-2(012)-4198/2024 saylı mülki iş üzrə iddia ərizəsi icraata qəbul edilməlidir.

Şikayətə qarşı etirazın dəlilləri

7. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

8. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(012)-4198/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(012)-4198/2024 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

9 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152.1.3. Əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Madə 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 402.2 və 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

10.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(012)-4198/2024 nömrəli və bununla bağlı 05 sentyabr 2024-cü il tarixli, e-2(012)-4198/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, işdən görünür ki, inzibati orqanla hüquqi şəxs arasında hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqların həyata keçirilməsi ilə bağlı mübahisə vardır, bu mübahisəyə mülki deyil, inzibati icraat qaydasında baxılmalıdır. Məhkəmə qeyd etmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hazırki ərizəsində qeyd etdiyi tələblə bağlı müraciətindən aidiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən imtina olunduğu halda, ərizəçi həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Apellyator birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq göstərmişdir ki, hazırkı mübahisə tam olaraq mülki xarakter daşıyır və heç bir inzibati aktın qəbul edilməsi, qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi və ya inzibati orqanın səlahiyyətləri ilə əlaqədar deyildir. Hazırkı halda isə iddianın yolverilməzliyinə görə onun qəbul edilməsindən imtina edilməsinə dair əsaslar mövcud olmadığı halda məhkəmə əsassız olaraq iddia ərizəsini geri qaytarmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlililləri üzrə qiymətləndirmə apararaq aşağıda şərh olunanları qeyd edir: Konstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq tənzimlənməsinin vacibliyini xüsusi vurğulamışdır. Belə ki, Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd edilmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 2-ci bəndinə əsasən məhkəmələrdə nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 3.1-ci bəndinə əsasən xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin Qərarın 5.1-ci bəndinə əsasən inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na görə Azərbaycan Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanları, Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanları, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının bələdiyyələri inzibati orqanlar hesab edilir. Həmin Qərarın 4-cü bəndinə əsasən nzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, araşdırılan iddiaçının tələbi mülki (öhdəlik) hüquq münasibətlərindən irəli gəlmir, iddiaçı tərəfindən mübahisələndirilən məsələ cavabdeh qismində çıxış edən inzibati subyektlərin bilavasitə faktiki xarakterli hərəkətləri, fəaliyyətləri ilə bağlıdır. Odur ki, həmin mübahisəyə inzibati icraat qaydasında baxılmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir.

11. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 26 iyul 2024-cü il tarixli, e-2(012)-4198/2024 nömrəli və bununla bağlı 05 sentyabr 2024-cü il tarixli, e-2(012)-4198/2024 nömrəli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar