Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1606/2023 20.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, Ərizəçi, onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi şəxsin doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-758/2023 nömrəli qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun doğumunun dövlət qeydiyyatının aparılması üçün qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə verərək, onun xx.xx.1976cı il tarixində Ordubad şəhərində anadan olmağı faktının müəyyən edilməsi, anasının X4, atasının X7 olaraq qeyd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onu böyüdən insanlar tərəfindən verilən məlumata görə o, xx.xx.1976-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. Anası Qurbanova (Baxışova) Sevda Nizami qızı onu ev şəraitində dünyaya gətirmiş, o doğulduqdan sonra vəfat etmişdir. X2 isə o uşaq olarkən vəfat etmişdir. Valideynlərinin, həmçinin onun şəxsiyyətini təsdiq edən hər hansı sənədi yoxdur. Heç bir sənədi olmadığından təhsil ala bilməmişdir. Qohumlarından heç kim onu axtarmamış və onunla maraqlanmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-758/2023 nömrəli qətnaməsi ilə Ərizəçi xx.xx.1976-cı il tarixində Ordubad şəhərində doğumunun qeyd edilməsi faktını müəyyən etməklə, onun doğum qeydinin bərpası və adına yeni doğum haqqında şəhadətnamənin verilməsi, bərpa ediləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında ata barədə qeydin “X7”, ana qrafasında ana barədə qeydin “X4” kimi göstərilməsi barədə ərizəsinin təmin edilməməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan Ərizəçi apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-758/2023 nömrəli qətnaməsinin ləğv edilərək, ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, doğumun qeydə alınması barədə məhkəməyə müraciət etmişdir. Ərizəni sonra dəqiqləşdirərək xx.xx.1976-cı il tarixdə Ordubad şəhərində anadan olmağı faktının müəyyən edilməsi, anası X4, X2 olaraq qeyd edilməsini xahiş etmişdir. Lakin məhkəmə iş üzrə hüquqi münasibətini düzgün müəyyən etməmiş başqa tələb üzrə qətnamə çıxarmışdır. Belə ki, onun ümumiyyətlə doğum haqqında akt qeydiyyatı olmadığından həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə isə xahişini “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” kimi qiymətləndirmişdir. Nəticədə başqa tələb üzrə qətnamə çıxarmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi və onun vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edib,ərizəçini və onun vəkilini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakılara əsasən şikayət qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-758/2023 nömrəli qətnaməsi ləğv edilməli, Ərizəçi xx.xx.1976-cı il tarixində Ordubad şəhərində anadan olmağı faktının müəyyən edilməsi, anasının X4, atasının X7 olaraq qeyd edilməsi barədə ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, işə əlavə edilmiş Ordubad Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, X5 və X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat infirmasiya sisteminə xx.xx.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6”nin 147 №-li canlı şəxsin ekspertizası ilə bağlı olan ekspert rəyindən görünür ki, ərizəçinin təqdim etdiyi Ərizəçi müəyyən edilmiş sümük yaşı 45-55 yaşa uyğun gəlir. Ərizəçi tərəfindən təqdim olunmuş ərizədə onun Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olduğu, atasının X7, anasının isə X4 olduğu qeyd edilir. Məhkəmə kollegiyası tərəfindən araşdırılmış iş materiallarından görünür ki, qeydiyyat orqanında ərizəçinin valideyn kimi göstərdiyi şəxslərin ölümü haqqında məlumatlar aşkar olunmasa da, ekspert rəyi ilə onun hazırda 45-55 arası yaşının olduğu müəyyən edilmiş, bu müddət ərzində ərizəçi valideynlərinin, eləcə də qohumlarının kim olmasını müəyyən etmək imkanı olduğu halda bunu etməmiş, Naxçıvan Muxtar Respublikasının DİN-ə bununla bağlı heç bir sorğu verməmiş, qeyd edilən hallar araşdırılmadan doğum faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 №-li Qərarının 4.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Göründüyü kimi, ərizəçi yuxarıda qeyd olunan halları müəyyən etmək imkanı olduğu halda, həmin halları müəyyən etməmiş, birinci instansiya məhkəməsi də yuxarıda göstərilənləri nəzərə almadan ərizəyə mahiyyəti üzrə baxmaqla, səhv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5, 400, 402.2 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-758/2023 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi xx.xx.1976-cı il tarixində Ordubad şəhərində anadan olmağı faktının müəyyən edilməsi, anasının X4, atasının X7 olaraq qeyd edilməsi barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardadan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1606/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1606/2023
20.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver