Məhkəmə qərarları › İş №2(105)-1590/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1590/2023

01.11.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1590/2023 01.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma və torpağın geri qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh2 və cavabdeh eyni zamanda Cavabdeh4 nümayəndəsi Cavabdeh3, üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-33/2023 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Şamaxı rayon İcra Hakmiyyəti Başçısının 07 dekabr 2016-cı il tarixli № Ş-03-1466 saylı İddiaçı ünvanlanmış məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2014 cü il 27 fevral tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasi regionların 2014-2018-ci illərdə sosial iqtisadi inkişafı Dövlət Proqramı”nda uyğun olaraq, torpaq sahələrindən daha səmərəli istifadə olunması məqsədi ilə mütərəqqi üsulla suvarma şəbəkəsi yaratmaqla və qabaqcıl aqrotexniki tədbirlər həyata, keçirməklə Şamaxı rayonunun inzibati ərazisinin Padar massivində iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 sentyabr 2016-cı il tarixli 516s saylı Sərəncamı ilə 14890.42 hektar sahənin əkin dövriyyəsinə cəlb edilməsi, ilə əlaqədar təyinatının dəyişdirələrək dövlət ehtiyat fondu torpaqları kateqoriyasına keçirilmişdir. Buna görə də həmin torpaqların otlaq sahələri kimi istifadəsinə imkan verən qanuni əsaslar ləğv olunmuşdur. Qeyd olunanlara əsasən qış otlaq sahəsinin icarəyə verilməsinə dair Şamaxı rayon icra hakimiyyətinin Tacir Quliyevlə bağlamış olduğu müqavilə 29 noyabr 2016-cı il tarixli 138 saylı sərəncama əsasən qüvvədən düşmüş hesab olunur.

2. Şamaxı rayon İcra Hakmiyyəti Başçısının 25 iyul 2017-ci il tarixli, 76 saylı sərəncamından görünür ki, Şamaxı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 66 saylı sərəncamına əsasən Şamaxı şəhər sakini İddiaçı istifadəsində olmuş 400 ha 21 nömrəli Qabırlı adlı qış otlaq sahəsindən 110 hektarı əkinçilik dövriyəsinə cəlb olunduğu üçün qalan 290 hektar torpaq sahəsinə və “Padar yazdaq” adlı yay otlağından təhkim olunmuş 220 ha sahəyə yenidən icarə müqaviləsinin bağlanılması, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları” haqqında 15 mart 2000-ci il tarixli 42 saylı qərarına uyğun olaraq Şamaxı şəhər sakini İddiaçı istifadəsində olan 290 ha 21 nömrəli “Qabırlı”adlı qış və 220 ha “Padar yazdaq” adlı yay otlağından təhkim olunmuş sahənin müqavilə müddəti 15 il artırılması qərara alınmışdır.

3. 25 iyul 2017-ci il tarixli 04 nömrəli müqavilənin surətindən görünür ki, Şamaxı rayonu İcra Hakimiyyəti başçısının 25 iyul 2017-ci il tarixli, 76 saylı sərəncamına əsasən 290 ha “Qabırlı”adlı qış və 220 ha “Padar yazdaq” adlı yay otlaq sahəsi 15 (on beş) il müddətinə İddiaçı icarəsinə verilmişdir.

4. Şamaxı Rayon İHB-nın aparatının 13 aprel 2023-cü il tarixli, 5- 75-3/2-312/2023 saylı məktubundan görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 25 iyul 2017-ci il tarixli 76 nömrəli sərəncamına və həmin sərəncam əsasında icarədar İddiaçı ilə bağlanmış 25 iyul 2017-ci il tarixli 4 nömrəli müqaviləyə xitam verilməmişdir.

5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin həmin ərazidə yerləşir, lakin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən olan torpaq sahəsi ilə, faktiki istifadəsindəki torpaq sahəsi arasında sahə və konfiqurasiya fərqi vardır. İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən qış otlaq sahəsinin 17 ha hissəsinin Cavabdeh2 tərəfindən, 28 ha hissəsi isə Cavabdeh3 tərəfindən istifadə olunur.

6. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 yanvar 2023-cü il tarixli № 10/462 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 30 dekabr 2022-ci il tarixli **********03 nömrəli mütəxəssis rəyinə əsasən, İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin həmin ərazidə” yerləşdiyi, lakin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən olan torpaq sahəsi ilə, faktiki istifadəsindəki torpaq sahəsi arasında sahə və konfiqurasiya fərqi olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən qış otlaq sahəsinin 17 ha hissəsinin Cavabdeh2 tərəfindən, 28 ha hissəsinin isə Cavabdeh3 tərəfindən istifadə olunduğu müəyyən olundu. Keçirilmiş ekspertiza üzrə ekspert xərci 50 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayon İcra Hakimiyyətinin 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı və 25 iyul 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə istifadəsinə verilmiş Şamaxı rayonu Qabırlı qış otlaq sahəsində yerləşən 290 ha qış otlaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etdikləri 30 ha sahədən, Cavabdeh3 isə zəbt etdiyi 20 ha qış otlaq sahəsindən çıxarılmaları, onların həmin sahədən istifadələrinə son qoyulması, həmin torpaqların onun istifadəsinə qaytarılmasına dair qətnamə qət edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon İHB-nın 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı ilə ona heyvandarlıq məqsədilə Şamaxı rayonu 21 nömrəli Qabırlı qış otlaq sahəsindən 290 ha qış otlaq sahəsi ayrılmışdır. Müvafiq olaraq həmin tarixdə Şamaxı rayon İcra Hakimiyyəti ilə 04 saylı icarə müqaviləsi bağlanmış, həmin torpaq sahəsi 15 il müddətinə icarəsinə verilmişdir. 2019-cu ilə kimi torpaq sahəsindən tam şəkildə istifadə etmiş, son üç ilədə isə cavabdehlər torpaq sahəsinin müəyyən hissəsini zəbt edərək ona qanuni istifadəsində olan torpaq sahəsində tam istifadə etməyə maneəçilik yaradırlar. Belə ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 30 ha örüş sahəsini, Cavabdeh3 isə 20 ha örüş sahəsini zəbt edərək onun heyvan qarasının həmin sahələrə keçməsinə imkan vermirlər. Düzdür hazırda cavabdehlər yaylaqdadır, lakin yaylaqdan qayıdan kimi hər ilki vəziyyət yenidən təkrar olunacaq. Belə ki, özbaşına olaraq mərz nişanlarını onun sahəsinin içərilərinə doğru çəkib deyirlər ki, guya istifadə etdiyi torpağın sərhədləri buradan başlayır. Bu səbəbdən də ötən illərdə onlarla çobanları arasında tez-tez söz-söhbət olurdu. Yusifin ümumiyyətlə heyvan qarası yoxdur. Həmin yeri müxtəlif şəxsləri icarəyə verir. Özünün qoyduğu nişanlara əsasən otlaq sahəsini onlara göstərib gedir. Bundan sonra o şəxslərlə arada münaqişə yaranır. Cavabdehlərin ümumiyyətlə torpaq sahəsində istifadə olunması ilə bağlı heç bir qanuni sənədləri yoxdur. Onunsa bütün sənədləri var. Cavabdehlərə dəfələrlə başa salınsa da cavabdehlər torpağını boşaltmır, 3 ildir ki, öz torpağından istifadə edə bilmir.

9. İddiaçı daha sonra ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh4 cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı eyni zamanda iddianın dəqiqləşməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsində icarəsində olan torpaq sahəsinin 20 ha hissəsinin Cavabdeh3 tərəfindən qanunsuz zəbt olunmasını göstərmiş və onun bu sahədən çıxarılmasını xahiş etmişdir. İş üzrə keçirilmiş ekspertizanın nəticəsinə görə ona məlum olmuşdur ki, Cavabdeh3 tərəfindən 28 ha torpaq sahəsi zəbt olunmuşdur. Odur ki, iddianı dəqiqləşdirərək Cavabdeh3 tərəfindən icarəsində olan torpaq sahəsindən zəbt olunmuş 28 ha torpaq sahəsinin boşaldılması, onun həmin sahədən çıxarılması və həmin torpaq sahəsinin qanuni istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “torpaqdan qanunsuz istifadəyə son qoyulması, torpaq sahəsindən çıxarılma və torpağın istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Cavabdeh4 cavabdeh qismində, Şamaxı rayon İcra Hakimiyyəti isə üçüncü şəxs qismində mülki işə cəlb edilmiş və iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.

11. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-33/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Şamaxı rayon İcra Hakimiyyətinin 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı və 25 iyul 2017-ci il tarixli 04 saylı icarə müqaviləsi ilə İddiaçı istifadəsinə verilmiş Şamaxı rayonu Qabırlı qış otlaq sahəsində yerləşən 290 hektar qış otlaq sahəsinin 17 hektar hissəsindən Cavabdeh2 və 28 hektar hissəsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 çıxarılmaları, onların həmin sahədən istifadələrinə son qoyulması və həmin torpaq sahələrinin İddiaçı istifadəsinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 959,25 manat pulun müştərək qaydada alınaraq İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 keçirilmiş ekspertizanın dəyəri 50 manat pulun müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir (hakim Natiq İsmayılov).

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şamaxı rayon İHB-nın 25 iyul 2017-ci il tarixli 76 saylı sərəncamı ilə İddiaçı Şamaxı rayonu 21 nömrəli Qabırlı qış otlaq sahəsindən 290 ha qış otlaq sahəsi ayrılmışdır. 25 iyul 2017-ci il tarixdə İddiaçılə Şamaxı rayon İcra Hakimiyyəti arasında 04 saylı icarə müqaviləsi bağlanmış, həmin torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən qış otlaq sahəsinin 17 ha hissəsinin Cavabdeh2 tərəfindən, 28 ha hissəsinin isə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci maddəsi, Torpaq Məcəlləsinin 16-cı maddəsinin 2-ci bəndinə və 111-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

14. Cavabdeh2 apellyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(074)-33/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırlmışır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, qətnamədə işin faktiki halları tam aydınlaşdırılmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamışdır və eyni zamanda qətnamə qət edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Belə ki, X4 Hüququna dair Şəhadətnamədə (JN-2267 kod ********) yazılmışdır ki, Şamaxı Rayon Göylər kənd sakini X3 Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 97 saylı Sərəncamı və xx.xx.2002-ci il tarixli 22 saylı icarə müqaviləsi ilə “Ağagül” adlanan qış otlaq sahəsindən heyvandarlığın inkişafı məqsədilə 15 il müddətinə 300 ha torpaq sahəsi verilmişdir. İş üzrə AR-İ № 189432 saylı xx.xx.2013-cü il tarixli etibarnamədən görünür ki, X1 “Ağagül” adlı qış otlaq sahəsindən istifadə etməyi mənə həvalə etmişdir. Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 29 saylı, 01 aprel 2016-cı il tarixli sərəncamından görünür ki, əvvəllər Cavabdeh3 istifadəsində olan “Qabırlı” adlı 150 ha qış otlaq sahəsi 15 il müddətinə Cavabdeh4 icarəsinə verilmişdir. Lakin Şamaxı Rayon Məhkəməsinin iddiaçının ərizəsinə baxarkən yuxarıda qeyd edilən hüquqi sənədləri nəzərə almamış və birtərəfli qaydada iddiaçının təqdim etdiyi həqiqətə uyğun olmayan məlumatlar əsasında hüquqlarının pozulmasına səbəb olan qətnamə qət etmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş rəydə və o cümlədən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi 27 yanvar 2023-cü il tarixli, 10/462 saylı rəylərdə qeyri-müəyyən ifadələr vardır. Torpaq sahəsinin yerquruluşu planında göstərilən koordinatlarla elektron baza məlumatı əsasında olan torpaq sahəsi arasında, habelə faktiki istifadədəki torpaq sahəsi arasında konfiqurasiya fərqinin olması, verilmiş rəylərin özünün qeyri-dəqiq olmasına dəlalət edir. Odur ki, belə qeyri-dəqiq rəylər əsasında tərəflərdən birinin qanunla müəyyən edilmiş hüquqlarının pozulması ilə nəticələnmiş qətnamənin qət edilməsi yolverilməzdir. Məhkəmə yalnız İddiaçı təqdim etdiyi sənədləri araşdırıb qətnamədə yazılanları həmin sənədlərə həsr etmişdir. Lakin cavabdeh tərəfin təqdim etdikləri sənədlər barədə qətnamədə formal qaydada bir-iki kəlmə yazılsa da işin mübahisələndirilən hissəsi üzrə təqdim edilmiş sənədlərin hüquqi əhəmiyyətinə yer verilməmişdir. Bütün bunlar onu göstərir ki, Şamaxı Rayon Məhkəməsi iş üzrə tərəf tutaraq həqiqəti özündə əks etdirməyən qətnamə qəbul etmiş və eyni zamanda qanunlar və normativ hüquqi aktlar düzgün tətbiq olunmamaqla və səhv təfsir olunmaqla iş üzrə səhv nəticəyə gəlinmiş – nəticə etibarı ilə məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 706.1-ci, Torpaq Məcəlləsinin 16-cı, 111-ci maddələri düzgün təfsir edilməyərək tətbiq edilmişdir. Hazırki iş üzrə bu maddələrdən bəhs edilməsi tam əsassızdır. Onlar iddiaçının istifadəsində olan hər hansı otlaq sahəsini zəbt etməmişlər.

Apellyasiya şikayətlərinə qarşı tərəfin etirazının dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında cavabdeh eyni zamanda Cavabdeh4 nümayəndəsi Cavabdeh3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

20. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı ərazi İdarəsinin nümayəndəsi X6 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.

21. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir.

22. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 1. girov hüququ; 2. əmlakdan istifadə hüququ; 3. servitutlar. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 706.1. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər

24. Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 16. Bənd 2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

26. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyasiya baxışının hədləri

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

29. Apellyasiya şikayəti Cavabdeh2 tərəfindən verilərək Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-33/2023 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-33/2023 nömrəli qətnaməsini mübahisələndirilən - Cavabdeh2 aid hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır.

32. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olunmuşdur ki, 25 iyul 2017-ci il tarixdə İddiaçılə Şamaxı rayon İcra Hakimiyyəti arasında 04 saylı icarə müqaviləsi bağlanmış, həmin torpaq sahəsi 15 il müddətinə onun icarəsinə verilmişdir. İddiaçı Şamaxı rayonu “Qabırlı” qış otlaq sahəsindən istifadəsinə verilmiş 290 ha torpaq sahəsinin yerquruluşu planında göstərilən koordinatlara və elektron baza məlumatlarına əsasən qış otlaq sahəsinin 17 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunduğu müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı istifadəsinə verilmiş 290 ha qış otlaq sahəsinin 17 hektar hissəsindən Cavabdeh2 çıxarılması qənaətinə gəlməkdə haqlı olmuşdur.

33. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərində işin faktiki halları tam aydınlaşdırılmadığını, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun olmamasını, maddi və prosessual hüquq normalarının pozulduğunu bildirsə də dəlillərini əsaslandırmamış, məhz hansı halın araşdırılmamasını, norma pozuntusunun nədən ibarət olmasını göstərməmişdir.

34. Cavabdeh apellyasiya şikayətinin dəlillərində həmçinin göstərmişdir ki, birinci instansiya məhkəməsi Şamaxı Rayon İcra Hakimiyyəti Başçısının 29 saylı, 01 aprel 2016-cı il tarixli sərəncamı ilə əvvəllər Cavabdeh3 istifadəsində olan “Qabırlı” adlı 150 ha qış otlaq sahəsi 15 il müddətinə Cavabdeh4 icarəsinə verilməsi barədə hüquqi sənədi nəzərə almamış və birtərəfli qaydada iddiaçının təmin etdiyi sənədlər əsasında qətnamə çıxarışmışdır. Qeyd edilən dəlillə bağlı kollegiya əvvəla onu qeyd edir ki, istinad edilən icarə müqavilə apellyantla deyil başqa cavabdehlə bağlanmışdır. Bundan başqa, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsində işin araşdırılmasına dair qanunvericiliyin tələblərinə riayət edilmiş, tərəflərə öz tələb və etirazlarını sübut etmək üçün bərabər imkan yaratmışdır, hazırkı halda apellyantın dəlili onun formal mülahizəsindən ibarətdir.

35. Cavabdeh2 iş üzrə verilmiş rəylərin qeyri-dəqiq olmasına dəlalət etməsinə dair dəlillə bağlı isə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi istinad edilən rəy özözlüyündə iddiaçının istifadəsində olan torpağın qeyd edilən hissədə Cavabdeh2 tərəfindən qanunsuz istifadə olunduğunu müəyyən etmişdir. Digər tərəfdən, Cavabdeh2 faktiki istifadə etdiyi torpaq sahəsinə dair qanuni istifadə etməsini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

36. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

37. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(074)-33/2023 nömrəli qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar