Məhkəmə qərarları › İş №2(105)-1591/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1591/2023

12.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1591/2023 12.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması” tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2(031)-290/2023 nömrəli qətnaməsindən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Gülbala oğlu və Cavabdeh4 tərəfindən özəlləşdirilmiş “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi Şabran rayonu, Sincaboyad kəndində yerləşən dövlət mülkiyyətində olan 3600 kv.m. torpaq sahəsinin xx.xx.1997-ci il tarixli texniki pasportda qeyd edilən vəziyyətə bərpa edilməsi, həmçinin zəbt edilmiş 0,03 ha torpaq sahəsinin boşaldılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şabran ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində X2 və digər cavabdehlər tərəfindən Şabran rayonu, Sincaboyad kəndində yerləşən, “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi, dövlət mülkiyyətində olan 3600 kv.m. torpaq sahəsində tikinti altı sahəsi 130.0 kv.m. olan yeməkxana binasının, tikinti altı sahəsi təxminən 98.0 kv.m. olan xidməti bina və tikinti altı sahəsi təxminən 86.0 kv.m. olan mağaza və təmir sexinin inşa edildiyi, həmçinin dövlət mülkiyyətində olan əlavə 0.03 ha torpaq sahəsinin zəbt edilərək ümumi istifadəsində olan əraziyə birləşdirildiyi aşkar olunmuşdur. Bildirirlər ki, Şabran rayonu, Sincaboyad kəndində yerləşən,“Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsi cavabdehlər tərəfindən özəlləşdirilmiş və onlara həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1998-ci il tarixli 10128 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Qeyd edilən əmlak cavabdehlərin mülkiyyətində olsa da, həmin əmlakın yerləşdiyi 3600 kv.m. torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətindədir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdehlər tərəfindən qanunsuz tikinti işləri təmir məntəqəsinin texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Cavabdeh2 nümayəndəsi X3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, mübahisə pedmeti ilə bağlı Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1736/2022 saylı yekun məhkəmə aktı mövcuddur. Ümumiyyətlə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsəlləri Dövlət Xidmətinin bu iddia tələbi və iddia ərizəsi formal xarakter daşıyır, bürokratik əngəldən, süründürməçilikdən və eyni zamanda vaxt qazanmaqdan və əlacsızlıqdan başqa bir şey deyildir. Belə ki, iddia ərizəsində qeyd edilmişdir ki, guya monitorinq nəticəsində müəyyən edilmişdir ki, cavabdeh tərəfdən torpaq sahəsi zəbt edilərək ümumi istifadəsində olan əraziyə birləşdirilmişdir. İddiaçının bu tələbi absurd xarakter daşıyır. Çünki ümumiyyətlə heç bir monitoriq keçirilməmiş və ümumiyyətlə bu monitoriq haqqında cavabdehin heç bir məlumatı olmamışdır, ən azından monitoriq zamanı əraziyə baxış keçirilməli və digər prosessual hərəkətlər edilməli idi, lakin bunların heç biri baş verməmişdir. Bundan başqa, iddiaçı özü etiraf edir ki, cavabdehin əmlak vəziyyətində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1998-ci il tarixli, 10128 qeydiyyat nömrəli şəhadətnaməsi var. Belə olan halda əgər cavabdeh 1998-ci ildən guya torpaq sahəsini zəbt edibsə niyə bu vaxta kimi iddiaçı səsini çıxartmayıb və ya bu məsələni qabartmayıb, baxmayaraq ki, 25 il müddət az vaxt deyildir. Eyni zamanda işin ən maraqlı və ziddiyyətli tərəflərindən biri də budur ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti 25 fevral 2019-cu il tarixli məktubu ilə Cavabdeh2 məxsus qeyri-yaşayış binasının yerləşdiyi 36000 manat təşkil edən 3600 kv.m. torpaq sahəsini satın alınması məqsədilə Cavabdeh2 təklif edəndə nədənsə bu məsələ yada düşmürdü. Bundan başqa, iş materiallarına əlavə edilən sənədlərdən və məhkəmə aktlarından görünür ki, Cavabdeh2lə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında düz 4 il məhkəmə prosesləri və çəkişməsi olmuşdur və bu zaman kəsiyində ekspertizalar keçirilmiş, şikayətlər və etirazlar verilmiş, lakin çox maraqlıdır ki, bütün bunlara baxmayaraq, bir dəfə də olsun Əmlak Məsələləri Dövlət Xidməti bu məsələni qeyd etməmişdir. Beləliklə, bütün yuxarıda deyilənlərdən belə qənaətə gəlmək olur ki, iddiaçının iddia tələbi absurddur və formal xarakter daşıyır. Şabran Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2(031)-290/2023 nömrəli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı "torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması" tələbinə dair iddiası əsassız olduğundan rədd edilmişdir (hakim Çingiz İsgəndərov). Qətnamədən narazı qalan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyun 2023-cü il tarixli, 2(060)-2023/2023 nömrəli qətnaməsinin ləğv olunması, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şabran ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində X2 və digər cavabdehlər tərəfindən Şabran rayonu, Sincaboyad kəndində yerləşən “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi dövlət mülkiyyətində olan 3600 kv.m. torpaq sahəsində tikinti altı sahəsi 130.0 kv.m. olan yeməkxana binasının, tikinti altı sahəsi təxminən 98.0 kv.m. olan xidməti bina və tikinti altı sahəsi təxminən 86.0 kv.m. olan mağaza və təmir sexinin inşa edildiyi, həmçinin dövlət mülkiyyətində olan əlavə 0.03 ha torpaq sahəsinin zəbt edilərək ümumi istifadəsində olan əraziyə birləşdirildiyi aşkar olunmuşdur. Bildirirlər ki, Şabran rayonu, Sincaboyad kəndində yerləşən, “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsi cavabdehlər tərəfindən özəlləşdirilmiş və onlara həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən xx.xx.1998-ci il tarixli 10128 qeydiyyat nömrəli şəhadətnamə verilmişdir. Qeyd edilən əmlak cavabdehlərin mülkiyyətində olsa da, həmin əmlakın yerləşdiyi 3600 kv.m. torpaq sahəsi özəlləşdirilmədiyindən dövlət mülkiyyətindədir. Beləliklə, cavabdehlər dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, orada qeyri-qanuni olaraq tikinti işləri aparmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə öz qərarında əsassız olaraq göstərmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti qeyd edilən torpaq sahəsində cavabdehlər tərəfindən qanunsuz tikililərin inşa edilməsinə dair mötəbər sübutlar təqdim etməmişdir. Bildirirlər ki, Xidmətin Şabran ərazi şöbəsinin əməkdaşları tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və qanunsuz tikililər aşkar edilmiş və bu barədə akt tərtib edilmişdir. Qeyd edirlər ki, həmin akt və müvafiq fotoşəkillər iddia ərizəsinə əlavə edilmişdir. Beləliklə, Xidmət tərəfindən cavabdehlər tərəfindən yol verilmiş qanun pozuntusu barədə məhkəməyə yazılı sübutlar təqdim edilmişdir. Məhkəmə cavabdehlər tərəfindən qanunsuz tikililərin həqiqətən inşa edilib-edilməməsinə və torpaq sahəsinin zəbt edilib-edilməməsinə şübhə ilə yanaşdığı halda, bununla əlaqədar müvafiq ekspertiza təyin edə bilərdi. Lakin məhkəmə iş üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə ekspertiza təyin etməmiş, bununla bağlı hər hansı digər araşdırma aparmadan onlar tərəfindən məhkəməyə iddianın əsaslılığına dair sübutların təqdim edilmədiyini qeyd edərək iddianı rədd etmişdir. Göründüyü kimi, məhkəmə işin hallarını kifayət qədər ətraflı və obyektiv araşdırmadan, səthi qərarla iddianı rədd etmişdir ki, bununla da maddi və prosessual hüquq normalarını pozmuşdur. Qeyd edilənləri nəzərə alaraq, hesab edirlər birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq digər cavabdehlər heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli aktdan görünür ki, Şabran rayonu, Sincanboyad kəndində yerləşən, torpaq sahəsi dövlət mülkiyyətində olan «Avtomotoservis» 3 saylı texniki təmir məntəqəsinin xx.xx.1997-ci ildən tərtib olunmuş texniki pasportunda əksini tapmayan, 0.03 ha dövlət mülkiyyətində olan torpaq sahəsi zəbt edilərək ümumi istifadəsində olan əraziyə birləşdirilməsi və tikinti altı sahəsi təxminən 130.0 kv.m. olan yeməkxana binası, tikinti altı sahəsi təxminən 98.0 kv.m. olan xidməti bina və tikinti altı sahəsi təxminən 86.0 kv.m. olan mağaza və təmir sexinin inşa olunması faktı aşkar olunmuşdur. Araşdırma zamanı, tikinti işlərinin Cavabdeh2 tərəfindən xx.xx.1998-ci il tarixli 10125 saylı Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən verilmiş şəhadətnaməyə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsində müvafiq qurumların icazəsi olmadan aparılması müəyyən edilmişdir. Aktın doğruluğunu Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları M.Rəhmanov, N.Camalov, H.Kəlbiyev öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 010125 saylı şəhadətnamədən görünür ki, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 həqiqətən Dəvəçi şəhəri, M.Ə.Rəsulzadə küçəsi «Avtomotoservis» 3 saylı texniki təmir məntəqəsi qüvvədə olan qanunvericilik əsasında satın alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdeh Azərbaycan Respublikası İqtisad Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(105)-94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarla müəyyən edilir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə 3600 kv.m. qeyri-yaşayış torpaq sahəsinin iddiaçıya satılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. İş materiallarında olan Sumqayıt İnzibati Məhkəməsinin 23 yanvar 2023-cü il tarixli 2- 1(085)-820/2019 saylı bildirişindən görünür ki, Sumqayıt Apelyasiya məhkəməsinin 2- 1(1xx-xx/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı 23 noyabr 2022-ci il tarixdə qanuni qüvvəyə mindiyinə görə həmin qərar icra olunması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə göndərilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, qərar icra olunmadığı halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq 50.000 manat məbləğində cərimə oluna bilər. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 ünvanladığı 06 iyul 2023-cü il tarixli, 3-21-3/2-P-0070/04-8/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, Şabran rayonu, Sincaboyad kəndində “Avtomotoservis” 3 saylı təmir məntəqəsinin yerləşdiyi dövlət mülkiyyətində olan 3600 kv.m. torpaq sahəsinin özəlləşdirilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və birbaşa daxil olmuş müraciətlərinə (daxilolma qeydiyyatı: 3-21/1-Р-3838-39/023 nömrəli xx.xx.2023-cü il tarixli, 3-21/1-P- 3838/2-39/2023 nömrəli xx.xx.2023-cü il tarixli və 3-21/1-P-3838/3-39/2023 nömrəli xx.xx.2023-cü il tarixli) Əmlak Məsələləri Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar bildirirlər ki, müraciətdə qeyd olunan torpaq sahəsi ilə bağlı məsələ məhkəmə predmeti olmaqla Sumqayıt Apellyasiya Məhkəməsinin icraatındadır. Qeyd edilənləri nəzərə alaraq iş üzrə qəbul ediləcək yekun məhkəmə qərarına əsasən müvafiq tədbirlər görüləcəkdir. Məhkəmə kollegiyasının iclasında aparılmış araşdırması zamanı müəyyən edildi ki, sübutetmə yükünü daşıyan iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdehlərin özəlləşdirdikləri “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi, Şabran rayonu, Sincaboyad kəndində yerləşən dövlət mülkiyyətində olan 3600 kv.m. torpaq sahəsinin xx.xx.1997-ci il tarixli texniki pasportda qeyd edilən vəziyyətə bərpa edilməsinə və 0,03 ha torpaq sahəsinin zəbt edilməsinə əsas verən mötəbər sübutlar təqdim edilməmişdir. Əksinə, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 94/2022 nömrəli, 03 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, G.F.Tağızadə və F.Ə.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt inzibati-iqtisadi Məhkəməsinin 2-1(085)-820/2019 nömrəli, 17 sentyabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, yeni qərar qəbul edilərək iddiaçının cavabdehə qarşı “Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində mülkiyyətində olan “Avtomotoservis” 3 saylı texniki təmir məntəqəsinin yerləşdiyi 3600 kv.metr torpaq sahəsinin bazar qiymətinin 14400 (on dörd min dörd yüz) manat müəyyən edilərək iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iş üzrə qəbul edilmiş qətnamə işin faktiki hallarına və yuxarıda sadalanan maddi hüquq normalarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli, e-2(031)-290/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar