Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1596/2023 18.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: intizam məsuliyyətinə cəlb edilmə barədə əmrin ləğv edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X15 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2612/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli əmri ilə işində verdiyi nöqsanlara görə iddiaçıya Azərbaycan Respubliası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a" bəndinə əsasən töhmət verilmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə əmr ilə tanış edilmişdir.
2. Azərbaycan Respublikası Təhsil Nazirliyinin Abşeron-Xızı Regional Təhsil İdarəsi müdirinin 20 dekabr 2022-ci il tarixli, K-348 saylı intizam tənbehinin tətbiqi haqqında əmrinə əsasən Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən vətəndaş müraciət əsasında xx.xx.2022-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhər 9 nömrəli tam orta məktəbdə bir nəçə şagirdin sənəd və ümumi təhsil müəssisələrinin informasiya sistemində (UTİS) olan məlumatlarının uyğunluğu yoxlanılmışdır. Araşdırma zamanı X2 2017-2018-ci tədris ilində İ sinfə qəbul zamanı və növbəti tədris illərində əsas xarici dili rus dili olduğu, lakin 1-ci sinifdən 6-cı sinfə qədər faktiki olaraq əsas xarici dili ingilis dili olan sinifdə təhsil aldığı, 2022-2023-cü tədris ilində 6-cı sinfə keçirilərkən məktəb tərəfindən əsas xarici dil rus dili olan sinifə daxil edildiyi məlum olmuşdur. Həmçinin araşdırma nəticəsində həmin sinifdə təhsil alan digər şagirdlər İbrahim Məsimli, Cəsarət Göyüşovun məlumatlarında da bu kimi uyğunsuzluqlar aşkar edilmişdir. Məktəbin direktoru İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin F-462 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə 7 nömrəli Əlavənin 8-ci bəndinin tələblərini ciddi şəkildə pozmuş və əmək funksiyalarını keyfiyyətsiz icra etmişdir. Qeyd edilənlərə əsasən əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və işində yol verdiyi nöqsanlara görə iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin 20 dekabr 2022-ci il tarixli, K-348 saylı əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin 20 dekabr 2022-ci il tarixli, K348 saylı əmri ilə iddiaçı intizam məsuliyyətinə cəlb edilərək ona “əmək funksiyasının keyfiyyətsiz yerinə yetirdiyinə və işində yol verdiyi nöqsanlar” adı altında Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə görə töhmət verilmişdir. Həmin əmr tamamilə əsassızdır. Belə ki, iddiaçı 2010-cu ilin avqust ayının 11-dən Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışır. İşlədiyi 12 il ərzində müsbət nəticələr əldə etdiyindən heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş, əksinə mükafatlandırılmışdır. İlhamə Abdullayeva Təhsil Nazirliyinin Abşeron- Xızı Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin edildikdən sonra iddiaçıya qarşı qərəzli və subyektiv münasibəti yaranmışdır. Buna səbəb o olmuşdur ki, İlhamə Abdullayevanın bacısı X1 Nihad Qiyas oğlunun 2021-2022-ci təhsil ili üzrə 10-cu sinifə daxil olsa da, 2 ay müddətində dərsə gəlmədiyindən valideyni məktəbə dəvət olunmuş, onunla söhbət aparılmışdır. Lakin valideyn övladının repititor yanına getdiyinə görə məktəbə gələ bilməyəcəyini bildirərək neqativ təkliflər etmişdir. Lakin iddiaçı bu təklifi rədd etdiyindən və uşağın məktəbə gəlməsini tələb etdiyindən İlhamə Abdullayevanın bacısı oğlu Nihad Süleymanovu başqa məktəbə, Suraxanı rayonun 114 nömrəli məktəbinə yerləşdirilmişdir. İlhamə Abdullayeva müdir təyin olunandan sonra iyun ayının 10-da, 29-da, 30-da məktəbə yoxlama göndərmiş, noyabr ayında monitorinq təşkil edib və sair nəzarət funksiyalarından istifadə edərək iddiaçını nəzarətdə saxlamağa başlamışdır. Yoxlamağa göndərdiyi şəxslərə necə tapşırıq verirdisə, onlar işçilərdən direktorun əleyhinə izahat tələb edirdilər. İşçilər razılaşmadıqlarından direktoru bu barədə məlumatlandırmışlar. Cavabdehin 20 dekabr 2022-ci il tarixli, K-348 saylı əmrinin verilməsinə əsas kimi məktəbdə bir neçə şagirdin sənəd və ümumi təhsil müəsisələrinin informasiya sistemində (UTİS) olan məlumatlarının uyğunluğunu yoxlayarkən X2 2017-2018-ci tədris ilində 1-ci sinifə qəbul zamanı və növbəti tədris illərində əsas xarici dili rus dili olduğu, lakin 1-ci sinifdən 6-cı sinifə qədər faktiki olaraq əsas xarici dili ingilis dili olan dərsdə təhsil aldığı və 2022-2023-cü tədris ilində 6-cı sinifə keçirilərkən məktəb tərəfindən əsas xarici dil rus dili olan sinifə daxil edildiyi məlum olmuşdur. X10 və Cəsarət Göyüşovun məlumatlarında da bu kimi uyğunsuzluqlar aşkar edilmişdir. Əmrdə qeyd ediləndən fərqli olaraq X6 1-ci sinifdən 6-cı sinifə qədər ingilis yarım qrupunda təhsil almışdır. O, valideynlərinin ərizəsi əsasında bu qrupda təhsil almışdır. O, rus dilində heç bir vaxt təhsil almasını tələb etməmişdir. Sadəcə texniki səhv nəticəsində əlaqələndirici (kiçik texniki işçi Vəlibəyova Nigar) onu UTİS-nə yalnış olaraq rus qrupuna qeyd etmişdir. Qeyd edilən yalnışlıq 2 il bundan əvvəl məktəb direktoru tərəfindən aşkar edilmiş və direktor müavini Mirzəyev Sənan və X13 rayon Təhsil Şöbəsinə gedərək Təhsil Şöbəsini məlumatlandıraraq, yalnışlığın ortadan qaldırılmasını xahiş etmişlər. Lakin, düzəlişlər həyata keçirilmədiyindən həmin şagirdin valideynini məktəbə dəvət edərək, qeyd edilən yalnışlıq barədə məlumatlandıraraq vətəndaş kimi müraciət etməsini məsləhət görmüş və valideynlər şikayət deyil, müraciət formasında müraciət edərək yalnışlığın ortadan qaldırılmasını xahiş etmişlər. Qeyd edilən UTİS məktəb tərəfindən deyil, Elm və Təhsil Nazirliyi tərəfindən idarə edilir. Əmrdə qeyd edildiyi kimi qeyd edilən yalnışlıq 2017-ci ildə yaranmışdır. Qeyd edilən yalnışlığı törədən işçi direktor deyil, əlaqələndirici kiçik texniki işçi Vəlibəyova Nigardır. Maraqlısı odur ki, cavabdehin həm şifahi məlumatlandırılmasına, həm də yazılı izahatında qeyd etməsinə baxmayaraq Məsimli İbrahim və Göyüşov Cəsarətə aid yalnış məlumatlar bu günədək düzəldilməmişdir. İlhamə Abdullayeva yalnışlığı ortadan qaldırmaq deyil, iddiaçını cəzalandırmaq niyyəti güddüyündən, həmin yalnışlıqların düzəldilməsi ilə ümumiyyətlə maraqlanmamışdır. Cavabdehə vəkil sorğusu ünvanlayaraq 20 dekabr 2022-ci il tarixli, K348 saylı əmrin təsdiq edilmiş surətini tələb etsələr də, idarə tərəfindən bu günədək sorğuya cavab verilməmişdir.
5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etiraz onunla əsaslandırılmışdır ki, vətəndaş müraciəti əsasında 15 noyabr 2022-ci il tarixində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbində monitorinq aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, 2017-2018-ci tədris ilində 1-ci sinifə qəbul edilmiş Narxanım İsmayılovanın ümumi təhsil müəssisələrinin informasiya sistemində əsas xarici dil rus dili qeyd edilmişdir. Lakin 1-5-ci sinif jurnalları üzrə şagirdin adının əsas xarici dil ingilis dili olan siniflərdə tədris aldığı halda, 2022-2023-cü tədris ilində 6-cı sinifdə şagirdin adı əsas xarici dil rus dili olan jurnalda qeyd edilmişdir. Yoxlama zamanı eyni sinifdə təhsil alan digər şagirdlər İbrahim Məsimli və Cəsarət Göyuşovda eyni problem olduğu aşkar edilmişdir. İddiaçı aşkar edilmiş nöqsanları izahatında və iddia ərizəsində də təsdiq etmişdir. Qeyd edilənlərə əsasən cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə iddiaçıya əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddsəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət verilmişdir. İddiaçı barəsində verilmiş intizam tənbehi barədə əmr xx.xx.2022-ci il tarixində rəsmi şəkildə ona təqdim edilmişdir. İntizam tənbehinin tətbiqi barədə əmr rəsmi şəkildə xx.xx.2022-ci il tarixdə işçiyə təqdim edilsə də, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Mediasıya prosesinin tətbiqi barədə təklif idarəyə daxil olmamışdır
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2612/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186, 187, 188-ci maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 32.3.2 və 34.1-ci maddələri, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”ə, Mülki Prosessual Məcəllənin 119, 216-220-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı Məmmədli qızı apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2612/2023 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbində Narxanım adlı şagirdin adı birinci sinifdən texniki səhv olaraq UTİS sistemində rus dili bölməsində qeyd edilmişdir. Lakin, şagirdin və valideyninin seçimi ingilis dili olmuşdur. Həmin şagird faktiki olaraq ingilis dili qrupunda təhsil almışdır. Həmin problem başqa 2 şagirddə də mövcud olmuşdur. Qeyd edilən texniki səhv heç bir halda direktorun məsuliyyəti təsirinə düşmür, həmin seçimi valideyn və ya digər qanuni nümayəndə təsdiq edir və seçimin dəyişdirilməsi direktorun səlahiyyətləri xaricindədir. Qeyd edilən siniflərdə həm ingilis dili, həmdə rus dili tədris edilir. Yəni şagirdlər hər iki dildə tədris alırlar. Lakin ingilis dilində tədrisin saatları rus dilindəki tədris saatlarından artıqdır. Dil seçmək hüququ, yəni UTİS sistemində qeydiyyat aparmaq valideynlərin hüquqları və vəzifələridir. Məktəbin belə bir səlahiyyəti yoxdur. Qeyd edilən yalnışlıq məktəb direktoru tərəfindən (cavabdeh idarə yaranmamışdan əvvəl) aşkar edilmiş və direktor müavini Mirzəyev Sənan və X13 rayon Təhsil Şöbəsinə gedərək Təhsil Şöbəsini məlumatlandıraraq yalnışlığın ortadan qaldırılmasını xahiş etmişlər. Düzəlişlər ediləcəyi bildirilsə də, düzəlişlər həyata keçirilməmişdir. Qeyd edilən UTİS məktəb tərəfindən deyil, Elm və Təhsil Nazirliyi tərəfindən idarə edildiyindən həmin sistemdə düzəlişlər etmək Nazirliyin hüquq və vəzifələrinə aiddir. Birinci instansiya məhkəməsi qiymət verməmişdir ki, UTİS sistemində “qeydi” kim həyata keçirir? Məhkəmə qiymət verməmişdir ki, UTİS sistemində “düzəlişi” etmək kimin səlahiyyətlərindədir? İddiaçı olan məktəb direktoru UTİS sistemində yalnış qeyd edilən Narxanımın valideyni X5 məktəbə dəvət edərək ona bildirmişdir ki, Narxanım 5ci sinifdən 6-cı sinifə keçibdir. Narxanım ingilis dili daha çox tədris edilən qrupdadır. Lakin onun adı rus dili daha çox tədris edilən qrupda qeyd edilib, məcburdur ki, UTİS sistemində necə qeyd edilib onları o qrupda yerləşdirsin. Çünki Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin yeni rəhbəri onda qüsur axtarır ki, onu cəzalandırsın. Ona görə də xahiş edib ki, UTİS sistemində dəyişiklik edilməsi üçün Elm və Təhsil Nazirliyinə müraciət ünvanlasın. X11 Elm və Təhsil Nazirliyinə müraciət ünvanlayıb, ona köməklik edilməsini xahiş edib. Müraciət əsasında UTİS sistemində düzəliş edilmiş və şagird yenidən həmin qrupa qaytarılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbəri bu fürsəti iddiaçının cəzalandırılması üçün istifadə etmişdir. Abşeron-Xızı Regional Təhsil İdarəsi UTİS sistemində həmin məktəbdə oxuyan digər 2 şagirdin yalnış qeydlərini bugünədək düzəltməmişdir. Yəni Abşeron-Xızı Regional Təhsil İdarəsinin istəyi yalnış qeydiyyatların düzəldilməsi deyil, qeydiyyatın aparılması və ya düzəlişlərin edilməsi kimi hüquq və vəzifəsi olmayan iddiaçını cəzalandırmaqdır. Texniki səhv 2017-ci ildə baş vermişdir. İntizam tənbehi 20 dekabr 2022ci il tarixdə verilmişdir. Şagirdlər UTİS sistemində qeyd edilən dil üzrə təhsil almalıdırlar. Narxanım UTİS sistemində rus dili qrupunda qeydə alınmış və iddiaçı onu rus dili qrupunda yerləşdirmişdir. Burda hansı təlimat və ya qanunun norması pozulmuşdur?! İddiaçı Narxanımın adlı şagirdin adı Rus dili qrupunda qeyd edilərək ingilis dili qrupunda təhsil almasına görə məsuliyyətə cəlb edilməmişdir. İddiaçı Narxanımın UTİS sistemində rus dili qrupunda qeydə alınıb rus dili qrupunda yerləşdirməsinə görə məsuliyyətə cəlb edilmişdir. Yəni hüquq pozuntusu hesab edilən hal üzrə deyil, hüquq pozuntusu hesab edilməyən hal üzrə məsuliyyətə cəlb edilmişdir. İddiaçı AR Əmək Məcəlləsinin 186.2-ci maddəsinin “a” bəndinə əsasən intizam tənbeh tədbiri olaraq töhmət alması onun keyfiyyətsiz və ya natamam əmək fəaliyyətindən qaynaqlanmamaqdadır. Belə ki, iddiaçı elektron sistemdəki (UTİS) yanlışlığın fərqinə varmış və bu barədə müvafiq şagirdin ailəsini xəbərdar etmişdir. Bu xəbərdarlıq nəticəsində texniki yanlışlığın aradan qaldırılması üçün daxil olan vətəndaş müraciəti əsasında iddiaçıya töhmət verilməsi əsassızdır. Çünki əksinə iddiaçının sistemdəki yanlışlıq ortadan qaldırılanadək elektron sistemdə qeyd edildiyi dilə uyğun şagirdləri yerləşdirməklə işini daha dəqiq yerinə yetirmək məqsədi olmuşdur. Ona görə də məhkəmə tərəfindən e-2(060)-2612/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədə işin bütün hallarının tam, hərtərəfli surətdə aydınlaşdırılmadığı görünür. Hər bir halda elektron sistemdəki texniki yanlışlığın aradan qaldırılana qədər iddiaçının tədbirli, ehtiyata uyğun davranışı zənnimizcə keyfiyyətsiz əmək fəaliyyəti kimi dəyərləndirilməməlidir. Bundan başqa e-2(060)-2612/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnamədə məhkəmə “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in 8-ci maddəsinə istinad etmişdir. Bu maddəyə əsasən “İ və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.” Lakin nəzərinizə çatdırırıq ki, bu bəndin birbaşa olaraq işin hallarına tətbiq edilməsi qəbul edilməzdir. Çünki müvafiq bəndin nəzərdə tutduğu dil dəyişikliyi mövcud hadisədə gerçəkləşməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu dəfələrlə öz qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktları qəbul edərkən hüquqi dövlətin ali prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipinin təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Avropa İnsan HüquqlarıMəhkəməsinin Amann İsveçrəyə qarşı iş üzrə qəbul etdiyi 16 fevral 2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, müvafiq münasibətləri tənzimləyən milli qanunvericilik “anlaşıqlı”, “aydın” və “proqnozlaşdırıla bilən” olmalıdır. Sadəcə milli qanunvericilik aktlarına yox, eləcə də analoji olaraq “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”ə də Konstitusiya Məhkəməsinin Plenumu qərarı şamil edilməlidir. “Tədris planlarına dair qeydlər”in 8-ci bəndi anlaşıqlıdır. Lakin bu bənd düzgün tətbiq edilməzsə, UTİS sistemindəki texniki yanlışlığın düzəldilməsini də “xarici dil dəyişikliyi” olaraq nəzərə almaq lazımdır? Təbii ki yox. Yəni, burada nəzərdə tutulan maddə hər formada dəyişikliyə qarşı deyil. Nəzərdə tutulan məna şagirdin təhsil aldığı müddətdə iradəvi və səbəbsiz olaraq təhsil aldığı əsas xarici dilinin dəyişməsi/dəyişdirilməsidir. Mövcud situasiyada isə iradəvi və səbəbsiz yerə olaraq şagirdin təhsil aldığı əsas xarici dilin dəyişdirilməsi faktı mövcud deyildir. Texniki xətanın ortadan qaldırılması zamanı laqeydliyə yol verməmək üçün atılmış bir addım keyfiyyətsiz əmək fəaliyyəti kimi dəyərləndirilməməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Cavabdeh Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi apellyasiya şikayətinə etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, vətəndaş müraciəti əsasında xx.xx.2022-ci il tarixində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbində monitorinq aparılmışdır. Araşdırma nəticəsində 2017-2018-ci tədris ilində 1-ci sinifə qəbul edilmiş Narxanım İsmayılovanın ümumi təhsil müəssisələrinin informasiya sistemində əsas xarici dil rus dili qeyd edilmişdiur. Lakin 1-5-ci sinif jurnalları üzrə şagirdin adının əsas xarici dil ingilis dili olan siniflərdə tədris aldığı halda, 2022-2023-cü il tədris ilində 6-cı sinifdə şagirdin adı əsas xarici dil rus dili olan jurnalda qeyd edilmişdir. Yoxlama zamanı eyni sinifdə təhsil alan digər şagirdlər İbrahim Məsimli və Cəsarət Göyüşovda eyni problem olduğu aşkar edilmişdir. İddiaçı aşkar edilmiş nöqsanları izahatında və iddia ərizəsində də təsdiq etmişdir. Qeyd edilənlərə əsasən Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli əmri ilə İddiaçı əmək funksiyasını keyfiyyətsiz yerinə yetirdiyinə və işində yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndələri və vəkilləri Vəkil1 və Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək yazılı etirazlarında göstərilənlərin nəzərə alınmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 35. (İ, İİ və Vİİ hissələri) Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Əmək Məcəlləsi
14. Maddə 186.1. İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
15. Maddə 186.2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək.
16. Maddə 187.1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
17. Maddə 187.2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
18. Maddə 188.1. İntizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər.
19. Maddə 188.2. 2. Müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
20. Maddə 32.3. Təhsilalanların hüquqları aşağıdakılardır: 32.3.1. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul olunmaq; 32.3.2. təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını, tədris dilini və xarici dili sərbəst seçmək; (....)
21. Maddə 34.1. Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində hüquqları aşağıdakılardır: 34.1.1. yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək; 34.1.2. təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq; 34.1.3. təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə olunmasında iştirak etmək; 34.1.4. təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması üçün təkliflər irəli sürmək və könüllü yardımlar etmək; 34.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
22. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında” Əsasnamənin 8.10- 1-ci bəndində təhsil proqramlarını (kurikulumları), tədris planlarını və proqramlarını təsdiq etmək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin funksiyalarına aid edilmişdir.
“Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”
23. 1. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir.
2. Tədris dilindən asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində xarici dilin tədrisi İ (birinci) sinifdən başlanır. Tədrisi İ (birinci) sinifdən başlanan xarici dil şagirdin ümumi təhsil müəssisəsində öyrəndiyi əsas xarici dil hesab edilir.
4. Bu “Qeydlər”in 3-cü bəndində nəzərdə tutulan şərt ödənilməklə bir neçə xarici dil tədris olunan ümumi təhsil müəssisəsində övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir.
5. İkinci xarici dil tədris Azərbaycan dilində aparılan ümumi təhsil müəssisələrində V- Xİ (beşinci-onbirinci), tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Vİİ-Xİ (yeddinci-onbirinci) siniflərdə tədris olunur.
8. İ və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
32. Apellyasiya şikayətindən görünür ki, İddiaçı tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2612/2023 nömrəli tam həcmdə mübahisələndirilmişdir.
33. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin şagidi olan İsmayıllı Narxanım 2017-ci ildə birinci sinifdə təhsilə başlayarkən əsas xarici dil olaraq ingilis dilini seçmişdir. Onun seçdiyi xarici dil barədə məlumat ümumi təhsil müəsisələrinin informasiya sistemində (bundan sonra – UTİS) səhvən rus dili kimi qeyd edilmişdir. Bu texniki səhv olaraq qiymətləndirilə bilər. Lakin, Xırdalan şəhəri 9 nömrəli tam orta məktəbin dərs jurnallarından görünür ki, şagirdlər İsmayıllı Narxanım və Göyüşov Cəsarətin adları 1-5-ci siniflərdə ingilis dili qrupuna daxil edilsə də, 6-cı sinfin sentyabr ayında həmin şagirdlərin adları rus dili qrupuna daxil edilmişdir. Yalnız 2023-cü ilin mart ayında sinif jurnalında İsmayıllı Narxanımın adı qarşısında “çıxıb” qeydi aparılmışdır. Göyüşov Cəsarətin adı isə hələ də rus dili qrupunda qalmaqda davam edir. Qeyd edilən faktlar isə təsdiq edir ki, iddiaçı icrası onun üçün məcburi olan əmrlə müəyyən edilmiş qaydaları pozmuş, şagirdlərə 1-5-ci siniflərdə tədris edilən əsas xarici dili 6-cı sinifdə başqa xarici dilə dəyişdirmişdir. Bu isə iddiaçının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş vəzifələrini düzgün yerinə yetirmədiyini və verilmiş intizam tənbehi tədbirinin həmin hərəkətlərə adekvat olduğunu göstərir.
36. Belə ki, “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında” Azərbaycan Respublikası Təhsil Nazirinin xx.xx.2022-ci il tarixli əmri ilə təsdiq edilmiş “Tədris planlarına dair qeydlər”in 8-ci bəndinə əsasən, İ və V (birinci və beşinci) siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir.
37. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış, apellyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla belə, məhkəmə kollegiyasının araşdırması zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticə haqlı hesab edilmişdir.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
39. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(060)-2612/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.