Məhkəmə qərarları › İş №2(105)-16/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-16/2024

22.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-16/2024 22.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X2 hüquqi varisi X3 cavabdehlər Cavabdeh və X23 qarşı mülki iş üzrə (Açar söz: zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X29 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı X2 hüquqi varisi X3 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-45/2021 saylı qətnaməsindən iddiaçı X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı X7 cavabdehlər Cavabdeh və X23 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zəbt olunmuş 0.5 ha torpaq sahəsinin boşaldılmasına və cavabdehlərin hesabına zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsinə və əldən çıxmış fayda qismində olan zərərin əvəzi olaraq 3700 (üç min yeddi yüz) manat məbləğində vəsaitin cavabdehdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Qusar rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən onun mülkiyyətinə 1.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi 13 fevral 2019-cu il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində 194 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmaqla RX seriyalı, ******* saylı Çıxarış almışdır. Həmin torpaq sahəsini təyinatı üzrə istifadə etmiş, əkin işləri ilə məşğul olmuşdur. Lakin cavabdehlər onun mülkiyyətində olan torpaq sahəsinin uzunluğu 40 metr, eni isə 14 metr olan hissəsini zəbt etmiş və artıq 20 ildir ki, zəbt olunmuş hissədən çıxmamışlar. Bundan başqa sərhəd boyu zəbt olunmuş torpaq sahəsini quru ağac və budaqlarla hasar çəkmiş, onun həmin sahəyə getməsinə manelər törətmişlər. O, cavabdehlərə dəfələrlə həmin torpağdan çıxmalarını izah etsə də cavabdehlər torpaq sahəsindən çıxmamış və onun mülkiyyət hüququnu pozmuşlar. O, bu məsələ ilə bağlı 13 avqust 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş, 18 sentyabr 2018-ci il tarixdə həmin idarənin işçisi Kərimov Mübariz, Şirvanovka kənd Bələdiyyəsinin sədri Mərdanov Ziya və onun iştirakları ilə Akt tərtib edilmişdir. Həmin Aktda onun adına verilmiş Dövlət Aktına əsasən torpaq sahəsinin bütün döngə nöqtələrinin koordinatları naturada ölçülmüş və onun mülkiyyətçi kimi tanındığı qeyd edilmişdir. Lakin cavabdehlərdən biri razılaşmadığına görə sahənin bir tərəfinin göstərilməsi mümkün olmamışdır. Hər il əkin işləri başlanan vaxt onun tərəfindən 1000 ədəd pomidor ştili alınmış, aldığı ştilin qiyməti 50 (əlli) manat təşkil etmişdir. Onun tərəfindən pomidor ştili alındıqdan sonra zəbt olunmuş torpaq sahəsini şumlamaq üçün 40 (qırx) manat pul verilirdi. Bundan əlavə 20 (iyirmi) manat ştillərin əkilməsi üçün, 30 (otuz) manat həmin əkinlərin su arxlarının çəkilməsi üçün, 20 (iyirmi) manat isə kübrə üçün pul verilmişdir. Məhsulun yığılması üçün 20 (iyirmi) manat, daşınması üçün 20 (iyirmi) manat ödənilirdi. Həmin məhsulun 1 tonunu 300 (üç yüz) manata satırdı. Həmin torpaq sahəsindən o, hər il bir ton və artıq məhsul almış, satıldıqdan sonra isə 400 (dörd yüz) manat əldə edirdi. Həmin 400 (dörd yüz) manatdan çəkdiyi xərclər çıxıldıqdan sonra 185 (bir yüz səksən beş) manat təmiz gəlir əldə edirdi. Həmin pul onun illik gəliri olmuşdur. Lakin cavabdehlər tərəfindən son 20 (iyirmi) ildir ki, davamlı olaraq ona ziyan vurulmuş, onu və ailə üzvlərini gəlir mənbəklərindən məhrum etmişlər. Nəticədə isə son 20 (iyirmi) il ərzində cavabdehlər tərəfindən ona 3700 (üç min yeddi yüz) manat ziyan vurulmuşdur. Odur ki, torpaq üzərində pozulmuş hüquqlarının və itirilmiş faydanın tələb edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə cavabdeh kimi cəlb edilmiş X8 əsl cavabdeh X25 ilə əvəz edilməsini xahiş etmişdir.

4. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

5. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-45/2021 saylı qətnaməsi ilə (hakim Rafiq Kazımov) iddiaçı X2 cavabdehlər Cavabdeh və X23 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

8. İddiaçı X7 xx.xx.2024-cü il tarixdə öldüyündən hüquqi varisi X9 ilə əvəz edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri 9.İddiaçı X7 apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-45/2021 saylı qətnaməsi ləğv edilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni əsassız və qanunsuz sayır. Belə ki, Qusar rayonunun Torpaqkörpü kəndində yerləşən 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2019-cu il tarixdə adına daşınmaz əmlakın dövlət reyestrində 194 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində onun adına qeydiyyata alınmış və RX seriyalı, ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. 18 sentyabr 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin nümayəndəsi onun və Qusar rayonun Şirvanovka bələdiyyəsinin sədrinin iştirakı ilə torpaq sahəsinə baxış keçirərək adına verilmiş dövlət aktına əsasən torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarını naturada müəyyən etmiş, o, həmin torpaq sahəsinin mülkiyyətçisi kimi tanınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli, 10/939 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 21 sentyabr 2020-ci il tarixli, **********78 nömrəli mütəxəssis rəyinə əsasən, RX seriyalı, ******* saylı çıxarışa əsasən ona məxsus Qusar rayonu, Torpaqkörpü kəndində yerləşən 1,20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə naturada yerləşmə mövqeyi arasında şimal-şərq istiqamətində 28 metr, cənub-qərb istiqamətində 29 metr sürüşmə vardır. Bu səbəbdən ona məxsus torpaq sahəsinin cavabdeh tərəfindən nə qədər istifadə olunub-olunmadığını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi iş üzrə faktiki olaraq rəy verilməmiş, yəni məhkəmə tərəfindən ekspert qarşısında qoyulmuş suallar cavabsız qalmışdır. Bununla da onun mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt olunub-olunmaması aydınlaşdırılmamışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Cavabdehlər tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iddiaçı X2 hüquqi varisi X9 apellyasiya şikayətini müdafiə edib təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında iştirak edərkən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir.

14. Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında iştirak edərkən cavabdeh X25 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh və X23 məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

16. ********** qeydiyyat nömrəli, 13 fevral 2019-cu il tarixli Seriya RX № ******* saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar rayonu, Torpaqkörpü kəndi ərazisində yerləşən **********69 reyestr nömrəli 1.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X4 məxsusdur.

17. JN-072F KOD 30124068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən X8, X5, X12, X16, X13 və X11 mülkiyyətlərinə Qusar rayonunun Torpaqkörpü kəndi ərazisindən 0.24 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

18. JN-005F KOD 30124068 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 30 sentyabr 1997-ci il tarixli 14/2 saylı qərarına əsasən Cavabdeh, X10, X14, X17, X18, X19 və X15 mülkiyyətlərinə Qusar rayonunun Torpaqkörpü kəndi ərazisindən 0.40 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli, 10/939 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 21 sentyabr 2020-ci il tarixli **********78 nömrəli mütəxəssis rəyinə əsasən, Seriya RX № ******* saylı Çıxarışa əsasən iddiaçı X6 məxsus Qusar rayonu Torpaqkörpü kəndində yerləşən 1.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə naturada yerləşmə mövqeyi arasında şimal-şərq istiqamətinə 28 mert, cənub-qərb istiqamətində 29 metr sürüşmə vardır. Bu səbəbdən iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən nə qədər istifadə olunub-olunmadığını müəyyən etmək mümkün olmamışdır. Bu kimi uyğunsuzluqlar mübahisəli torpaq sahələrinin yerləşdiyi ərazinin Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektorn kadast uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadast xəritəsinin tərtib olunmuş Qaydaları” əsasında torpaqların rəqəmsal kadastr xəritələrinin hazırlanıb təsdiq olunmasından sonra öz həllini tapacaqdır. Tədqiq olunan iddiaçılara məxsus torpaq sahəsinin kimlər tərəfindən nə qədər istifadə olunduğunu mütəxəssis tərəfindən müəyyən etmək mümkün olmadığı üçün, Qusar rayonu Torpaqkörpü kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində cavabdeh tərəfindən hər hansı tikinti işlərinin aparılıb-aparılmamasına dair tədqiqat aparılmadı.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2180 nömrəli ekspert rəyindən və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətində olan Qusar rayonu, Torpaqkörpü kəndi ərazisində olan 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə tərtib edilmiş A seriyalı, 365035 saylı torpaq sahəsinin planı və ölçüsündə göstərilən torpaq sahəsi torpaqların elektron kadastrı uçotu məlumat bazasında olan koordinatlara əsasən hər hansı torpaq sahəsi ilə üst-üstə düşmür. X2 istifadəsində faktiki olaraq 1.18 ha torpaq sahəsi vardır. X8, X5, X12, X16, X13 və X11 mülkiyyətlərində olan Qusar rayonu, Torpaqkörpü kəndi ərazisində 0,24 ha torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-072F saylı, kodu 30124068 olan şəhadətnamədə göstərilən planına uyğun (sürüşmə nəzərə alınmamaqla) naturada koordinatları müəyyən edilmişdir. X8 və ailə üzvlərinin istifadəsində faktiki olaraq 0.305 ha torpaq sahəsi vardır. Cavabdeh, X10,X14, X17, X18, X19 və X15 mülkiyyətlərlərində olan Qusar rayonu, Torpaqkörpü kəndi ərazisində 0,40 ha torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair JN-005F saylı, kodu 30124068 olan şəhadətnamədə göstərilən planına uyğun (sürüşmə nəzərə aiınmamaqla) naturada koordinatları müəyyən edilmişdir. Cavabdeh və ailə üzvlərinin istifadəsində faktiki olaraq 1.0505 ha torpaq sahəsi vardır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətində olan Qusar rayonu, Torpaqkörpü kəndi ərazisində olan 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, torpaqların kadastrı uçotu məlumat bazasına əsasən torpaq sahəsinin qərb hissəsindən 0.02 ha hissəsi (sürüşmə nəzərə alınmamaqla) hal-hazırda Cavabdeh tərəfindən fındıq ağacları əkilməklə istifadə olunur.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyasının: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.

24. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

25. Məhkəmə kollegiyası tərəfindən Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-45/2021 saylı qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)- 45/2021 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə çıxarılaraq, iddia tələbi Cavabdeh münasibətdə qismən təmin edilməli, Cavabdeh RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətində olan Qusar rayonu, Torpaqkörpü kəndi ərazisində olan 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, torpaqların kadastrı uçotu məlumat bazasına əsasən torpaq sahəsinin qərb hissəsinin 0.02 ha hissəsindən çıxarılmalı, iddia qalan hissələrdə təmin edilməməlidir.

27. Belə ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilibedilməməsi ilə bağlı məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və rəy alınmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2180 nömrəli ekspert və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyləri ilə iddiaçı X2 istifadəsində faktiki olaraq 1.18 ha torpaq sahəsinin olması və RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan Qusar rayonu, Torpaqkörpü kəndi ərazisində olan 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, torpaqların kadastrı uçotu məlumat bazasına əsasən torpaq sahəsinin qərb hissəsindən 0.02 ha hissəsinin (sürüşmə nəzərə alınmamaqla) hal-hazırda yalnız Cavabdeh tərəfindən fındıq ağacları əkilməklə istifadə olunması müəyyən edilmişdir ki, bununla da iddiaçıya məxsus torpaq sahəsinin 0,02 ha hissəsnin Cavabdeh qanunsuz sahibliyində olması öz təsdiqini tapmışdır. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab olunmuşdur.

28. Məhkəmə kollegiyası əldən çıxmış fayda qismində olan zərərin əvəzi pul tələbinə münasibətdə isə qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsinin 0,5 ha hissəsini istifadə edildiyini iddia etsə də məhkəmə iclasında iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cüzi bir hissəsinin, yəni 0,02 ha hissəsinin istifadə edildiyi müəyyən edilmişdir. Digər tərəfdən iddia ərizəsindən göründüyü kimi iddiaçı 0,5 ha torpaq sahəsinə görə əldən çıxmış fayda qismində iddiaçıdan illik 185 manat əldən çıxmış fayda istəmişdir ki, cavabdehin 0,02 ha torpaq sahəsini istifadə etməsi nəzərə alındıqda həmin məbləğ 7,4 manat təşkil edir ki, bu da əldən çıxmış fayda hissəsində iddianın əhəmiyyətsizliyini təsdiq edir. Bundan başqa qeyd olunur ki, iş materiallarından olan Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş 29 sentyabr 2020-ci il tarixli, 10/939 nömrəli ekspert və Əmlak Məsələləri Dövlət Xidmətinin 21 sentyabr 2020-ci il tarixli **********78 nömrəli mütəxəssis rəylərinə əsasən iddiaçıya məxsus 1.20 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları ilə naturada yerləşmə mövqeyi arasında şimal-şərq istiqamətinə 28 mert, cənub-qərb istiqamətində 29 metr sürüşmə olmuşdur ki, bu səbəbdən də iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən nə qədər istifadə olunub-olunmadığını müəyyən etmək mümkün olmamışdır. Yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzi tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/2180 nömrəli ekspert rəyi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cüzi bir hissəsinin, yəni 0,02 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir ki, bu da cavabdehin 0,02 ha torpaq sahəsi üzərində sahibliyinin vicdansız olmasını istisna etmişdir. Buna görə də məhkəmə kollegiyası iddiaçının əldən çıxmış fayda qismində iddiasını əsassız hesab etmişdir. 29.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.2, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(029)-45/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi Cavabdeh münasibətdə qismən təmin edilsin. Cavabdeh RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X2 mülkiyyətində olan, Qusar rayonu, Torpaqkörpü kəndi ərazisində yerləşən 1,20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, torpaqların kadastrı uçotu məlumat bazasına əsasən torpaq sahəsinin qərb hissəsinin 0.02 ha hissəsindən çıxarılsın. İddia qalan hissələrdə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcinin 20 (iyirmi) manatı Cavabdeh 80 (səksən) manatı isə iddiaçının hüquqi varisi X1 tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar