Məhkəmə qərarları › İş №2(105)-1603/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1603/2021

30.06.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1603/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, cavabdehin vəkili X1, üçüncü şəxs X5 Xidmət Quba Regional ərazi şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı dərs yükünün bərpa edilməsi, və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi tələbinə dair mülki iş üzrə Siyəzən rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 2(059)-59/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Siyəzən rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim B.Ələkbərov) İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı dərs yükünün bərpa edilməsi və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı cavabdeh Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziyasına qarşı dərs yükünün bərpa edilməsi, və dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdeh tərəfindən təmin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mövcud olmuş 15 saat riyaziyyat fənni və 3 saat fakültativ qrup məşğələ üzrə tədris saatları, cəmi 18 saat dərs yükünün bərpa edilməsi, məktəbin 2020-2021-ci tədris ili üçün müəllimlərin dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdehdən tələb edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 01 sentyabr 2001-ci il tarixindən riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlamış, 16 sentyabr 2004-cü il tarixdə keçmiş Siyəzən şəhər əsas internat məktəbinə (hazırki Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya) 15 saat riyaziyyat fənni tədris etməklə müəllim təyin olunmuşdur. 2019-2020-ci tədris ili üçün 16 sentyabr 2019-cu il tarixindən 18 saat, o, cümlədən 15 saat riyaziyyat, ixtisaslı müəllim olmadığına görə 3 saat informatika fənnindən dərs yükü ilə təmin olunmuşdur. O, hal-hazırda adı çəkilən gimnaziyada işləyir. Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya da 02 oktyabr 2019-cu il tarixdə direktor fəaliyyətinə başlamış X2, onunla bağlanmış əmək müqaviləsinin şərtlərini, o cümlədən, əmək qanunvericiliyinin tələblərini öz xeyrinə pozması nəticəsində 2004-cü il tarixindən tədris etdiyi riyaziyyat fənni üzrə dərs saatları 15 saatdan 10 saatadək azaldılmışdır. Belə ki, 2019-2020-ci tədris ilində 15 saat riyaziyyat fənni və guya müəllim olmadığından (X6 informatika ixtisaslı müəllimdir) vakansiya üzrə 3 saat informatika fənni də ona həvalə olunmuşdur. Lakin, bir müddətdən sonra direktor ondan 3 saat və digər iki müəllimdən də 3 saat olmaqla, ümumilikdə 6 saat informatka dərs yükünü geri alaraq 01 noyabr 2019-cu il tarixindən özü tədris etməyə başlamışdır. Aynurə Dadaşovanın əmək qanunvericiliyinin tələblərini pozaraq, qanunsuz dərs bölgüsü aparması, fakültativ qrup məşğələlərini öz mənafeyinə uyğun bölüşdürməsi barəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinə və Ali hakimiyyət orqanlarına etdiyi müraciətlərə aidiyyəti təşkilatlarda heç bir tədbir görülmədiyinə görə, direktor ondan qisas almaq qərarına gələrək, 19 il fasiləsiz tədris etdiyi 15 saat dərs yükünü qərəzli şəkildə azaltmaqla, 10 saata endirmişdir. Direktor özü informatika ixtisası üzrə müəllim olmasına baxmayaraq, 5 saat informatika fənnini vakansiya verərək, riyaziyyat müəllimlərinə aid dərs saatlarını öz üzərinə götürmüşdür. Hansı ki, informatika fənnini ixtisaslı müəllim kimi özü tədris edə bilərdi. Baxmayaraq ki, Təhsil Naziri çıxışlarında dəfələrlə vurğulamışdır ki, “Müəllimlik peşəsində işləyən müəllimlərin əmək haqlarının yüksək olması üçün çalışmalıyıq. Hər müəllimin əmək haqqısı onların dərs dediyi saatla bağlıdır. Bu saatların azaldılması hesabına vakansiya yerləri ayrılmamalıdır”. Lakin, bütün bu tələblərə baxmayaraq, direktor 5 saat riyaziyyat fənnini əlindən alaraq, diaqnostik balı az, yəni 18 bal olduğuna görə onu az dərs yükü ilə təmin etdiyini bildirir. Amma, məktəbdə digər müəllimlər arasında dərs bölgüsü onların diaqnostik ballarına uyğun mütənasib bölünməmişdir, Başqa sözlə, direktor özünün dediyi kimi, öz istəyinə uyğun olaraq, ona bu həcmdə dərs saatı vermişdir. Diaqnostik balı az olan digər müəllimləri yüksək dərs saatı ilə təmin etməsinin səbəbini direktordan soruşduqda, həmin fənn üzrə bir ixtisas müəlliminin olduğunu bildirir. Onda sual olunur ki, həmin müəllimlərə topladıqları bala görə 5 saat dərs yükü düşdüyü halda, həmin fəndən niyə vakansiya çıxarılmır? Amma riyaziyyat müəllimi sıxlığı mövcud olan bir məktəbdə informatika fənnini vakansiya çıxarır. X6 ixtisaslı kadr olduğundan, bu fənni özü tədris edə bildiyi halda, əsassız vakansiya çıxararaq, bunun əvəzinə riyaziyyat fənni üzrə dərs saatlarını öz xeyrinə ondan qərəzli olaraq almışdır. Bununla da cavabdeh direktor 19 il pedaqoji stajı olan bir müəllimin bu illər ərzində çəkdiyi əzab-əziyyəti heçə endirərək, müəllim adına yaraşmayan əməllərlə məşğul olur. Habelə, direktor tərəfindən dərs bölgüsü müəllimlərin, savadı, metodik vərdişləri, təcrübəsi və dərs tədris etmə keyfiyyətləri nəzərə alınmaqla deyil, yalnız özünün şəxsi mülahizəsinə və onun əmrləri ilə sözsüz oturub-duran müəllimlərə münasibəti əsasında aparılaraq, onları yüksək dərs saatları ilə təmin edir. Məktəbin illik dərs bölgüsünü özü istədiyi müəllimlərlə tərtib edir. Karantin rejimini bəhanə gətirib məktəbə aid ümumi məsələləri hər hansı pedoqoji şuranın iclası çağırmadan istədiyi müəllimlərlə birlikdə həll etdiyinə görə hazırda onun 15 saat riyaziyyat fənnindən dərs saatı 10 saata endirilmiş və şikayət etməməsi üçün 6 saat tərbiyəçilik işi ona həvalə edilmişdir. Buna baxmayaraq, yenə də bir müəllimin ən azı haqqı çatan 18 saat dərs yükü alınmır. Direktorun ona qarşı qərəzli münasibəti müəllim həmkarı Ceyran Rəhbərinin məktəbdə olan qanunsuzluqlar haqqında şikayətlərində göstərdiyi faktların həqiqətən mövcudluğu üçün şahidlik etməsindən sonra yaranmışdır. Hesab edir ki, məhkəmə direktorun qanunsuz dərs bölgüsü işini araşdıraraq, ondan əsassız alınan 5 saat dərs yükünü qaytarmalı və bir müəllimin haqqı çatan ən azı 18 saat, o cümlədən, 15 saat riyaziyyat fənninin tədrisini və 3 saat fakultativ məşğələnin ona verilməsini təmin etməlidir. Habelə məhkəmənin nəzərinə çatdırır ki, direktor törətdiyi bu qanunsuzluqları əmək qanunvericiliyi ilə müəyyən edilmiş qayda və tələbləri kobud şəkildə pozmaqla həyata keçirmişdir. Məsələn, məktəbin adı dəfələrlə dəyişdirilib hazırda Siyəzən şəhəri İnteqrasiya təlimli internat tipli gimnaziya adlansa da, bu dəyişikliklə əlaqədar onunla məktəb rəhbərliyi arasında yenidən hər hansı müqavilə bağlanmamış, hətta bu barədə əmək kitabçasında hər hansı qeyd aparılmamışdır. Əlavə olaraq qeyd edir ki, Aynurə Dadaşova məktəbə direktor təyin olunandan sonra dəfələrlə tələb olunmasına baxmayaraq, müəllimlərin diaqnostik balına uyğun dərs bölgüsü cədvəli hər kəsin görə biləcəyi yerdən asılmamışdır. Bu fakt isə məktəbdə direktor tərəfindən müəllimlər arasında ayrı-seçkilik salınmaqla, eləcə də, diaqnostik balın və müəllimlərin dərs saatı gizlədilməklə, heç də hər bir müəllimə diaqnostik balına, savad və təcrübəsinə görə dərs saatı ayrılmamasına dəlalət edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Siyəzən rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozmaqla qəbul olunmuşdur. Məhkəmə qətnamə çıxararkən mülki iş üzrə dəlillərə və sübutlara düzgün qiymət verməmişdir. Qətnamə əsassız, ədalətsiz və qanunsuzdur. Məhkəmə gəldiyi nəticə üçün bütün faktiki halları aydınlaşdırmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin vəkili X7 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən üçüncü şəxs X5 Xidmət Quba Regional ərazi şöbəsinin nümayəndəsi X9 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçıya verilməli dərs yükü diaqnostik qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilməsi, bununla əlaqədar təhsil və ya əmək qanunvericiliyinin pozulmaması, iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması halının istisna edilməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən qanunsuz dərs bölgüsü aparıldığını əsas gətirərək, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, mövcud olmuş 15 saat riyaziyyat fənni və 3 saat fakültativ qrup məşğələ üzrə tədris saatları, cəmi 18 saat dərs yükünün bərpa edilməsi, məktəbin 2020-2021-ci tədris ili üçün müəllimlərin dərs bölgüsü cədvəlinin sərbəst, maneəsiz məlumat alına biləcəyi yerdə asılmasının cavabdehdən tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.22-ci bəndinə əsasən təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən etmək təhsil sahəsində dövlətin vəzifələrindəndir. “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2010-cu il tarixli, 215 nömrəli qərarına əsasən bütün tipdən olan ümumtəhsil məktəblərində, gimnaziya və liseylərdə, peşə məktəbləri və peşə liseylərində müəllimlərin 1 (bir) stavka dərs yükü – 18 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkanı aşmamalıdır), idman və incəsənət məktəblərində müəllimlərin, məktəbdənkənar təhsil müəssisələrində dərnək rəhbərlərinin həftəlik 1 (bir) stavka dərs yükü - 12 saat (bu zaman həftəlik dərs yükü 3 (üç) stavkanı aşmamalıdır) müəyyən edilmişdir. İşin araşdırılan hallarından görünür ki, gimnaziyanın direktoru Aynurə Dadaşova tərəfindən 2019-2020-ci il tədris ili üçün dərs bölgüsünün aparılmasında əmək qanunvericiliyinin tələbləri gözlənilmiş, 2020/2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin İ-Xİ siniflər üzrə əsas tədris planı müvafiq qaydada təsdiq edilmiş, habelə fənlər və siniflər üzrə saat bölgüsü aparılmış, o cümlədən gimnaziyanın riyaziyyat müəllimi İddiaçı Vİİ sinifdə 5 saat, Vİİİ sinifdə 5 saat olmaqla, cəmi 10 saat və 0,25 st tərbiyəçilik saatı ilə təmin olunmuş, habelə bu müvafiq əmrlə rəsmiləşdirilmişdir. Bundan əlavə, verilməli dərs yükü diaqnostik qiymətləndirilmənin nəticələrinə əsasən müəyyən edilmiş, bununla əlaqədar təhsil və ya əmək qanunvericiliyi pozulmamışdır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekpertlərin rəyləri ilə, yeində müayinə keçirməklə, səs və video yazıları il, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən olunur. (Azərbaycan Respublikası MPM-nin 76.1, 76.2-ci maddələri) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Mahmudovun Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Göründüyü kimi, öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyan iddiaçı heç bir tutarlı sübut təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Siyəzən rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Siyəzən rayon məhkəməsinin 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar