Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1600/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əşyaların evdən çıxarılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3948/2024 nömrəli, 07 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim G.Tağızadə) İddiaçı Cavabdeh qarşı əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh məxsus 1 ədəd paltar dolabı və 1 ədəd şifonerin ona məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, 5-ci məhəllə Dübrar küçəsində yerləşən fərdi həyət evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi, 5-ci məhəllə, Dübrar küçəsində yerləşən fərdi həyət evi iddiaçıya məxsusdur. İddiaçı həmin evdə ailəsi ilə yaşayır. İddiaçıya məxsus evdə qardaşının keçmiş arvadı hazırki iş üzrə cavabdeh X1 məxsus 1 ədəd paltar dolabı və 1 ədəd şifoner hələ də qalmaqdadır. Bildirmək istəyir ki, qardaşı ilə cavabdeh arasında nikah münasibətləri 5 il bundan qabaq pozulmuş, ailə münasibətlərinə tamamilə son qoyulmuşdur. Artıq 5 ildir ki, cavabdeh öz əmlakını iddiaçıya məxsus evdən çıxartmır. Cavabdehin bu hərəkətləri onun mülkiyyət hüquqlarını pozur. Onsuz da evi darısqaldır, qeyd olunan əşyaların iddiaçının mənzilində hələ də qalması iddiaçının mənzil şəraitini daha da çətinləşdirir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehin və onun yetkinlik yaşına çatmayan azyaşlı övladının Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi təmin olunmuş və hazırda cavabdehə məxsus əşyalar həmin evdədir. Bu fakt məhkəmə yerli baxış keçirən zaman öz əksini tapmışdır. Hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvan dəqiq ünvan deyildir. Eyni zamanda iş materiallarında olan kommunal xərclərə aid abunə kodları Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə aid olmaqla iddiaçının adına qeydə alınmışdır. Hesab edir ki, məhkəmə qeyd olunan qətnaməni qət edərkən səhvə yol vermişdir. Belə ki, qeyd oluna ərazidə onun evi ilə yanaşı qardaşına məxsus olan ev də vardır. Evlər hər ikisi yanyanadır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən cavabdehin və onun yetkinlik yaşına çatmayan azyaşlı övladının Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə köçürülməsi təmin olunmuşdur. Qeyd olunan evin onun evinə aidiyyatı yoxdur (Mübahisəsiz haldır. Bunu cavabdeh də təsdiq edə bilər) Bu evi onun özü tikmiş, ona məxsusdur. Qardaşı özünə məxsus evi satdıqdan sonra qeyd olunan əşyaları müvəqqəti onun evinə yerləşdiriblər. Həmin vaxt hərbiçi olduğu üçün hərbi xidmətdə olmuş və mənzildən istifadə etməmişdir. Hal-hazırda təxris olunmuş və özünə məxsus evdə yaşayır. Məhkəmə yerli baxış keçirən zaman bu xüsusatlar bir daha təsdiq olunmuşdur. Lakin buna baxmayaraq məhkəmə iddianı təmin etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının iddia ərizəsində qeyd etdiyi ünvan dəqiq ünvan olmaması, eyni zamanda iş materiallarında olan kommunal xərclərə aid abunə kodları Sumqayıt Bağlar, 997/Q saylı fərdi yaşayış evinə aid olmaqla iddiaçının adına qeydə alınması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edərkən gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1, 152.2, 157.4, Mülki Prosessual Məcəllənin 15, 82.3, 14, 77.1, 88-ci maddələrinə istinad etmiş və bununla da mübahisəyə tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməli olduğu halda tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Eyni zamanda iddianı rədd edən məhkəmə MPM-nin 82.3-cü maddəsinə istinad etmiş, halbuki qanunvericiliyin qeyd olunan maddəsində işdə iştirak edən şəxslərin başqa məhkəmə prosesində mübahisələndirilməsini və yenidən sübut edilməsinin yolverilməzliyindən bəhs edir. Lakin hazırkı işdə iddiaçı fərqlidir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (MPM-nin 385.1.1-ci maddəsi). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə aparmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Baxılan iş üzrə Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi 5-ci məhəllə Dübrar küçəsində yerləşən fərdi yaşayış evinin özbaşına tikili olduğu və qüvvədə olan məhkəmə aktı ilə cavabdehin azyaşlı uşaqları ilə həmin evə köçürülməsi işin mübahisəsiz halıdır. İddia tələbi əşyaların çıxarılması barədədir. İddia tələbinin qanuni əsası kimi isə Mülki Məcəllənin 159, 164, 165-ci maddələri nəzərdən keçirilə bilər. İşdən görünür ki, iddiaçı özünə məxsus olduğunu iddia etdiyi Sumqayıt şəhəri, H.Zeynalabdin Tağıyev qəsəbəsi 5-ci məhəllə Dübrar küçəsində yerləşən fərdi yaşayış evindən cavabdehə məxsus əşyaların çıxarılmasını tələb edir. Cavabdeh isə iddiaya etiraz edərək, mübahisəli evə qüvvədə olan məhkəmə aktına əsasən azyaşlı uşaqları ilə birlikdə yerləşdiyini, həmin evin iddiaçıya heç bir aidiyyəti olmadığı, əslində onun keçmiş həyat yoldaşına məxsus olduğunu bildirmişdir. Məlum olduğu kimi, sahiblik hüququ yalnız şəxsin özündə real olaraq mövcud olan əşya üzərində yaranır. Mülki Məcəllənin 164-cü maddəsinin mənasına görə, mülkiyyətçi öz əşyasını özgəsinin qanunsuz sahibliyindən geri qaytarmağı və öz mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələri aradan qaldırmağı tələb etmək hüquqları eynilə sahibə də mənsubdur. Mülki Məcəllənin 165.1-ci maddəsinə görə isə sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoyulmağı tələb edə bilər. Mövcud vəziyyətdə iddianın sahibliyin müdafiəsi çərçivəsində təmin edilməsi üçün həmin normaların zəruri dizpozisiya şərltəri – iddiaçının əşyanın sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Hazırkı işdə kommunal xidmətlərə dair abonent saldosunda iddiaçıya dair məlumatın yerləşdirilməsi onun həmin ev üzərində sahiblik vəziyyətinə dair nəticəyə gəlməsi üçün kifayət edici deyil. Çünki birinci instansiya məhkəməsi tərəfindən həmin evə baxış keçirilərkən də mübahisəli evin əvvəlki iş üzrə mübahisə predmeti olmuş yaşayış evi olduğu və həmin işdə də iddiaçının qardaşı və cavabdehin keçmiş əri Yusif Hüseynovun adına mübahisəli evə dair "xxxx" ASC və "xxxx" ASC Sumqayıt filialında abonent kodlarının qeydə alındığı müəyyən edilmişdir. Odur ki, mövcud vəziyyətdə həmin fakt (kommunal xidmətlərə dair abonent saldosu) öz-özlüyündə iddiaçının mübahisəli evə sahibliyin təsdiq edilməsi üçün yetərli olmamaqla, Mülki Məcəllənin 164.2, 165.1-ci maddələrinin zəruri dizpozisiya şərti baxımından cavabdehin əşyalarının yerləşdiyi ev üzərində iddiaçının sahibliyi müəyyən edilmədiyindən, onun tələbinin sahibliyin müdafiəsi baxımından, eləcə də cavabdehin qüvvədə olan məhkəmə aktı ilə həmin evə azyaşlı uşaqları ilə birlikdə köçürülməsi müəyən edildiyindən, iddia təmin oluna bilməz. Beləliklə, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 07 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı əşyaların evdən çıxarılması barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1600/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1600/2024
19.11.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver