Məhkəmə qərarları › İş №2(105)-1590/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1590/2022

16.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1590/2022 16.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı cavabdeh Avt Logistics MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-4477/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-4477/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir (hakim Habil Əhmədov). Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-4477/2021 nömrəli qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı cavabdeh Avt Logistics MMC-yə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Avt Logistics MMC-nin 16 dekabr 2020ci il tarixli 646 saylı əmrinin ləğv edilərək onun əvvəlki, yəni Avt Logistics MMC-də sürücü vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ : Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, işdə olan zaman ona zəbf edərək işdən çıxması barədə ərizə yazması bildirilmişdir. O, məktubla cavab yazsa da, məktublarını qəbul etmirlər. İş yeri yaşadığı Saatlı rayonu ərazisində idi. Sonra ona zənglə bildirdilər ki, iş yeri dəyişib və o, artıq Salyan rayonunda işləməlidir. Bu zaman onlara bildirmişdir ki, ailə vəziyyəti ilə əlaqədar Salyana gedə bilmir. Salyan rayonu ilə Saatlı rayonu arasındakı məsafə təxminən 100 kmdir. O, Saatlıda işləyəndə belə səhər saat 5:00-da evdən çıxdığı halda, gecə 1-də, bəzən 3-də qayıdıb. On görə əvvəlki iş yerində işləmək istəyir. Qeyd etdiklərinə əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021ci il tarixli, 2(012)-4477/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək göstrdi ki, təmsil etdiyi şirkət "xxxx" şirkətlər qrupunun tərkibinə daxil olan şirkətlərdən biridir. Demək olar ki, respublikanın bütün ərazisində qida və qeyriqida məhsullarının daşınması ilə məşğuldur. "xxxx" şirkətlər qrupunun 20000-dən çox işçisi var. Şirkətin heç bir işçi ilə qərəzi yoxdur. İddiaçıya 1 ay əvvəlcədən əmək şəraitinin dəyişəcəyi ilə bağlı məktub göndərilib. Yəni Əmək Məcəlləsinin tələbləri pozulmuayıb. İşçi bununla razı olmamışdır, bu onun seçimidir. Amma bununla yanaşı işə də davamiyyətsizlik göstərmişdir. Bununla əlaqədar ona məktub da göndərilib. Üzrlü səbəb olmadan bir bütöv iş günü işburaxma artıq əmək müqaviləsinin ləğvi üçün əsasdır. İddiaçı işə gəlmək, izahat gətirmək, yaxud problemini izah etmək əvəzinə şirkətə məktub göndərib. İddiaçı qeyd edir ki, onun məktublarını qəbul etməmişlər. Poçt göndərişini qəbul etməyə bilməzlər. Həmin məktubları almış və araşdırmışlar. Həmin məktublarda da işçi işə gəlməməsinin səbəbini izah etmək əvəzinə əmək haqqı tələb edir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)- 4477/2021 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-haki¬min məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan İddiaçı məxsus xx.xx.2002-ci il tarixli ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 15 saylı əmrə əsasən Cavabdehnə Nəqliyyat şöbəsinə yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə 646 saylı əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifəsindən azad olunmuşdur. İş materiallarında olan X4 Məsuliyyətli Cəmiyyətinin Yük avtomobili sürücüsü peşəsi üzrə çalışan İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli HR-3102 saylı xəbərdarlıqdan görünür ki, nəqliyyat daşınma işinin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq İddiaçı çalışdığı Yük avtomobili sürücüsü peşəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək xx.xx.2020-ci il tarixdən etibarən aşağıdakı qaydada müəyyən edilir: İş yeri Saatlı rayonundan Salyan rayonuna keçirilir. Bununla əlaqədar, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinin 2-ci hissəsinə müvafiq olaraq bu xəbərdarlığı aldığı gündən 1 (bir) təqvim ayı sonra (xx.xx.2020-ci il tarixdən etibarən) yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq verməyəcəyi təqdirdə, başqa vəzifəyə keçirilməsi imkanlarına baxılacaq, bu da mümkün olmadıqda isə İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi) xitam veriləcəkdir. İş materiallarında olan İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci il tarixli bildirişi almış, həmin bildirişdə iş yerinin dəyişdirilərək Saatlı rayonundan Salyan rayonuna keçirilməsi təklif olunmuşdur. Hazırda o, Saatlı rayonunda yaşayır və cəmiyyətin Saatlı rayonundakı fəaliyyətində heç bir dəyişiklik olmamış və fəaliyyət göstərir. Buradan da məlum olur ki, cəmiyyətdə heç bir əmək şəraitinin şərtlərinin dəyişməsi mövcud deyildir. Odur ki, iş yerinin dəyişdirilməsinə razı deyil və əvvəlki iş yerində fəaliyyətinin davam etdirilməsini istəmişdir. Ərizə xx.xx.2020-ci il tarixdə qarşı tərəfə göndərilmiş və xx.xx.2020-ci il tarixdə Ramin Cəfərov adlı şəxs tərəfindən imza edilərək təhvil alınmışdır. İş materiallarında olan Cavabdeh Regional Nəqliyyat şöbəsi Yük avtomobili sürücüsü vəzifəsində çalışan İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli HR-3134 saylı xəbərdarlıqdan görünür ki, İddiaçı heç bir üzrlü səbəb bildirmədən xx.xx.2020-ci il tarixindən etibarən tam iş günləri işə gəlməmiş və dəfələrlə telefon zənglərinə cavab verməmişdir. Bununla da Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmuşdur. 3 (üç) gün ərzində işə gəlməmə səbəbini rəsmi surətdə bildirməsi təklif olunmuş, əks təqdirdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinə (heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməmə) əsasən işdən azad ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, xx.xx.2020-ci tarixli xəbərdarlıq məktubunu xx.xx.2020-ci il tarixdə almış və həmin məktubda xx.xx.2020-ci il tarixdən heç bir üzrlü səbəb olmadan işə çıxmamağı və telefon zənglərinə cavab verməməyi qeyd olunaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndi ilə işdən azad olunacağı göstərilmişdir. Qeyd etmək istəyir ki, idarə etdiyi avtomobil cəmiyyət tərəfindən ondan geri alınmış və cəmiyyətin kadrlar şöbəsinin əməkdaşları tərəfindən ona işə çıxmamağı bildirilərək əlavə məlumat verəcəklərini demişlər. Bundan başqa, cəmiyyətin heç bir nümayəndəsi tərəfindən zəng olunmamışdır və cəmiyyətdə olan mobil nömrələri işlək vəziyyətdədir. Xatırlatmaq istəyir ki, bundan əvvəlki bildirişdə cəmiyyətdə əmək şəraitinin şərtlərinin dəyişməsi göstərilərək ona iş yerinin dəyişdirilərək Saatlı rayonundan Salyan rayonuna keçirilməsi təklif olunmuş və o da həmin təkliflə razı olmamağı barədə məlumat vermiş və həmçinin də cəmiyyətdə heç bir əmək şəraitinin şərtlərinin dəyişməsi mövcud olmamasını da qeyd etmişdir. Odur ki, ona məlumat verildiyi andan o, əvvəlki iş yerində, yəni cəmiyyətin Saatlı rayonundakı Lokan Anbarında fəaliyyətini davam etdirəcəkdir. Əlavə olaraq qeyd etmək istəyir ki, 2020ci ilin noyabr ayı üçün əmək haqqı almamışdır. O, avtomobili təhvil verdikdən sonra boşdayanma barədə cəmiyyətə yazılı və şifahi qaydada məlumat vermişdir. Odur ki, boşdayanmaya görə 2020-ci ilin noyabr ayı üçün əmək haqqının hesablanaraq ödənilməsini xahiş etmişdir. Ərizə xx.xx.2020-ci il tarixdə qarşı tərəfə göndərilmişdir. İş materiallarında olan Cavabdeh Regional Nəqliyyat şöbəsi Yük avtomobili sürücüsü vəzifəsində çalışan İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli, HR-3213 saylı xəbərdarlıqdan görünür ki, bağlanmış əmək müqaviləsinə heç bir üzrlü səbəb bildirmədən işə gəlmədiyi və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizamintizam qaydalarını kobud şəkildə pozduğuna görə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç “ bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Əmək kitabçasını təhvil almaq üçün Cəmiyyətin İnsan Resursları Şöbəsinə yaxınlaşması, gəlib götürə bilməyəcəyi təqdirdə əmək kitabçasını hansı ünvana göndərilməsi barədə yazılı olaraq məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarında olan İddiaçı Cavabdehnə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, dəfələrlə məktub ünvanlasa da məktublarına cavab verilməmişdir. 18 dekabr 2020-ci il tarixli məktubda isə işdən azad olunmağı və əmək kitabçasını almaq üçün cəmiyyətə gəlməsi qeyd edilmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci bəndinin tələbinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş sənədlərinin vaxtında ona çatdırılmasını təmin etmək əvəzinə onun işdən azad olunmağı barədə məktub ünvanlamış, barəsində verilmiş əmrdən aidiyyəti orqanlara və məhkəməyə müraciət edəcəyini bildirmiş və qanunda şikayət vermə müddəti 1 ay nəzərdə tutulmuşdur. Odur ki, qanunla müəyyən edilmiş sənədlərinin vaxtında ona çatdırılmasının təmin edilməsini və ödəniləcək istifadə edilmədiyi əmək məzuniyyətinə görə pul əvəzi, ödənilməli olan əmək haqqı və digər ödəmələr barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. Əlavə olaraq 18 dekabr 2020-ci il tarixli məktubda guya onun daxili nizam-intizam qaydalarını kobud şəkildə pozmağı qeyd olunmuşdur. O, Cəmiyyətdə işlədiyi dövrdə heç bir daxili nizam-intizam qaydalarını pozmamış və heç vaxt bu barədə ona xəbərdarlıq da edilməmişdir. Ona görə də həmin məktubu aidiyyəti orqanlara göndərərək barəsində qeyd olunan halların təkzib edilməsini tələb edəcəkdir. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinin tələbinə görə bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşlədiyi dövrdə Cəmiyyətin nifuzunu həmişə üstün tutmuş və qorumuş, heç vaxt cəmiyyətə ziyan vurmamışdır. Əksinə olaraq iş vaxtından əlavə işləmiş və gecə-gündüz bilmədən cəmiyyətin xeyrinə çalışmışdır. Bundan başqa, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Əmək Məcəlləsinin 72-ci maddəsində öz əksini tapmışdır ki, işlədiyi dövrdə bu halların heç biri baş verməmişdir. Odur ki, göstərdiklərinin nəzərə alınmasının və tələblərinin təmin olunması barədə müvafiq göstərişlər verilməsini xahiş etmişdir. Ərizə xx.xx.2020-ci il tarixdə qarşı tərəfə göndərilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli Cəmiyyət üzrə xx.xx.2020-ci il tarixli 646/K nömrəli əmrdən çıxarışdan görünür ki, Cavabdeh MMC-nin Nəqliyyat direktorluğu, İstismar departamenti, Region nəqliyyat şöbəsində Yük avtomobili sürücüsü ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 16 dekabr 2020-ci il tarixindən xitam verilməsi, İddiaçı 17 avqust 2017-ci il tarixindən 16 dekabr 2020-ci il tarixinədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə (7 gün) pul əvəzinin ödənilməsi qərara alınmışdır. Əmrin verilməsi üçün əsas İddiaçı göndərilmiş xəbərdarlıq məktubu və akt olmuşdur. Əmrdə aparılmış qeyddən görünür ki, əmr İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilərək təhvil alınmışdır. İş materiallarında olan Cavabdeh MMC-nin işçinin işə gəlməməsi haqqında təqdimatından görünür ki, X1 Departamenti Region Nəqliyyat Şöbəsində Yük avtomobili sürücüsü peşəsində çalışan İddiaçı Əflatun oğlu heç bir üzrlü səbəb göstərmədən xx.xx.2020-ci il tarixdən tam iş günləri iş yerinə gəlməmişdir və dəfələrlə edilən telefon zənglərinə cavab verməmişdir. Qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülməsi xahiş olunmuşdur. İş materiallarında olan Cavabdeh MMC-nin işçinin üzrsüz səbəb göstərmədən işə gəlməməsi ilə bağlı xx.xx.2020-ci il tarixli aktından görünür ki, həqiqətən X1 Departamenti Regional Nəqliyyat Şöbəsində yük avtomobili sürücüsü peşəsində çalışan İddiaçı Əflatun oğlu xx.xx.2020-ci il tarixindən işəgötürənə heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günləri ərzində işə gəlməmiş və telefon zənglərinə cavab verməmişdir, eyni zamanda rəsmi olaraq qeydiyyat ünvanına göndərilmiş məktuba heç bir formada cavab verməmişdir. Bununla da İddiaçı Əflatun oğlu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini, eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizam intizam qaydalarını kobud şəkildə pozmuşdur. İş materiallarında olan Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və həmin bildirişin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, işçi İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixli 646K saylı əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və əmək müqaviləsi bildirişi xxxxxxx000305 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə elektron informasiya sistemində qeydiyyata alınmışdır. İş materiallarında olan Saatlı RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Rzayev X2 şəhəri H.Əliyev prospekti döngə 1, 5 saylı evdə qeydiyyatdadır. İş materiallarında olan Saatlı Rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 209 saylı arayışdan görünür ki, Rzayev X2 şəhəri, H.Əliyev prospekti döngə 1, 5 saylı evdə qeydiyyatdadır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 15 saylı əmrə əsasən işəgötürən Cavabdehnə Nəqliyyat şöbəsinə yük avtomobili sürücüsü vəzifəsinə işə qəbul edilmiş, nəqliyyat daşınma işinin təşkilində dəyişikliklər edilməsi zərurəti ilə əlaqədar olaraq İddiaçı çalışdığı Yük avtomobili sürücüsü peşəsi üzrə əmək şəraitinin şərtləri dəyişdirilərək xx.xx.2020-ci il tarixdən etibarən iş yerinin Saatlı rayonundan Salyan rayonuna keçirilməsinə dair işəgötürən tərəfindən xx.xx.2020-ci il tarixli HR-3102 saylı xəbərdarlıq məktubu ünvanlanmış, İddiaçı isə həmin təklifə razı olmamasına dair Cavabdehnə xx.xx.2020-ci il, tarixdə ərizə ünvanlamış, Cavabdeh xx.xx.2020-ci il, tarixli HR-3134 saylı xəbərdarlığı ilə İddiaçı heç bir üzrlü səbəb bildirmədən xx.xx.2020-ci il tarixindən etibarən tam iş günləri işə gəlmədiyi və dəfələrlə telefon zənglərinə cavab vermədiyi və nəticə etibarı ilə Əmək Məcəlləsinin 10-cu maddəsinin “a” və “b” bəndlərinin tələblərini, eyni zamanda əmək müqaviləsi üzrə öhdəliklərini və daxili nizam intizam qaydalarını kobud şəkildə pozduğu müəyyən edilmiş və bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmiş, xəbərdarlıq məktubları və tərtib olunmuş həmin akt əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli 646/K nömrəli əmrə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən 16 dekabr 2020-ci il tarixindən xitam verilmişdir. Məhkəmə iş materiallarına istinadən iddia tələbini təmin etməmiş, gəldiyi nəticəni də Əmək Məcəlləsinin 10, 42, 43, 44, 68, 70, 72-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayır. Belə ki, Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək. Həmin Məcəllənin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 43.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları aşağıdakılardır: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi. Məhkəmə kollegiyası qeyd edir ki, iş materialları ilə müəyyən edilir ki, əmək müqaviləsinin ləğv edilmə əsaslarından biri əmək şəraitinin şərtlərinin dəyişməsidir. Əmək şəraitinin şərtlərinin dəyişməsi ilə əlaqədar olaraq işəgötürən tərəfindən işçiyə xx.xx.2020ci il tarixli xəbərdarlıq məktubu ünvanlanmış və xx.xx.2020-ci il tarixdən yük avtomobili sürücüsü kimi çalışdığı iş yerinin Saatlı rayonundan Salyan rayonuna keçirilməsinə dair müraciətə yazılı cavabının verilməsi işçinin diqqətinə çatdırılmışdır. İddiaçı xx.xx.2020-ci il tarixli müraciətə cavab məktubunda verilən təklifə razı olmadığını bildirmiş, əmək şəraitinin dəyişmədiyini məktubunda qeyd etsə də, bu halları təsdiq edəcək sübutlarını məktubunda qeyd etməmiş, məhkəməyə də təqdim edə bilməmişdir. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli işçinin üzrsüz səbəbdən işə gəlməməsi barədə aktdan, iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan, xx.xx.2020-ci iİ tarixli məktubdan, xx.xx.2021-ci il tarixli təqdimatdan, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, işəgötürən tərəfindən işçi dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, işçi heç bir üzrlü səbəb təqdim etmədən bütün iş günü ərzində iş yerinə gəlməmiş, nəticədə, əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozmuşdur. Nəticədə, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş işçi barəsində işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən çıxarılmış xx.xx.2020-ci il tarixli, 646/K saylı əmr qanunvericliyin tələblərinə riayət edilməklə qəbul edilmişdir. Bununla da təsdiq edilir ki, işəgötürən əmək şəraitinin dəyişməsi ilə əlaqədar işəgötürən tərəfindən işçi müəssisəyə dəvət edilmiş, işçi əmək mübahisəsinin həlli ilə bağlı müəssisəyə gəlməmiş, buna dair üzrlü səbəblərini təqdim etməmiş və bununla da müqavilə üzrə öhdəliyini pozmaqla qanunvericiliyin tələblərinə əməl etməmişdir. İşəgötürənlə bağladığı əmək müqaviləsi əsasında vəzifə öhdəliklərini yerinə yetirmək məsuliyyətini daşıyan İddiaçı xx.xx.2020-ci il tarixdən etibarən bütün iş günü ərzində işə gəlməməsinin üzrlü səbəbləri barədə işəgötürənə məlumat verməməklə əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair» xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları və işdə olan sübutlar hərtərəfli və obyektiv araşdırılarkən müəyyən olunmuşdur ki, iddiaçı iddiasını və apellyasiya şiayətinin dəlillərini əsaslandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanm şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri formal mülahizələr kimi qəbul edilməlidir. Hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Abşeron Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(012)-4477/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar