Məhkəmə qərarları › İş №2(105)-1594/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1594/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1594/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəbbə pulu və sair tələbinə dair” mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2576/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2576/2024 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “dəbbə pulu və sair tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh 2.000 (iki min) manat dəbbə pulu və 60 (altmış) manat mediasiya xərci olmaqla cəmi 2.060 (iki min altmış) manat məbləğində pulun tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Elçin Kazımov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı dəbbə pulu və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2.000 manat məbləğində dəbbə pulu, 150 manat məbləğində hüquqi yardım xərci və 60 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən iddiaçı ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, cavabdehi yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. Cavabdeh isə iddiaçı tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq 2 (iki) il müddətində yalnız MMC-yə məxsus olan avtoservisdə işləməyi və əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixində cavabdeh ərizə ilə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə texniki xidmət mərkəzinin İİİ dərəcəli qəbuledicisi vəzifəsinə keçmək istədiyini bildirmişdir. İddiaçı cavabdehin əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini, "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini İddiaçı MMC-dən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, cavabdehin İddiaçı MMC-də icra etdiyi vəzifə öhdəliklərini bilavasitə sonuncuya məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq cavabdehin əmək fəaliyyətini "xxxx" MMCdə davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq, cavabdeh 01 fevral 2022ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq 30 iyun 2023-cü il tarixində "xxxx" MMC-yə də əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Bununla da cavabdeh aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən 2.000 manat məbləğində dəbbə pulu, 150 manat məbləğində hüquqi yardım xərci və 60 manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Məhkəmənin qətnamədə şərh olunmuş qənaətinə görə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı ilə bağladığı 1 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin tələblərini pozmuşdur. Həmin müqaviləyə əsasən Cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri pozarsa, o cümlədən İddiaçı MMC-nin yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və digər müəssisələrdə iş yeri seçərsə və işləyərsə, Cavabdeh 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək MMC-nin hüququdur. Ona görə də iddia tələbi əsaslıdır. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2576/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi F.Vəİizadənin 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliyini pozması ilə bağlı doğru nəticəyə gəlməmişdir. Belə ki, iddiaçı Müqavilənin 1.1-ci bəndində «nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi» öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh əvvəl "Avtoservis-K.Ş.” MMC-də operator vəzifəsində, sonra "İdeal Motors” MMC-nin texniki xidmət mərkəzinin İİİ dərəcəli qəbuledicisi vəzifəsində işləmişdir. Onun operator vəzifəsi üzrə əmək funksiyası servisdə təmir olunan masınlarda hansı işlərin görüldüyünü kompüterdə “1-C” proqramında sistemə yazmaqdan ibarət olmuşdur. İİİ dərəcəli qəbuledici vəzifəsi üzrə əmək funksiyası isə müştərini qəbul etmək, problemlərini dinləmək, problemləri servisə daxil olarkən müştəriyə təqdim edilmiş giriş vərəqinə qeyd etmək, məlumatları ustaya vermək, ustadan detal dəyişəcəksə qiymətini və xidmət haqqını öyrənib müştəriyə demək, müştəri qiymətlə razılaşdıqda giriş vərəqinə imza etdirmək və operatora təqdim etmək olmuşdur. Göründüyü kimi, F.Vəİizadənin tutduğu vəzifələrin heç biri nəqliyyat vasitələrinin təmiri ilə bağlı olmamışdır və həmin vəzifələr peşə hesab oluna bilməz. Bundan başqa, müqavilənin etibarlı olması üçün predmeti və mühüm şərtləri konkret göstərilməlidir. 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilədə də mütləq tədris və təlimin proqramı, müddəti, yeri və vaxtı, nəticələrin qiymətləndiriləsi və imtahan qaydaları, öyrədilən peşə üzrə istehsalata və ya işə buraxılma qaydası və s. mühüm şərtlər göstərilməli idi. Sözügedən müqavilədə təlim haqqında mühüm şərtlərin göstərilməməsi həmin müqavilənin etibarsızlığı üçün əsasdır. Göründüyü kimi, F.Vəİizadəyə “nəqliyyat vasitələrinin təmiri ilə bağlı” peşə öyrədilməmiş, bu sahədə ona hər hansı “nəzəri və təcrübi dərslərin keçilməsi” təşkil olunmamış, nə də “yiyələndiyi peşə” üzrə işlə təmin olunmamışdır. Əslində nə F.Vəİizadənin servisdə təmir ustası kimi işləmək istəyi, nə də şirkətin onu təmir ustası kimi işə götürmək niyyəti olmamışdır. Ona görə də hesab edir ki, iddiaçının tələbi əsassızdır və həmin tələbin təmin olunması barədə məhkəmənin qətnaməsi ləğv edilərək iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, verilmiş apellyasiya şikayəti üzrə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 2576/2024 nömrəli qətnaməsi ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqavilənin 1.1, 1.2, 4.2 və 5.2-ci bəndlərindən görünür ki, həmin müqaviləyə əsasən “Şirkət” ona məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün “Təlim alan”a müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməyi, “Təlim alan”ı yiyələndiyi peşəyə uyğun iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüşdür. “Təlim alan” “Şirkət” tərəfindən təmin edilən müvafiq nəzəri və təcrübi dərslərdə iştirak etməyi, təlimə başladığı andan “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”in avtoservisində işləməyi, “Şirkət”lə olan əmək müqaviləsinə xitam verməməyi, başqa avtoservisdə və digər müəssisələrdə işləməməyi öhdəsinə götürmüşdür. “Şirkət”lə əmək müqaviləsi bağladığı gündən 2 (iki) il müddətində yalnız “Şirkət”in avtoservisində işçi kimi işləmək “Təlim alan”ın vəzifəsidir. “Təlim alan” öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə, “Şirkət”in yazılı razılığı və icazəsi olmadan Azərbaycan Respublikasının ərazisində başqa avtoservisdə və digər müəssisələrdə iş yeri seçərsə və işləyərsə, “Təlim alan”dan 2000 (iki min) manat məbləğində dəbbə pulunun ödənilməsini tələb etmək şirkətin hüququdur. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək İddiaçındə operator vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində texniki xidmət mərkəzinin İİİ dərəcəli qəbuledicisi vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 30 iyun 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2-ci maddəsinə əsasən o, 2 (iki) il müddətində İddiaçı MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verməməyi, həmçinin həmin müqavilənin 4.2-ci maddəsinə əsasən əmək müqaviləsi bağlandığı gündən 2 (iki) il müddətində yalnız İddiaçı MMC-də əmək müqaviləsinə əsasən işləməyi öhdəsinə götürmüşdür. Lakin xx.xx.2022-ci il tarixində o, ərizə ilə müraciət edərək "xxxx" MMC-yə texniki xidmət mərkəzinin İİİ dərəcəli qəbuledicisi vəzifəsinə keçmək istədiyini bildirmişdir. İddiaçı MMC onun əmək müqaviləsi bağlamaq niyyətində olduğu "xxxx" MMC ilə uzun illər ərzində uğurlu şəkildə əməkdaşlıq etdiyini, "xxxx" MMC-nin təsərrüfat fəaliyyətini İddiaçı MMC-dən icarəyə götürdüyü obyektdə həyata keçirdiyini, İddiaçı MMC-də icra etdiyi vəzifə öhdəliklərini bilavasitə İddiaçı MMC-yə məxsus olan obyektdə və eyni ünvanda yerləşən servisdə icra edəcəyini nəzərə alaraq onun "xxxx" MMC-də əmək fəaliyyətini davam etməsinə etiraz etməmişdir. Lakin buna baxmayaraq, o, 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini kobud şəkildə pozaraq 30 iyun 2023-cü il tarixində "xxxx" MMC-yə də əmək müqaviləsinə xitam verilməsi haqqında ərizə ilə müraciət etmişdir. Cavabdeh bu hərəkətləri ilə aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilənin 1.2 və 4.2-ci maddələrinin tələblərini və götürdüyü öhdəlikləri kobud şəkildə pozduğu üçün "xxxx" MMC ona təlim keçilməsi üçün çəkdiyi 2000 (iki min) manat məbləğində pulun ödənilməsi ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət edəcəkdir. Məhkəməyə müraciət etdiyi təqdirdə əlavə olaraq məhkəmə xərcləri və hüquqi yardım xərcləri də tutulacaq ki, bu da tutulmalı olan pul məbləğinin əsaslı surətdə artmasına səbəb olacaqdır. Göstərilənlərə əsasən aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlim keçmə və əməkdaşlıq haqqında müqavilə üzrə öhdəliklərinə əməl etməsi Cavabdeh xahiş edilmişdir. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı "xxxx" MMC aralarında bağlanmış 01 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən Cavabdeh təlim keçilməsi və onun xüsusi peşə biliklərinə yiyələnməsi üçün 2000 (iki min) manat məbləğində xərc çəkdiyini iddia edərək, sonuncunun müqavilə öhdəliklərini pozduğuna görə həmin pulu MMC-yə ödəməsi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Cavabdeh isə iddiaçı "xxxx" MMC tərəfindən 01 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilmədiyini, ona nəqliyyat vasitələrinin təmiri ilə bağlı xüsusi peşə biliklərinə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi dərslərin keçilməsinin təşkil edilmədiyini, onunla nəqliyyat vasitələrinin təmiri ilə bağlı peşədə (təmir ustası) işləməsi üçün əmək müqaviləsinin bağlanılmadığını, ümumiyyətlə iddiaçının 01 fevral 2022-ci il tarixli müqavilə üzrə heç bir öhdəliyini icra etmədiyini, buna görə də ondan 2000 manat məbləğində dəbbə pulu tələbinin əsassız olduğunu bildirir. Cavabdeh qeyd olunan dəlillərini apellyasiya şikayətində də göstərmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından araşdıraraq hesab edir ki, həmin dəlillər əsaslıdır. Belə ki, MPM-in 14.2 və 77.1-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçı "xxxx" MMC məhkəməyə öz iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar təqdim etməlidir. Bu baxımdan iddiaçı məhkəməyə ilk növbədə özünün 01 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyini təsdiqləyən sübutlar təqdim etməli idi. Lakin, 01 fevral 2022-ci il tarixdə imzalanmış təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəliklərin icrası olaraq "xxxx" MMC-yə məxsus olan servis mərkəzində nəqliyyat vasitələrinin təmiri ilə bağlı biliklərə yiyələnməsi üçün cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçilməsini təşkil etməsinə, bu məqsədlə müvafiq mütəxəssislərin cəlb edilməsinə, cavabdehin müvafiq peşəyə yiyələnməsinə dair iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Digər tərəfdən, iddiaçı "xxxx" MMC-nin özü tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən Cavabdeh ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Belə olduğu halda cavabdehin başqa təşkilatda işləməkdən imtina edərək işdən çıxmasının iddiaçı tərəfindən özünün mənafeyinin pozulması kimi qəbul olunması tamamilə əsassızdır. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür Həmin Məcəllənin 441.1 və 441.2-ci maddələrinə əsasən, tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır... Mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Qanun normalarına müvafiq olaraq, iddiaçı "xxxx" MMC 01 fevral 2022-ci il tarixli təlimkeçmə və əməkdaşlıq haqqında müqavilə üzrə əvvəlcə öz öhdəliklərini yerinə yetirməli, bundan sonra qarşı tərəfdən (Cavabdeh) sonuncunun üzərinə düşən öhdəliklərin icrasını tələb etməli idi. Şərh olunanlara əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini əsaslı hesab edir. Kollegiyanın qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə maddi hüquq normalarının tələbləri baxımından düzgün qiymət verməmiş, işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, nəticə etibarilə qanuni və əsaslı olmayan qətnamə qəbul etmişdir. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-2576/2024 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “dəbbə pulu və sair tələbinə dair” iddiası təmin edilməsin. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar