Məhkəmə qərarları › İş №2(105)-1603/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1603/2025

18.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1603/2025 18.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı Ərizəçi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qəyyum təyin edilmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6908/2025 nömrəli, 14 oktyabr 2025-ci il tarixli qərardadından iddiaçı Ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qərardadı ilə (hakim P.İmamverdiyeva) iddiaçı Ərizəçi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qəyyum təyin edilmə tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi, Ərizəçi aidiyyəti inzibati məhkəməyə müraciət hüququnun izah olunması qərara alınmışdır. İddiaçı Ərizəçi qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 oktyabr 2025-ci il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6908/2025 nömrəli, 14 oktyabr 2025-ci il tarixli qərardadından iddiaçı Ərizəçi xx.xx.2025-ci il tarixdə verdiyi eyni məzmunlu şikayət təmin edilməməsi və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 09 dekabr 2013-cü ildə anadan olmuş nəvəsi X5 üzərində qəyyum təyin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilərək baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli, 2(060)-6908/2025 nömrəli qərardadı ilə “iddiaçı Ərizəçi cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı qəyyum təyin edilmə tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi” qərara alınmışdır. O, məhkəmənin bu iş üzrə qəbul etdiyi qərardadı ilə razılaşmır. Məhkəmə ərizənin icraata qəbul edilməsindən imtina olunmasını onunla əsaslandırmışdır ki, 1) Sumqayıt Şəhər İcra Hakimiyyəti inzibati orqandır; 2) Mübahisənin predmeti ümumi (publik) hüquq sahəsinə aid olan məsələyə aiddir; 3) Şəxs üzərində qəyyum təyin edilməsi himayəçilik orqanının səlahiyyətinə aid olduğundan əvvəlcə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etməli, imtina olunduğu halda inzibati məhkəməyə müraciət etməlidir; 4) Hazırkı işə mülki məhkəmə icraatında baxılmalı olmadığından ərizə icraata qəbul edilməməlidir. Bildirir ki, X9 onun nəvəsidir (X3nın oğludur). O, 09 dekabr 2013-cü ildə anadan olmuşdur. Qızı X1 Faiq Fətulla oğlu ilə 17 dekabr 2012-ci ildə rəsmi nikaha girmişlər. Onların birgə nikahından 09 dekabr 2013-cü ildə X9 anadan olmuşdur. X3 xx.xx.2025-ci ildə “Epileptik status grand mal” xəstəliyi səbəbindən vəfat etmişdir. Bunu xx.xx.2025-ci ildə verilmiş AZ-İİ 487931 saylı ölüm haqqında şəhadətnamə təsdiq edir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4009/2024 saylı qətnaməsi ilə X8 ilə X7 arasında 17 dekabr 2012-ci ildə bağlanmış nikaha xitam verilmişdir. Həmin qətnaməyə əsasən 09 dekabr 2013-cü il təvəllüdlü X9 anası - X4 yanında saxlanması qət edilmişdir. Anası vəfat etdiyinə görə Bəhruz Qəhrəmanlı onun yanındadır, onun bütün xərclərini o, qarşılayır, təlim-tərbiyəsində o və ailə üzvləri iştirak edir. Bu səbəbdən də o, yaşayış yeri üzrə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edərək nəvəsi 09 dekabr 2013-cü il təvəllüdlü X9 üzərində qəyyum təyin edilməyinə sərəncam verilməsini xahiş edib. Sumqayıt Şəhər İcra Hakimiyyəti özünün xx.xx.2025-ci il tarixli məktubu ilə qəyyum təyin edilməyini məqsədəmüvafiq hesab etməmişdir. Bu səbəbdən Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və ərizəsinə Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli məktubu əlavə olunmuşdur. Hesab edir ki, məhkəmə obyektiv araşdırma aparmamış, mübahisənin həlli ilə əlaqədar olmayan hüquq normalarını tətbiq etməklə ərizəsi icraata götürməmişdir. Belə ki məhkəmə təcrübəsinə əsaslanaraq hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır (AR Ali Məhkəməsinin İK-nın 2-1(102)-2889/2019 saylı, xx.xx.2019-cu il tarixli, 2-1(102)-1232/2019 saylı, xx.xx.2021-ci il tarixli və s. Qərarlar). Həmçinin MM-nin 35.1-ci maddəsinə görə qəyyumluq və himayəçiliyə ehtiyacı olanların üzərində qəyyum və himayəçi təyin edilənədək qəyyumluq və himayəçilik orqanının funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Həmçinin AR Ali Məhkəməsinin İK-nın xx.xx.2018-ci il tarixli, 2-411 saylı İcmal məktubuna görə “mübahisə şəxsi mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir”. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, qərardadlar ləğv edilməli, iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin geri qaytarılmasını hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Məlum olduğu kimi, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Mülki Məcəllənin 33.1-ci maddəsinə görə qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi- vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Nəzərə alınmalıdır ki, şəxsin qəyyumluğa verilməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-411 nömrəli icmal məktubu). Mülki Prosessual Məcəllənin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. Qeyd olunan və qəyyumluqla bağlı mübahisələrin mülki məhkəmə icraatı qaydasında baxılması barədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, bu mübahisə də mülki xarakterli olmaqla aidiyyəti üzrə mülki məhkəmədə baxılan mübahisələrə aid edilməlidir. Lakin bu zaman aşağı instansiya məhkəməsi iddianın icraata götürülməsi məsələsini tərəflərin iştirakı təmin etməklə Mülki və Ailə Məcəlləsinin 33.1 və 35.1. maddələrinin tələbləri nəzərə alınmaqla iddia tələbində MPM-nin 53-cü maddəsinə uyğun dəqiqləşdirmə aparılması müzakirə edilməlidir. Mülki Prosessual Məcəllənin 151.1. maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli və 24 oktyabr 2025-ci il tarixli qərardadları ləğv edilməli və iddia ərizəsinin icraata götürülməsi barədə məsələnin yenidən müzakirə edilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ərizəçi şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli və 24 oktyabr 2025-ci il tarixli qərardadları ləğv edilsin. İddia ərizəsinin icraata götürülməsi barədə məsələnin qərardadın təsviri və əsaslandırıcı hissəsində göstərilənlər yenidən müzakirə edilməsi üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar