Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1602/2025 03.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3081/2025 nömrəli, 25 avqust 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, iddiaçının azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən üçmərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə faktiki nikaha daxil olmaqla ailə həyatı qurmuş, xx.xx.2015-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki övladı vardır: xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4. Ağcəbədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(017)-662/2022 nömrəli qətnaməsi ilə cavabdehlə aralarında xx.xx.2015-ci il tarixdə Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış, 460 nömrəli akt qeydi ilə rəsmiləşdirilimiş nikahın pozulmasına və xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması qət edilmişdir. Nikahdan sonra iddiaçı cavabdehin valideynlərinə məxsus evə gəlin köçmüşdür. Bir müddət birlikdə yaşadıqdan sonra cavabdehin valideynləri öz həyətlərində yeni ev tikintisi üçün tərəflərə torpaq sahəsi ayırmışdır. Cavabdeh tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətə belə bir cavab məktubu gəlmişdir: “Sizin müraciətinizə şəhər İcra hakimiyyətində baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən, sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyətinə) məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya isitfadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə layihəyə dair irad Sifarişçiyə təqdim edilmədikdə, Sifarişçi tikinti işlərinə başlaya bilər”. Evin tikintisinə 2018-ci ilin iyun ayından başlanılıb və tərəflər ayrılana qədər davam edib. Ev 2 mərtəbə və 1 mərtəbə mansar olmaqla 3 mərtəbədən ibarətdir. 1-ci mərtəbəsi idman zalı kimi nəzərdə tutulmuşdur. Ümumilikdə isə 6 otaqdan ibarətdir. İddiaçı Abışıova Pərvanə Hüseyn qızının Cavabdeh ilə birgə nikah dövründə ümumi birgə gəlirlər hesabına inşa etdirdikləri ünvan 1 ünvanında yerləşən üçmərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə xərcin - 60000 manat məbləğində pulun 1/2 hissəsi üzərində iddiaçının, 1/2 hissəsi üzərində cavabdehin paylarının müəyyən edilməsi və iddiaçının azyaşlı övladları ilə birlikdə həmin evə köçürülməsi barədə iddia tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-931/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən üçmərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə xərcin - 53000 manat məbləğində pulun 1/2 hissəsi üzərində İddiaçı və 1/2 hissəsi üzərində Cavabdeh paylarının müəyyən edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “əmlakın bölünməsi tələbi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilməməsi qət edilmişdir. Bu isə iddiaçıya evin hazırki bazar qiymətinin yarısı məbləğində pul məbləğinin verilməsi deməkdir. İddiaçı isə bununla razılaşmır. Evə çəkilmiş xərclər tərəflər arasında bərabər bölünsə də, iddiaçı bu günə qədər öz payına düşən hissəni almamışdır. Almaq niyyətində də deyildir. Sözügedən evə azyaşlı övladları ilə birlikdə köçürülmək istəyir. Gələcəkdə sözügedən evə dair çıxarış aldıqdan sonra paylarının bərabər bölünməsi tərəfdarıdır. Hazırda iddiaçının azyaşlı övladları ilə yaşamağa yeri yoxdur. İddiaçı nikahları dövründə sözügedən mənzildə yaşamış, nikahları pozulduqdan sonra sözügedən mənzildən çıxmağa məcbur olmuşdur. Mübahisəli mənzilə dair aralarında hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
3. Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakim V.Şirəliyeva) İddiaçı Cavabdeh qarşı İddiaçı azyaşlı övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən üçmərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evə köçürülməsinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının köçürülməsini tələb etdiyi evin özbaşına tikili olması, təcrübədə bu cür tikililərə köçürülmə üçün həmin tikillərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığı halda hüquq əldə etmədən həmin tikillərə köçürülmənin mövcud olduğu, iddiaçının azyaşlı övladları ilə birlikdə istifadəyə yararsız və yarıtikili vəziyyətdə olan evə köçürülmələrinin hüquqi baxımdan düzgün olmayacağı, həmin tikilinin dəyərinin müəyyən hissəsi üzərində iddiaçının payı hüququnun tanındığından, həmin vəsait hesabına iddiaçının özünün yaşayış sahəsinə olan ehtiyacını qarşılamaq imkanının olması ilə əsaslandırmışdır.
5. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1, 180.2, Mənzil Məcəlləsinin 30.4, 30.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə Mülki Məcəllənin 180ci maddəsini tətbiq etsə də, həmin maddəni nəinki səhv təfsir etmiş, hətta onu təhrif edərək tətbiq etmişdir. Məhkəmə bu qənaətə gəlmişdir ki, hazırki iş üzrə mübahisə predmeti olan əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak olması işin mübahisəsiz halıdır. İddia tələbi evə köçürülmə barədədir. İddiaçının köçürülməsini tələb etdiyi fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməməklə özbaşına tikilidir. Halbuki, Mülki Məcəllənin 180.1-ci maddəsində göstərilmişdir ki, bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı əmlak hüquqlarının, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyildir. Halbuki, həmin maddədə mülkiyyət hüququndan söhbət gedir və özbaşına tikilidən istifadə hüququnu məhdudlaşdıran hər hansı bir qadağanedici norma yoxdur və məhkəmə təcrübəsində özbaşına tikiliyə köçürülmə barədə iddia tələblərinin təmin olunmasının minlərlə nümunəsi vardır. Məhkəmə özü də öz gəldiyi nəticəni təkzib edərək qətnamədə göstərmişdir ki, Mülki Məcəllənin 180-ci maddəsinin mənasına görə özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar göstərilməmişdir. Hazırkı işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər - yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla ona vəsait qoyan şəxsin əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, həmin şəxsin ev üzərində mülkiyyət haqqı yaranmasa da, onun həmin evlə bağlı sahib olduğu əmlak hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər. Məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə ziddiyyətlidir. Bir tərəfdən məhkəmə qeyd edir ki, özbaşına tikiliyə istifadə hüququ tanına və iddiaçı ora köçürülə bilməz, digər tərəfdən isə qeyd edir ki, o halda təmin oluna bilər ki, iddiaçının başqa yaşayış yeri olmasın. Bu halda sual olunur iddiaçının başqa yaşayış yerinin olması barədə qənaətə məhkəmə hansı sübutlar əsasında gəlmişdir. Halbuki, məhkəmədə ona verilən suala iddiaçı kirayədə yaşaması barədə cavab vermişdir. Məhkəmə öz qətnaməsini həm də onunla əsaslandırmışdır ki, mənzilə köçürülmə barədə tələbin mahiyyəti məhz şəxsin yaşayış sahəsinə olan ehtiyacını aradan qaldırmaqdır. Halbuki, köçürülmə tələb olunan fərdi yaşayış evi istifadəyə yararsızdır. Qeyd olunan hal cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkil və video-disk əsasında müəyyən olunur. İddiaçının azyaşlı övladları ilə birlikdə istifadəyə yararsız və yarıtikili vəziyyətdə olan mübahisəli evə köçürülmələri hüquqi baxımdan düzgün olmayacaqdır. Belə ki, iddiaçının istismara yarasız vəziyyətdə olan, qapısı, pəncərəsi belə olmayan evə köçürülməsi formal məhkəmə qətnaməsinin qəbul edilməsi və gələcəkdə qətnamənin icra edilməsinin mümkünsülüyü ilə nəticələnəcəkdir. Əvvəla, məhkəmə həmin mənzilə yerli baxış keçirməmiş, təqdim olunan şəkillərin nə vaxta aid olduğu aydınlaşdırılmamışdır. İkincisi qeyd etmək lazımdır ki, iddiaçı məhkəmə qərarı əsasında həmin mənzilə köçdükdən sonra həmin mənzili yaşayış üçün yararlı hala gətirəcəkdir. Hazırda ona cavabdeh mane olur. Digər tərəfdən iddiaçı həmin mənzildə azyaşlı övladları ilə mənzilin hazırki şəraitinə uyğun da yaşaya bilər. Məhrumiyyətlər iddiaçıya orada fiziki olaraq yaşamaqla bağlı çətinlik yarada bilsə də, onun iddiasının təmin olunmamasına əsas verə bilməz. Məhkəmə nəzərə almamışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən iddiaçının həmin evin tikilməsinə sərf olunmuş vəsaitin yarı hissəsinə mülkiyyət hüququ tanınmışdır. Həmin qətnaməyə diqqət yetirilərsə aydın olar ki, iddiaçı cavabdehdən tikiliyə çəkilmiş pulun yarı hissəsinin ona verilməsi tələbi irəli sürməmişdir. Qanunun analogiyası qaydalarına əsasən, bu, kooperativdəki payın bölgüsü ilə eynidir. Mülki Məcəllənin 180.3-cü maddəsi özbaşına tikiliyə mülkiyyət hüququnun tanınmasının mümkünlüyünü nəzərdə tutur. Bu isə, o deməkdir ki, gələcəkdə həmin tikiliyə mülkiyyət hüququ tanındıqda iddiaçı tikiliyə çəkilmiş vəsaitin yarı hissəsinə mülkiyyət hüququ tanınmış subyekt olaraq həmin tikilinin yarı hissəsinə də mülkiyyət hüququ ələ edə biləcəkdir. Başqa sözlə idddiaçının həmin mənzilin yarı hissəsinə potensial mülkiyyət hüququnun yaranmasına qanuni gözləntisi vardır. Bu isə, o deməkdir məhkəmə həm də iddiaçının potensial mülkiyyət hüququnu pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.
10. Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməsə də, mübahisəli fərdi yaşayış evinin dam örtüyünün hazır olduğunu, evdə suvaq işlərinin yekunlaşdığını, otaqların bütün pəncərələrinin yerləşdirildiyini, xırda təmir işlərinin qaldığını bildirərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Maddə 1 2 5 . Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
13. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
14. Məhkəmə kollegiyası tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2025ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir.
16. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini iddiaçının köçürülməsini tələb etdiyi evin özbaşına tikili olması, təcrübədə bu cür tikililərə köçürülmə üçün həmin tikillərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığı halda hüquq əldə etmədən həmin tikillərə köçürülmənin mövcud olduğu, iddiaçının azyaşlı övladları ilə birlikdə istifadəyə yararsız və yarıtikili vəziyyətdə olan evə köçürülmələrinin hüquqi baxımdan düzgün olmayacağı, həmin tikilinin dəyərinin müəyyən hissəsi üzərində iddiaçının payı hüququnun tanındığından, həmin vəsait hesabına iddiaçının özünün yaşayış sahəsinə olan ehtiyacını qarşılamaq imkanının olması ilə əsaslandırmışdır.
17. Bu nəticədən narazı qalan İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya qaydasında mübahisələndirmişdir.
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
19. Tərəflərin 2015-ci ildən rəsmi nikaha daxil olmaları, bu nikahlarından xx.xx.2015ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X2 olması və nikahlarının məhkəmə qətnaməsinə əsasən pozulması işin mübahisəsiz halıdır.
20. İşin digər mübahisəsiz halına görə əvvəlki məhkəmə aktı ilə tərəflərin birgə nikah dövründə birgə vəsaiti hesabına inşa etdikləri ünvan 2 ünvanında yerləşən üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət evin tikintisinə çəkilmiş 37049 manat məbləğ üzərində iddiaçının payı müəyyən edilmişdir.
21. Baxılan iş üzrə iddia tələbi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməmiş fərdi yaşayış sahəsinə iddiaçının azyaşlı övladları ilə birlikdə köçürülməsi barədədir.
22. Məlum olduğu kimi, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarının ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Bu maddəyə görə özbaşına tikinti hesab edilən yaşayış evinə hər hansı mülkiyyət hüququnun, o cümlədən istifadə hüququnun əldə edilməsi, yaxud belə tikilinin yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi mümkün deyil.
23. Bununla yanaşı, Mülki Məcəllənin 180-cı maddəsi özbaşına tikinti hesab edilən yaşayış sahəsindən istifadəni qadağan etmir, yəni həmin maddədə bunu qadağan edən müddəalar nəzərdə tutulmamışdır. Hazırki işdə mübahisə predmeti olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsə də, bir iqtisadi dəyər-yaşayış ehtiyacını qarşılayan tikili kimi mövcud olmaqla iddiaçının əmlak hüquqlarının bir hissəsidir. Başqa sözlə, iddiaçının həmin ev üzərində mülkiyyət haqqı yaranmasa da, sonuncunun həmin evlə bağlı sahib olduğu pay (əmlak) hüquqları mülkiyyət kimi qiymətləndirilə bilər.
24. Qeyd olunmalıdır ki, iddiaçının köçürülməsini arzuladığı mübahisəli ev dövlət reyestrində qeydiyyatdan keçməyən tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə, tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər onun taleyini həll etmək məhz tikintiyə xərc çəkmiş şəxs (şəxslərə) məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialları başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və s. hüquqlar əşya sahibinə məxsusdur. Bu hüquqlar ona vəsait xərcləməyən digər şəxsin hüquqları ilə yüklü edilə bilməz.
25. Mülki Məcəllənin özbaşına tikili ilə bağlı müddəaları mülkiyyət hüququnun ilkin tanınması ilə bağlıdır və bu hüququnun tanınması müəyyən şərtlərlə mümkündür. Lakin bu işdə mübahisə mülkiyyətin ilkin əldə edilməsi deyil, artıq məhkəmə aktı ilə mübahisəli tikili üzərində çəkilmiş vəsaitə görə müəyyən edilmiş pay hüququnun realizəsi ilə bağlıdır. Çünki, əvvəlki məhkəmə aktı ilə tikiliyə çəkilmiş xərcdə ½ payın müəyyən edilsə də, həmin payın pul formasında ödənilməsi barədə konkret göstəriş nəzərdə tutulmamışdır. Odur ki, şəxsin özbaşına tikilidə çəkilmiş vəsaitə görə payı müəyyən edildikdə, həmin pay faktiki hüquq münasibətlərində nəzərə alınmalı və tərəflər arasında balans təmin edilməlidir.
26. Mülki Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.
27. Nəzərə alınmalıdır ki, qüvvədə olan məhkəmə aktı ilə iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində əmlak xarakterli maddi pay hüququ tanındığından, sonuncunun bu halda həmin daşınmaz əmlakdan istifadə (yaşayış) hüquqda yaranmış olur.
28. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş və tanınmış əmlak xarakterli pay hüququ yalnız formal xarakter daşımamalı, onun real və səmərəli həyata keçirilməsi təmin olunmalıdır. Əks halda, həmin əmlak üzərində iddaçının tanınmış pay hüququ faktiki olaraq nəticəsiz qalır ki, bu da mülki hüququn effektiv müdafiəsi prinsipinə ziddir.
29. Azərbayca Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
30. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, hər kəsin mənzil hüququ var və dövlət bu hüququn həyata keçirilməsi üçün tədbirlər görür.
31. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təqdim edilmiş çəkilmə tarixi bəlli olmayan və həqiqəti əks etdirməyən fotoşəkillərdən fərqli olaraq tərəflərin birgə vəsaitləri hesabına inşa edilmiş mübahisəli fərdi yaşayış evi üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət olmaqla yararsız vəziyyətdə olmadığı, həmin evin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməyən yeni tikili olmaqla, evin hörgü işlərinin tamamlandığı, dam örtüyünün vurulduğu, daxilindəki suvaq, üst və alt döşəmə işlərini tam başa çatdırılmaqla, evin bütün otaqların pəncərə sistemi, eləcə də həyətə giriş hissədə olan çöl qapının belə quraşdırıldığı tərəflərin izahatlarında da bir daha öz təsdiqini tapmışdır.
32. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (14.2., 77.1 və 88ci maddələri).
33. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlar, ekpertlərin rəyləri, yerində müayinə keçirməklə, səs və video yazıları, şahidlərin ifadələri o cümlədən, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPMnin 76.1, 76.2-ci maddələri)
34. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-nin 106.1-ci maddəsi).
35. Məhkəmə kollegiyası tərəflərin o cümlədən, cavabdehin izahatında verdiyi məlumatları iş üzrə toplanmış digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək hesab edir ki, həmin məlumatlar digər sübutlarla öz təsdiqini tapdığından, iddianın ədalətli həlli baxımından mötəbər sübut növü kimi qiymətləndirilməlidir.
36. Həmçinin o da nəzərə alınmalıdır ki, iddiaçı iki azyaşlı qız övladları ilə birlikdə başqa yaşayış yerinə malik deyildir. Bu hal iddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi kirayə müqaviləsində də bir daha öz təsdiq tapmışdır. Sözügedən müqavilədən görünür ki, sonuncunun başqa yaşayış yeri olmadığından, o, iki azyaşlı uşaqları ilə birlikdə kirayə mənzildə yaşayır. Bu halda iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi onun məhkəmə aktı ilə daşınmaz əmlak olan tikilidə tanınmış pay (əmlak) hüququnun real təmin olunması kimi qiymətləndirilməlidir.
37. Bu vəziyyətdə iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməyən yaşayış sahəsinə köçürülməklə istifadəsinin təmin olunmaması onun konstitusion mənzil hüququnun faktiki olaraq pozulmasına gətirib çıxara bilər. Əksinə iddiaçının azyaşlı övladları ilə birlikdə mübahisəli fərdi yaşayış evinə köçürülməsi onun həmin əmlakda əldə etdiyi pay hüququnun realizəsinin ən adekvat və proporsional təminat forması hesab edilməlidir.
38. Göründüyü kimi, iddiaçının azyaşlı uşaqları ilə köçürülməsini arzuladığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməsə də, həmin fərdi yaşayış evi tərəflərin birgə nikah dövründə birgə əməyi və zəhməti hesabına onların yaşayış ehtiyaclarını təmin etmək məqsədilə inşa edilmiş, sonuncu da bu evi özü üçün yeganə yaşayış yeri hesab etmişdir. Lakin cavabdeh tərəfindən onun həmin evə buraxılmaması faktiki olaraq yaşayış sahəsindən istifadə (yaşamaq) hüququnu məhdudlaşdırmışdır.
39. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, başqa yaşayış sahəsi olmayan və mövcud yaşayış sahəsinə ehtiyacı olan iddiaçının əməyi və zəhməti hesabına başa gəlmiş həmin yaşayış sahəsinə köçürülməməsi barədə aşağı instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab oluna bilməz.
40. Məhkəmə kollegiyası apellyasiya şikayəti üzrə dəyərləndirmə apararaq, mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağı instansiya məhkəməsi mübahisəni həll edərkən tərəflər arasında qarşılıqlı münasibətləri üzrə düzgün qiymətləndirmə aparmamış, işin faktiki halları tam, hərtərəfli araşdırmamış, nəticədə qanuni və əsaslı qətnamə qəbul etməmişdir.
41. Bu baıxmdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı azyaşlı övladları ilə birlikdə ünvan 3 ünvanında yerləşən üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət fərdi yaşayış evinə köçürülməlidir.
42. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
43. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri).
44. Beləliklə məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt şəhər Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. İddiaçı azyaşlı övladları ilə birlikdə ünvan 3 ünvanında yerləşən üç mərtəbəli (iki mərtəbə və mansard), 6 otaqdan ibarət fərdi yaşayış evinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.