Məhkəmə qərarları › İş №2(105)-1594/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1594/2021

23.04.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1594/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin yanında 5 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı torpaq sahəsinə dair dövlət qeydiyyatının və torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1022/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh2 adına olan 3,97 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının və torpağa mülkiyyət hüququna dair JN- 0024 saylı, 30222058 kodlu çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Çax-Çaxlı kəndi ərazisində yerləşən 3,97 ha torpaq sahəsi Azərbaycan Respublikasında torpaq islahatı aparılarkən qanuni əsaslarla əmlak payçıları kimi iddiaçıların mülkiyyətinə verilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 həmin torpaq sahəsini 1998-ci ildən istifadə edirlər. Lakin Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən qanunsuz yollarla öz adına həmin torpaq sahəsinə verilmiş mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Belə ki, Cavabdeh2 qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair Qusar Rayon Məhkəməsinin saxta qətnaməsi ilə DƏDRX 5 saylı Xaçmaz ərazi İdarəsinə müraciət etmiş və orada çalışan məsul şəxslər həmin saxta qətnamə əsasında ona mülkiyyət hüququna dair çıxarış təqdim etmişlər. İddiaçılar Qusar Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək sözügedən qətnamənin məhkəmənin qeydiyyatında olub-olmaması barədə maraqlanmış, məhkəmə isə bu məsələ üzrə hər hansı mülki işin qeydiyyata alınmadığını bildirmişdir. Göründüyü kimi Qusar Rayon Məhkəməsinin adından, məhkəmənin xəbəri və məlumatı olmadan qanunsuz yolla saxta qətnamə çıxarılmışdır. Həmin qətnamə məhkəmə qeydiyyatından keçməmişdir və qətnamə özü-özlüyündə saxta sənəddir. Buna görə də həmin qətnamə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarış da hüquqi sənəd hesab edilə bilməz. Belə ki, çıxarışın əsasını təşkil edən qətnamə saxta sənəddir. Saxta sənəd əsasında verilmiş çıxarış da hüquqi nəticələrə səbəb ola bilməz. Cavabdeh2 məsələ ilə bağlı digər məhkəmə iclaslarında həmin torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında aldığını bildirmişdir. Halbuki, Cavabdeh2 ilə iddiaçılar arasında hərhansı alqı-satqı razılaşması və müqaviləsi baş tutmamış və həmin torpaq sahəsinə görə hər hansı məbləğdə pul alınmamışdır. Eyni zamanda, torpağın satılması barədə hər hansı sənədləşmə olmamış və onlar heç bir sənədə imza etməmişlər. Bu məsələ ilə bağlı müvafiq məhkəmə qətnamələri mövcuddur. Belə ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-940/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər X10, X8, X5 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı daşınmaz əmlaka dair verilmiş çıxarışların ləğv edilməsi tələbinə dair ilk iddiası təmin edilməmiş, X6 Cavabdeh2 qarşı dövlət aktının ləğv edilməsinə dair qarşılıqlı və müstəqil tələblər irəli sürən üçüncü şəxslər İddiaçı2, X7, İddiaçı1, X9 və X2 Cavabdeh2 qarşı dövlət aktlarının ləğv edilməsi tələbinə dair iddiaları təmin edilərək, Cavabdeh2 adma verilmiş JN 183 nömrəli 30222058 kodlu, JN 185 nömrəli 30222058 kodlu, JN 187 nömrəli 30222058 kodlu, JN 189 nömrəli 30222058 kodlu, JN 190 nömrələri 30222058 kodlu Dövlət aktlarının ləğv edilməsi, müstəqil tələb irəli sürən X1 iddiasının təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia və müstəqil tələblər irəli sürən üçüncü şəxslərin iddialarının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 324/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)- 940/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi qismən ləğv edilərək ilk iddianın qismən təmin edilməsi, X10 və X3 adına JN 187 seriyalı, 30222058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktında 187A nömrə ilə göstərilən 1,139 ha torpaq sahəsinə verilmiş xx xxxxxx 2017-ci il tarixli, **********4 reyestr nömrəli çıxarışın ləğv edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, Cavabdeh2 qızma Xaçmaz rayonunun Çax-Çaxlı kəndi ərazisində yerləşən 2,57 ha torpaq sahəsinə dair verilmiş JN 189 nömrəli, 30222058 kodlu Dövlət aktının ləğv edilməsi barədə qətnamənin ləğv edilməsi, mübahisələndirilən dövlət aktının 0,569 ha torpaq sahəsinə aid hissədə ləğv edilməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxslər İddiaçı2, X7, İddiaçı1, X9 və İddiaçı1 Cavabdeh2 qarşı olan iddialarının qismən təmin edilməsi, Cavabdeh2 adına olan Xaçmaz rayonunun Çax-Çaxlı kəndi ərazisində yerləşən 1,57 ha torpaq sahəsinə verilmiş JN 183, 30222058 kodlu, 3,81 ha torpaq sahəsinə verilmiş JN 187, 30222058 kodlu, 3.30 ha torpaq sahəsinə verilmiş JN 190, 30222058 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət aktlarının ləğv edilməsi, X1 Cavabdeh2 qızma qarşı dövlət aktlarının ləğv edilməsi tələbinin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir. Xaçmaz rayon İcra və Probasiya şöbəsi Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-324/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin icra edilməsi üçün DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi öz cavab məktubunda qeyd etmişdir ki, icra vərəqəsində qeyd olunan JN 183 30222058 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən 1,57 ha torpaq sahəsinə, 3,81 ha torpaq sahəsinə verilmiş JN 187 30222058 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktında 187 nömrə ilə göstərilən 2,672 ha hissəsinə, JN 190 30222058 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktında göstərilən 3,30 ha torpaq sahələrinə Cavabdeh2 adına dövlət reyestrindən çıxarışlar verilmiş, buna görə də bu aktları ləğv etmədiyini bildirmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, bu aktlar saxta məhkəmə qətnaməsi ilə əldə edilmiş aktlardır və buna görə də etibarsız hesab edilməlidir. Qeyd olunanlara əsasən Cavabdeh2 adına 3,97 ha torpaq sahəsinə verilmiş JN-0024 saylı, 30222058 kodlu torpaq mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab olunmasını məhkəmədən xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1022/2021 saylı qarardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. (hakim S.A.Səmədzadə) Qərardaddan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 ondan şikayət verərək Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1022/2021 saylı qarardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını, əks halda hazırkı şikayətlərinin baxılması üçün apelysiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1022/2021 saylı qarardadı ilə şikayət rədd olunmuş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçılar şikayət ərizəsini onunla əsaslandırmışlar ki, məhkəmənin qərardadı əsassızdır. Belə ki, onların tələbi həm fiziki, həm də hüquqi şəxsə qarşı yönəlmişdir. Onların hüquqları inzibati orqanın qanunsuz qərarı nəticəsində pozulmamışdır. DƏDRX Cavabdeh2 təqdim etdiyi saxta sənədlər əsasında hüquqları qeydə almışdır. Hazırda həmin qeydiyyatın silinməsi və onların hüquqlarının bərpa olunması üçün saxta qətnamə əsasında aparılmış qeydiyyat etibarsız hesab edilməlidir. Bu isə mülki mühakimə icraatının predmetinə aiddir. Bu hallar məhkəmə tərəfindən araşdırılmadığından qərardad ləğv olunmalı və işə mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçı2, cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin yanında 5 saylı Ərazi İdarəsi və Cavabdeh2 məhkəmə bildirişi göndərilmiş, Cavabdeh2 bildirişi ünvanın tam olmaması səbəbilə geri qaytarılmışdır. Digərlərinə isə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyanının iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə adları göstərilən çəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətlərin dəlillərinə qiymət verərək belə hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1022/2021 saylı qarardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu normanın tələbinə görə işə baxan məhkəmə ilk öncə tələbin hüquqi əsasını, tərəflər arasındakı münasibətlərin xarakterini müəyyən etməli və əgər ərizə həmin məhkəmədə baxılamlı deyildirsə onu qəbul etməkdən imtina etməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 hazırkı tələblərindən görünür ki, onlar məhkəmədən DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışın etibarsız hesab edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarın 2-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməsi araşdırılmalıdır. Plenumun Qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Qeyd olunduğu kimi, iddiaçıların iddia tələbi daşınmaz əmlakın dövlət reyestrdəki qeydiyyatın etibarsızlığı ilə bağlıdır. İddiaçılarla cavabdeh inzibati orqan arasında xüsusi hüququn əsasını təşkil edən münasibətlər yoxdur, onların arasında ümumi (publik) münasibətlər mövcuddur. İddiaçılar iddia edirlər ki, reyestrdəki qeydiyyatın aparılması inzibati orqanın qanunsuz hərəkəti nəticəsində baş verib, yəni iddianın hüquqi təbiətində inzibati-hüquqi tələb vardır. Bu cür tələblərə isə ümumi deyil, inzibati məhkəmələrdə baxılır. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı torpağa mülkiyyət hüququna dair Çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır və bu barədə məhkəmənin gəldiyi nəticə həm işin faktiki hallarına, həm də göstərilən normaların tələblərinə tamamilə uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)-1022/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.1-ci maddələrinə görə apellyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 357, 395- 396, 398 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(067)- 1022/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan olunduğu andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar