Məhkəmə qərarları › İş №2(105)-1611/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1611/2022

27.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1611/2022 27.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(060)-6209/2016 nömrəli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(060)-6209/2016 nömrəli qətnaməsi ilə (hakim İlyas Mahmudov) Ərizəçi1 maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı hüquq faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilib, Ərizəçi1 05 yanvar 1997-ci il tarixdən 25 noyabr 2005-ci il tarixədək Bakı 26 saylı Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən edilməsi qət edilmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(060)- 6209/2016 nömrəli qətnaməsinin ləğv edilib, ərizənin təmin olunmamasını xahiş etmişdir. İŞİNHALLARİ: Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, 05 yanvar 1997-ci il tarixdən 25 noyabr 2005-ci il tarixədək Bakı 26 saylı Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, 05 yanvar 1997-ci il tarixdən 25 noyabr 2005-ci il tarixədək Bakı 26 saylı Təmir-Tikinti İdarəsində rəngsaz işləmişdir. Pensiyaya çıxmaq üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin ondan əmək kitabçası tələb olunmuşdur. Onun əmək kitabçası yoxdur və həmin dövrə dair əmək fəaliyyətini təsdiq edən sənədlərin müəssisədən əldə edilməsi mümkün olmadığına görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİNDƏLİLLƏRİVƏ PROSESİŞTİRAKÇİLARİNİNİZAHATİ: Maraqlı tərəf apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 28 aprel 2016-cı il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 05 yanvar 1997-ci il tarixdən 25 noyabr 2005-ci il tarixədək Bakı 26 saylı Təmir-Tikinti İdarəsində rəngsaz kimi işlədiyini, əmək kitabçası və əmək fəaliyyətinə dair sənədlərin əldə edilməsinin mümkün olmadığını bildirmişdir. Hazırki iş üzrə şahid qismində çıxış edən X3 (vəfat edib) bütün digər işlər (hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi) üzrə makler (vasitəçi) rolunda çıxış edərək saxta və qanunsuz qətnamələrin qəbul edilməsində iştirakçı olub. Həmin qətnamələr apellyasiya qaydasında ləğv edilmişdir. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Lakin Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2016-cı il tarixli 2(060)-6209/2016 nömrəli qətnaməsinə əsasən şahid qismində dindirilmiş X5 və X3 Ərizəçi1 ilə eyni müəssisədə birlikdə işləməsini təsdiq edən hər hansı bir təsdiqedici sənəd məhkəməyə təqdim etməmişdir. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Qeyd etməyi zəruri hesab edirik ki, Qubadlı rayonu xx.xx.1993-cü il tarixdə işğal olunmuş və ərizəçi xx.xx.1997-ci il tarixdən Bakı şəhəri 26 saylı Təmir-Tikinti İdarəsində işlədiyini bildirmişdir. Digər tərəfdən ərizəçinin işlədiyi iddia etdiyi dövrlər üzrə (1997-2005) təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd təqdimedilməmişdir. Lakin birinci instansiya məhkəməsitərəfindən yuxarıda qeyd olunan hallar nəzərə alınmamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, lazımi sorğular göndərilmədən ərizə təmin edilmişdir. Lakin şahid qismində çıxış edən R.S.Həziyev və R.İ.Quliyev Ərizəçi1 ilə sözügedən müəssisədə birlikdə işləməsini təsdiq edən sənəd qismində nəinki əmək kitabçası, əmək fəaliyyətini təsdiq edən bu və ya digər sənəd təqdim etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada Ərizəçi1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası ərizəçinin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİMƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən Azərbaycan Respublikası MPM-nin 307.1, 308-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, Ərizəçi1 05 yanvar 1997-ci il tarixdən 25 noyabr 2005-ci il tarixədək Bakı 26 saylı Təmir-Tikinti İdarəsində rəngsaz vəzifəsində işləməklə həmin dövr üçün əmək stajının müəyyən edilməsi üçün zəruridir və o, bu sənədləri başqa qaydada əldə də bilmir. Birinci instansiya məhkəməsi ərizəni təmin edərkən maddi və posessual hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verilmiş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizənin təmin olunmaması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları ilə müyyən olur ki, Ərizəçi1 05 yanvar 1997-ci il tarixdən 25 noyabr 2005-ci il tarixədək Bakı 26 saylı Təmir-Tikinti İdarəsində rəngsaz işləməsi faktının təsdiq edilməsinə dair sənədləri başqa qaydada əldə edə bilmir və bu faktın təsdiqi ona həmin dövr üçün sosial sığorta stajının əmək kitabçasına lazımi qeydin aparılması üçün lazımdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasn iş stajı barədə sənədlər oİmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədlər olmalıdır. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinin tələblərinə sasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin birinci instansiya məhkəməsinin iclasında dindirilmiş şahidlər ərizəçi ilə eyni müəssisədə birlikdə işləmələrini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Qaydaların 3.2.2-ci yarımbəndinə uyğun olaraq əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında sosial sığorta stajı müəyyən edilir. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Ərizəçinin işlədiyi iddia etdiyi dövrlər üzrə (1997-2005-ci illər) təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallar baş verməmiş və ya bununla bağlı hər hansı bir sənəd təqdim edilməmişdir. Lakin birinci instansiya məhkəməsi qeyd olunan halları nəzərə almamış, müəssisənin, həmçinin sözügedən müəssisədə ərizəçinin və şahidlərin əmək fəaliyyətini təsdiq edən hər hansı bir sənədin mövcudluğu araşdırılmamış, ərizəçiyə məhkəmə qaydasında müəyyən etmək istədiyi faktın ona nə məqsəd üçün lazım olduğunu əsaslandırmamış və çatmaq istədiyi məqsədi göstərməmişdir. Azərbaycan Respublikası MPM-306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-1-ci fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 306.2-ci maddəsinə görə xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədlə təsdiq olunur. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1-ci maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o cümlədən, qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquq faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Azərbayjan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.4-cü bəndinə əsasən əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbayjan Respublikası MPM-nin 80-cı maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təstiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. İşin qeyd olunan hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, ərizə əsassızdır və təmin edilə bilməz. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Ona görə də, apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402-403, və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının verdiyi apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 28 aprel 2016-cı il tarixli, 2(060)-6209/2016 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizəçi1 maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar