Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1600/2025 23.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızının cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızının, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, 2(*6*)-42*3/2*25 nömrəli qətnaməsindən iddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin əvvəlki vəzifəsinə bərpa edilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, *1.12.1992-ci il tarixdə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə "Fortepiano" ixtisasi üzrə müəllimə vəzifəsinə işə qəbul edilmişdir. Cavabdeh təşkilatın *8.*4.2*25-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. 33 ildən artıqdır ki, bu müəssisədə qüsursuz fəaliyyət göstərmiş, əmək fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş, daim rəhbərlik tərəfindən təltif edilmişdir. Peşə fəaliyyəti və bilik bacarıqları ilə bağlı bu müddət ərzində ona heç bir nöqsan tutulmayıb. Son aylarda Respublikanın bütün musiqi məktəblərində müəllim heyətinin kütləvi ixtisarı həyata keçirilir. Belə ki, qondarma attestasiya tələləri ilə heç bir halı nəzərə almadan müəllimlər öz iş yerlərindən məhrum edilirlər. Barəsində aparılmış attestasiya nəticələri ilə razı deyildir, düzgün aparılmamışdır, qaydalara uyğun həyata keçirilməmişdir. Cavabdeh təşkilatın əmri ləğv edilməli və iddiaçı işə bərpa edilməlidir. Mübahisə ilə bağlı əvvəlcə Mediasiya təşkilatına müraciət etmişdir. Göstərilənlərə əsasən, Attestasiya komissiyasının iddiaçı barəsində rəyinin və X1 İdarəsinin Bül-bül adına 2 saylı uşaq incəsənət məktəbinin *8.*4.2*25-ci il tarixli əmrinin ləğv edilməsi, işə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, 2(*6*)-42*3/2*25 nömrəli qətnaməsi ilə (hakim Şəbməm Həxiyeva) iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *1 dekabr 1992-ci il tarixli əmrinə əsasən həmin məktəbdə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir. 13 mart 2*25-ci il tarixdə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində işçilərin attestasiyası keçirilmiş və Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin *8 aprel 2*25-ci il tarixli, 41 nömrəli əmrinə əsasən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano müəllimi Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Attestasiyanın tam audio-video yazısı məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən həmin audio-video yazıya baxış keçirilmiş, lakin yuxarıda qeyd edilən dəlillər üzrə attestasiyanın keçirilməsi zamanı bərabərlik və qərəzsizlik prinsiplərinin pozulması hallarına rast gəlinməmişdir. Məhkəməyə təqdim edilmiş attestasiya vərəqəsindən görünür ki, iddiaçıya tutduğu vəzifəyə uyğun olaraq suallar verilmiş və praktiki biliklərinin yoxlanılması məqsədilə piano alətində üzdən oxunun ifa olunması təklif edilmiş, lakin iddiaçı tərəfindən suallara verilən cavablar və əsərləri ifa etmə komissiya üzvlərini qane etməmiş, bu səbəbdən attestasiya komissiyasının üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmaması müəyyən edilmişdir. Qeyd edilənlər baxış keçirilmiş videogörüntüdə də təsdiq olunmuşdur. Qanunvericiliyin tələbinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsi əsaslardan biri olduğundan, cavabdehin iddiaçının işdən azad olunması barədə *8.*4.2*25-ci il tarixli əmri tam qanuni olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olduğundan, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halı müəyyən edilmədiyindən, *8.*4.2*25-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa edilməsi ilə bağlı irəli sürülmüş tələb tam əsassızdır və təmin edilməməlidir. Həmçinin, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində (tabeliyində) olduğundan təhsilverən müəllimlərin attestasiyası da məhz Nazirliyin müəyyən etdiyi qaydada həyata keçirilmişdir. İddiaçı iddia tələbində attestasiya qərarının (rəyinin) ləğvini qoyduğundan, attestasiyanı isə Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi həyata keçirmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi hazırki iddia tələbinin “attestasiya qərarının ləğvi” hissəsi üzrə subyektiv cavabdehlik daşıyan şəxs hesab olunmur.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65.1, 65.3, 65.4, 65.5, 65.6, 65.7, 67.1, 67.2, 7*, 288, 3**.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 1.2, 2.4, 2.6, 2.7, 3.1, 3.2, 3.3-cü maddələrinə instnad edərək iddianı təmin etməmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. İddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, 2(*6*)-42*3/2*25 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, *1.12.1992-ci il tarixdə cavabdeh təşkilatda "Fortepiano" ixtisasi üzrə "müəllimə" vəzifəsinə işə qəbul edilmiş, cavabdeh təşkilatın *8.*4.2*25-ci il tarixli əmri ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən işdən azad edilmişdir. 33 ildən artıqdır ki, bu müəssisədə qüsursuz fəaliyyət göstərmiş, əmək fəaliyyəti dövründə heç bir nöqsana yol verməmiş, daim rəhbərlik tərəfindən təltif edilmişdir. Peşə fəaliyyəti və bilik bacarıqları ilə bağlı ona bu müddət ərzində heç bir nöqsan tutulmayıb. Son aylarda Respublikanın bütün musiqi məktəblərində müəllim heyətinin kütləvi ixtisarı həyata keçirilir. Belə ki, qondarma attestasiya tələləri ilə heç bir halı nəzərə almadan müəllimlər öz iş yerlərindən məhrum edilirlər. Barəsində aparılmış attestasiya nəticələri ilə razı deyil, düzgün aparılmamış, qaydalara uyğun həyata keçirilməmişdir. Məhkəmə işə baxarkən cavabdeh təşkilatın nümayəndəsi məhkəmədə izahat verərkən də, onu intizamlı, işinə məsuliyyətlə yanaşan, işlədiyi müddət ərzində heç bir problem yaratmayan şəxs kimi xarakterizə etmişdir. Məhkəmədə həmçinin bildirmişdir ki, attestasiya keçirilən zaman həyəcanlı olmuş, ümumiyyətlə attestasiyanın keçirilməsi barədə məlumatlı olmadığı üçün və həyəcandan sualları yetərincə dərk etməmişdir. Hesab edir ki, onun uzun müddət qüsursuz fəaliyyəti və peşəkarlığı attestasiya komissiyası tərəfindən nəzərə alınmamışdır. Qanunun tələbinə əsasən tənbeh vermə qaydalarına əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Qanunvericiliyin tələbindən göründüyü kimi cavabdeh təşkilat ondan izahat almalı idi. Lakin bu barədə heç bir təklif edilməyib. Buna görə də göstərilən "nöqsanlara" qarşı öz dəlillərini təqdim edə bilməmişdir. Əmrdə izahat verməkdən imtina etməyi qeyd edilsə də, bu yanlış məlumatdır, bununla bağlı heç bir akt və ya başqa sənəd mövcud deyil və əmrə əlavə edilməmişdir. Cavabdeh təşkilatın bu hərəkətləri əmək qanunvericiliyinin kobud şəkildə pozulmasıdır və onun işçi kimi hüquqlarını kifayət qədər məhdudlaşdırmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları 1*. Məhkəmə kollegiyasının iclasında iddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, 33 il həmin məktəbdə çalışmış, şagirdlər yetirdirmiş, tələbələri müxtəlif konsertlərdə çıxış ediblər. 2* dəqiqənin içində müəllimlik fəaliyyətinə son qoyulub. Attestasiya zamanı stressli olmuşdur, təzyiq problemi olub, dərman qəbul edərək attestasiya imtahanına gəlmişdir. Onda səhnə fobiyası var. İmtahanda stressli olmuş, nəticədə həmin an bildiklərini unutmuşdur. Attestasiya komissiyasının üzvləri ifasını sonlandırmağa imkan vermədən hər dəfə onu dayandırıb daha çox həyəcanlanmağına səbəb olublar, ifa etməyinə imkan verməyiblər. Halbuki, normal halda ifa yekunlaşandan sonra nöqsanlar bildirilməlidir. Narahatlığı və təzyiq problemi ilə bağlı attestasiya komissiyasına imtahanı təxirə salmaları üçün müraciət etməməyinin səbəbi ondan ibarətdir ki, belə bir qayda yoxdur, komissiya üzvləri bunu qəbul etməzdilər. Konsertmeyster olaraq yalnız məktəb üzrə keçirilən konsertlərdə çıxış etmişdir. Dövlət səviyyəli konsertlərdə iştirak etmir, səhnədə çıxış edərkən stress keçirdiyi üçün həmin konsertlərə dəvət almır. Suallardan bəzilərinə cavab verdiyi halda, digərlərinə cavab verməmə səbəbi ondan ibarətdir ki, bir yerdən sonra suallara cavab verməkdən imtina etmişdir. İmtahana hazırlaşmamış, çünki imtahana hazırlaşmaq üçün zamanı olmamış, imtahanın keçirilib-keçirilməyəcəyi barədə dəqiq məlumat verilmirdi. Belə ki, gah keçiriləcəyini, gah da keçirilməyəcəyini bildirirdilər, imtahanın vaxtını biləndə isə digər işi ilə əlaqədar imtahana hazırlaşa bilməmişdir. Attestasiya proqramına tanış olması ilə bağlı müvafiq sənədə imza atmışdır. İmtahan suallarına cavab verdiyi halda attestasiya vərəqəsində cavab vermədiyini qeyd etmələri halı olmayıb. Suallara cavab verməmiş, çünki həyəcanlı olmuşdur. Onlara yenidən imtahana girmək üçün şərait yaradılmalı idi. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir.
11. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 İdarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, attestasiya proqramı dekabr ayından bütün ixtisaslar üzrə müəllimlərə təqdim edilib, proqramla tanış olmalarını imzaları ilə təsdiq ediblər. Ola bilsin ki, qarşı tərəf attestasiyanın müəllimləri işdən azad etmək məqsədi güdməməsi düşüncəsi ilə imtahana səthi yanaşıb və hazırlaşmayıb. İmtahanın videogörüntüləri var, oradan hər şey aydın olur. Attestasiya komissiyası qiymətləndirmə həyata keçirib işəgötürən isə müvafiq qərar qəbul etmişdir. İddiaçı fortepiano müəllimidir, fortepiano müəllimlərinə, konsertmeyster ixtisası da verilir. İddiaçı nəzəriyyə müəllimi deyil, lakin attestasiya zamanı ixtisasından asılı olmayaraq bütün müəllimlərə ümumi musiqi nəzəriyyəsindən suallar verilir. Fortepiano müəllimi olaraq iddiaçı klassiklərin əsərlərini şagirdlərə tədris etdiyi üçün onlarla bağlı məlumatlı olmalıdır. İxtisas proqramına müəllimi tədris etdiyi yeddi illik proqram daxildir, müəllim klassiklərin əsərlərini, onların quruluşunu, tonallığını bilməlidir, eyni zamanda imtahanda pedoqoji təcrübə ilə bağlı suallar da verilib.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. Əbdürrəhmanova Ülviyyə Hökmulla qızına məxsus İT-İ № 235*112 nömrəli əmək kitabçasının surətindən görünür ki, Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin *1.12.1992-ci il tarixli əmrinə əsasən Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinə fortepiano müəllimi kimi işə qəbul edilmişdir.
14. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin X1 İdarəsi ilə Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı arasında bağlanılmış *1 dekabr 1992-ci il tarixli əmək müqaviləyə əsasən Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinə fortepiano müəllimi vəzifəsinə işə qəbul edilmişdir.
15. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi tərəfindən verilmiş *8 aprel 2*25-ci il tarixli, 41 nömrəli əmrin surətindən görünür ki, Sumqayıt şəhər Bülbül adına nömrəli Uşaq İncəsənət məktəbinin fortepiano müəllimi Əbdürrəhmanova Ülviyyə Hökmulla qızı *8 aprel 2*25-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
16. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X1 idarəsi Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası üzrə 13.*3.2*25-ci il tarixli attestasiya vərəqəsindən görünür ki, Əbdürrəhmanova Ülviyyə Hökmulla qızının atestasiyası üzrə cavablarını komissiya – “əsərin ifası və təhlili: İ.Haydn Sonata №27 G Dur” – “zəif idi”, “Qammanın ifası: E Dur-cis moll” – “orta ifa idi”, “üzdən oxuma: D.Skarlatti Sonata e moll” – “Orta idi”, “Azərbaycan pianoçularından kimləri tanıyırsız: Nərgiz, Aziza” – “Cavab verə bilmədi”, “Xarici pianoçulardan kimləri tanıyırsız” – “Cavab verə bilmədi”, “Hansı məşhur müsabiqələri tanıyırsız”- “Müsabiqələrin adlarını sadalaya bilmədi”, “R.Şumanın fortepiano yaradıcılığı haqqında məlumat” - “Cavab verə bilmədi”, “M.Ravel haqqında məlumat”- “Heç bir məlumatı yoxdur”, “Vyana klassikləri haqqında məlumat”- “Adlarını sadaladı”, “L.V.Bethovenin neçə f-no sonatası var?”- “Cavab verə bilmədi”, “Vyana klassikləri öz sonatalarını hansı formada bəstələyiblər” – “Cavab verə bilmədi”, “Hansı musiqi formalarını tanıyırsız”- “Cavab verə bilmədi”, “F.Əmirovun fortepiano yaradıcılığı haqqında məlumat”- “Cavab verə bilmədi” kimi qeyd etmişdir. Səsvermənin nəticələrinə görə (lehinə- 1, əleyhinə -4) işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə Attestasiya olunan şəxsin tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.
17. 14.*5.2*25-ci il tarixli, MŞS/MT*3*/2*25-**734 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı 5* manat məbləğində mediasiya və 1* manat məbləğində kargüzarlıq xərci ödəmişdir.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2.3. Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 65.1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. 65.3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. 65.4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. 65.5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. 65.6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. 65.7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67.1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. 67.2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. a) Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 7*. “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
186. Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
187. İntizam tənbehinin verilməsi qaydaları
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
288. “x”. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının: 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; 1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir; 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. 3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.
2*. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 noyabr 2*11-ci il tarixli, 3-1 nömrəli qərarı ilə təstiq edilmiş Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid X2 2-ci hissəsində Uşaq musiqi (incəsənət, rəssamlıq, muğam və s.) məktəbinin müəllimi (konsertmeysteri) Əmək funksiyası. Tədris edilən incəsənət növünün müəyyən fəni üzrə spesifik xüsusiyyətlər nəzərə alınmaqla şagirdlərlə (tələbələrlə) təlim məşğələləri aparır. Tədris prosesində qəbul edilmiş müxtəlif formalardan, üsullardan və metodlardan istifadə edir. Keçdiyi incəsənət növünün fəni üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin (tələbələrin) onları baza səviyyəli tələblər əsasında mənimsənilməsini təmin edir. Tədris etdiyi fənə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlığından istifadə zamanı texniki təhlükəsizlik və istehsalat sanitariyası tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Həyata keçirilən metodik iş formaları üzrə fəaliyyət göstərir. Təlim prosesinin təkmilləşdirilməsinə dair təkliflər irəli sürür, peşə ixtisasının yüksəldilməsinə səy göstərir. Bilməlidir: uşaqların və gənclərin təhsili, təlim-tərbiyəsi üzrə normativ hüquqi aktları, dövlət proqramlarını; incəsənət növünün tədris etdiyi fənni üzrə təlimin məzmununu, fənnin tədris metodikasını və təşkili formalarını; pedaqoji fənlər silsiləsini, pedaqogikanı, psixologiyanı, fizioloji inkişafı və məktəb gigiyenasını; tədris otaqlarının texniki vasitələrlə təchiz olunmasına qoyulan tələbləri; əməyin elmi təşkilini; əməyin mühafizəsi, texniki təhlükəsizlik, istehsalat sanitariyası və yanğından mühafizə norma və qaydalarını.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın *4 may 2**7-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3* iyul 2**8-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz.
22. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.*.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri:
23. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, 2(*6*)-42*3/2*25 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, 2(*6*)-42*3/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırması ilə tam razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya şikayətində irəli sürülmüş dəlillərin hər birinə birinci instansiya məhkəməsi tam, ətraflı və əsaslı şəkildə hüquqi mövqeyini bildirmişdir.
26. Bununla yanaşı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq qeyd edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçı attestasiya zamanı həqiqətən də iş materiallarına əlavə edilmiş 13.*3.2*25-ci il tarixli attestasiya vərəqəsində olan məlumatların həqiqətə uyğun olduğunu etiraf etməklə, bu halın attestasiya zamanı həyəcanlı olması ilə əlaqədar olduğunu iddia etmişdir. Hərçənd ki, qeyd edilən səbəb həmin attestasiyanın nəticələrinə təsir edən hal kimi çıxış etməməkdədir.
27. İddiaçı attestasiyanın düzgün aparılmadığını, qaydalara uyğun həyata keçirilmədiyini iddia etsə də buna dair hər hansı bir arqument irəli sürə bilməmişdir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, attestasiya proqramı bir neçə ay əvvə bütün ixtisaslar üzrə müəllimlərə təqdim edilmiş, iddiaçı da proqramla tanış olmasını imzası ilə təsdiq etdiyini izahatında bildirmişdir. Həmçinin, 27.12.2*24-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin təhsilverənlərin attestasiya proqramı yerləşdirilmişdir. Attestasiya isə Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmiş, Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin işçilərin attestasiyası üzrə 13.*3.2*25-ci il tarixli attestasiya vərəqəsinə əsasən işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə onun tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.
28. Bundan başqa iddiaçı tənbeh vermə qaydalarına əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürənin ondan izahat almalı olmasına baxmayaraq, ondan izahatın alınmamasını, əmrdə izahat verməkdən imtina etməsinin qeyd olunmasını, bunun isə yanlış məlumatolmasını iddia etmişdir ki, iddiaçının bu dəlilləri də əsassız olmuşdur. Belə ki, əvvəla əmrdə iddiaçının izahat verməkdən imtina etməsinə dair hər hansı bir qeyd olmamışdır. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 186-cı maddəsinin tələbinə əsasən əmək müqaviləsinin bu Məcəllənin 7*-ci maddəsinin “c” bəndi ilə ləğv edilməsi intizam tənbehi hesab edilməməklə, yalnız Əmək Məcəllənin 7*-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsi intizam tənbehi hesab edilr. Buna görə də Əmək Məcəlləsinin 187ci maddəsinin tələbinə müvafiq olaraq da işəgötürənin işçidən yazılı izahatın verilməsini tələb etməsinə də zərurət olmamışdır.
29. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuş, apellyasiya şikayətinin dəlləri isə əsassız olmuşdur. Buna görə də apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, 2(*6*)-42*3/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 3*. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.*.2, 392-393, 4*2-4*3, və 4*5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
İddiaçı Əbdürrəhmanova Ülviyyə Hökmulla qızının apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin *4.*9.2*25-ci il tarixli, 2(*6*)-42*3/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.