Məhkəmə qərarları › İş №2(105)-1608/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1608/2021

19.05.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1608/2021 19.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Məmmədov Zaur İkram oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı X4, Cavabdeh “xxxx MMC-nin direktoru X7 və nümayəndəsi və vəkil X8 iştirakı ilə, İddiaçı X4 “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs“ Şahdağ” Milli Parkı) torpaq sahəsindən cavabdehə məxsus köşklərin çıxarılması tələbinə dair mülki iş üzrə Şamaxı rayon məhkəməsinin 2(074)39/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ İddiaçı X9 cavabdeh “xxxx” MMC-yə qarşı torpaq sahəsindən cavabdehə məxsus köşklərin çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” MMC-yə və üçüncü şəxs Şahdağ Milli Parkına qarşı “torpaq sahəsindən cavabdehə məxsus köşklərin çıxarılmasına dair” iddia qaldıraraq, Şamaxı rayonu Avaxıl kəndində yerləşən ona məxsus 1300 kv.metr torpaq sahəsindən cavabdehə məxsus 3 ədəd köşkün çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu Avaxıl kəndində ona məxsus 1300 kv. metr torpaq sahəsi vardır. Həmin sahə ona Avaxıl Bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli 10 saylı, 10 iyul 2007-ci il tarixli 08 saylı və 14 iyun 2006-cı il tarixli 08 saylı qərarları ilə satılmış və A 529751, A 529734 və 529752 saylı torpaq sahəsinin planı və ölçüsü sənədini almışdır. Torpaq sahəsinin bir hissəsi tikinti məqsədi üçün nəzərdə tutulmuşdur. Həmin sahədən istifadə etməsinə faktiki olaraq cavabdeh tərəf maneçilik törədir, həmin sahədə onlara məxsus plastik köşklər yerləşdirilmişdir. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh tərəf həmin köşkləri oradan götürmürlər. Bundan əlavə, cavabdeh tərəf bildirir ki, həmin sahəni Milli Parkdan almışdır. Bütün bu səbəblərdən torpaq sahəsindən istifadə edə bilmir. Şamaxı rayon məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim E.Hümbətov) iddianın qismən təmin edilməsi, Şamaxı rayonu Avaxıl kəndində yerləşən iddiaçı X5 məxsus torpaq sahəsindən cavabdeh “Fortuna TUR” istirahət mərkəzinə məxsus 2 ədəd köşkün çıxarılması qət edilmiş, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (2(105)-564/2018 saylı 16 yanvar 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Abasov (sədrlik edən və məruzəçi), A.Abbasov və T.Məmmədov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMC qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (2(102)-3531/2018 saylı 30 may 2018-ci il tarixli qərarı ilə (hakimlər – Q.Allahverdiyev (sədrlik edən və məruzəçi), İ.Xələfov və Ə.Şadiyev) cavabdehin kassasiya şikayəti təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 16 yanvar 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-255/2019 saylı 28 avqust 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – S.Qafari (sədrlik edən və məruzəçi), L.Məmmədova və F.Məmmədov) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsi xərclərin tutulması hissəsində dəyişdirilmiş, cavabdehdən ekspert tədqiqatının dəyəri 150 manatın Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, mütəxəssis tədqiqatının dəyəri 258,98 manatın “xxxx” MMC-nin hesabına köçürülməsi, apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Cavabdeh “xxxx” MMC qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-112/2020 saylı 08 yanvar 2020-ci il tarixli qərarı ilə (hakimlər – E.Vəliyeva (sədrlik edən və məruzəçi), Q.Əsgərov və S.Hacıyev) cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya instansiyası məhkəməsinin 28 avqust 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin 2(105)-1355/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – G.Tağızadə (sədrlik edən və məruzəçi), T.Quliyev və F.Zeynallı) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-1048/2021 saylı 22 fevral 2021-ci il tarixli qərarı ilə (hakimlər – A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və K.Bədəlov) iddiaçı X9 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1355/2020 nömrəli iş üzrə 10 avqust 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunan hissəsində yoxlamalı idi. Cavabdeh apellyasiya şikayəti vermədiyindən iddianın təmin olunmayan hissəsi həmin apellyasiya baxışının predmetindən kənar olmuşdur. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamış və cavabdehin şikayəti əsasında qətnaməni iddianın təmin olunmayan hissəsində də ləğv etməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Həmçinin kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, əvvəlki kassasiya baxışının nəticəsində qəbul edilmiş qərarda kassasiya instansiyası məhkəməsinin göstərişlərindən biri də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına dəyişdirilməsi barədə aktların (cild İ i.v 145, cild İİ i.v 60) mötəbərliyinə qiymət verilməsi ilə bağlı olmuşdur. İşə yenidən baxmış apellyasiya instansiyası məhkəməsi bu göstəriş üzrə heç bir araşdırma və ya hüquqi dəyərləndirmə aparmamış və ümumiyyətlə qətnaməsində həmin məsələyə toxunmamış və bununla da MPM-in 420-ci maddəsinin tələblərini pozmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” MMC Şamaxı rayon məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə birbaşa onların torpaq sahəsindən müddətli istifadə etmə, sahiblik hüquqlarını pozmuşdur. Belə ki, xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə olan 22.12.2015-ci il tarixli, 001 saylı müqaviləyə görə buna səlahiyyəti olan Şahdağ Milli Parkı onlara 10 il müddətinə “Dədəgünəş” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsini istifadəyə/sahibliyə vermişdir. Əlavədə olan qeydə-qaydaya görə “kənar istifadəçilər” siyahısında “məktəb”, “qəbirstan”, “meşə”, “rəsədxana”, “sair təşkilat” göstərilib və beləliklə də 2015-ci ildə Müqavilə üzrə cavabdehə verilərkən məhz bu sahə iddiaçının hüququ ilə yüklü olmamışdır, ola da bilməzdi. Həmin müqavilə və ona olan əlavə hər hansı üçüncü şəxs tərəfindən 9-10 il müddətində mübahisələndirilməmiş, dövlət və məhkəmə orqanları tərəfindən ləğv və ya etibarsız hesab edilməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin nümayəndəsi və vəkil X11 apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçıda olan sənədlərə heç bir etiraz etmirlər, torpaq sahəsi elə bir vaxtda icarəyə verilmişdir ki, bələdiyyə qərarları da həmin vaxtda verilmişdir. Komission akt olub, birmənalı sübut olunub ki, torpaqlar üst-üstə düşmür. Bələdiyyə aktları ləğv olunmasa da, ekspertiza birmənalı göstərir ki, mübahisələndirilən torpaq sahəsi kənarda yerləşir. Bu iş materialları ilə də təsdiqlənir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin direktoru X7 vəkilin izahatına uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi və bildirdi ki, iddiaçı 2007-ci ildən mübahisəli köşklər olan sahəni təyinatı üzrə istifadə etməmiş, yalnız 2015-ci ildən sonra mübahisələndirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X9 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını məhkəmə kollegiyasından xahiş etdi və əlavə olaraq bildirdi ki, həmin torpaqlar tarixən onlara məxsus dədə-baba yurdu olmuşdur. Şahdağ Milli Parkı 2006-cı ildə yaranmışdır. Parkın çıxarışı, xəritəsi, texniki pasportu yoxdur. Cavabdeh həmin köşklərdən istifadə etmir. Ona heç yol da verməz. Çünki ora meşəlikdir. Aktla bağlı bildirdi ki, akt tərtib olunan zaman qeyd olunmuşdu ki, meşə torpağı ilə onun torpağı üst-üstə düşmür, o səbəbdən həmin aktı imzalamışdır. Torpaq sahəsində bulaq, şəlalə tikmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə xərclərin tutulması hissəsində dəyişdirilməlidir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Şamaxı rayonu Avaxıl bələdiyyəsi tərəfindən bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatı məqsədilə 0,50 ha və tikinti məqsədilə 0,20 ha, ümumilikdə 0,70 ha torpaq sahəsi 10.07.2007-ci ildə alqı-satqı aktı əsasında iddiaçı X2, alıcı tərəfindən torpağın dəyəri ödənilərək alqı-satqı aktı müvafiq qaydada DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmışdır. İddiaçıya satılmış həmin torpaq sahəsinin 0,13 ha hissəsini əhatə edən ərazidə cavabdeh istirahət üçün köşklər quraşdırmış, iddiaçı quraşdırılmış 3 ədəd köşkün onun torpaq sahəsinə düşdüyünü iddia edərək onların götürülməsini xahiş etmiş, birinci instansiya məhkəməsi mübahisələndirilən köşklərin ikisinin iddiaçının torpaq sahəsinə düşdüyünü müəyyən edərək, iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyini sübut kimi qəbul edərək iddia tələbini qismən əsaslı saymışdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 157.2, 157.8-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 84-cü maddəsinin 1 və 3-cü hissələrinə, 111-ci maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Cavabdehsə həmin köşklərin yerləşdiyi torpaq sahəsinin meşə fonduna aid olduğunu iddia edərək iddia tələbini qəbul etməmiş, həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə bir neçə dəfə apellyasiya və kassasiya instansiyalarında baxılmış və son dəfə baxan kassasiya instansiyası məhkəməsi ilk növbədə müəyyən etmişdir ki, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin olunduğu və qətnamədən yalnız cavabdeh şikayət verdiyi üçün MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin olunan hissəsində yoxlamalı idi. Cavabdeh apellyasiya şikayəti vermədiyindən iddianın təmin olunmayan hissəsi həmin apellyasiya baxışının predmetindən kənar olmuşdur. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tam yoxlamış və cavabdehin şikayəti əsasında qətnaməni iddianın təmin olunmayan hissəsində də ləğv etməklə prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli qərardadında qeyd olunmuşdur ki, məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğvinin tələb edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda, bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dispozitivlik prinsipinə zidd olaraq yoxlanılması, digər tərəfdən isə məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılması ilə nəticələnəcəkdir (bənd 59). Məhkəmə kollegiyası bu mövqedən çıxış edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını və qanuniliyini cavabdeh apelyasiya şikayəti verdiyi üçün iddianın qismən təmin edilmiş- Şamaxı rayonu Avaxıl kəndində yerləşən iddiaçı X5 məxsus torpaq sahəsindən cavabdeh “Fortuna TUR” istirahət mərkəzinə məxsus 2 ədəd köşkün çıxarılması hissəsində yoxlayır və yalnız iddianın qismən təmin edilmiş hissəsi hazırki məhkəmə araşdırmasının predmetini təşkil edir. İddianın təmin edilməyən hissəsi isə cavabdeh həmin hissəni mübahisələndirmədiyindən məhkəmə araşdırmasının predmeti deyildir. Bundan başqa, kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, əvvəlki kassasiya baxışının nəticəsində qəbul edilmiş qərarda kassasiya instansiyası məhkəməsinin göstərişlərindən biri də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına dəyişdirilməsi barədə aktların (cild İ i.v 145, cild İİ i.v 60) mötəbərliyinə qiymət verilməsi ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstəriş tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı məsələsinə hüquqi qiymət verilməlidir. İş üzrə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 09 dekabr 2014-cü il tarixli, A № 529734 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şamaxı rayon Avaxıl bələdiyyəsinin 10 iyul 2007-ci il tarixli, 08 saylı qərarı ilə X5 Şamaxı rayonu, Avaxıl kəndi ərazisindən 7000 kv.metr 0,20 ha tikinti və 0,50 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsi verilmişdir. İş üzrə Şamaxı rayon Avaxıl Bələdiyyə başçısının 10 iyul 2007-ci il tarixli, 08 saylı qərarından çıxarışın surətinə əsasən Şamaxı rayon Nağaraxana kənd sakini X5 7000 kv.metr 0,20 ha tikinti və 0,50 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. İş üzrə Şamaxı rayon Avaxıl Bələdiyyəsi tərəfindən verilmiş 10 iyul 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X9 aldığı torpağın dəyəri olaraq 450 manat ödəmişdir. İş üzrə 10 iyul 2007-ci il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Avaxıl bələdiyyəsi bələdiyyə ərazisindən 0,70 ha torpaq sahəsini Orxan İbrəhimova satmış, həmin akt DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmışdır. İş üzrə DTXK-nın Şamaxı rayon şöbəsinin 05.07.2007-ci il tarixli, 17-7/580 saylı rəyindən aydın olur ki, X1 nəzərdə tutulan 0,70 ha torpaq sahəsi Avaxıl bələdiyyəsinin mülkiyyətindədir. Həmin sahə alqı-satqı predmetidir və Orxan İbrəhimova satılması məqsədəmüvafiqdir. İş üzrə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 15 dekabr 2014-cü il tarixli, A № 529752 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şamaxı rayon Avaxıl bələdiyyəsinin 14 iyun 2006-cı il tarixli, 08 saylı qərarı ilə X5 Şamaxı rayonu, Avaxıl kəndi ərazisindən 2000 kv.metr kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş üzrə DTXK-nın Şamaxı rayon şöbəsinin 07.06.2006-cı il tarixli, 17/7-4190 saylı rəyindən aydın olur ki, X1 nəzərdə tutulan 0,20 ha torpaq sahəsi Avaxıl bələdiyyəsinin mülkiyyətindədir. Həmin sahə alqı-satqı predmetidir və Orxan İbrəhimova satılması məqsədəmüvafiqdir. İş üzrə Şamaxı rayon Avaxıl Bələdiyyəsi tərəfindən verilmiş 14 iyun 2006-cı il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X9 torpağın alqı-satqısına dair 130 manat ödəmişdir. İş üzrə 14 iyun 2006-cı il tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Avaxıl bələdiyyəsi ərazisində 0,20 ha torpaq sahəsinin dəyəri O.İbrəhimov tərəfindən ödənilərək ona satılmış, akt DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmışdır. İş üzrə Şamaxı rayon Avaxıl Bələdiyyə başçısının 14 iyun 2006-cı il tarixli, 08 saylı qərarından çıxarışın surətindən məlum olur ki, Şamaxı rayon Nağaraxana kənd sakini X5 0,20 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsinin satılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 15 dekabr 2014-cü il tarixli, A № 529751 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şamaxı rayon Avaxıl bələdiyyəsinin 10 sentyabr 2007-ci il tarixli, 10 saylı qərarı ilə X5 Şamaxı rayonu, Avaxıl kəndi ərazisindən 3000 kv.metr-0,05 ha tikinti, 0,25 ha kənd təsərrüfatı məqsədi ilə torpaq sahəsi verilmişdir. İş üzrə DTXK-nın Şamaxı rayon şöbəsinin 05.09.2007-ci il tarixli, 17-7/584 saylı rəyindən aydın olur ki, X1 nəzərdə tutulan 0,30 ha torpaq sahəsi Avaxıl bələdiyyəsinin mülkiyyətindədir. Həmin sahə alqı-satqı predmetidir və Orxan İbrəhimova satılması məqsədəmüvafiqdir. İş üzrə Şamaxı rayon Avaxıl Bələdiyyəsi tərəfindən verilmiş 10 sentyabr 2007-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, X9 torpağın alqı-satqısına dair 190 manat ödəmişdir. İş üzrə 10 sentyabr 2007-ci tarixli torpaqların alqı-satqısına dair aktdan görünür ki, Avaxıl bələdiyyəsi ərazisində 0,30 ha torpaq sahəsinin dəyəri Orxan İbrəhimov tərəfindən ödənilərək ona satılmış, akt DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmışdır. İş üzrə Şamaxı rayon Avaxıl Bələdiyyə başçısının 10 sentyabr 2007-ci tarixli, 10 saylı qərarından çıxarışın surətindən məlum olur ki, Şamaxı rayon Nağaraxana kənd sakini X5 0,30 ha torpaq sahəsinin satılması qərara alınmışdır. İş üzrə xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə edilməsi barədə 22 dekabr 2015-ci il tarixli, 001 saylı müqavilənin surətindən görünür ki, Şahdağ Milli Parkının Şamaxı bölməsi Dədəgünəş meşəbəyliyi 5 hektar torpaq sahəsini “xxxx” firması MMC-nin ödənişli əsaslarla müddətli istifadəsinə verməyi öhdəsinə götürür. İstifadəçi həmin obyektin istifadəsinə görə bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və qaydada istifadəyə verənə istifadəyə görə haqq ödəməyi, habelə müqaviləyə xitam verildikdə obyekti qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilə tərəflər arasında 10 il müddətinə bağlanmışdır. İş üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 2005ci il tarixli müqavilə və 2007-ci il tarixli əməkdaşlıq sazişindən görünür ki, Departament “Dədəgünəş” meşəbəyliyinin ərazisindən 5 ha torpaq sahəsini istirahət-rekreasiya məqsədilə “xxxx” Firmasının istifadə-sahibliyinə vermişdir. İş üzrə “xxxx” MMC-nin Nizamnaməsindən məlum olur ki, Cəmiyyət AR qanunvericiliyinə uyğun olaraq Məhdud Məsuliyyətli Cəmiyyət formasında yaradılan və əsas məqsədi mənfəət götürməkdən ibarət olan kommersiya hüquqi şəxsdir. İş üzrə kommersiya qurumunun dövlət reyestrindən çıxarışa əsasən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti 16.02.2005-ci il tarixdən dövlət qeydiyyatına alınmış, hazırki qanuni təmsilçisi X6r. İş üzrə Vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamədən görünür ki, “xxxx” 28.06.2004-cü il tarixdən vergi ödəyicisi kimi uçota alınmışdır. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2017-ci il tarixli, 9158 saylı ekspert rəyindən görünür ki, Şamaxı rayonu Avaxıl kəndi ərazisindəki mübahisəli torpaq sahəsində yerləşdirilən üç ədəd köşkdən ikisinin iddiaçı X5 məxsus torpaq sahəsində olduğu müəyyən edilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X10 LTİ-nin mütəxəssislərinin verdiyi 20 dekabr 2018-ci il tarixli A/12- 0038 saylı rəydən görünür ki, iddiaçı X5 verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada üst-üstə düşür. (torpaq sahəsinin plan və ölçüsü sənədi və tərtib edilmiş akta əlavə edilmiş). Şamaxı rayonu Nağaraxana kənd sakini X5 məxsus torpağın plan və ölçüsü sənədində (əlavə edilmiş aktda) göstərilən koordinatlara əsasən mübahisələndirilən- 7000 kv.m torpaq sahəsi Avaxıl bələdiyyəsinin sərhəddindən kənarda, DMF-nun hüdudları daxilində yerləşir. X5 məxsus torpağın planı və ölçüsü sənədlərində (əlavə edilmiş aktda) göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üstüstə düşür. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 26 dekabr 2018-ci il tarixli 27042 saylı ekspert rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X10 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əlavə edilmiş cizgi ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçı X5 verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən 7000 kv.m torpaq sahəsi naturada O.İbrəhimovun istifadəsində olan torpaq sahəsinin faktiki sərhədləri ilə üst-üstə düşmür. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X10 LTİ-nin mütəxəssislərinin rəyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qorunması və Xüsusi Mühafizəsi olunan təbiyyət ərazilərinin inkişaf departamentinin 30.11.2016-cı il tarixli 06/624 saylı məktubuna əsasən Şamaxı rayonu, Avaxıl kəndində mübahisələndirilən 0,70 ha torpaq sahəsi Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda, DMF-nun (Şahdağ Milli parkına ayrılmış) torpaq sahəsinin hüdudları daxilində yerləşir. X5 ayrılmış 0,70 ha torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 09.12.2014-cü il tarixdə verilmiş torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin “Bulaq” kafe kompleksinin ərazisindən kənarda yerləşdiyi müəyyən edilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X10 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş 05/0047 saylı 20 may 2019-cu il tarixli rəyə əsasən X5 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmür. X3 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktda göstərilən koordinatlar daxilində olan torpaq sahəsi mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşür. “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsində olan üç ədəd köşkün iki ədədi X5 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 12 iyun 2019-cu il tarixli 8202 saylı ekspert rəyindən müəyyən edilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə- X10 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən, X5 məxsus “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşmədiyi, X3 məxsus “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan torpaq sahəsinin mübahisələndirilən “Bulaq” kafe kompleksinin ərazisi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, mübahisəli torpaq sahəsinin üst-üstə düşüb-düşməməsi ilə əlaqədar yaranmış ziddiyət məhkəmə tərəfindən həll oluna bilər. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastr və Yerqurluşu Layihə-X10 LTİ-nin mütəxəssisləri tərəfindən verilmiş rəyə əsasən, “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsindəki üç ədəd köşkün iki ədədinin X5 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları, o cümlədən müvafiq icra hakimiyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.( Torpaq Məcəlləsinin 49 və 55-ci maddəsi). Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur (84-cü maddənin 1-ci bəndi). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt olunması) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır (maddə 111). “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında AR Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Kollegiya qeyd edir ki, istər birinci instansiya məhkəməsi, istərsə də apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza (mütəxəssis və ekspert) rəyləri ilə “Torpaq sahəsinin plan və ölçüsü” sənədinə əlavə edilmiş koordinatlara düzəliş aktında göstərilən koordinatlar daxilində olan mübahisələndirilən torpaq sahəsindəki üç ədəd köşkün iki ədədinin X5 məxsus torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası həmçinin Şamaxı rayonu, Avaxıl kəndində mübahisələndirilən 0,70 ha torpaq sahəsinin Şamaxı rayonu, Avaxıl Bələdiyyəsinə ayrılmış torpaq sahəsinin sərhədlərindən kənarda, DMF-nun (Şahdağ Milli parkına ayrılmış) torpaq sahəsinin hüdudları daxilində yerləşməsi barədə rəydə göstərilənlərə də qiymət verərək hesab edir ki, bələdiyyənin ehtiyat fondundan kənd təsərrüfatı məqsədi ilə 0,50 ha və tikinti məqsədilə 0,20 ha, ümumilikdə 0,70 ha torpaq sahəsi 10.07.2007-ci ildə alqı-satqı aktı əsasında iddiaçı X2, alıcı tərəfindən torpağın dəyəri ödənilmiş və alqı-satqı aktı müvafiq qaydada DTXK-nın Şamaxı rayon şöbəsində qeydə alınmış, cavabdeh tərəf isə 22 dekabr 2015-ci il tarixli müqaviləni qeydiyyatdan keçirməmiş, mübahisəli torpaqların bələdiyyəyə deyil, meşə fonduna aid olmasını mübahisələndirsə də, mübahisəli torpaq sahəsinə dair bələdiyyə tərəfindən verilmiş torpağın alqı-satqısına dair aktı və torpaq sahəsinin alqı-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında bələdiyyə qərarını mübahisələndirməmiş və hazırda da qüvvədədir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən iddiaçıya verilmiş 09.12.2014-cü il tarixli torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatların iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarına dəyişdirilməsi barədə aktların mötəbərliyi ilə bağlı qeyd edir ki, cavabdeh həmin aktları da mübahisələndirməmiş, həmin aktların mötəbərliyi apelyasiya baxışının predmeti omamış, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından məhkəmə işdə olan sübutlara, o cümlədən sübut qismində məhkəməyə təqdim edilmiş inzibati aktlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verməlidir. Mülki prosessual qanunvericilikdə yazılı sübut qismində təqdim edilmiş inzibati aktlara onların qanuniliyi və əsaslılığı baxımından qiymət verilməsi nəzərdə tutulmamışdır və belə qiymətləndirilmənin aparılması mülki məhkəmə icraatının tənzimləmə predmetindən kənara çıxır. Çünki inzibati orqanın aktlarının qanuniliyinə və əsaslılığına qiymət verilməsi müvafiq mübahisəyə publik hüquq münasibətlərini tənzimləyən maddi və prosessual hüquq normalarının tətbiqini zəruri edir ki, bu hal mülki məhkəmə icraatının predmetinə deyil, inzibati məhkəmə icraatının səlahiyyətlərinə aiddir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 1.1-ci və İnzibati Prosessual Məcəllənin 1.1 və 2.1-ci maddələrinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Bu baxımdan mülki məhkəmə icraatı qaydasında işlərə baxılması zamanı yazılı sübut qismində məhkəməyə təqdim edilmiş inzibati aktların qanuniliyinin və əsaslılığının yoxlanılması bu icraat çərçivəsində həyata keçirilməli olan sübutetmə prosesinin predmetinə aid deyil və həmin məsələ inzibati məhkəmə icraatı qaydasında yoxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki apelyasiya icraatı zamanı kassasiya instansiya məhkəməsinin son göstərişi nəzərə alınaraq, məhkəmə iclasları müvafiq inzibati aktların inzibati icraat qaydasında mübahisələndirilə biləcəyi ehtimalı ilə bir neçə dəfə təxirə salınmış, lakin müvafiq inzibati akt məhkəmə icraatı gedən dövr ərzində ləğv edilməmiş və ya dəyişdirilməmiş, yaxud inzibati icraat qaydasında mübahisələndirilməmiş, məhkəmə kollegiyasına bu barədə heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmə üçün həmin inzibati aktın qanuniliyi prezumpsiyası qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq hesab edir ki, iddianı qismən təmin edərək, Şamaxı rayon Avaxıl kəndində yerləşən iddiaçı X5 məxsus torpaq sahəsindən cavabdeh “Fortuna TUR” istirahət mərkəzinə məxsus üç ədəd köşkdən ikisinin çıxarılması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Lakin ekspertiza xərclərinin tutulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşmayaraq qeyd edir ki, məhkəmə tərəfindən 14 iyun 2017-ci il tarixdə mütəxəssis rəyi alınsa da, xərclərin hesablanması zamanı həmin rəyin dəyəri 60 (altmış) manat nəzərə alınmamışdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də (MPM-in 372.7-ci maddəsi), onun təyinatı məhz birinci instansiya məhkəmələrinin aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki material əsasında yenidən baxılmasından, habelə məhkəmə səhvlərinin və çatışmazlıqlarının düzəldilməsindən ibarətdir.” Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı rayon məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsi xərclərin tutulması hissəsində dəyişdirilməli, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış çatışmazlıq aradan qaldırılaraq cavabdeh “xxxx” MMC-dən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri 60 (altmış) manat xxxx MMC-nin hesabına köçürülməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya baxışı zamanı keçirilmiş ekspert tədqiqatının dəyəri 150 (yüz əlli) manat Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, mütəxəssis tədqiqatının dəyəri 198 (yüz doxsan səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik xxxx MMC-nin hesabına köçürülməli, apelyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu isə cavabdeh “xxxx Firması” MMC-nin özünə aid edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır (Mülki Prosessual Məcəllənin 119.1. və 124.2. maddələri). Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 384.0.3., 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh “xxxx Firması” MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı rayon məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qətnaməsi xərclərin tutulması hissəsində dəyişdirilsin. Cavabdeh “xxxx” MMC-dən ekspert tədqiqatının dəyəri 150 (yüz əlli) manat Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin, mütəxəssis tədqiqatının dəyəri 258 (iki yüz əlli səkkiz) manat, 98 (doxsan səkkiz) qəpik xxxx MMC-nin hesabına köçürülsün. Apelyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumu isə cavabdeh “xxxx” MMC-nin özünə aid edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar