Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1608/2024 21.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)-3665/2024 nömrəli qətnaməsindən cavabeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia qaldıraraq, Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, 27A/4 saylı evin 27 saylı mənzilindən çıxarılmasına, mənzilin boşaldılaraq ona təhvil verilməsinə, ödənilməmiş 750 manat kirayə məbləğinin, ödənilmiş 100 manat dövlət rüsumunun və hüquqi xidmət üçün ödənilmiş 400 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, 27 saylı mənzil mülkiyyətində olmaqla, ona məxsusdur. Cavabdeh ilə anası Nümayəndə arasında şifahi olaraq kirayə müqaviləsi bağlanaraq, hər ay 250 manat kirayə pulu təyin olunmuşdur. Hal-hazırda cavabdeh onun evində kirayə qalır, 3 aylıq kirayə pulunu ödəmir və kommunal borcları var. Lakin cavabdeh Azərbaycan Respublikası DİNnin 102 Xidmətinə müraciət edərək, onlara məxsus evdən oğurluq olduğunu və hadisənin isə məhz anası tərəfindən törədildiyini qeyd edərək anasını şərləmişdir. Buna görə kirayə pulunu ödəməkdən imtina etmişdir. Belə ki, anası cavabdehdən mənzilin boşaldılmasını istədikdə, cavabdeh 2000 manat pul qarşılığında evi boşaldacığını bildirmişdir. Hesab edir ki, cavabdehin bu tələbi tam əsassızdır və Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, 27 saylı mənzil hazırda Cavabdeh qeyri-qanuni sahibliyindən geri götürülməlidir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Şahid qismində iştirak edən X3 ifadəsində bildirmişdir ki, cavabdeh Sabirabadda qonşusudur, yaxın əlaqələri vardır. Anası vəfat edəndən sonra qardaşı 2000 manat məbləğində pul vermiş və cavabdeh həmin məbləği iddiaçıya vermişdir. Onunla birlikdə pulu iddiaçıya vermişdir.
5. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4, 27 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixində qeydiyyata alınmışdır.
6. Sumqayıt Şəhər Polis İdarəsinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli Qərardan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə vermiş olduğu məlumat əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
7. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)-3665/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4-də yerləşən 27 saylı mənzildən çıxarılması, Cavabdeh 750 manat məbləğində kirayə haqqı, hüquqi xidmət göstərilməsinə görə 100 manat məbləğində haqq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsi, 29-cu maddəsinin 3-cü hissəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 82.3,152.1, 152.5, 385.1, 386.1, 685.1, 685.2 və 686-cı maddələri, Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3, 216-220, 227, 358-360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
9. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)-3665/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. O, bir neçə ay sonranın da kirayə haqqını ödəməsinə baxmayaraq, iddiaçı əsassız olaraq iddia qaldıraraq onun mənzildən çıxarılmasını tələb etmişdir. Şifahi bağlanmış kirayə müqaviləsinin şərtləri pozulmadığı halda, məhkəmə işi tam və ətraflı araşdırmamış, əsassız qətnamə çıxarmışdır. Onun tərəfindən əvvəlcədən kirayə haqqı olaraq 2000 manat məbləğində pul vəsaiti iddiaçıya ödənilmişdir. O, məhkəmə iclasında şahidlərin işlə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etsə də, məhkəmə şahidləri dindirməmiş və işi birtərəfli aparmışdır. Eyni zamanda sonuncu məhkəmə iclası barədə cavabdehə heç bir bildirş göndərmədən, cavabdehin xəbəri olmadan işi yekunlaşdırıb, qətnamə çıxarmışdır. Bu da işin birtərəfli aparılmasını və qətnamənin əsassız olmasına dəlalət edir. Hesab edir ki, çıxarılmış qətnamə qanunsuzdur və ləğv edilməlidir. İşin hallarından da aydın görünür ki, məhkəmə işi obyektiv və ətraflı araşdırmamışdır.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
13. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi Cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla, müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Maddə 685.1. Əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifələrini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Kirayəçi müqavilənin ləğvinə dair bildiriş vermək əvəzinə neqator iddiası da irəli sürə bilər. Maddə 685.2. Kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini aşağıdakı hallarda ləğv edə bilər: 2.1. kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə; 2.2 ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə. Maddə 686. Əgər tərəflərdən biri öhdəliklərini öz təqsiri üzündən o dərəcədə pozursa ki, otaqların kirayəsi müqaviləsi üzrə hüquq münasibətlərinin davam etdirilməsi digər tərəf üçün yolverilməz olur, onda hüquq münasibətləri xəbərdarlıq müddəti gözlənilmədən ləğv edilə bilər. Tərəflərin bu maddənin göstərişlərinə zidd olan razılaşmasının qüvvəsi yoxdur.
17. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4-də yerləşən 27 saylı mənzil İddiaçı məxsusdur. İddiaçının anası sözügedən mənzili ayda 250 manat ödəmək şərtilə Cavabdeh kirayə verdiyini bildirmişdir. Sonuncu isə noyabr ayında 7-8 aylıq kirayə haqqını ödəmək üçün 2000 manat məbləğində pul vəsaitini Nümayəndə verdiyini və bu səbəbdən mənzildən çıxmaqdan imtina etdiyini bildirmişdir. Hazırda həmin mənzildə Cavabdeh yaşayır. Bu səbəbdən iddiaçı onun həmin mənzildən çıxarılması ilə bağlı məhkəmədə iddia qaldırmışdır.
22. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 27A/4-də yerləşən 27 saylı mənzildən çıxarılması, Cavabdeh 750 manat məbləğində kirayə haqqı, hüquqi xidmət göstərilməsinə görə 100 manat məbləğində haqq və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzillə bağlı iddiaçının anası Nümayəndə ilə cavabdeh arasında şifahi kirayə müqaviləsinin bağlanması işin mübahisə edilməyən halıdır. Hər iki tərəf mənzilin kirayəçi Cavabdeh ayda 250 manat kirayə haqqı olmaqla kirayəyə verildiyini etiraf etmişlər. Əmlakın kirayəyə verilməsi ilə bağlı razılaşma cavabdehlə sözügedən mənzilin mülkiyyətçisi ilə deyil, onun anası arasında bağlansa da, sonradan iddiaçının kirayə verilmiş mənzildən cavabdehin çıxarılması və həmin mənzilə görə kirayə haqqını tələb etməsi artıq onun həmin müqaviləni bəyəndiyini və həmin müqavilədən çıxış edərək kirayə haqqı məbləğinin ödənilməsini tələb etdiyini ifadə etmişdir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında kirayə ilə bağlı müqavilə münasibətləri mövcuddur. Müqavilənin formasına gəldikdə isə məhkəmə qeyd etmişdir ki, qanunvericilikdə kirayə müqaviləsinin şifahi və yazılı bağlanması ilə bağlı imperativ göstəriş nəzərdə tutulmamışdır. Eyni zamanda Mülki Məcəllənin əmlak kirayəsini tənzimləyən 33-cü fəslində kirayə müqaviləsinin şifahi bağlanmasını istisna edən hər hansı bir müddəa təsbit edilməmişdir.
24. Cavabdeh tərəfindən əvvəlcədən kirayə haqqı olaraq 2000 manat məbləğində pul vəsaitinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, cavabdeh noyabr ayında kirayə haqqı olaraq 2000 manat məbləğində pul vəsaitini ödədiyini bildirsə də bunu təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.
25. Eyni zamanda iş materiallarına əlavə edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 aprel 2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh DİN-in 102 xidmətinə zəng edərək yaşadığı mənzildən oğurluq edildiyini bildirmiş, onun şikayəti əsasında araşdırma aparılmış, araşdırma zamanı X6 şahidi qismində dindirilmiş və o, ifadəsində bildirmişdir ki, “....Rəqsanə ona demişdir ki, 2000 pulu Elmiradan almaq üçün həmin pulu, guya o, Elmiraya verdiyini təsdiq edib deməlidir, o, yalançı şahid olmağının və tanımadığı şəxsin üzünə qarşı 2000 manat verəcəyini deməyinə tərəddüd etmiş, lakin Rəqsanə təkidlə ondan bunu tələb etmiş, o, da Rəqsanəyə konkret olaraq heç bir söz deməmişdir. Bir müddət sonra Rəqsanə ona zəng edərək guya Elmiraya 2000 manat pulu verməyini izahatda göstərməyi üçün Sumqayıt Polis İdarəsinə getmələrini xahiş etmiş, o da polis idarəsinə getmiş və araşdırma zamanı vicdanı yol vermədiyinə görə həqiqəti danışaraq, Nümayəndə adlı qadını tanımadığını, həmin qadına heç vaxtı 2000 manat pul vermədiyi barədə izahat vermişdir.” Beləliklə cavabdeh şahidin yalan ifadəsi vasitəsilə ilə 2000 manat məbləğində pul vəsaitinin mənzilin kirayə haqqı olaraq ödənildiyini sübuta yetirməyə çalışmışdır.
26. Məhkəmə şahid qismində məhkəmə iclasında dindirilmiş X2 ifadəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunanlarla şahid X2 dedikləri təkzib olunur. Belə ki, yuxarıda adı qeyd edilən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda cavabdeh pulun tanışı Rauf Mehdiyevə verdiyini və birlikdə Elmiranın evinə getdiyini, Raufun onun yanında Elmiraya 2000 manat pul verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş X3 isə Rəqsanənin onun yanında 2000 manat pul vəsaitini Nümayəndə verdiyini bildirmişdir. Beləliklə, sözügedən şahid ifadəsi ilə cavabdehin izahatları arasında ziddiyyətlər mövcuddur. Belə olan halda həmin ifadələr məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilə bilməz.
27. Məhkəmə iddiaçının ödənilməmiş 750 manat kirayə haqqının ödənilməsinə dair tələbinə münasibətdə qeyd etmişdir ki, yuxarıda da qeyd edildiyi kimi hər iki tərəf mübahisə predmeti olan mənzillə bağlı aralarında kirayə münasibətlərinin olduğunu və kirayə haqqı olaraq 250 manat məbləğində pul vəsaitinin ödənilməsi barədə razılığa gəldiklərini istər məhkəmə iclaslarında verdikləri izahatları ilə, istərsə də 3-cü polis bölməsində verdikləri izahatları ilə etiraf etmişlər. Beləliklə, cavabdehin iddiaçı tərəflə sözügedən mənzilin kirayəsi müqabilində 250 manat məbləğində kirayə haqqı ödəməsi ilə bağlı razılaşması, habelə həmin mənzildə yaşaması işin mübahisələndirilməyən halıdır. İşin hallarından da görünür ki, iddiaçı tərəfindən tələb olunan 750 manat məbləğində pul vəsaiti iddia ilə məhkəməyə müraciət edilməmişdən əvvəlki dövr üzrə yaranmış kirayə haqqı üzrə borc məbləği ilə bağlıdır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh noyabr ayında ödəniş etdiyinə istinad edərək ondan sonrakı dövrlər üzrə kirayə haqqını ödəməkdən imtina edir. İddiaçının nümayəndəsi isə polis bölməsində izahatında 18 dekabr 2023-cü il tarixə qədər ona 230 manat kirayə haqqı göndərdiyini, qalan 20 manat məbləğində pul vəsaitini göndərəcəyini bildirsə də həmin məbləğində cavabdeh tərəfindən ödənilmədiyini, həmin gündən sonra kirayə haqqının ödənilmədiyini qeyd etmişdir. Beləliklə, cavabdeh iddiaçıya məxsus mənzildə yaşamaqla həmin mənzildən istifadə etdiyi halda buna görə ödəməli olduğu 3 (üç) aylıq kirayə haqqını ödəməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir.
28. Qətnamə ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)-3665/2024 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır, bu baxımdan əlavə qiymətləndirmənin aparılmasına zərurət görmür və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəfləri qarşılıqlı münasibələri üzrə düzgün nəticəyə gəlmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
30. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi apellyatorun şikayətinin əsas dəlili kirayə haqqı olaraq öncədən 2000 manat ödəniş edilməsi, şifahi bağlanmış kirayə müqaviləsinin şərtlərinin pozulmaması ilə bağlıdır. Kollegiya qeyd edir ki, cavabdeh tərəfin qeyd olunan etirazı yalnız özünün bildirdiklərindən ibarət olmaqla, heç bir mötəbər sübuta əsaslanmır.
31. Kollegiya şikayətin məhkəmə iclası barədə cavabdehə heç bir bildirş göndərilməməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, mülki iş materialları ilə qeyd olunan xüsusat təkzib olunur. İş materiallarından görünür ki, cavabdeh məhkəmə iclasları barədə məlumatlandırılmaqla, məhkəmə iclaslarında iştirak etmişdir (iclas prtokolları i/v 39-40, 46).
32. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 2(060)-3665/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.