Məhkəmə qərarları › İş №2(105)-1596/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1596/2024

25.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1596/2024 25.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri - Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X35 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1968/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti döngə 3, ev 15 (keçmiş H.Z.Tağıyev küçəsi ev 16) ünvanında yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması, torpaq sahəsi və fərdi yaşayış evinin ona geri təhvil verilməsi və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat pulun cavabdehdən tutulub ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 17 dekabr 2001-ci il tarixdə Zəngilan rayon Qeydiyyat X6 ilə nikaha daxil olmuş, birgə nikahdan 08 iyul 2002-ci il təvəllüdlü X29 və 10 mart 2006-cı il təvəllüdlü X26 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra həyat yoldaşı və övladları ilə birlikdə atası X1 evində yaşamışlar, daha sonra pul toplayaraq atasının da maddi köməkliyi ilə 2002-ci ildə Xırdalan bələdiyyə sənədi ilə ünvan 2-də (keçmiş Xırdalan şəhəri, H.Əliyev prospekti, H.Z.Tağıyev küçəsi, ev 16) 3.5 sot torpaq sahəsi almışlar. Həmin torpaq sahəsində üç otaq, mətbəx, hamam, tualet və dəhlizdən ibarət ev tikib, 2004-cü il tarixdə oraya köçmüşlər. Həmin evin birinci mərtəbəsində qaraj, iki yardımçı otaq, həyətyanı sahədə isə hamam və tualet tikmişlər. Yaşayış sahəsinin torpaq sahəsi 333 kv.metr, tikinti sahəsi 208 kv.metr, tikinti altı sahə isə 104 kv.metr hündürlükdə, 624 kub.metr həcmdə, iki mərtəbədən ibarətdir. Xırdalan bələdiyyəsinin "xxxx" MMC-ə verdiyi sifariş əsasında X18 adına “fiziki şəxslər tərəfindən tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair” 21 fevral 2009-cu il tarixli, 888 nömrəli hesabat tərtib olunmuşdur. Həmin yaşayış evi atası evi ilə eyni hasarla əhatə olunmuş torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsini atası X4 tərəfindən özünə məxsus torpaq sahəsindən 3.5 sot torpaq sahəsi kəsilib ev tikmək üçün ona bağışlamışdır. Həmin küçədə bacıları, qardaşı və digər yaxın qohumlarının evləri ilə əhatələnmişdir. X7 ailə münasibətləri əvvəllər yaxşı olsa da daha sonra kəskinləşmiş və 01 iyul 2013-cü il tarixdə X28 evdə dava salaraq onu və iki uşağını başlarını kəsib öldürməklə hədələyərək evdən qovmuşdur. Məcbur qalıb uşaqları ilə atası evinə sığınmış, dəfələrlə öz evinə qayıtmaq istəsə də X28 onları evə buraxmamış, onlara qarşı zorakı hərəkətlərə yol vermişdir. Bundan sonra məcbur olub hüquqlarının məhkəmə qaydasında müdafiəsi məqsədilə X21 qarşı evə köçürülmə və evin iki otağından, mətbəxindən, sanitar qovşağından istifadələri üçün ayrıca şərait yaradılmasının məcburetmə qaydasında cavabdehin üzərinə qoyulmasına dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsi iddiasını təmin etmiş və uşaqları ilə birlikdə ünvan 2-ə köçürülməsi barədə 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 nömrəli qətnamə çıxarmışdır. Həmin qətnamə 23 noyabr 2015-ci il tarixdə qüvvəyə minmişdir. Hazırda qətnamə qüvvədədir. Həmin qətnamə Abşeron Rayon İcra və Probasiya şöbəsi tərəfindən 06 may 2016-cı il tarixdə məcburi icra edilərək uşaqları ilə birlikdə həmin ünvana köçürülməsi barədə akt tərtib edilmişdir. Göründüyü kimi Abşeron Rayon Məhkəməsinin 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 nömrəli qətnaməsi ilə mübahisəli yaşayış sahəsindən istifadə hüquqları tanınmış, onun vəsaiti hesabına tikilməsi faktı məhkəmə qətnaməsi ilə təsdiqini tapmışdır. Həmin məhkəmə qətnaməsi preyudisial əhəmiyyətə malikdir. xx.xx.2023-cü il tarixdə X28 vəfat etmişdir. Mərhum X3 onun etirazlarına baxmayaraq ona hədə-qorxu gəlməklə cavabdeh X12 qanunsuz və əsassız olaraq həmin yaşayış evinə köçürmüşdür. Yaşayış evindən istifadə etməsini qadağan etmişdir. Onun vəsaiti hesabına tikilmiş və onun istifadə hüququ tanınmış ünvan 2 ünvanındakı fərdi yaşayış evi Cavabdeh tərəfindən əsassız, qanunsuz və özbaşına olaraq tutulmuşdur. Özünə məxsus yaşayış evindən çıxmasını dəfələrlə cavabdehdən tələb edib, xəbərdarlıq etsə də, Cavabdeh yaşayış evindən çıxmamış, yaşayış evini və torpaq sahəsini ona təhvil verməmişdir. Cavabdehin Neftçala rayonu, Qoltuq kəndi, məhəllə 6-da evi vardır və həmin evdə də qeydiyyatdadır. Cavabdehin yaşayış evinə heç bir subyektiv hüququ yoxdur, qanunsuz və əsassız olaraq yaşayış evini və torpaq sahəsini zəbt etmişdir. Bu səbəbdən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti döngə 3, ev 15 (keçmiş H.Z.Tağıyev küçəsi ev 16) ünvanındakı 3,5 sot torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və onun həmin yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh nümayəndəsi və vəkili X22 məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, İddiaçı ilə X9 arasında nikah pozulmuş, həmçinin İddiaçı 2015-ci ildə qaldırdığı iddia təmin olunaraq göstərilən mənzilə köçürülmüş və istifadə hüququ almışdır. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra tərəflər arasında gəlinən razılığa əsasən, E.Məmmədov İddiaçı kompensasiya ödəmiş və İddiaçı evdən imtina etmişdir. İddiaçı artıq uzun müddətdir ki, Abşeron rayon, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ilə Ü.Hacıbəyov (və ya Heydər Əliyev) küçəsinin kəsişməsində (“Dream Park” yaşayış kompleksinin yaxınlığında) yaşamaqdadır. Həmçinin, iddiaçı aldığı kompensasiya ilə xx.xx.2018-ci il tarixdə 2014-cü il buraxılışlı “Chery T11” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyət vasitəsi almışdır. Bundan başqa, iddiaçı xx.xx.2023-cü il tarixdə 2014-cü il buraxılışlı “X44” markalı, **-XB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi almışdır. Nəticə etibarı ilə iddiaçının mülkiyyətində hal-hazırda iki nəqliyyat vasitəsi vardır. Məhkəmənin xüsusilə diqqətinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin təqdim etdiyi kompüter çıxarışdan görünür ki, iddiaçı hər iki avtomobili alan zaman (2018 və 2023-cü ildə) ünvan 3 ünvanında faktiki yaşadığını bildirmişdir. Həmçinin, iddiaçı iddia ərizəsində qeyd edir ki, “.... iddiaçının atasının da maddi köməyilə, 2002-ci ildə Xırdalan bələdiyyə sənədi ilə Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr.,döngə 3, ev 15-də yerləşən torpaq sahəsini almışlar....”. Lakin sözügedən ev birgə nikah dövründə tikilsə də, ər-arvadın birgə mülkiyyəti deyil, məhz buna görə də 2015-ci ildə iddia qaldırılan zaman əmlakın tərəflər arasında bölünməsi yox əmlakdan istifadə hüququ tələb edilmişdir. Görünür ki, məsələ iddiaçının tələb etdiyi kimi deyil və yaşayış evi heç bir zaman ona məxsus olmamış, hal-hazırda da sözügedən ev iddiaçının mülkiyyətində deyildir. Daha bir məsələni də qeyd edir ki, mərhum E.Məmmədovla iddiaçı arasıdakı nikah pozulduqdan sonra mərhum E.Məmmədov cavabdeh Ramilə Hcıyeva ilə rəsmi nikaha daxil olmuş, cavabdeh həmin evə gəlin köçmüş, E.Məmmədov dünyasını dəyişənə qədər onunla birgə yaşamış, onun qayğısına qalmış və bu günədək bu evdə yaşamaqdadır. Eləcə də mübahisə predmeti olan Abşeron rayon, Xırdalan şəhəri, H.Əliyev pr., döngə 3, 15 nömrəli ev reyestrdən keçmədiyindən, xüsusi mülkiyyət hüququ alınmadığından, paylı mülkiyyət hüququ verilmədiyindən iddiaçının bu iddia tələbini irəli sürməyi üçün subyektiv hüququ yoxdur.

5. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1968/2024 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) iddia ərizəsi təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli, 2(012)-3537/2014 saylı qətnaməsi ilə İddiaçı uşaqları ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində döngə 3, 15 saylı evə köçürülmüşdür. Bundan sonra iddiaçı ilə X28 arasındakı nikah Zəngilan Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(034)-57/2015 saylı qətnaməsinə əsasən pozulmuş, X28 hazırkı iş üzrə Cavabdeh ilə 18 oktyabr 2019-cu il tarixdə 50 saylı rəsmi nikah bağlayaraq yenidən ailə həyatı qurmuşdur. X28 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı iddia etdiyi mübahisəli mənzilə istifadə və sahiblik hüququnun olmasını yalnız Abşeron Rayon Məhkəməsinin 07 fevral 2014-cü il tarixli, 2(012)-3537/2015 saylı qətnaməsinə istinad etməsi oraya köçürülməsi, orada yaşaması ilə və eyni zamanda evin yerləşdiyi torpaq sahəsinin onun atasının maddi köməkliyi ilə alınması və evin birgə nikah dövründə tikilməsi ilə əsaslandırmışdır. Lakin iddiaçı iddia tələbində göstərdiyi xüsusatlara dair hər hansı hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmiş, sadəcə olaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin evə köçürülmüş və eyni zamanda həmin evdən istifadə etməsi barədə hər hansı sübutları məhkəməyə təqdim edə bilməmiş və bununla da tikilinin özbaşına tikili olduğu öz təsdiqini tapmışdır. İddiaçı mübahisəli fərdi yaşayış evindən cavabdehin çıxarılmasını tələb etdiyi halda, mülki iş materiallarına onun həmin fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd əlavə olunmamışdır. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranmasına əsas olan sənəd daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilən çıxarış olduğu halda, həmin çıxarış iddiaçı tərəfindən təqdim olunmamışdır. Göründüyü kimi İddiaçı sahiblik və istifadəsində olduğunu iddia etdiyi Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti döngə 3, 15 saylı fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmadığından həmin evdən cavabdehin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ yaranmamışdır. İddiaçı və cavabdehin evə münasibətdə hüquq və vəzifələri eyni statusa malik olduğundan iddia tələbi əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146.1, 146.2, 178.1,180.1-ci maddələrinə, “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarı”nın Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1968/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 17 dekabr 2001-ci il tarixdə Zəngilan Rayon Qeydiyyat X6 ilə nikaha daxil olmuş, birgə nikahdan 08 iyul 2002-ci il təvəllüdlü X29 və 10 mart 2006-cı il təvəllüdlü X26 adlı uşaqlar doğulmuş,ailə qurduqdan sonra həyat yoldaşı və övladları ilə birlikdə əvvəllər atası X1 evində yaşamış, daha sonra atası öz yaşadığı həyətin torpaq sahəsindən kəsib ona ünvan 2-də 3.5 sot torpaq sahəsi bağışlamışdır. Həmin torpaq sahəsində üç otaq, mətbəx, hamam, tualet və dəhlizdən ibarət ev tikib, 2004-cü il tarixdə oraya köçmüşlər. Yaşayış sahəsinin torpaq sahəsi 333 kv.metr, tikinti sahəsi 208 kv.metr, tikinti altı sahə isə 104 kv.metr hündürlükdə, 624 kub metr həcmdə, iki mərtəbədən ibarətdir. Həmin fərdi yaşayış evi mərhum atası, qardaşı və onun vəsaiti hesabına tikilmişdir. Xırdalan bələdiyyəsinin "xxxx" MMC-ə verdiyi sifariş əsasında mərhum həyat yoldaşı X18 adına “Fiziki şəxslər tərəfindən tikilmiş yaşayış evlərinin qiymətləndirilməsinə dair” 21 fevral 2009-cu il tarixli, 888 nömrəli hesabat tərtib olunmuşdur. 01 iyul 2013-cü il tarixdə X28 evdə dava salaraq onu uşaqları ilə birlikdə evdən qovmuş və evə buraxmamışdır. Ona görə də Abşeron Rayon Məhkəməsində uşaqları ilə birlikdə həmin evə köçürülməyi barədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 №-li qətnaməsilə mübahisəli evin iki otağından, mətbəxindən, sanitar qovşağından istifadəsi üçün ayrıca şərait yaradılmaqla məcburetmə qaydasında iki uşağı ilə birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmış və məhkəmə icraçısı vasitəsilə həmin evə köçürülmüşdür. Zəngilan Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(034)-57/2015 nömrəli qətnaməsilə X28 ilə bağlanmış nikah ləğv edilmiş və X17 bu barədə qeydiyyat aparılmışdır. Övladlarının hər ikisi onun yanında qalması qət edilmişdir. Bundan sonra X9 18 oktyabr 2019-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və onun razılığı olmadan Cavabdeh həmin mübahisəli evə köçürmüşdür. Halbuki, Cavabdeh həmin evin tikintisinə heç bir vəsait xərcləməmiş və o evdə yaşamaq hüququ da olmamışdır. Mübahisəli ev tikiləndən bu günə kimi Cavabdeh həmin evdə qeydiyyata alınmamışdır. Əksinə bu günə kimi həmin evdə o və uşaqları məcburi köçkün kimi qeydiyyatdadır.Yaşamağa mənzili yoxdur, öz vəsaiti hesabına tikdiyi evdən istifadə etməyinə Cavabdeh maneçilik törədir. Ona görə də dəfələrlə Cavabdeh həmin mənzili boşaltması, əmlakı ilə birlikdə həmin evdən çıxması, vəsaiti hesabına tikilmiş evə köçməyi və mərhum atasının ona bağışladığı torpaq sahəsindən sərbəst istifadə etməyini tələb etmişdir. Cavabdeh Hacıyeva X23 rayonunda qeydiyyatdadır və mübahisəli evə heç bir subyektiv hüququ yoxdur. Həmin evin tikintisinə isə heç bir vəsait xərcləməmişdir. Ev mərhum həyat yoldaşının sağlığında onun, mərhum atasının, qardaşının vəsaiti və qohumlarının köməyi ilə tikilmişdir. Həmin evi lazımi qaydada dövlət qeydiyyatına aldıra bilməsə də ev ona məxsusdur. Bunlara baxmayaraq, Abşeron Rayon Məhkəməsi qeyd olunan hallara və təqdim etdiyim sübutlara heç bir hüquqi qiymət verməmiş, onun tərəfindən tikilmiş fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə qəbul etməmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1968/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Mübahisəli tikinti onunla X9 arasında birgə nikah dövründə tikilmiş daşınmaz əmlak kimi qiymətləndirilməlidir və həmin yaşayış sahəsinin Cavabdeh heç bir aidiyyəti olmaması hüquqi cəhətdən qiymətləndirilməlidir. Mübahisəli evə onun mülkiyyət hüququ rəsmiləşdirilməsə də həmin əmlak, əmlaka çəkilmiş xərclər, sərf edilmiş tikinti materiallarına mülkiyyət hüququ ona məxsusdur. Məhkəməyə təqdim etdiyi sübutlarla tam təsdiq olunur ki, həmin yaşayış evi X7 birgə nikah dövründə və birgə təsərrüfatı idarə etdiyi zaman inşa edilmiş və faktiki sərf olunmuş ümumi vəsait onların mülkiyyəti hesabına başa gəlmişdir. Cavabdehin nümayəndəsi qeyd edir ki, Abşeron Rayon Məhkəməsi tərəfindən evə köçürülməyi barədə 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 nömrəli qətnamə qəbul edildikdən sonra guya cavabdeh olan mərhum əri X28 ona kompensasiya ödəmiş və həmin pula minik maşınları almışdır. Həmin hal yalan və böhtandır. X9 ona heç bir kompensasiya ödəməmişdir və cavabdehin nümayəndəsi bu halları təsdiq edən notariat qaydasında sənədlər və digər sübutlar təqdim etməmişdir. Məhkəmə isə bu halı cavabdehin xeyirinə həll etmişdir. Lakin mübahisəli yaşayış evinin onun, atasının, qardaşının vəsaiti hesabına tikilməsini, təmir edilməsini təsdiq edən kifayət qədər sübutları məhkəməyə təqdim etmişdir. Bu barədə obyektiv həqiqəti görən X14, X19 və qeyriləri məhkəməyə verdiyi ifadələrində təsdiq etmişlər. Eyni zamanda tikintinin yerləşdiyi torpaq sahəsinin 3,5 sot hissəsi mərhum X4 tərəfindən ona bağışlandığını təsdiq edən Azərbaycan Respublikasının Dəmir Yollar İdarəsindən alınmış sənədlə də təsdiq olunmuşdur. Hazırki iş üzrə sübutetmə yükü hər nə qədər iddia üzrə iddiaçının üzərinə düşsə də, məhkəmə təqdim edilmiş sübutları qanunvericliyin tələblərinə uyğun olaraq qiymətləndirməli və həqiqət prinsipinə uyğun olaraq qərar qəbul etməlidir. Lakin iddiaçı kimi təqdim etdiyi obyektiv subutların heç birinə düzgün hüquqi qiymət verməmişdir. Cavabdeh Hacıyeva X24 Elçin Yaqub olu ilə xx.xx.2019-cu ildə nikaha daxil olmuşlar. Mərhum cavabdehi onun razılığı olmadan mübahisəli evə köçürmüşdür. Cavabdeh mübahisəli yaşayış evinin tikintisinə heç bir vəsait sərf etməmiş və bu günə kimi həmin mübahisəli yaşayış evindən özbaşına, qanunsuz istifadə edir və bu mübahisəli yaşayış evinə heç bir subyektiv hüququ əmələ gəlməmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmir Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin 62 №-li, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh mübahisəli yaşayış evinə qeydiyyatı yoxdur. Özbaşına tikinti hesab olunan bu mübahisəli yaşayış evi vərəsəliyin də predmeti ola bilməz. Sübutları araşdırarkən məhkəmə bu hallara düzgün hüquqi qiymət veməmişdir. Məhkəmədə toplanmış sübutlardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-353/2015 №-li qətnaməsi ilə mübahisəli yaşayış sahəsindən istifadə hüquqları tanınmış, həmin yaşayış evinin onun vəsaiti hesabına tikilməsi təsdiq olunmuşdur. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 06 may 2016-ci il tarixdə uşaqları ilə həmin evə köçürülmüşdür. Lakin X3 onu və uşaqlarını real öldürməklə hədələmiş, özünün və uşaqlarının həyatı təhlükədə olmuşdur. Cavabdeh qanunsuz və əsassız olaraq həmin yaşayış evinə köçürmüş və onları evə buraxmamışdır. Məcbur olub uşaqları ilə ata evinə qayıtmışdır. Ona məxsus evdə özbaşına yaşayan Cavabdeh yaşayış evindən çıxmasını və torpaq sahəsini boşaldılmasını tələb etsə də bu günə kimi heç bir istifadə hüququ olmadığı halda, həmin evdə yaşamağa davam edir. Məhkəmə bu hallara da hüquqi qiymət verməmişdir. Belə ki, əsl cavabdeh olan mərhum X2 mübahisəli yaşayış evindən istifadə və sahiblik hüququnun tanınması barədə qüvvədə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-cü il tarixli, 2(012)-353/2015 nömrəli qətnaməsi olmasına baxmayaraq, hazırda əsl cavabdeh vəfat etmişdir. Əsl cavabdeh hazırda ona məxsus evdən özbaşına istifadə edən Cavabdehdır və onun bu yaşayış evindən istifadə etmək hüququ yoxdur. Hazırki iddia ilə məhkəmə qaydasında ona məxsus evə köçürülməyi barədə iddia qaldırsa da, məhkəmə bu hala düzgün hüquqi qiymət verməmişdir. Əsl cavabdehin dəyişmə halını nəzərə almamışdır və onun yaşayış evindən istifadə və sahiblik hüququnu məhkəmə məhdudlaşdırmış, tanımamışdır. Ona görə də hazırda məhkəmə qaydasında ona məxsus olan evimn köçürülməklə istifadə və sahiblik hüququ tanınmalıdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, yaşamağa yeri yoxdur, kirayədə yaşayır. Qarşı tərəf keçmiş əri tərəfindən ona kompensasiya verildiyini iddia edir, halbuki kompensasiya verilməmişdir. Bütün ətraf qonşular hamısı qohumlarıdır. Mübahisəli ev tikiləndən bu günə kimi Cavabdeh həmin evdə qeydiyyata alınmamışdır. Qaçqınların və X25 üzrə Dövlət Komitəsinə müraciət etmiş, adına ev olduğuna görə hazırki vəziyyətdə Zəngilan rayonunda ona ev verilə bilməyəcəyini bildiriblər. Atası ölüb. Atası torpaq sahəsini ona hədiyyə edib. Evi isə atası, qardaşı və öz vəsaiti hesabına tikmişlər. Keçmiş əri bibisioğlu olmuşdur. Torpaq sahəsini atası ona bağışlayıb, oradakı torpaq sahələrinin sənədi yoxdur. Mübahisəli fərdi yaşayış evinin sənədi yoxdur. Oradakı evlər sənədsiz evlərdir. Sadəcə bələdiyyə sənədi var. Həmin evə qeydiyyatdadır. Həmin evə köçürülmə barədə qərar 2015-ci ilə aiddir. Evə köçürülmüş, lakin hədə qorxu nəticəsində evdən çıxmağa məcbur olmuşdur. Evdən çıxmağı ilə bağlı ona kompensasiya ödənilməmişdir. Barışıq imkanı yoxdur. Qeyd olunanlara əsasən, apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

12. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxs 17 dekabr 2001-ci il tarixdə Zəngilan Rayon Qeydiyyat X6 ilə nikaha daxil olmuş, birgə nikahdan 08 iyul 2002ci il təvəllüdlü X29 və 10 mart 2006-cı il təvəllüdlü X26 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra əri və övladları ilə birlikdə əvvəllər iddiaçının atası X1 evində yaşamışlar, daha sonra atası öz yaşadığı həyətdə sahəsi 12 sot olan torpaq sahəsindən kəsib iddiaçıya Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.,döngə 3, ev 15-də 3.5 sot torpaq sahəsi bağışlamışdır. Həmin torpaq sahəsində üç otaq, mətbəx, hamam, tualet və dəhlizdən ibarət ev tikib, 2004-cü il tarixdə oraya köçmüşlər. Həmin evin özbaşına tikili olmasını və DƏDKR PHŞ tərəfindən çıxarışın olmadığını qəbul edirlər. Lakin həmin fərdi yaşayış evi təmsil etdiyi şəxsin mərhum atası, qardaşı və özünün vəsaiti hesabına tikilmişdir. Bununla əlaqədar sübutları birinci instansiya məhkəməsinə təqdim etmişlər. Bir müddət sonra Zəngilan Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(034)-57/2015 №-li qətnaməsilə X28 ilə Nurəngiz xanım arasında bağlanmış nikah ləğv edilmiş və X17 bu barədə qeydiyyat aparılmışdır. Övladlarının hər ikisinin Nurəngiz xanımın yanında qalması qət edilmişdir. Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixli AZ-İ222547 №-li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə X28 arasında nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydlər kitabında xx.xx.2015-ci il tarixli, 300 №-li qeydiyyat aparılmışdır. X28 evdə dava salaraq iddiaçını uşaqları ilə birlikdə evdən qovmuş və onları evə buraxmamışdır. Ona görə də Abşeron Rayon Məhkəməsində övladları ilə birlikdə həmin evə köçürülməsi barədə iddia qaldırmış, Abşeron Rayon Məhkəməsinin 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 №-li qətnaməsilə mübahisəli evin iki otağından, mətbəxindən, sanitar qovşağından istifadəsi üçün ayrıca şərait yaradılmaqla məcburetmə qaydasında iki uşaqla birlikdə həmin evə köçürülməyi barədə qətnamə çıxarılmış və təmsil etdiyi şəxs icra məmuru vasitəsilə həmin evə köçürülmüşdür. Bir müddət sonra əri məişət zorakılığı göstərmiş və arvadı və övladlarına evdə yaşamağa imkan verməmiş və iddiaçı şəxs özünün və övladlarını həyatlarını xilas etmək üçün evdən çıxıb getməyə məcbur qalmışdır. Bununla bağlı icra məmuru akt tərtib etmişdir. Bundan sonra X9 18 oktyabr 2019-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş və təmsil etdiyi şəxsin razılığı olmadan Cavabdeh həmin mübahisəli evə köçürmüşdür. Halbuki, Cavabdeh həmin evin tikintisinə heç bir vəsait xərcləməmiş və o evdə yaşamaq hüququ da olmamışdır. Bundan sonra təmsil etdiyi şəxsin keçmiş əri ölmüşdür. Həmin fərdi yaşayış evinə buraxılmadığından Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Hesab edir ki, Abşeron Rayon Məhkəməsi bir çox məsələlərə düzgün hüquqi qiymət verməmişdir. Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli Plenum Qərarının müvafiq bəndlərində bu məsələ öz əksini tapmışdır. Abşeron Rayon Məhkəməsi Ali Məhkəmənin Plenumunun müvafiq Qərarına istinad etməmiş və hüquqi baxımdan qiymətləndirməmişir. Ər-arvadın ümumi əmlakı dedikdə ailə birliyindən əldə edilmiş və pulla qiymətləndirilə bilən bütün aktivlər və passivlər nəzərdə tutulur. Özbaşına tikili olmasına baxmayaraq, evin tikintisinə çəkilmiş bütün xərclər, tikinti materiallarının, evdə olan əşyaların alınması Nurəngiz xanımın vəsaiti hesabına aparılmışdır. Eyni zamanda Mülki Məcəllənin müvafiq normalarının tələbləri pozulmuşdur. Məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, fərdi yaşayış evi birgə nikah dövründə tikilmişdir. Bununla yanaşı, qarşı tərəf təmsil etdiyi şəxsin əri Elçinin ona kompensasiya verdiyini bildirsə də buna dair heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya məhkəməsində şahidlər dindirilmiş, onların hər biri fərdi yaşayış evinin, təmsil etdiyi şəxs və onun keçmiş ərinin birgə nikah dövründə və birgə əmlakları əsasında tikildiyini təsdiq etmişlər. Mübahisəli ev tikiləndən bu günə kimi Cavabdeh həmin evdə qeydiyyata alınmamışdır. Əksinə bu günə kimi həmin evdə iddiaçı və uşaqları məcburi köçkün kimi qeydiyyatdadırlar. Yaşamağa mənzili yoxdur, öz vəsaiti hesabına tikdiləri evdən istifadə etməyinə Cavabdeh maneçilik törədir. Ona görə də dəfələrlə Cavabdeh həmin mənzili boşaltması, əmlakı ilə birlikdə həmin evdən çıxması, vəsaiti hesabına tikilmiş evə köçməyini və mərhum atasının ona bağışladığı torpaq sahəsindən sərbəst istifadə etməyini tələb etmişdir. Hesab edir ki, cavabdeh Hacıyeva X23 rayonunda qeydiyyatdadır və mübahisəli evə heç bir subyektiv hüququ yoxdur. Həmin evin tikintisinə isə heç bir vəsait xərcləməmişdir. Ev iddiaçının mərhum ərinin sağlığında iddiaçının, mərhum atasının, qardaşının vəsaiti və qohumlarının köməyi ilə tikilmişdir. Həmin evi lazımi qaydada dövlət qeydiyyatına aldıra bilməsələr də ev ona məxsusdur. Torpaq sahəsinin iddiaçıya verilməsini təsdiq edən sənəd yoxdur. Sənədləşdirmə aparılmamışdır. Həmin 12 sot torpaq sahəsi daş hasarla hasarlanmış və iddiaçının atası həmin torpaq sahəsini övladları arasında bölüşdürmüşdür. Abşeron Rayon Məhkəməsinin 07 fevral 2015-ci il tarixli qətnaməsi ilə sahiblik hüququ təsdiq edilməsə də, iddiaçının digər hüquqları təsdiq edilmişdir və birgə nikah dövründə tikilmiş əmlak olması öz təsdiqini tapmışdır. Birgə nikah dövründə əldə olunmuş əmlak olduğuna görə əmlakın yarısının iddiaçıya, yarısının isə ərinə məxsus olduğunu qəbul edir. Abşeron Rayon Məhkəməsi qeyd olunan hallara və təqdim edilən sübutlara heç bir hüquqi qiymət verməmiş, iddiaçı tərəfindən tikilmiş fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etməmişdir. Abşeron Rayon Məhkəməsinin e-2(012)-1968/2024 №-li, xx.xx.2024-cü il tarixli qətnaməsi qanunsuz və əsassızdır. Odur ki, apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdeh Məmmədova (Hacıyeva) Ramilə Rafiq qızının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, qarşı tərəfin də qeyd etdiyi kimi iddiaçının mübahisəli yaşayış evinə köçürülməsi ilə əlaqədar 2015-ci il tarixli məhkəmə qərarı var. Qətnamə icraya yönəldilmiş və hazırki iddiaçı həmin yaşayış evinə köçürülmüşdür. Bir neçə ay həmin evdə yaşasa da sonradan birgə yaşayışı mümkün olmadığından həmin iş üzrə cavabdeh olmuş, iddiaçının mərhum əri ona kompensasiya verməklə, başqa ünvana köçürmüşdür. Məhkəməyə təqdim etdiyi sübutlardan göründüyü qədəri ilə iddiaçı ona verilmiş kompensasiya məbləği ilə avtomobil almışdır. İddiaçı elə bir işdə çalışır ki, onun aldığı əmək haqqı ilə avtomobil alnması ağlabatan deyildir. İddiaçının avtonəqliyyat vasitəsini aldığı dövr kompensasiya verilən dövrə təsadüf edir. Bu da onu göstərir ki, iddiaçının mərhum əri tərəfindən evdən çıxarılması ilə əlaqədar olaraq ona həqiqətən də kompensasiya ödənilmişdir. İddiaçının əri yaxın zamanlarda ölmüşdür və ona kimi iddiaçı tərəfindən hər hansı kompensasiya, yaxud evə köçürülmə tələbi olmamışdır. Buna əsasən iddiaçının yaşayış yeri sıxıntısının olmadığı qənaətinə gəlmək olar. Əgər belə bir sıxıntısı olsaydı, 2015-ci il tarixli qətnamənin yenidən icra olunması ilə müraciət edə, yaxud yeni ərizə ilə məhkəməyə müraicət edərək əmlakın bölüşdürülməsi ilə əlaqədar iddia qaldıra bilərdi. Əgər əri yaşasaydı, indi hər hansı bir şəkildə iddiaçıya kompensasiya verməsini təsdiq edən sübutlar təqdim edə bilərdi. Hazırki situasiyada iddiaçının təmsil etdiyi şəxsə qarşı bu tələblə iddia qaldırmağa ümumiyyətlə subyektiv hüququ yoxdur. Əmlak sənədsiz əmlakdır. Verdiyi suallara cavablardan da görünür ki, iddiaçının nə torpaq sahəsinə, nə də fərdi yaşayış evinə hər hansı rəsmi sənədi və hüququ yoxdur. Qarşı tərəf həmin əmlakın birgə nikah dövründə əldə olunmuş əmlak olduğunu iddia edir. Hansıki birgə nikah dövründə əldə olunmuş əmlaka dair hüquqlar müəyyən olunmalıdır. İddiaçı və onun əri arasında bununla bağlı razılaşma, saziş olmamışdır. Elçin Məmmədovun vəkili deyil, özü sağ olsaydı, kompensasya verdiyini hər hansı şəkildə təsdiq edərdi. Söhbət yaşayış evinə istifadə hüququndan gedir. Göründüyü kimi iddiaçı uzun müddətdir ki, ayrı yerdə yaşayır. Birgə nikah dövründə əldə olunmuş əmlaka dair hüquqlar müəyyən olunmalıdır. Bunun üçün isə ayrıca iddia qaldırımalıdır. İddiaçı hüququ olmadan təmsil ediyi şəxsə qarşı əsassız olaraq iddia qaldırmışdır. Birinci instansiya məhkəməsində iddiaçıya əmək haqqı mənləği ilə bağlı sual vermişdir. Verdiyi cavabardan məlum olur ki, o dövrdə həmin əmək haqqı ilə avtomobil ala bilməzdi. 2015-ci il tarixli qətnamə icra olunub, sonra iddiaçı həmin evdən çıxmışdır. Əvvəlki iş üzrə cavabdeh iddiaçının əri olmuş, indi isə tamam fərqli şəxsdir. Hazırki vəziyyətdə faktiki olaraq iddiaçının iddia qaldırmağa subyektiv hüququ yoxdur. Bu hüquq olmadığı üçün ondan istifadə oluna bilməz, ona görə də iddia əsassızdır və təmin oluna bilməz.

İşdə olan sübutlar

14. Abşeron Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(012)-3537/2014 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdeh X21 qarşı iki uşaqları ilə birlikdə evə köçürülməyə, həmin evin iki otağından, mətbəxindən, sanitar qovşağından istifadələri üçün ayrıca şərait yaradılmasının məcburetmə qaydasının cavabdehin üzərinə qoyulmasına dair tələbi qismən təmin edilmiş, iddiaçı X5 uşaqları ilə birlikdə Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində döngə 3, 15 saylı evə köçürülməsi, iddiaçının evin iki otağından, mətbəxindən, sanitaq qovşağından istifadələri üçün ayrıca şərait yaradılmasının məcburetmə qaydasının cavabdehin üzərinə qoyulmasına dair hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.

15. Zəngilan Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(034)-57/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilmiş, X28 ilə X8 arasında xx.xx.2001-ci il tarixdə bağlanmış və həmin tarixdə X17 nikahın bağlanması haqqında akt qeydləri kitabında 166 nömrə ilə qeydə alınmış nikahın pozulması, 08 iyul 2002-ci il təvəllüdlü X29 və 10 mart 2006-cı il təvəllüdlü X15 cavabdeh X5 yanında saxlanılması qət edilmişdir.

16. Xətai Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 222547 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə İddiaçı arasında nikah pozulmuş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 300 saylı qeydiyyat aparılmışdır.

17. Zəngilan Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ- İİ 324652 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X28 ilə Cavabdeh 18 oktyabr 2019-cu il tarixdə 50 saylı rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir.

18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, İddiaçı ilə 2001-ci ildən ailəvi dostluq münasibətləri vardır. Sözügedən torpaq sahəsini iddiaçıya atası hədiyyə etmiş və iddiaçının atasının köməkliyi ilə orada ev tikmişdir. Ev tiklən zaman iddiaçının həyat yoldaşı Almaniyada olmuşdur. Həmin evlə iddiaçının atası evi eyni həyətdə yerləşir. Hazırkı vaxtadək iddiaçı ilə gediş-gəliş münasibətləri davam edir. Torpaq sahəsinə dair sənəd olsa da evə dair sənəd mövcud deyildir. Xırdalan şəhərində yerləşən bir çox evlərin sənədləri yoxdur. Onun özünün yaşadığı ein də heç bir sənədi yoxdur. Həmin torpaq sahəsi təxminən 3 sot təşkil edir. O evə gedib-gəldiyindən orada ustaların işlədiyini görmüşdür. Evin tikilməsinin tarixini dəqiq xatırlamır. İddiaçı ilə əri boşandıqdan sonra iddiaçının əri başqa qadınla ailə həyat qurmuş, onların həmin nikadan 1 uşqları vardır. Həmin qadın sözügedən evdə yaşayır. İddiaçı uşaqları ilə birlikdə anasının evində yaşayır.

19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İddiaçı ilə uzun müddətdir ki, kirvə olmaqla yanaşı uzaq qohumdurlar. Mübahisəli evin yerləşdiyi torpaq sahəsini iddiaçıya atası pay vermişdir. Həmin evi iddiaçı ilə əri birlikdə tikmişlər. Evin tikintisinə iddiaçının atası da köməklik göstərmişdir. İddiaçı ilə əri təxminən 6 il birlikdə yaşamışlar. Onlarn ayrılmaları əvvəllər bilməmiş və bu barədə yeni eşitmişdir. İddiaçının əri başqa qadınla ailə həyatı qurmuş və həmin nikahdan 1 oğlu vardır. Həmin qadın uşağı ilə birlikdə iddiaçının tikdiyi evdə yaşayır. İddiaçı uşaqları ilə birlikdə anası evində yaşayır. İddiaçının atası evi ilə onların tikdikləri ev eyni həyətdə yerləşir. Elçin Məmmədovun avtomobil alveri ilə məşğul olduğunu və Almaniyaya gedib-gəldiyini eşitmişdir. Hal-hazırda da Elçin Məmmədovun ikinci arvadı uşağı ilə birlikdə həmin evdə yaşayır. Evin neçənci ildə tikilməsini xatırlamasa da, evin tikilməsinin şahidi olmuşdur. Torpaq sahəsinə dair bələdiyyə sənədinin olmasını bilmişdir. Torpaq sahəsinin Elçin Məmmədovun adına olubolmamasını bilmir, lakin həmin torpaq sahəsi iddiaçının atasının adına olub, iddiaçının atası torpaq sahəsində iddiaçıya və digər övladlarına hədiyyə etmişdir. İddiaçı və digər ailə üzvləri hamısı eyni həyətdə yaşayırlar.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Konstitusiyasının:

43.Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

21. Azərbaycan Respublikası Mülki Məcəlləsi

11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz»

23. Mülki Prosessual Məcəllə 13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 51.1. İddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

24. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1968/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

26. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etsə də onun gəldiyi nəticə ziddiyyətli olmuşdur. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüquqları qeydə alınmadığından həmin evdən cavabdehin çıxarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun yaranmamasını qeyd etməklə yanaşı, iddiaçı və cavabdehin evə münasibətdə hüquq və vəzifələrinin eyni statusa malik olması nəticəsinə gələrək iddia tələbini təmin etməmişdir. Hərçənd ki, birinci instansiya məhkəməsi iddiaçı və cavabdehin evə münasibətdə hüquq və vəzifələrinin eyni olması nəticəsinə gəldiyi halda iddiaçının mübahisəli mənzilə köçürülmə barədə tələbini təmin etməli idi. Bundan başqa mübahisəli əmlaka dair iddiaçının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması həmin əmlaka dair iddia qaldırması ilə bağlı subyektiv hüququnun olmamasını deməyə də əsas verməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

27. İşin müəyyən edilmiş hallarına əsasən iddiaçı 17 dekabr 2001-ci il tarixdə X28 ilə nikaha daxil olmuş, daha sonra hazırkı mübahisə predmeti olan evin yerləşdiyi torpaq sahəsinə sahiblənərək həmin torpaq sahəsində ev inşa etmişlər. İddiaçı ilə X28 arasında münaisbətlər pozulduğundan iddiaçı 2013-cü il tarixdə mübahisəli evdən çıxmış, Zəngilan Rayon Məhkəməsinin 03 iyun 2015-ci il tarixli, 2(034)-57/2015 saylı qətnaməsi ilə onlar arasında nikah pozulmuşdur. Bundan sonra iddiaçı X21 qarşı evə köçürülmə tələbinə dair Abşeron Rayon Məhkəməsində iddia qaldırmışdır. Abşeron Rayon Məhkəməsi 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 nömrəli qətnaməsi ilə onun mübahisəli evə köçürülməsi qət edilmişdir. Həmin qətnamə 06 may 2016-cı il tarixdə icra olunaraq iddiaçının həmin evə köçürülməsi təmin edilmiş, lakin iddiaçı mübahisəli evdə yaşamayaraq, hazırkı vaxtadək daimi olaraq yaşayışını başqa ünvanda gerçəkləşdirmişdir. İddiaçının keçmiş əri X28 18 oktyabr 2019-cu il tarixdə Cavabdeh ilə nikah bağlamış və cavabdeh mübahisəli mənzilə köçərək hazırkı vaxtadək həmin ünvanda yaşamaqdadır. X28 xx.xx.2023-cü il tarixdə öldükdən sonra iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

28. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə mübahisəli fərdi yaşayış evinə, həmçinin həmin evin yerləşdiyi torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmişdir ki, bununla da mübahisəli əmlak özbaşına tutulmuş torpq sahəsində inşa edilmiş özbaşına tikili kimi məhkəmə kollegiyası tərəfindən qiymətləndirilmişdir. Mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və özbaşına tikili hesab olunmaqla, hazırda cavabdehin faktiki sahibliyindədir. Mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından və həmin əmlaklara dair hər hansı bir hüquqmüəyyənedici sənəd mövcud olmadığından mübahisəli əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması və həmin əmlakda payının olmasına dair iddiaçınını dəlili də istisna olunmuşdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış binasından isifadə hüququ həm qüvvədə olan Mülki Məcəllə, Mənzil Məcəlləsi, həm də qüvvədən düşmüş Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin hazırkı iddiada mübahisələndirilən torpaq sahəsi özbaşına tutulmuş torpaq sahəsi, həmin torpaq sahəsi üzrəində inşa edilmiş yaşayış evi isə özbaşına tikili olduğu üçün həmin evdən yaşayış hüququ həmin Məcəllələrlə tənzimlənmir, bu münasibətləri tənzimləyən analoji hüquq normaları da yoxdur. Bu əsasla isə mübahisəyə baxılmasından imtinaya və iddiadan imtina edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. Buna görə də hazırkı vəziyyətdə yaranmış mübahisə Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 13.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüquq qaydalarının ideya və ümumi prinsipləri əsas götürməklə həll edilməlidir. Bu zaman isə Mülki Məcəllənin 11.2-ci maddəsində qeyd edilənləri əsas götürülür. Həmin maddəyə əsasən oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir. (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

30. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi ədalət və mənəviyyat tələblərinə də uyğun deyildir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçı mübahisəli mənzildən çıxdıqdan sonra iddiaçının keçmiş əri X28 Cavabdeh ilə nikaha daxil olmuş və cavabdeh mübahisəli mənzilə köçərək hazırkı vaxtadək həmin ünvanda öz ailəsi ilə yaşamaqdadır ki, tərəflərin mübahisəli vəziyyətdə həmin evdə yaşaması mümkün olmamaqla, əlavə mübahsələrin yaranmasına rəvac verəcəkdir. Buna görə də iddia tələbi rədd edilməlidir.

31. Məhkəmə kollegiyası qeyd edir ki, Abşeron Rayon Məhkəməsi 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 nömrəli qətnaməsi ilə iddiaçının mübahisəli evdən istifadə hüququ tanınaraq həmin evə köçürülmüş, lakin iddiaçı mübahisəli evdə yaşamayaraq, son 8 il ərzində başqa ünvanda daimi yaşamış, mübaisəli evə faktiki sahiblənməkdən imtina etməklə, dolayısı ilə Abşeron Rayon Məhkəməsi 07 fevral 2015-ci il tarixli, 2(012)- 353/2015 nömrəli qətnaməsi ilə ona verilmiş istifadə hüququndan imtina etmişdir. Hərçənd ki, cavabdeh tərəf iddiaçıya bununla əlaqədar olaraq müvafiq kompensasiya məbləğinin verilməsini iddia etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası anoloji olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarında qeyd olunduğu kimi keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, iddianın yuxarda qeyd olunan əsasa görə rədd edilməli olan iddia olması iddiaçının kompensasiya almaqla və ya kompensasiya almadan mübahisəli mənzildən çıxmasının hazırkı mübahisənin həllinə təsir etməməkdədir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Abşeron Rayon Məhkəməsi 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 nömrəli qətnaməsinə istinad edərək, mübahisəli mənzildə istifadə hüququnun olmasını iddia etməklə həmin evə köçürülməsi ilə bağlı iddiası əsassız olmuşdur.

32. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli evə dair iddiaçının keçmiş mərhum əri X28 ilə arasında olan məhkəmə mübahisəsi üzrə çıxarılmış Abşeron Rayon Məhkəməsi 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil onların birgə nikahda olduqları zaman inşa edilmişdir. Hazırkı icraat zamanı da cavabdeh tərəf bunu inkar etməmiş, lakin iddiaçı evdən çıxan zaman buna müvafiq olaraq X9 tərəfindən iddiaçıya kompensasiya məbləğinin verildiyini iddia etmişdir. Qeyd edilən halın araşdırılması isə hazırkı mübahisənin predmetinə aid olmamışdır. Belə ki, iddiaçı qeyd edilən vəziyyətdə Abşeron Rayon Məhkəməsi 07 fevral 2015-ci il tarixli, 2(012)-353/2015 nömrəli qətnaməsi ilə müəyyən edildiyi kimi, mübahisəli mənzilin birgə nikah dövründə inşa edilməsi əsası ilə payına müvafiq olaraq həmin evə çəkilmiş xərci tələb etmək hüququna malik olmuşdur ki, iddiaçıya evdən çıxan zaman evə dair müvafiq kompensasiya məbləğinin verilibverilməməsi halı isə həmin mübahisənin araşdırma predmetinə aid hesab olunur.

33. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi tələbinin təmin edilməməsi cavabdehin də həmin evdən çıxarılması tələbini birmənalı olaraq əsassız olmasını şərtləndirmişdir.

34. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1968/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏTETDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-1968/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma, evin və torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar