Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1595/2022 19.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(012)-2754/2021 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh, ona, yəni İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzili mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Bununla bağlı İddiaçı adına xx.xx.2012- ci il tarixində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. İddiaçı Cavabdeh ilə xx.xx.2013cü il tarixində rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Nikaha daxil olduqdan sonra cavabdeh iddiaçıya məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzilinə gəlin köçərək orada birgə yaşamağa başlamışlar. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 adlı övladları anadan olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri kəskinləşmiş və ailə münasibətlərinin bərpa olunması mümkün olmamışdır. Bu səbəbdən İddiaçı nikahın pozulması barədə iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-740/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması, habelə azyaşlı uşağın saxlanılması üçün alimentin tutulması müəyyən edilmişdir. Nikahlarının məhkəmə qaydasında pozulmasına baxmayaraq, Cavabdeh İddiaçı Əlisəfa oğlu ilə birgə yaşadığı sonuncuya məxsus ünvan 1 ünvanda yerləşən mənzildən çıxmamış, həmin mənzildə yaşamaqda davam etmişdir. Halbuki mübahisəli mənzili İddiaçı Cavabdeh ilə nikaha daxil olmamışdan əvvəl yəni, xx.xx.2012-ci il tarixdə almışdır və həmin vaxtdan mənzilin mülkiyyətçisidir. Hazırda cavabdeh mənzildən çıxmaqdan imtina edir. Beləliklə, cavabdehin qeyri-qanuni əməlləri nəticəsində iddiaçı özünə məxsus olan əmlaka dair istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməklə bağlı hüquqlarını həyata keçirə bilmir. Abşeron Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(012)-2754/2021 nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən çıxarılması qət edilmişdir (hakim Məlahət Abbasova). Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(012)- 2754/2021 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)- 327/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Quliyev Telman (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə və Məmmədova Lətifə) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-327/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 may 2022-ci il tarixli, 2(102)-2731/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 yanvar 2022-ci il tarixli, 2(105)-327/2022 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir ( hakimlər Şəfiyev İspəndiyar (sədrlik edən və məruzəçi), Həsənov Vüqar və Əhmədov Əhməd). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həqiqətə nail olmaq üçün işdə olan sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmişdir. Belə ki, mübahisəli mənzil xx.xx.2012-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış əsasında iddiaçının mülkiyyətinə verilsə də, həmin mənzil ipoteka yolu ilə əldə edilmiş və ipoteka birgə nikah dövründə ödənilmişdir.Yəni ipoteka krediti 2019-cu ildə tam şəkildə ödənilib bitmişdir.İddiaçı ilə cavabdehin rəsmi nikahı isə xx.xx.2013-cü ildə bağlanmış və birlikdə mübahisəli mənzilə köçüb yaşamışlar, krediti isə birgə nikah dövründə ödəyib qurtarmışlar. Birinci instansiya məhkəməsi cavabdehin iştirakını təmin etməmiş, nəticədə çəkişmə prinsipini pozmuşdur. Buna görə də, məhkəmə iclasları cavabdehin iştirakı olmadan keçirildiyi üçün həmin ipoteka sənədlərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. İddiaçı apellyasiya şikayətinə etiraz verərək onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsində keçirilən bütün məhkəmə iclaslarından Cavabdeh məlumatlı olmuşdur. Belə ki, məhkəmə iclasının vaxtı barədə cavabdehə həm poçt, həm də onunla telefon əlaqəsi saxlanmaqla məlumat verilmişdir. Lakin cavabdeh məhkəmə iclasında xəbəri olduğunu , lakin məhkəmə iclasında iştirak etməyəcəyini bildirmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh X2 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən bir il istifadə hüququ saxlanılmaqla o, həmin mənzildən 19 sentyabr 2023-cü il tarixdən çıxarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, İddiaçı və Cavabdeh xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından xx.xx.2014-cü il tarixdə Fəxrinur adlı bir nəfər uşaqları doğulmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, 11 saylı evin 49 saylı mənzilinə xüsusi mülkiyyət hüququ İddiaçı adına 25 iyul 2012-ci ildə daşınmaz əmlakın Dövlət reyestrində 31 nömrəli reyestr kitabının 52 nömrəli vərəqində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********). Cavabdeh ailə həyatı quran zaman İddiaçı məxsus mübahisəli mənzilə gəlin köçmüş, əmlakını həmin mənzilə aparmış və ailə olaraq birlikdə orada yaşamışlar. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(006)- 740/2021 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah qeydi pozulmuş, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 anası Cavabdeh yanında qalması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə hər ay 175 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. 21 iyun 2012-ci il tarixli yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı DƏDRX-in Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 19 iyun 2012ci il tarixli 3651 nömrəli arayışa əsasən 2 otaqlı ümumi sahəsi 51.7 kv.metr, o cümlədən yaşayış sahəsi 30.7 kv.metr olan, ünvan 2 ünvanında yerləşən 5 mərtəbəli binanın, 5-ci mərtəbəsində 49 saylı mənzili Alıcıİpoteka qoyanın mülkiyyətinə verir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən mənzilin satış qiyməti 35000 (otuz beş min) manatdır, mənzilin dəyərinin 15000 (on beş min) manatı Alıcı-İpoteka qoyanın özü tərəfindən, 20.000 manatı isə Kreditor-İpoteka saxlayan tərəfindən 21 iyun 2012-ci il tarixli, 53 saylı Kredit müqaviləsinə əsasən Alıcı-İpotekaqoyana verilmiş kredit vəsaiti hesabına ödənilir. Müqavilənin 1.5-ci bəndinə əsasən Alıcı-İpoteka qoyan satılan mənzili bu müqavilə üzrə yaranmış hüquqa əsasən, onunla Kreditor-İpoteka saxlayan arasında bağlanmış 21 iyun 2012-ci il tarixli, 53 saylı Kredit müqaviləsi üzrə yaranmış öhdəliyin təminatı kimi Kreditor-İpoteka saxlayana ipotekaya verir. Kreditin qaytarılma tarixi – Kredit müqaviləsinə uyğun olaraq vəsaitləri Alıcı-İpoteka qoyana faktiki təqdim edildiyi tarixdən 300 ay müddətinə “01” iyun 2037-ci il tarixinədək müəyyən edilmişdir. "xxxx" ASC-nin Xətai filialının 30 noyabr 2021-ci il tarixli, 720 saylı arayışına əsasən 30 noyabr 2021-ci il tarixinə İddiaçıj ipoteka kredit müqaviləsi üzrə aktiv borcu 13059.18 manat təşkil edir (i/v 81). Yuxarıda qeyd olunan 720 saylı arayışa əsasən məhkəmə kollegiyası kreditin birgə nikah dövründə tam ödənilməsinə dair apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. İşin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli mənzil hazırda tam mülkiyyət hüququ ilə 2012-ci ilin iyul ayından iddiaçının mülkiyyətindədir, cavabdeh isə iddiaçının keçmiş həyat yoldaşıdır. Cavabdeh 2013-cü ilin sentyabr ayında iddiaçı ilə rəsmi nikaha daxil olmuş və həmin tarixdən gəlin kimi iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə köçmüşdür. Ailə münasibətləri pozulsa da, cavabdeh mənzildən çıxmaqdan imtina etdiyindən iddiaçı onun mübahisəli mənzildən məhkəmə qaydasında çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013- cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 11 iyul 2014-cü il tarixli qərarında izah edilir ki, məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1 və 228.1-ci, Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli Qərarında "Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə 4 üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafıq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan "ailə üzvləri" anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin "digər qohumlar" ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir". Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsindən görünür ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin müəyyən edilən faktiki halları ondan ibarətdir ki, mübahisə predmeti olan mənzil iddiaçıya məxsusdur. Cavabdehlə mübahisəli mənzilin sahibi olan iddiaçı arasında mənzildən istifadə ilə bağlı hər hansı razılaşma və müqavilə bağlanmamışdır. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən çıxarılması barədə nəticəyə gəlmişdir. Lakin bununla belə, yuxarıda qeyd olunan Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələbləri baxımından məhkəmə kollegiyası həmçinin hesab edir ki, işin faktiki hallarına əsasən tərəflərin birgə nikahından olmuş azyaşlı xx.xx.2014-cü il təvəllüdlü X3 anası Cavabdeh yanında qaldığından və keçmiş ailə üzvü kimi cavabdehin hal hazırda özünü yaşayış sahəsi ilə təmin etməyə imkan olmadığından cavabdehin iddiaçıya (mülkiyyətçiyə) məxsus yaşayış sahəsindən istifadə hüququ bir il müddətinə saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, birgə nikah dövründə kreditin ödənilmiş hissəsi üzrə cavabdeh öz payına düşən pul məbləğinin iddiaçı tərəfindən ona ödənilməsini müvafiq qaydada tələb edə bilər. Belə ki, Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2(012)-2754/2021 nömrəli qətnaməsi dəyişdirilsin. Cavabdeh X2 Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə, ev 11 ünvanında yerləşən 49 saylı mənzildən bir il istifadə hüququ saxlanılmaqla o, həmin mənzildən 19 sentyabr 2023-cü il tarixdən çıxarılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1595/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1595/2022
19.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver