Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-161/2025 06.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrinin ləğv edilməsi, iddia müddəti) X3 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “əmək müqaviləsinə xitam verilməsi əmrinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(060)-5452/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin müvafiq əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı “Yaşıllaşdırma işləri xidməti şöbəsində” bağ fəhləsi vəzifəsinə təyin olunmuşdur. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 75/K nömrəli əmri ilə Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilməsinin əsası kimi “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsi göstərilmişdir. Halbuki, iddiaçının işə gəlməməsinin səbəbi bu olmuşdur. Ona ixtisara düşdüyü bildirilmiş və qeyd edilmişdir ki, işə gəlməyi və ya gəlib işdən çıxmağı barədə iddiaçıya əlavə məlumat veriləcəkdir. O isə razılaşmış və gözləmişdir. Yalnız 2024-cü ilin fevral ayında iddiaçı başqa işə düzəlmək istəyəndə xəbəri olmuşdur ki, iddiaçı barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək müqaviləsinə xitam verilmişdir. Yəni onun işdən çıxarılması barədə 2021-ci ildə nə iddiaçıya bildiriş verilməyib, nə də həmin vaxtda əmr verilməmişdir. Bunu biləndən sonra 2024-cü ilin fevral ayının sonunda özü idarəyə gedib maraqlanmış və əmri imzalayıb götürüb tanış olmuşdur. Əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işəgötürən tərəfindən ləğv edilməsi işçinin sözün əsl mənasında ömürlük bədbəxt olması anlamına gəlir. Həmçinin iddiaçıya xx.xx.2021-ci il tarixli, 75/K nömrəli əmrdə qeyd olunmasına baxmayaraq haqq-hesab ödənilməmişdir. Ona görə də iddiaçı hesab edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021 tarixli əmr ləğv edilməlidir.
3. Cavabdeh "xxxx" MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının ümumiyyətlə tələbi sübut olunmadığından və ən əsası Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddia müdəti ötürüldüyündən iddia müddətini tətbiq etməklə iddiaçı X2 cavabdeh "xxxx" MMC-yə qarşı əmək müqaviləsinə xitam verilməsi əmrinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən “Yaşıllaşdırma işləri xidməti şöbəsində” bağ fəhləsi vəzifəsinə təyin olunmuşdur. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 75/K nömrəli əmri ilə Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilməsinin əsası kimi işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsi göstərilmişdir. İddiaçının tələbində göstərilənlər əsassız və qanunsuzdur. Beləki, iddiaçı 2021-ci ilin avqust ayında heç bir üzürlü səbəblər göstərmədən işə çıxmamışdır. xx.xx.2021-ci il tarixdə MMC-nin yaşıllaşdırma işləri üzrə sahə rəisi Ədalət Əbdüləzimov tərəfindən MMC-nin direktoru Yavər Vəliyevə yazılı formada məlumat verilərək Mikayılzadə (Dəmirov) Elvin İsa oğluna dəfələrlə məlumat verilməsinə baxmayaraq işə səhlənkar yanaşdığının və icazəsiz işdən qaldığını, ona ayrılmış sahədə qazonun sıradan çıxması təhlükəsi yarandığını əsas götürərək tədbir görülməsini xahiş etmişdir. Elə həmin tarixdə yaşıllaşdırma şöbəsinin müdiri Xəlil Abbasov, sahə rəisi Ədalət Əbdüləzimov və bağban Elsevər Cabbarov tərəfindən akt tərtib edilərək iddiaçının dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq işə səhlənkar yanaşdığını, bu barədə izahat verməkdən imtina etdiyini, ona ayrılmış sahələrdə qazonların sıradan çıxdığı qeyd olunmuşdur. Bundan əlavə xx.xx.2021-ci il tarixdə Yaşıllaşdırma şöbəsinin müdiri Xəlil Abbasov tərəfindən MMC-nin direktoruna yenidən məlumat yazılaraq iddiaçının heç bir üzürlü səbəb göstərmədən və ona dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq 5 gündür, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarix də daxil olmaqla işə çıxmadığını və bu barədə tədbir görülməsini xahiş etmişdir. Eyni əsaslarla akt tərtib edilmişdir. Göründüyü kimi iddiaçı öz tələbini sübut edəcək əsasları məhkəməyə təqdim edə bilməsədə, lakin onun tələbinə qarşı etirazın əsası kimi isitinad etdikləri sübutlarla işəgötürən tərəfindən, qanuni və haqlı olaraq onun işdən azad olunduğunun şahidi oluruq. İddiaçının əsas vəzifəsi yaşıllaşdırma işlərində xidmət etmək, yəni yaşıllıqları təmizləmək onları qorumaqdan ibarət olmuşdur. Lakin təqdim etdiyikləri foto şəkillərdən də görünür ki, iddiaçı öz vəzifə borcunu vaxtında və düzgün yerinə yetirməməsi səbəbindən qazonlar sıradan çıxmışdır. İddiaçı iddia edir ki, onun bu müddət ərzində işə gəlməməsinin səbəbi guya işəgötürən ona bildirmişdir ki, ixtisara düşmüş, onun işdən çıxmağı barədə ona məlumat veriləcəkdir. İddiaçının qeyd etdiyi bu tələb də tam əsassız və qanunsuzdur. Çünki iddiaçı qanunsuz olaraq işə çıxmadığı üçün onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verldiyindən məlumatı olmuşdur. Əmək kitabçasının gəlib MMCdən götürməsi üçün ona şifahi xəbərdarlıqların edilməsinə baxmayaraq o, gəlib əmək kitabçasını götürməmişdir. Bununla bağlı MMC-də akt tərtib edilmişdir. Eyni zamanda şəxsi kabinetə əlavə etdikləri 2021-ci ilin avqust ayı üçün 8 nömrəli əmək haqqı hesablanaraq ödənilmiş işçilərin siyahısında iddiaçınında adı qeyd olunmuşdur. 2021-ci ilin avqust ayı üzrə MMC-dən öz xahişi və işəgötürənin əmri əsasında işdən çıxarılmış işçilərin cədvəlindən də görünür ki, iddiaçı işdən azad olunduğu gün, yəni xx.xx.2021-ci il tarixdə son haqq hesab kimi ödəniş edilmişdir. Bütün bu qeyd etdiyi əsaslardan açıq-aydın görünür ki, iddiaçı niyə və hansı əsaslarla onunla cavabdeh arasında olan əmək müqaviləsinə xitam verildiyindən məlumatlı olmuş olsada o, qanunsuz tələbi ilə əsassız varlanmaq üçün təxminən 2 il 9 ay müddət keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işə bərpa olunması və ödənilməmiş əmək haqqının ödənilməsini tələb edir. AR ƏM-nin 296-cı maddəsinin ikinci hissəsinin mənasına görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsi iddianın başlanğıcını təyin edərkən konkret gün müəyyən edib. AR-nın Əmək Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsində həmin gün belə göstərilib: işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi gün hesab edilir. İddiaçı işdən azad olunduğunu bildiyi halda və işdən azad olunduğu üçün son haqq-hesabını aldığı halda o, əsassız olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək güya onun 2021-ci ilin avqust ayında işdən azad olmasından məlumatsız olduğunu, bu bardə məlumatı 2024-cü ilin fevral ayında əldə etdiyini əsas götürərək onun qanunsuz olaraq işdən azad olduğunu iddia edərək onun işə bərpa olunmasını tələb edir. İddiaçının xəyali düşüncələri ilə qurulmuş bu tələb absurd bir tələb kimi qəbul edilməlidir.
5. 09.04.2024-cü il tarixli, MŞS/MT030/2024/00713 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat xərci İddiaçı ödəmişdir.
6. xx.xx.2021-ci il tarixli, 75/k saylı əmrdən görünür ki, "xxxx" MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında Əmək Məcəlləsinə xx.xx.2021-ci il tarixində xtam verilmişdir.
7. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən "xxxx" MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmişdir.
8. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatdan görünür ki, Sumqayıt Bulvar” MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında bağlanmış xxxxxxx0003X0 nömrəli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli xitam verilməsi barədə məlumat elektron informsiya sisteminə yerləşdirilmişdir.
9. Əmək kitabçasinin surətindən görünür ki, Sumqayıt Bulvar” MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında 28/k nömrəli əmrlə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmış, 75/k nömrəli əmrlə isə xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(060)- 5452/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu ilə cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının tabeliyində "xxxx" MMC arasında olan əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi barədə iddia tələbinin rədd edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İ hissəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 1 və 2-ci bəndləri, 68-ci maddəsinin 1 və 2-ci hissələri, 69-cu maddəsinin 2-ci bəndi, 83-cü maddəsinin 2-ci bəndi, 294-cü maddəsinin 4-cü bəndi, 296-cı maddəsinin 4-cü hissəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(060)- 5452/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsində maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, işdən çıxarılma əmri işçiyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Ondan sonra isə mediasiya müddəti nəzərə alınmaqla məhkəməyə müraciət üçün 1 aylıq müddət onun tərəfindən gözlənilmişdir. Cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı sənədləri – məlumat, raport və aktları məhkəməyə təqdim etmişdir. Həmin sənədlərdən görünür ki, sənədləşmə işdən azad olunan işçinin iştirakı olmadan aparılmışdır. Halbuki, onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsindən xəbər tutmaq və izahat vermək hüququ vardır. İşdən çıxarılma əmrinin əsası kimi göstərilmiş xx.xx.2021-ci il tarixli akt və məlumatda isə işçiyə xəbər verilməsi, onun gəlməməsi, izahat verməkdən imtina etməsi barədə heç bir söz yoxdur. Yalnız xx.xx.2021-ci il tarixli aktda işçinin işə gəlməməsi barədə izahat verməməsi göstərilib ki, həmin akt işdən çıxarılma əmrində əsas kimi göstərilməyib. Zaman etibarilə də əmək müqaviləsindən 10 gün əvvəl tərtib olunub. İşəgötürən ən azı izahat üçün işçinin vatsapına və ya ünvanına məktub göndərə bilərdi. Həmçinin işçinin izahat verməkdən imtina etməsi ilə bağlı ayrıca akt da tərtib oluna bilərdi. Yuxarıda gətirilən dəlilərin hüquqi əsası kimi aşağıdakı maddələr qeyd edilməlidir: Əmək Məcəlləsi maddə 187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Əmək Məcəlləsi maddə 189.3. İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Həmin maddəyə əsasən 70-ci maddənin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (inirəlkilədhö) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Cavabdeh "xxxx" MMC işçi işə gəlmədiyi və əmək funksiyalarını yerinə yetirmədiyi üçün istehsalın ahənginin pozulmasını əsaslandırmalı idi. Bunun üçün isə bir-neçə məsələ sübut edilməli idi: - işçinin əmək funksiyası nədən ibarət olmuşdur və hansı sənəddə əksini tapmışdır? Belə bir sənəd mövcuddurmu? Mövcud deyilsə nəyin pzoulmasından və nəticədə zərər vurulmasından söhbət gedir? - İşçinin əmək funksiyasını pozması və işə gəlməməsi müəssisəyə hansı formada və nə qədər zərər vurmuşdur? Cavabdehin məhkəməyə təqdim etdiyi yaşıllıq şəkilləri hələ zərərin mövcudluğunu təsdiq etmir. Həmin şəkildəki yerin məhz İddiaçı qulluq etdiyi sahə olması, qulluqsuzluqdan həqiqətən korlanması və yaranmış zərərin məbləği hesablanmalı idi. Bütün bunlardan sonra 70-ci maddə “ç” bəndindəki iş ahənginin pozulmasından söhbət gedə bilərdi. Digər tərəfdən işdən azad olunma barədə əmr işçiyə təqdim edilməmişdir. Yalnız bu ilin fevral ayında o, 70-ci maddənin “ç” bəndindən xəbər tutandan sonra idarəyə getmiş və əmr rəsmi olaraq ona təqdim olunmuşdur. Əgər əmr daha əvvəl ona təqdim edilsəydi, onun üzərində İdarə tərəfindən xx.xx.2024-cü il tarixdə İdarənin möhürü ilə “təhvil verildi” qeydi olmazdı. Bütün bunlar işdən çıxma prosesinin cavabdehin deyil, məhz onun dediyi kimi baş verdiyini təsdiq edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
15. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
16. İş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır (35-ci maddənin İİ, İV, Vİ hissələri). Maddə 71. (İ və İİ hissə) Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
19. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi:
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır.
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları:
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
Maddə 83. Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası:
2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir. Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar 1.Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
22. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixində "xxxx" MMC ilə bağlanmış əmək müqaviləsinə əsasən, iddiaçı “Yaşıllaşdırma işləri xidməti şöbəsində” bağ fəhləsi vəzifəsinə təyin olunmuşdur. İşəgötürənin xx.xx.2021-ci il tarixli, 75/K nömrəli əmri ilə Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İddiaçı 2024-cü ilin fevral ayının sonunda müvafiq əmri işəgötürəndən götürüb tanış olmuş, əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsini əsassız hesab edərək araşdırılan iddia tələbi ilə 05 avqust 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
23. Göründüyü kimi birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında olan əmək müqaviləsinin xitam verilməsi zamanı hər hansı bir qanun pozuntusu olmamaqla yanaşı mübahisə üzrə məhkəməyə müraciət etmə müddəti də ötmüşdür. İşçinin əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verildiyi və bu iddiaçıya məlum olduğu halda iddiaçı xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir.
25. Sumqayıt Şəhər Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2(060)- 5491/2024 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
26. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslı sayıla bilməz.
27. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən "xxxx" MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixində xitam verilmiş və Sumqayıt Bulvar” MMC ilə Mikayılzadə (Dəmirov) Elvin İsa oğlu arasında bağlanmış xxxxxxx0003X0 nömrəli əmək müqaviləsinə xx.xx.2021-ci il tarixli xitam verilməsi barədə məlumat elektron informsiya sisteminə yerləşdirilmiş, işəgötürən tərəfindən işçiyə son haqq hesab iddiaçı işdən azad olunduğu gün, yəni xx.xx.2021-ci il tarixində köçürülmüş, 28 fevral 2024-cü il tarixdə İddiaçı əmrin surətini qəbul etmiş, 06 mart 2024-cü il tarixdə Mediasiya prosesinin tətbiqi barədə işəgötürənə təklif göndərilmiş, 09 aprel 2024-cü il tarixdə İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış verilmiş, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edilmişdir.
28. Göründüyü kimi işçi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti ilə 28 fevral 2024-cü il tarixdə tanış olmasına və ona 09 aprel 2024-cü il tarixdə İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə Arayış təqdim edilməsinə baxmayaraq, xx.xx.2024-cü ildə məhkəməyə müraciət etmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan hallara istinadən haqlı olaraq iddiaçı tərəfindən iddia müddətinin ötürülmüş hesab olunması qənaətinə gəlmişdir.
29. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür.
30. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
31. Göründüyü kimi, qanunvericilik fərdi əmək mübahisəsinin həll edilməsi üçün 1 aylıq iddia müddəti müəyyən etmişdir.
32. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarındakı mövqedən çıxış edərək qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
33. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır, bu baxımdan hesab edir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdr.
34. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2024-cü il tarixli, e-2(060)-5452/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.