Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-158/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: apellyasiya icraatına xitam) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh iştirakı ilə Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi : İşin halları: DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışlaradan müəyyən edilir ki, müvafiq olaraq ünvan 1 ünvanda yerləşən 0.06 ha torpaq sahəsi və 149.6 kv.m daşınmaz əmklak və Qusar şəhərində yerləşən 0,0065 ha torpaq sahəsi mülkiyyət hüququ ilə X1 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh Qusar şəhəri, A.Xammətov küçəsində yerləşməklə ona məxsus televizor təmiri emalatxanasının tikintisi üçün nəzərdə tutulmuş 20 kv.metr torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinin onun qanuni istifadəsinə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkardır. Qusar Rayon İcra Hakimiyyəti başçısının 10 sentyabr 1998-ci il tarixli, 140 nömrəli sərənamına əsasən ona televizor təmiri emalatxanasının tikintisi üçün Qusar şəhəri, A.Xammətov küçəsində yerləşən 20 kv.metr torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi ilə qonşuluqda cavabdehə məxsus torpaq sahəsi yerləşir. Uzun illərdir ki, ona məxsus həmin televizor təmiri emalatxanasının tikintisi üçün nəzərdə tutulmuş 20 kv.metr torpaq sahəsini cavabdeh qanunsuz olaraq zəbt edərək istifadə edir. Həmin torpaq sahəsinin qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, cavabdeh torpaq sahəsini könüllü olaraq ona qaytarmaq istəmir. Artıq 20 ildən çoxdur ki, o, qanuni olaraq özünə məxsus torpaq sahəsini cavabdehdən geri ala bilmir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 157.2, 157.4 və 157.8-ci maddələrinə istinad etmişdir. Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim R.Kazımov) Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin tutulması müəyyən olunmamışdır və iddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(105)- 80/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2022-ci il tarixli, 2(102)-3974/2022 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 mart 2022-ci il tarixli, 2(105)-80/2022 nömrəli qətnaməsi ləğv edilmiş və işin yenidən apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsinin kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası iddiaçının həmin dəlili və vəsatəti əsasında məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi ekspertizanın aparılması üçün zəruri olan əlavə materialların təqdim edilməsi barədə ekspert vəsatətinin təmin edilməməsi əsası ilə ekspertizanın təyin edilməsi barədə qərardadı icrasız saxlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 08 dekabr 2021-ci il tarixli məktubundan görünür ki tərəflərin iştirakının təmin ediləcəyi və baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə 5 saylı Xaşmaz Ərazi İdarəsini nümayəndəsinin tədqiqat obyektinə təyin olunmuş baxışda iştirakı və müvafiq münasibətin bildirilməsi təmin olunacaqdır. (i.v.119) Apellyasiya instansiyası məhkəməsi isə qeyd edilən məktuba deyil, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 iyul 2021-ci il tarixli məktubuna istinad edərək (i.v.104) işdə olan sübutlarla cavabdehin iddiaçıya məxsus olduğunu iddia etdiyi torpaq sahəsini zəbt etməsinin sübuta yetirilməməsi qənaətinə gələrək iddianı təmin etməmişdir. Əvvəla, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 17 iyul 2021-ci il tarixli məktubunda da hüquq müəyyənedici və texniki sənədlər təqdim olunacağı, tərəflərin iştirakını təmin ediləcəyi və tədqiqat obyektinə baxış keçirilməsinə şərait yaradılacağı təqdirdə məsələyə münasibət bildirməyin mümkün olduğu bildirilib. Buna görə də həmin məktuba əsasən cavabdehin iddiaçıya məxsus olduğunu iddia etdiyi torpaq sahəsini zəbt etməsinin sübuta yetirilməməsi nəticəsinə gəlinməsi düz olmayıb. Bu da göstərir ki, apellyasiya instansiyası məhkəməsi həmin məktubu sübut kimi MPM-in 88-ci maddəsinə uyğun olaraq düzgün qiymət verməyib. Bundan başqa, həmin məktublardan da göründüyü kimi, ekspertizanın aradan qaldırılmalı olan səbəblər üzündən baş tutmamasına baxmayaraq, apellyasiya instansiyası məhkəməsi ekspertiza təyin edilməsi barədə qərardadın sonrakı icrasını təmin etməmiş, tərəflərin tədqiqat obyektinə baxışda iştirakına şərait yaratmadan iddianı rədd etmişdir. Halbuki apellyasiya instansiyası məhkəməsi ekspertizanı məhz iddiaçıya ayrılmış torpağın cavabdeh tərəfindən tutulub-tutulması halını müəyyən etmək məqsədi ilə təyin etmişdi. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bir halda ki, apellyasiya məhkəməsi tərəfindən işin konkret halını müəyyən etmək üçün iş üzrə ekspertiza keçirilməsi zəruri bilinib və ekspertiza təyin edilib, belə olan halda, işin həmin halının ekspert rəyi alınmadan müəyyən edilməsi əsası sayıla bilməz. Həmçinin apellyasiya məhkəməsi ekspertizanın baş tutmama səbəbi ilə bağlı hala MPM-in 97.5-ci maddəsi baxımından da qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qusar Rayon İcra Hakimiyyəti başçısının 10 sentyabr 1998-ci il tarixli, 140 saylı sərəncamına əsasən ona televizor təmiri emalatxanasının tikintisi üçün Qusar şəhəri, A.Xammətov küçəsində yerləşən 20 kv.metr torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinin Qusar şəhərinin baş planına uyğun olaraq seçilməsi barədə tikinti mütəxəssislərinin iştirakı ilə akt tərtib edilmiş, həmin torpaq sahəsi Qusar şəhərinin baş planına uyğun qeydə alınaraq ona bu barədə baş plandan çıxarış verilmişdir. Ona satılmış həmin 20 kv.metr torpaq sahəsinə mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almasa da, onda olan sənədlərlə həmin torpaq sahəsinin ona məxsus olması təsdiq edilir. Ona satılmış torpaq sahəsi ilə yanaşı cavabdehə məxsus torpaq sahəsi yerləşir, uzun illərdir cavabdeh ona məxsus emalatxana sahəsini zəbt edərək istifadə edir. Həmin torpaq sahəsinin qaytarılması üçün dəfələrlə cavabdehə müraciət etsə də, torpaq sahəsini ona qaytarmaq istəmir. Torpaq sahəsinin ona məxsus olmasına dair sənədləri məhkəməyə təqdim edib, məhkəmə həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilib-edilməməsini araşdırmayıb, iş üzrə ekspertiza təyin etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayəti üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh hazırki iş üzrə cavabdehlik daşımadığını bildirərək, sonda apellyasiya şikayəti üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. 369.3. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; . iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)- 523/2020 nömrəli qətnaməsinin tam yoxlanılmasını zəruri hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri, o cümlədən iddiaçı tərəfin apellyasiya şikayətindən imtina etməsi barədə ərizəsini iş materialları ilə birlikdə əlaqəli şəkildə nəzərdən keçirərək belə qənaətə gəlir ki, apellyasiya şikayətindən imtina qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, yuxarıda sadalanan mülki prosessual qanunvericilik normalarından bu nəticəyə gəlmək olur ki, mülki məhkəmə icraatında tərəflər dispozitivlik prinsipindən çıxış edərək öz pozulmuş hüquqlarının müdafiəsinin zəruriliyi məsələsini özləri həll edirlər. Tərəflərin öz maddi hüquqları üzərində sərəncam vermək imkanları saxlanılır. Prosesin gedişində tərəflər mübahisə predmetinə dair öz mövqelərini müəyyən dərəcədə dəqiqləşdirə və ya ümumiyyətlə mübahisədən imtina edə bilərlər. Sadalanan mülki prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, apellyasiya şikayəti verən şəxs həm də apellyasiya şikayətindən imtina etmək hüququna malikdir və bu şikayət vermiş şəxsin birtərəfli iradə ifadəsidir. Yəni apellyasiya şikayəti vermiş şəxs işdə iştirak edən digər şəxslərin buna münasibətindən asılı olmayaraq apellyasiya şikayətindən imtina edə bilər. Lakin apellyasiya şikayətindən imtina qanuna zidd olmamalı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmamalıdır. Həm də apellyasiya şikayətindən imtina apellyasiya şikayəti verən şəxsin yazılı ərizəsi ilə yetərli hesab olunmur, bunun üçün şikayətdən imtinanın məhkəmə tərəfindən qəbul edilməsi tələb olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apellyasiya şikayətindən imtinası onun sərbəst iradə ifadəsini əks etdirir, şikayətdən imtina qanuna zidd deyil, eləcə də digər şəxslərin qanunla qorunan hüquq və mənafelərini pozmur. Ona görə də apellyasiya şikayətindən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 369-370, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 24 iyul 2020-ci il tarixli, 2(029)-523/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-158/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-158/2023
16.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver