Məhkəmə qərarları › İş №2(105)-1605/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1605/2023

11.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1605/2023 11.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil2, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs - X11) mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3229/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən, iddiaçı xx.xx.1986-cı ildə, Ermənistan Respublikası, Yexeqnadzor rayonunda anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1962-ci ildə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 xx.xx.1965-ci ildə anadan olmuşlar və mübahisəli mənzildə qeydiyyatdadırlar.

2. Sumqayıt şəhər XDS İcraiyyə komitəsi tərəfindən verilmiş 2163 saylı, xx.xx.1988ci il tarixli orderə əsasən, mübahisəli mənzilin icarədarı Telli Şamilova olmuşdur. Orderdə icarədarın ailə üzvləri kimi oğlu Şamilov Vidadi, qızları Şamilova Zemfira, Cavabdeh və Şamilova Rəna göstərilmişdir.

3. Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli ətraflı arayışına əsasən, mənzilin sahibi X6 mübahisəli mənzilə xx.xx.1980-ci ildə, cavabdeh xx.xx.2015-ci ildə, üçüncü şəxs X11 1988-ci ildə qeydiyyata düşüblər. Ev sahibi X6 vəfat etdiyi gündən mənzildə iddiaçı və cavabdeh yaşayırlar. X9 2000-ci ildən göstərilən ünvanda yaşamır.

4. Ölüm haqqında şəhadətnamələrin surətlərinə əsasən, X6 xx.xx.2015-ci ildə, X10 xx.xx.2020-ci ildə, X5 isə xx.xx.2020-ci ildə vəfat etmişlər.

5. X7 tərəfindən verilmiş **********256 saylı ərizəyə əsasən mübahisəli mənzilin iddiaçının və cavabdehin adına özəlləşdirilməsinə, hüquqların dövlət qeydiyyatı haqqnda daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinə etiraz etmir, razıdır.

6. 12 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 23-də yaşayan X12, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 30-da yaşayan X13, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/1,5 mənzil 23-də yaşayan X2 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, X9 2004 cü ildən Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-da yaşamır. 12 saylı MKS nın hesabat kitabında Şamilova Rənanın 4-cü mikrorayon, ev 6/15,mənzil 29-da qeydiyyatda olduğu, lakin illərdir yaşamadığı göstərilir. Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-a köçürülməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-da yerləşməklə 3 otaqdan ibarətdir. Mənzilin icarədarı iddiaçının nənəsi Şamilova Telli olmuşdur. Nənəsi, atası X10 xx.xx.2020-ci ildə, anası X5 isə xx.xx.2020-ci ildə mübahisəli mənzildə yaşadıqları vaxt dünyalarını dəyişmişlər. İddiaçı 1986-cı ildə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, daha sonra məlum hadisələrlə bağlı olaraq ailəsilə birlikdə qaçqın düşərək yuxarıda göstərilən ünvanda daimi yaşamağa başlamış və pasport qeydiyyatına alınmışdır. Cavabdeh onun bibisidir. O, ailə həyatı qurmamış və iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşamışdır. İddiaçının cavabdehlə münasibətləri ilk vaxtlar normal olmuş, lakin atasının və anasının vəfatından sonra cavabdeh iddiaçı ilə yola getməmiş, mütəmadi olaraq onunla mübahisə etmiş, hətta bir neçə dəfə iddiaçını mənzilə buraxmamış, mənzilin giriş qapısının açarını da dəyişmişdir. O, hər vasitə ilə mübahisəli mənzili ələ keçirmək niyyətində olmaqla bu mənzildə iddiaçının yaşamağına imkan verməmiş, buna görə də artıq bir neçə aydır ki, o iddiaçını mübahisəli mənzilə buraxmır. Ümumiyyətlə cavabdeh daima mənzildə onların hüquqlarını məhdudlaşdırmış, otağın birini həmişə bağlı saxlamışdır. İddiaçı valideynləri və bacıları ilə mənzilin bir otağında yaşayıb böyümüşlər. İddiaçının bütün əmlakları həmin mənzildədir. Yaşamağa başqa daimi yaşayış yeri olmadığı üçün o, dost-tanışların mənzillərində müvəqqəti sığınacaq tapmaq məcburiyyətində qalmışdır.

9. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, mənzilin icarədarı nənəsi Şamilova Telli olub. Özü 1988-ci ildən keçən ilədək mübahisəli evdə yaşamışdır. Cavabdeh onun bibisidir və hazırda həmin evdə yaşayır. Onunla aralarında münaqişə yaranmışdır və cavabdeh evin açarını dəyişərək onu birgə yaşadıqları evə buraxmamışdır. Onun başqa yaşayış yeri, həmçinin adına hər hansı bir daşınmaz əmlak və ya mənzil yoxdur.

10. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil2 məhkəmə iclasında bildirmişdir ki, mənzilin orderi var və həmin mənzil dövlət fondunun balansındadır. İddiaçının başqa yaşayış yeri yoxdur. O, kirayədə yaşayır. İddiaçı uzun müddət sözügedən mübahisəli evdə yaşamışdır. Mənzildə cavabdeh tək yaşayır. Mənzilin orderində iddiaçının da, onun atasının da adı var. Qeyd edilənlərə əsasən iddiaçının vəkili iddianın təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, iddiaçı ilə aralarında heç bir münaqişə olmamışdır. İddiaçı evdən özü çıxıb getmişdir. Qapının açarını isə xarab olduğu üçün dəyişmək məcburiyyətində qalmışdır. İddiaçının həmin evdə yaşamasına etiraz edir. Belə ki, iddiaçı evdə daim münaqişə yaradır.

12. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 nümayəndəsi, Vəkil3 məhkəmə iclasında bildirmişdir ki, Rəna Şamilova fiziki qüsurludur. Lakin, o məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz hesab edilməyib. Onun kənar şəxslərin qulluğuna ehtiyacı vardır. O, sözügedən mənzildə də yaşayır. Arabir rayona gedir. Orderdə Rəna xanımın da adı var. İddia tələbini qəbul etmirlər. İddiaçı öz hərəkətləri ilə cavabdehlərin həmin mənzildə yaşamalarını mümkünsüz edir.

13. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3229/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakim Emin Abdullayev) iddia təmin edilmiş, İddiaçı Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 6/15, mənzil 29-a köçürülməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər XDS İcraiyyə komitəsi tərəfindən verilmiş 2163 saylı, xx.xx.1988-ci il tarixli orderdə icarədarın ailə üzvü kimi iddiaçının atası Vidadi Şamilovun da adı göstərilmişdir. Həmin vaxt iddiaçı Vidadi Şamilovun və dolayısı ilə Telli Şamilovanın ailə üzvü olmaqla mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçı uzun illər həmin mənzildə yaşamış, lakin sonradan cavabdehlə aralarında olan münaqişə zəminində mənzili tərk etmək məcburiyyətində qalmışdır. Onun başqa yaşayış yeri yoxdur və münbahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı vardır. Bu səbəbdən iddia təmin edilməli, iddiaçı mübahisəli mənzilə köçürülməlidir.

15. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarı, Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsi, Mülki Prosessual Məcəllənin 217.2-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

16. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

17. - İddiaçının valideyinlərinin həyatına qeyri-insani münasibəti ona qarşı və həmin mənzildə yaşayan 1-ci qrup əlil xəstə bacısı X8 qarşı nələr edə biləcəyini aydın şəkildə göstərir. Buna görə də, iddiaçı ilə bir evdə yaşaya bilməz, iddiaçı Şünasi Şamilov onlarla heç vaxt yola getməmişdir, mütəmadi olaraq mübahisə etmiş, hətta bir neçə dəfə qazı açıq qoyaraq həyatlarına qəsd etmək istəmişdir. İddiaçının yaşayış yerinə ehtiyacı yoxdur, o uzun müddətdir ki, başqa yerdə özünə məxsus evdə yaşayır, hətta valideyinləri ağır xəstə olarkən belə onların yanında olmamış, onların ölümündən sonra ortalığa çıxıb mənzili ələ keçirmək niyyəti olmuşdur. Hətta buna az qala nail olmuşdur, belə ki, elə bu məhkəmə icraatı zamanı savadsız olmasından istifadə edərək barışıq sazişi adı ilə mənzili ələ keçirməyə cəhd göstərmiş, lakin bu alınmamışdır, hazırda da, bu planının baş tutmadığını görüb həmin mənzilə köçürülmək tələbi ilə çıxış edir. - “Mənzil hüququ əsasən yaşayış sahələrinin qanunla müəyyən olunmuş qaydada (növbə, bəzi kateqoriyalı vətəndaşlar üçün isə növbədənkənar) və normalar üzrə dövlət mənzil fondundan verilməsi, habelə yaşayış sahələrinin mülkiyyətçidən razılaşdırılmış şərtlərlə (kirayə, əvəzsiz istifadə və s.) götürülməsi və ya əvəzli (alğı-satqı, dəyişmə və s. üzrə) və yaxud əvəzsiz (miras, bağışlama, lotereya və s. üzrə) əldə edilməsi yolları ilə təmin olunur. Bu yolların heç biri ilə iddiaçı mənzil almayıb və istifadə hüququ mövcud deyil. Hər bir halda mənzil hüququnun əmələ gəlməsi üçün qüvvədə olan mənzil qanunvericiliyinin və mülki qanunvericiliyin müddəalarında nəzərdə tutulmuş müvafiq qaydalara riayət olunması tələb olunur...” Hazırki iş üzrə iddiaçı mənzilin icarədarı olan Telli Şamilovanın nəvəsi olub, uzun müddətdir ki, həmin evdə yaşamayıb, hətta valideyinlərinin ağır xəstə vəziyyətində belə onların yanında olmayıb. Bütün bunlar onu göstərir ki, iddiaçının mənzildən istifadə hüququ yoxdur, yalnız ata və anasının həmin mənzildə qeydiyyatda olmasını, atasının adının orderdə olmasını əsas götirməklə mənzildən istifadə hüququ əldə etmək istəyir. -anasının ailə üzvləri kimi hazırda orderdə adı olan sağ qalmış bacısı Rəna Şamilova və özüdür, həmin orderdə Şünasi Şamilovun adı yoxdur. - Şünasi Şamilov uzun müddətdir nəinki bu evdə, heç Azərbaycan Respublikasında yaşamayib, o Türkiyə Respublikasında yaşayib. - Məhkəmə evə köçürmək istədiyi şəxsin həmin evin sakinləri ilə münasibətlərini, necə yaşamalarını, qarşılıqlı münasibətlərini araşdırmayıb, onların birlikdə yaşamalarının hansı nəticələrə səbəb olacağını, evdə 1-ci qrup əlil bacısının səhhətinə bunun necə təsir edəcəyi, bizim birgə yaşayışı qeyri-mümkün edən münasibətlərin olmasını araşdırmayıb. Bütün bu xüsusatlar evə köçürülmə iddiasına baxan məhkəmə tərəfindən ətraflı araşdırılmalı və ədalətli qətnamə qəbul edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və üçüncü şəxsin nümayəndəsi Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.

20. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 43.İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 27. Fiziki şəxsin yaşayış yeri

27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.3. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir.

23. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunu

Maddə 2 . Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslərüçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 3 . Yaşayış yerinin müəyyən edilməsi barədə sənədlər Yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1.Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası məruzəçi-hakimi, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) yaşayışistifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

28. İşdən göründüyü kimi mübahisəli mənzil 1988-ci ildə order əsasında iddiaçının nənəsi və cavabdehin anası Telli Şamilovaya verilmişdir. Mənzil hal-hazıra kimi özəlləşdirilməmişdir. Bu səbəbdən mübahisəyə mənzilə icarə münasibətlərinin tənzimləndiyi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

29. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53).

30. İşin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt şəhər XDS İcraiyyə komitəsi tərəfindən verilmiş 2163 saylı, xx.xx.1988-ci il tarixli orderdə icarədarın ailə üzvü kimi iddiaçının atası Vidadi Şamilovun da adı göstərilmişdir. Həmin vaxt iddiaçı Vidadi Şamilovun və dolayısı ilə Telli Şamilovanın ailə üzvü olmaqla mübahisəli mənzildən istifadə hüququ əldə etmişdir. İddiaçı uzun illər həmin mənzildə yaşamış, lakin sonradan cavabdehlə aralarında olan münaqişə zəminində mənzili tərk etmək məcburiyyətində qalmışdır. Onun başqa yaşayış yeri yoxdur və mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacı vardır.

31. Kollegiya qeyd edir ki, iddiaçının müəyyən müddət ərzində mənzildə yaşamaması, müvəqqəti oranı tərk etməsi mənzildən istifadə hüququndan məhrum olmasına əsas ola bilməz.

32. Beləliklə, məhkəmə kollegiyası iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3229/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar