Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1609/2023 21.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdeh Cənnətova (Hümbətova) Güllər Hümmət qızına qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 16 may 2023cü il tarixli, 2(012)-1227/2023 nömrəli qətnaməsindən cavabdeh Cənnətova (Hümbətova) Güllər Hümmət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cənnətova (Hümbətova) Güllər Hümmət qızına qarşı “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən 2,5 sot torpaq sahəsində inşa edilmiş, özbaşına tikili olan, 2 mərtəbəli, 1-ci mərtəbəsi zal, mağaza, mətbəx və sanitar qovşağı, 2-ci mərtəbəsi isə 3 yataq otağından ibarət fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 21 aprel 2006-cı il tarixində rəsmi qaydada nikaha daxil olmuşdur. Onların birgə nikahlarından 2 övladları dünyaya gəlmiş və övladları hazırda yetkinlik yaşına çatmışlar. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən aralarında olan narazılıqlara görə onun tərəfindən Bakı şəhəri Nəsimi rayonu Qeydiyyat şöbəsində bağlanmış xx.xx.2006-cı il tarixli 185 saylı nikah akt qeydinin pozulması barədə İmişli Rayon Məhkəməsinə müraciət etmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(036)-764/2019 nömrəli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə nikah dövründə 2018-ci ilin aprel ayında Abşeron rayonu Mehdiabad qəsəbəsində cavabdehin hal-hazırda yaşadığı Dostluq küçəsində 2,5 sot torpaq sahəsini Mehdiabad qəsəbə sakini X1 alaraq, üzərində 2 mərtəbəli fərdi yaşayış evi inşa etmişlər. Fərdi yaşayış evinin 1-ci mərtəbəsi 1 mağaza, 1 zal, mətbəx və sanitar qovşağından, 2-ci mərtəbəsi isə 3 yataq otağından ibarətdir. Fərdi yaşayış evinin işıq, su, qaz sayğacları onun adına qeydiyyatdan keçmişdir. Sözügedən fərdi yaşayış evinin tikintisini 2018-ci ilin sentyabr ayında bitirmiş və onlar həmin evə köçmüşlər. Bütün sözsöhbətlər də evə köçdükləri gündən başlamışdır. Cavabdeh onu həmin ilin noyabr ayında evdən qovmuş və bir daha onu evə buraxmamışdır. Bundan sonra o, başqa yerdə kirayədə yaşamağa başlamışdır. Sonradan səhhətində problemlər yaşanmış və 2021-ci ilin sentyabr ayında sol ayağını topuqdan amputasiya etmişlər. Bu səbəbdən o, işləmək qabiliyyətini itirmiş və İİ qrup əlil olmuşdur. Maddi durumu ağırlaşdığı üçün kirayə pulunu ödəyə bilməmiş və məcbur olub 2022-ci ilin yay ayının əvvəllərində yenidən mübahisəli fərdi yaşayış evinə qayıtmışdır. Təxminən 3 aya yaxın yaşadıqdan sonra avqust ayının 29da Cavabdeh özünü birgə nikahdan dünyaya gəlmiş qızlarının həyat yoldaşı kimi təqdim edən Vüsal adlı şəxs ilə birləşərək onu yaşadığı mübahisəli fərdi yaşayış evindən döyərək geyim əşyaları ilə birlikdə qovmuşlar. Hal-hazırda İİ qrup əlildir, səhhəti ilə bağlı heç bir yerdə işləyə bilmir, kirayə pulu ödəməyə gücü çatmır. Hesab edir ki, min bir əziyyətlə işləyib qazandığı pulla inşa etdiyi evə məhkəmə qaydasında köçməlidir. Onu da qeyd edir ki, həmin fərdi yaşayış evinin onun tərəfindən inşa edilməsini sübut edən şahidlər də vardır. Bu səbəbdən də mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 məhkəmədə ifadəsində bildirmişdir ki, o, Akifi 5-6 ildir ki, tanıyır, lakin cavabdehi tanımır. O, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində 23 ildir ki, yaşayır. Akif Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən evi onun bacısı oğlu Tanrıverdiyev Valeriydən almışdır və onlar qonşu olmuşlar. Həmin evin aşağısı mağaza olmuşdur. Həmin şəxsin evə çıxarışı olmuş və evi Akifə etibarnamə ilə satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, 1992-ci ildə məcburi köçkün kimi gələrək, Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşmışdır. Akifi ayaqqabı mağazasında işləyən vaxtdan 10 ildir ki, tanıyır və üzbəüz qonşudurlar. Akif Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evi 2018-ci ildə almışdır. Akif 1-ci mərtəbəni tikərək 2 mərtəbə etmişdir. Orada Akif yoldaşı Güllər ilə birgə yaşamışdır. O, Gülləri daha sonra görməmişdir. Akif evi Valeriydən almışdır. Ev 2,5 sotdur. Akif evin bir hissəsini satmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Ağdam rayonu, Mahzırlı kəndi, NZS qəsəbəsində yaşayır. O, ustadır. Akiflə o, yeznə-qayındırlar. Akif 2018-ci ildə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən evi almışdır. Alandan sonra evi artırmışlar. Alanda ev 2 mərtəbə, aşağısı mağaza olmuşdur. Həmin evin hasarının, dam örtüyünün düzəldilməsini və elektrik işini o görmüşdür. Evdə 3 ay təmir getmişdir. Akif cəmi 2 ay həmin evdə yaşamışdır. Son 5 ildir ki, Akif kirayədə yaşayır. Güllər isə Binəqədi ərazisində salonda işləyir. Akif hal-hazırda isə anasının evində yaşayır. Mehdiabadda olan evdə isə Güllər yaşayır. Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(012)-1227/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən 2,5 sot torpaq sahəsində inşa edilmiş, özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən narazı qalan cavabdeh Cənnətova (Hümbətova) Güllər Hümmət qızı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2(012)-1227/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar arasındakı ailə münasibətlərinə faktiki olaraq xitam verilmişdir. Bu isə, iddiaçının sözü gedən mənzildən heç bir istifadə hüququnun olmaması deməkdir. Belə ki, iddiaçı ilə birgə nikahlarından olan övladı universitetə qəbul olan zaman uşaqların xərclərini o, qarşılamışdır. İddiaçının ata evi plana düşmüş və iddiaçının atası bir otağı kirayə vermişdir. Onlar bir otağı sökmüşlər. 2005-2006-cı illərdə iddiaçının atası onlara ev vermişdir. Onlar evi 45 kv.m. də genişləndirmiş və birgə yaşamışlar. Kommunal xidmətlər onun adınadır. Plana düşən ev üçün şirkət tərəfindən 5 ev verilmişdir. Daha sonra onlar Mehdiabada köçmüşlər və şirkətdən kirayə pulu almışlar. Bakı şəhəri, Nəsimi rayonu, A.Səhhət küçəsində yerləşən evi isə sataraq, yeni ev almışlar. Borc xərc edib, mübahisə predmeti olan evi o, tikmişdir. Akif ona həmin evi də satacağını demişdir. Akif sentyabr ayından çıxıb getmişdir. Şirkətə getdiyi zaman ona Akifin həmin evi 55000 manata satdığını bildirilmişdir. Akif həmin vaxt Keşlədə kirayə evdə yaşamışdır. O, bilir ki, Akif şirkətin verdiyi pula anası və bacısına ev almışdır. Göründüyü kimi, iddiaçının özünü yaşayış sahəsi ilə təmin etmək imkanı vardır. Məhkəmə isə bu halı nəzərə almamış və cavabdehin mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(036)- 764/2019 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilərək İddiaçı ilə X4 arasında Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində bağlanmış 21 aprel 2006-cı il tarixli, 185 saylı nikah akt qeydinin pozulması qət edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş abunə haqqında cədvəldən görünür ki, elektrik enerjisi üzrə xidmətlər Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən abunə kodu **********07103 olan fərdi evində yaşayan İddiaçı adına qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı və cavabdeh X4 21 aprel 2006-cı il tarixində rəsmi nikah bağlamaqla ailə qurmuşlar. Birgə nikahlarından 2 övladları vardır. Tərəflərin rəsmi nikah münasibətləri olduğu dövrdə, yəni 2018-ci il tarixində sözügedən Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən fərdi yaşayış evini əldə etmiş, tərəflər həmin fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparsalar da, həmin evə mülkiyyət hüquqlarını təsdiq edən sənəd almamışlar. Daha sonra iddiaçı sözügedən fərdi yaşayış evini məcburi tərk etmiş və tərəflər arasındakı nikah İmişli Rayon Məhkəməsinin 2(036)-764/2019 saylı, 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən fərdi yaşayış evi tərəflərin nikah münasibətlərində olduğu dövrdə əldə edilmiş, tərəflər həmin mübahisə predmeti olan fərdi yaşayış evində birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal şahidlərin ifadəsi ilə də təsdiqini tapmışdır. Sadalananlara əsasən, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərək İddiaçı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən 2,5 sot torpaq sahəsində inşa edilmiş, özbaşına tikili olan fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş edərək şikayətini – mübahisə predmeti olan evin onun tərəfindən tikildiyi, Akifin sentyabr ayından çıxıb getdiyi, iddiaçının ata evinin plana düşdüyü, şirkətə getdiyi zaman ona Akifin həmin evi 55000 manata satdığı, Akifin şirkətin verdiyi pula anası və bacısına ev aldığı, iddiaçının özünün yaşayış sahəsi ilə təmin etmək imkanın olması ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, İddiaçı və cavabdeh X4 arasında 21 aprel 2006-cı il tarixində rəsmi nikah bağlanmış, birgə nikahlarından 2 övladları anadan olmuş və hazırda onlar yetkinlik yaşına çatmışlar. Tərəflərin rəsmi nikah münasibətləri olduğu dövrdə, yəni 2018-ci il tarixində mübahisə predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən fərdi yaşayış evini əldə etmiş, həmin fərdi yaşayış evində yaşayaraq birgə təsərrüfat aparmışlar, lakin həmin evə mülkiyyət hüquqlarını təsdiq edən sənəd almamışlar. Daha sonra iddiaçı ilə cavabdeh arasında olan münasibətlər pozulduğudan iddiaçı sözügedən fərdi yaşayış evini məcburi tərk etmiş və İmişli Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. Həmçinin, İddiaçı özünə məxsus ayrıca yaşayış evi olmadığı, eləcə də mübahisə predmeti olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Dostluq küçəsində yerləşən 2,5 sot torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair cavabdehin adına heç bir hüquqi sənəd olmadığı, həmin tikilinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada məhkəmə kollegiyasının qənaətinə görə, iddiaçının sözügedən tələbinə uyğun gələn iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 180.1-ci maddəsi nəzərdən keçirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunmuşdur ki, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Göründüyü kimi, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur, iddiaçı həmin evə köçmüş, həmin evdən yaşayış sahəsi kimi istifadə etmişdir. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əks yanaşması, yəni iddiaçının evə köçürülməsindən həmin evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi, hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Belə olan təqdirdə, iddiaçının da həmin evdə yaşamasını təmin etmək məqsədi ilə o, həmin evə köçürülməlidir. Məhkəmə kollegiyası cavabdehin evin onun tikməsi ilə bağlı dəlillərini yuxarıda tədqiq edilmiş sübutlara əsasən əsassız hesab edərək qeyd edir ki, bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmamışdır, əksinə şahid ifadələri ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən 2018-ci il tarixdə alındığı müəyyən edilmişdir. Bununla da, məhkəmə kollegiyası iddiaçının köçürəlməsini tələb etdiyi özbaşına tikilmiş evə hər hansı hüququnun olmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.3-cü maddəsinə əsasən əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisəli evə iddiaçıya münasibətdə hər hansı üstün hüququ olmadığı, eləcə də iddiaçının da həmin evə köçürülməklə cavabdehlə bərabər həmin evdən yararlanmaq, yəni orada yaşamaq hüququ olduğundan iddiaçının yaşadığı yerdən məhrum edilməsi əsassızdır. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh Cənnətova (Hümbətova) Güllər Hümmət qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(012)-1227/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1609/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1609/2023
21.09.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver