Məhkəmə qərarları › İş №2(105)-159/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-159/2025

06.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-159/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi, iddia müddəti) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "əmrin etibarsız hesab edilməsi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2(060)-5491/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq, əslini və surətini görmədiyi Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 131-K nömrəli əmrinin etibarsız hesab edilməsi, onun əvvəlki işinə bərpa olunmağı, müəssisədən xx.xx.2024-cü il tarixindən işə bərpa olunacağı günə qədər olan məcburi işburaxmaya görə əmək haqqı tələb olunması, mediasiya xərcləri (rüsum və kargüzarlıq xərci), əmək haqqından çıxarış üçün banka ödədiyi məbləğ və əmək mübahisəsi zamanı çəkdiyi digər xərclərin onun xeyrinə müəssisə tərəfindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 12 iyul 2019-cu il tarixində Cavabdeh MMC-də (keçmiş adı “X10” MMC) işə başlamışdır. İşə qəbul zamanı 4 mərhələdən uğurla keçərək “İnsan resursları üzrə mütəxəssis” vəzifəsinə qəbul edilmişdir. Qəbul zamanı onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən 3 aylıq müddətə əmək müqaviləsi bağlanmışdır. Hər nə qədər hüquq bərabərliyi nəzərdə tutulsa da, işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik olduğuna görə, işəgötürən daha üstün mövqeyə malik olduğu üçün əmək müqaviləsinin qeyd edilən müddətə bağlanılmasına razı olmuşdur. Bununla belə Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsi 15 dəfə eyni müddətə uzadılmışdır. 2023-cü ilin iyun ayının 1-də isə vəzifə dəyişikliyi (artımı) ilə əlaqədar “İnsan resursları üzrə aparıcı mütəxəssis” vəzifəsinə keçirilmiş və bu dəfə onunla 1 illik müddətə müqavilə bağlanmışdır. Şöbəyə xx.xx.2023-cü il tarixində yeni təyin olunan rəhbər X2 təyin olduğu zamandan öz vəzifə və statusundan istifadə edərək, müxtəlif üsullarla onu işdən çıxartmağa çalışmış, ən sonda isə əmək müqaviləsinin bitməsini əsas tutaraq bu istəyinə nail olmuşdur. xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2.”b” – “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsi ilə xitam verilmişdir. Xitamın qanunsuz olduğunu hesab edir, belə ki, xitam zamanı Əmək Məcəlləsinin 83.2-ci maddəsinin bütün tələbləri pozulmuşdur. Xitam barədə əmrin surəti tərəfinə təqdim edilməmişdir. Ümumiyyətlə xitam əmri həmin gün hazırlanıb imzalanmamışdır. Son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü, yəni xx.xx.2024-cü il tarixində deyil, xx.xx.2024-cü il tarixində ödənilmişdir. Bununla bağlı heç bir sənəd təqdim olunmamışdır. Əmək kitabçası işdən çıxdığı gün təqdim olunsa da, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarının 4.1 maddəsinin əksinə olaraq əmək kitabçasında müvafiq qeydlər işəgötürənin imzası və möhürü ilə təsdiq edilməmişdir. İmza və möhür insan resursları şöbəsinə aiddir. Pensiya kapitalı ilə bağlı ödəmə hələ də icra olunmamışdır. Əmək Məcəlləsinin 73.1-ci maddəsinin tələbləri pozulmuşdur: Maddəyə əsasən xəbərdarlıq bildirişi nəzərdə tutulmasa da, yuxarıda qeyd etdiyi kimi əmək müqaviləsinin müddətinin qurtarması ilə bağlı bildiriş tərtib olunmuş və məcburi qaydada imzalatdırılmağa cəhd olunmuşdur. Nəinki əmək qanunvericiliyinə, heç bir məntiqə sığmayan qaydada, o, işdə ola-ola yaşadığı ünvana bildirişin bir nüsxəsi poçt vasitəsilə (xəbərnaməli) göndərilmişdir. Bildirişdə xitam tarixi 1 iyun 2024-cü il nəzərdə tutulsa da, əmək müqaviləsinə daha tez xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Bildiriş göndərilən zərf hal-hazırda mövcud olmayan müəssisə - “X10” MMC adından göndərilmişdir. Maddənin tələbinin əksinə olaraq bildiriş müqavilə bitən gün, yaxud sonrakı bir həftə ərzində deyil, müqavilənin bitməsinə 10 gün qalmış (xx.xx.2024-cü il tarixi) tərtib olunmuşdur.

3. Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmənin icraatında olan e-2(060)-5491/2024 nömrəli iş üzrə iddia müddəti tətbiq edilərək iddiaçı - İddiaçı xx.xx.2024-cü il tarixli iddia ərizəsi əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2024-cü il tarixində təqdim etdiyi iddia ərizəsi tamamilə əsassızdır. İddiaçının iddia predmeti işə bərpa ilə əlaqədar olduğundan aşağıda göstərilən əsaslarla rədd edilməlidir. Belə ki, Konstitusiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına uyğun olaraq, müddətli əmək müqavilələri Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin l-İV və Vİİİ hissələrinə uyğun hesab edilir. Bununla da, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir. İşçi ilə əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Mediasiya prosesinin tətbiqi barədə təklif xx.xx.2024-cü il tarixində göndərilmişdir, müvafiq mediasiya arayışı isə xx.xx.2024-cü il tarixində verilmişdir. Beləliklə, 296.2-ci maddədə göstərilən müddət buraxılmışdır. İddiaçının iddia etdiyi son haqq-hesabın sonuncu iş günü ödənilməməsi ilə bağlı bildirmişdir ki, İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinə eyni mövzulu şikayəti təmin edilməmişdir. Belə ki, son haqq-hesab ödənişi Cavabdeh MMC tərəfindən xx.xx.2024-cü iltarixində ödənilmişdir. Lakin bank tərəfindən əməliyyatların növbəti iş günü həyata keçirilməsi səbəbindən məbləğ xx.xx.2024-cü il tarixində iddiaçının hesabına oturmuşdur. Bu məsələni araşdıran DƏMX qanun pozuntusunun olmamasını müəyyən etmişdir.

4. İddiaçı ilə “X10” MMC arasında bağlanmış 12 iyul 2019-cu il tarixli 061 nömrəli əmək müqaviləsinin surətindən görünür ki, həmin müqavilə üzrə İddiaçı Cəmiyyətin İnsan resursları şöbəsinə İnsan resursları üzrə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi 12 iyul 2019-cu il tarixindən 12 oktyabr 2019-cu il tarixinədək 3 (üç) ay müddətinə bağlanmışdır.

5. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 01 iyun 2023-cü il tarixli müqavilənin surətindən görünür ki, İddiaçı İnsan resursları üzrə aparıcı mütəxəssis vəzifəsinə işə qəbul edilmiş və əmək müqaviləsi 01 iyun 2023-cü il tarixindən 30 may 2024-cü il tarixinədək müddətli bağlanmışdır.

6. 003940 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2019cu il tarixdə “X10” MMC-də İnsan Resursları şöbəsinə insan resursları üzrə mütəxəssis vəzifəsinə təyin edilmiş, xx.xx.2023-cü il tarixdə müəssisənin adı dəyişdirilərək Cavabdeh MMC olaraq adlandırılmış, xx.xx.2023-cü il tarixdə həmin şöbədə insan resursları üzrə aparıcı mütəxəssis vəzifəsinə keçirilmiş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad edilmişdir.

7. Cavabdeh MMC-nin 31 may 2024-cü il tarixli, 131-K saylı əmrdən görünür ki, İnsan resursları üzrə aparıcı mütəxəssis İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) xitam verilməsi əmr edilmişdir.

8. Cavabdeh tərəfindən Cavabdeh MMC-nin İnsan resursları üzrə aparıcı mütəxəssisi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, onunla bağlanılmış 01 iyun 2023-cü il tarixli əmək müqaviləsinin müddəti 30 may 2024-cü il tarixində bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviləsi üzrə münasibətlərin tərəflərindən növbəti dövr üçün davam etdirilməyəcəyi, 01 iyun 2024-cü il tarixindən etibarən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacağı bildirilmişdir.

9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh nümayəndəsi ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2(060)- 5491/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) İddiaçı Cavabdehnə qarşı “əslini və surətini görmədiyi Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 131-K nömrəli əmrinin etibarsız hesab edilməsi, onun əvvəlki işinə bərpa olunmağı, müəssisədən xx.xx.2024-cü il tarixindən işə bərpa olunacağı günə qədər olan məcburi işburaxmaya görə əmək haqqı tələb olunması, mediasiya xərcləri (rüsum və kargüzarlıq xərci), əmək haqqından çıxarış üçün banka ödədiyi məbləğ və əmək mübahisəsi zamanı çəkdiyi digər xərclərin onun xeyrinə müəssisə tərəfindən tutulması tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1, 45.4, 47.”f”, 68.1, 68.2.”b”, 73.1, 294.1, 296.1, 296.2 və 296.3-cü madələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 375.2, 379.1.6, 379.4-1, 381.1-ci maddələri, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1, 35.2, 32.4.2, 32.1, 32.1.9 və 29.2-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2024-cü il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2(060)- 5491/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, "xxxx" MMC ilə aralarında bağlanmış əmək müqaviləsinə qanunsuz şəkildə xitam verilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə "Elektron Məhkəmə Sistemi" (Bundan sonra EMS) vasitəsilə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Müraciəti xx.xx.2024-cü il tarixində qəbul olunmuş və EMS-də yaradılan şəxsi kabinetdə bu bərədə məlumat yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixinə "Hazırlıq iclası" təyin edilmiş, əsasən cavabdeh tərəfin lazımi sənədləri təqdim etməməsi səbəbindən iclas 2 dəfə xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərinə təxirə salınmışdır. Bu iclaslar zamanı cavabdeh tərəfin vəkili onun tərəfindən ünvanlandırılan suallara yetərincə dolğun və qanunvericiliyin tələblərini əsas tutaraq cavab verə bilməmiş, hətta cavabdeh tərəfdən daha əvvəl ünvanlanan iddia müddətinin keçməsi barədə ərizənin etibarsız olması barədə məhkəmə zalında şifahi qaydada öz münasibətini bildirmiş, yəni iddia müddətinin keçmədiyi barədə dəfələrlə çıxış etmişdir. Daha sonra "Baxış iclası" zamanı xx.xx.2024-cü il tarixində iddia müddəti ilə bağlı ərizənin etibarsız olması barədə yeni ərizə yazaraq hakimə təqdim etmiş və bu işə əlavə edilmişdir. Bundan sonra çıxışlara keçilmiş, daha sonra isə hakim Vəfa Şirəliyeva müşavirə üçün getdiyini, qətnamənin növbəti gün xx.xx.2024 tarixində elan ediləcəyini, həmçinin onun və qarşı tərəfin iclasa gəlməyə ehtiyac olmadığını bildirmişdir. Nəticə barədə isə katib vasitəsilə əlaqə saxlayıb məlumat ala biləcəyini qeyd etmişdir. xx.xx.2024 tarixinə ilk öncə saat 10:10-na təyin edilən yekun qətnamə ilə bağlı iclasın vaxtı daha sonra 14:30-a keçirilmiş, onun məhkəməyə gəlməsi xahiş olunmuşdur. 14:30-a təyin olunan məhkəmə saat 15:00da başlamış, qarşı tərəfdən heç kəs məhkəmədə iştirak etməmişdir. xx.xx.2024-cü il tarixində iclasdan sonra, yəni hakim müşavirəyə getdikdən sonra cavabdeh tərəfdən - ilk öncə əvvəlki nümayəndə, sonra isə vəkil tərəfindən iclas zamanı iddia müddəti ilə bağlı yazılmış yeni ərizənin yenidən etibarsız edilməsi barədə ərizə, günün sonlarında isə bu ərizələrin müşavirədən əvvəl nəzərə alınması barədə ərizə EMS-də yerləşdirilmişdir. Bildirmək istəyir ki, qətnamə qəbul edilərkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) bir çox maddəsinin tələbi pozulmuşdur. Belə ki, 172, 209, 212, 213, 214, 215 və 227-ci maddələri pozulmaqla qətnamə qəbul edilmişdir. Bundan əlavə qətnamə EMS-dəki elektron kabinetə xx.xx.2024-cü il tarixində yerləşdirilmiş, tarix eyni tarix (xx.xx.2024) olaraq qeyd olunmuşdur. Daha sonra isə (xx.xx.2024 tarixində) qətnamənin yerləşdirilmə tarixi xx.xx.2024-cü il tarixinə dəyişdirilmişdir. Belə olan halda isə apellyasiya şikayəti müddəti keçir. O, EMS-dəki elektron kabinetdəki xx.xx.2024 tarixini əsas tutaraq 1 ay ərzində şikayət etməyi planlaşdırmışdır. Odur ki, göstərilənlərə əsasən məhkəmə kollegiyasından xahiş edir: Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-5491/2024 nömrəli iş üzrə qətnaməsi ləğv edilsin. · MPM-in 1721.1.1 maddəsi üzrə: 2 aylıq müddət ötürülmüşdür. Maddənin tələbinə əsasən işə bərpa üzrə işin həllinə dair qətnamə və ya qərardad 2 ay müddətində çıxarılmalıdır. Bu halda isə iş xx.xx.2024 tarixində icraata alınmış xx.xx.2024 tarixində qətnamə çıxarılmışdır. · MPM-in 209-cu maddəsi üzrə: “işə mahiyyəti üzrə baxılmasının qurtardığı elan edildikdən sonra heç kəs məhkəmə iclasında araşdırılmamış hallara və sübutlara istinad etməyə haqlı deyildir.” tələbinin əksinə olaraq iclasdan sonra məhkəmədə iştirak etməyən cavadbehin qanunu nümayəndəsi tərəfdən, daha sonra isə vəkil tərəfdən 2 dəfə ərizə təqdim edilmişdir. · MPM-nin 212 və 213-cü maddələri üzrə: iş üçün heç bir əhəmiyyəti olmadığı halda və müaşavirə üçün getdikdən sonra cavabdeh tərəfdən verilən ərizələr qəbul edilmiş və bununla bağlı hakim tərəfdən işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə xx.xx.2024 tarixində iclasda şifahi qaydada məlumat verilmişdir. · MPM-nin 215-ci maddəsi üzrə: xüsusilə mürəkkəb iş olmadığından hakim qətnamənin elan edilməsini 1 gün təxirə salmış, tərəflərin iclada iştirak etmələrinə ehtiyac olmadığını bildirmiş, daha sonra isə iclas saatını dəyişdirmişdir. · MPM-nin 227-ci maddəsi üzrə: qətnamənin nəticə hissəsi elan edildikdən, yəni xx.xx.2024 tarixindən EMS-dəki elektron kabinetə rəsmi qaydada yerləşdirilməsinə qədər, yəni xx.xx.2024 tarixinədək 23 təqvim günü, 17 iş günü keçmişdir. Bu da qeyd olunan maddənin 2, 3 və 4-cü bəndlərinin tələblərinin pozulmasıdır. Ümumiləşdirsək hakim işə mahiyyəti üzrə baxılması qurtardıqdan və müşavirəyə getdikdən sonra cavabdeh tərəfdən EMS-də yerləşdirilmiş ərizələri qəbul etmiş, müşavirədən sonra qətnamə elan etməli olduğu halda işə mahiyyəti üzrə baxmağın təzələnməsi barədə məlumat vermiş, sonra yenidən müşavirəyə getmiş, ən sonda isə iddianın rədd edilməsi barədə qətnamənin giriş və nəticə hissələrini elan etmişdir. Qətnamə tərəfimə rəsmi qaydada xx.xx.2024 tarixində təqdim edilmiş və həmin tarixdə bu barədə mail ünvanına məktub göndərilmişdir.

2. Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 131-K nömrəli əmrin 2-ci paraqrafı etibarsız hesab edilsin. · Qətnamənin 15-ci bəndində tərəfindən irəli sürülən əmrin ləğv edilməsinin mümkünsüzlüyü, buna əsas kimi əmrin digər şəxsləri də əhatə etdiyi bildirilir. Bu bir daha onun əmrlə tanış olmadığını sübut edir, o, iclas zamanı da bildirmişdir ki, əmrlə tam 4 ay sonra (xx.xx.2024) qarşı tərəfdən EMS-də yerləşdiriləndən sonra tanış olmuşdur. Ona görə əmrin hansı formada və necə tərtib olunması barədə məlumatı olmayıb. · Həmin zaman qüvvədə olan qanunvericiliyin (Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsi (“Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.”) pozulmaqla əmrin surəti ona verilməyib. · Əmrin aidiyatı paraqrafının əsas hissəsi düzgün tərtib olunmayıb, əsas kimi xx.xx.2019-cu il tarixli əmək müqaviləsi götürülüb. Müqaviləyə xitam isə xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən verilib.

3. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx.xx.2024 tarixində EMS-dəki elektron kabinetdə yerləşdirilmiş qətnamənin xx.xx.2024 tarixinə dəyişiklik edilməsi araşdırılsın və hüquqi qiymət verilsin.

4. Onun əvvəlki işinə bərpa olunması barədə qərar çıxarılsın.

5. Müəssisədən xx.xx.2024-cü il tarixindən işə bərpa olunacağı günə qədər olan məcburi işburaxmaya görə əmək haqqı tələb olunsun.

6. Mediasiya xərcləri (rüsum və kargüzarlıq xərci), əmək haqqından çıxarış üçün banka ödədiyi məbləğ və əmək mübahisəsi zamanı çəkdiyi digər xərclər onun xeyrinə qarşı tərəfdən tutulsun.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Cavabdeh MMC-nin nümayəndəsi Vəkil tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

15. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdehnə qarşı “əmrin etibrasız hesab edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin ödənilməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət edərək, əslini və surətini görmədiyi Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli, 131-K nömrəli əmrinin etibarsız hesab edilməsi, onun əvvəlki işinə bərpa olunmağı, müəssisədən xx.xx.2024-cü il tarixindən işə bərpa olunacağı günə qədər olan məcburi işburaxmaya görə əmək haqqı tələb olunması, mediasiya xərcləri (rüsum və kargüzarlıq xərci), əmək haqqından çıxarış üçün banka ödədiyi məbləğ və əmək mübahisəsi zamanı çəkdiyi digər xərclərin onun xeyrinə müəssisə tərəfindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə çəkişmə prinsipinə əsasən uzun zaman tam araşdırması ilə aparılan məhkəmə iclaslarında, tərəflərindən təqdim olunan bütün mötəbər sübutlara, mübahisə üzrə aparılan dəqiqləşmələrə Sumqayıt Şəhər Məhkəməsi xx.xx.2024-cü il tarixli 2(060)- 5491/2024 saylı qətnaməsi ilə tam düzgün hüquqi qiymət verilərək, iddiaçının iddiası təmin edilməmiş və nəticədə qanuni və əsaslı Qətnamə qəbul edilmişdir. Sözügedən Qətnamə ilə tanışdır və bildirir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət verərək, tam əsaslı, qanuni və ədalətli qətnamə qəbul etmişdir. Lakin İddiaçı Qətnamədən əsassız hesab etdikləri şəkildə narazı qalaraq apellyasiya şikayəti vermişdir. Hal-hazırda iş üzrə verilən apellyasiya şikayəti ilə razılaşmır, apellyasiya şikayətinə qarşı etiraz edərək göstərilən tələbin tam əsassız olduğunu bildirir. Şikayətdə göstərilən dəlillər əsassızdır, heç biri ağlabatan deyil və hüquqi əsaslandırılmamışdır. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur, iş üçün əhəmiyyətli olan hallar tam və hərtərəfli araşdırılmamışdır, işdə olan sübutlara düzgün qiymət verməmişdir. Bu verilmiş şikayətə əsassız bir dəlildir. Apellyasiya şikayətində təkrar-təkrar birinci instasiya məhkəməsində qeyd olunan dəlillər yazılmışdır. Bu səbəbdən iddiaya qarşı etirazı təkrar qeyd etmək məcburiyətindədir. 1. Şöbəyə xx.xx.2023-cü il tarixində yeni təyin olunan rəhbər X2 təyin olduğu zamandan öz vəzifə və statusundan istifadə edərək, müxtəlif üsullarla onu, yəni iddiaçını işdən çıxartmağa çalışmış, ən sonda isə əmək müqaviləsinin bitməsini əsas tutaraq bu istəyinə nail olmuşdur. Lakin, xx.xx.2024-cü il tarixində əmək müqaviləsinə qanunvericiliyə uyğun şəkildə, yəni Əmək Məcəlləsinin 68.2.”b” – “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsi ilə xitam verilmişdir. 2. İddiaçının qeyd etdiyi əsassız faktlardan biri də, ona işinə xitam verilməsi ilə bağlı hər hansı bildirişin göndərilməməsidir. Ancaq, tərəflərindən Cavabdeh MMC-nin İnsan resursları üzrə aparıcı mütəxəssisi İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, onunla bağlanılmış 01 iyun 2023-cü il tarixli əmək müqaviləsinin müddəti 30 may 2024-cü il tarixində bitdiyi üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə müvafiq olaraq həmin əmək müqaviləsi üzrə münasibətlərin tərəflərindən növbəti dövr üçün davam etdirilməyəcəyi, 01 iyun 2024-cü il tarixindən etibarən onunla bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacağı bildirilmişdir. 3. İddiaçının iddia etdiyi son haqq-hesabın sonuncu iş günü ödənilməməsi ilə bağlı bildirmişdir ki, İddiaçı Dövlət Əmək Müfəttişliyi Xidmətinə eyni mövzulu şikayəti təmin edilməmişdir. Belə ki, son haqq-hesab ödənişi tərəflərindən xx.xx.2024-cü il tarixində ödənilmişdir. Lakin bank tərəfindən əməliyyatların növbəti iş günü həyata keçirilməsi səbəbindən məbləğ xx.xx.2024-cü il tarixində iddiaçının hesabına oturmuşdur. Bu məsələni araşdıran DƏMX qanun pozuntusunun olmamasını müəyyən etmişdir. 4. İddiaçının iddia etdiyi məqamlardan biri də, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmrin etibarsız hesab edilməsinə dair tələbinə münasibətdə hesab edir ki, həmin hissədə iddia tələbi əsassızdır. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı onunla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verildiyini və əmək kitabçasında müvafiq qeydlərin işəgötürənin imzası və möhürü ilə təsdiq edilmədiyini iddia edir. Lakin, Cavabdeh, yəni onların 31 may 2024-cü il tarixli, 131-K saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin surətindən görünür ki, 31 may 2024-cü il tarixli, 131-K saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmr Cavabdeh icraçı direktoru tərəfindən imzalanmış və Cavabdehnə məxsus möhürlə təsdiq olunmuşdur. Ümumiyyətlə onlar mülki iş üzrə verilən iddia ərizəsi ilə və apellyasiya şikayəti ilə razılaşmır, AR MPM-nin normalarına əsasən apellyasiya şikayətinə qarşı etiraz edərək göstərilən tələbin tam əsassız olduğunu bildirir. Hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə dəqiq və tam araşdırma apararaq, işin faktiki və həqiqi hallarına qanuni və əsaslı qiymət verərək ədalətli qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 384.0.1-ci maddəsində qeyd edilir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Odur ki, mülki iş üzrə iddiaçı tərəfindən verilən apellyasiya şikayətini təmin etmədən, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-5491/2024 nömrəli qətnaməsinin tam qanuni, əsaslı və ədalətli olduğundan qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. İddiaçı xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir.

17. Cavabdehin nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixində keçirilmiş məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişdir.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Maddə 71. (İ və İİ hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Maddə 47.“f”. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68.2.“b”. Əmək müqaviləsinin müddətinin qurtarması Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Maddə 76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Maddə 84. (1-ci hissə) Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı və soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilir. Maddə 296. (2-ci hissə) Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 3-cü hissə Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 300. 1) Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

23. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, “X10” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı arasında 12 iyul 2019-cu il tarixindən 12 oktyabr 2019-cu il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin tarixli əmri ilə İddiaçı 12 iyul 2019-cu il tarixdən 12 oktyabr 2019-cu il tarixədək “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinə insan resursları üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. Bundan sonra dəfələrlə əmək müqaviləsinin müddəti uzadılmış hesab edilmiş və tərəflər arasında əmək münasibətləri davam etdirilmişdir. xx.xx.2023-cü il tarixdə “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin adı dəyişdirilərək Cavabdeh MMC olaraq adlandırılmışdır. Daha sonra Cavabdeh MMC ilə İddiaçı arasında 01 iyun 2023-cü il tarixindən 30 may 2024-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmış və Cavabdeh MMC-nin həmin tarixli əmri ilə İddiaçı 01 iyun 2023-cü il tarixindən 30 may 2024-cü il tarixədək Cavabdeh MMC-yə insan resursları üzrə aparıcı mütəxəssis vəzifəsinə təyin edilmişdir. Cavabdeh MMC-nin 31 may 2024-cü il tarixli əmri ilə əmək müqaviləsinin müddətinin bitməsi səbəbindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olduğunu iddia edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.

24. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia müddəti ötürülməsi əsası ilə iddia təmin edilməmişdir.

25. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2(060)- 5491/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

27. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmişdir. İş materiallarından göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə 31 may 2024-cü il tarixdə xitam verilmişdir. Eyni zamanda müqaviləyə xitam verilməsinin əsası əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı olmuş və iddiaçı müqavilənin həmin müddətdə bitməsindən xəbərdar olmuşdur.

28. İş materialları ilə müəyyən olunur ki, işəgötürən tərəfindən işçiyə son haqq hesab 03 iyun 2024-cü il tarixdə köçürülmüş, iddiaçı özü də son haqq hesabı həmin tarixdə aldığını və eyni zamanda son iş günü əmək kitabçasını da aldığını bildirmiş və həmin tarixdə əmək müqaviləsinə xitam verilməsindən məlumatlı olmuşdur. Cavabdehə 28 iyun 2024-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərilmişdir. Təklifin göndərildiyi vaxtdan qanunvericilikdə müəyyən olunmuş müddətin axımı dayanmış, iddiaçıya 19 iyul 2024-cü il tarixdə ilkin mediasiya sessiasiyasında iştirak edilməməsi barədə arayış təqdim edildikdən sonra müddətin axımı davam etmiş və o, məhkəməyə müvafiq iddia ilə 05 avqust 2024-cü il tarixdə müraciət etmişdir. Beləliklə, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olsa da, 19 iyul 2024-cü il tarixdə müddətin axımı bərpa olunmuş və iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməklə məhkəməyə müraciət olunmuşdur. Eyni zamanda iddiaçı tərəfindən müddətin üzrlü səbəbdən ötürüldüyünü təsdiq edən hər hansı bir sənəd iş materiallarına əlavə edilməmişdir.

29. Məhkəmə kollegiyası iddia müddətinin qiymətləndirilməsi üzrə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və əlavə qiymətləndirmə aparılmasına zərurət görmür.

30. Kollegiya eləcədə vurğulayır ki, şikayətin dəlilləri iddia tələbinin dəlilləri ilə eyni olmaqla, birinci instansiya məhkəməsi tərəfindən müfəssəl qiymət verildiyindən, həmin dəlillər üzrə təkrar dəyərləndirmə aparılmasına zərurət yoxdur.

31. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətində mübahisələndirilən hallar formal olmaqla nəticə etibarı ilə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün yetərli əsas deyildir. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

32. Beləliklə, məhkəmə kollegiyası bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisə düzgün həll edilmişdir. Odur ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2(060)-5491/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2(060)-5491/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar