Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1614/2023 26.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Məmmədova Lətifə Məhyəddin qızı və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Azərbaycan Elm və Təhsil Nazirliyi N.Tusi adına X3”na və Azərbaycan Elm və Təhsil Nazirliyinə qarşı “daimi qeydiyyatda olmaqla yaşadıqları mənzildən istifadə hüquqlarının müvəqqəti olaraq üç il müddətinə uzadılması” tələbinə dair mülki iş üzrə iddiaçılar tərəfindən Şamaxı Rayon Məhkəməsinin sədri X4 və bütün məhkəmə tərkibinə edilmiş etiraza bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: : İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Elm və Təhsil Nazirliyi N.Tusi adına “X3”na və Azərbaycan Elm və Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Azərbaycan Elm və Təhsil Nazirliyinin və onun tabeliyinə verilmiş N.Tusi adına X1 balanslarında olan – Şamaxı rayon Yusif Məmmədəliyev qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşadıqları bina 2, mənzil 15 ünvandan istifadə hüquqlarının müvəqqəti olaraq 3 (üç) il müddətinə uzadılması” barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmədə işə baxılan zaman iddiaçılar xx.xx.2023-cü il tarixli etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək Şamaxı Rayon Məhkəməsinin sədri X5 və bütün məhkəmə tərkibinə etiraz etdiklərini bildirmiş və hazırki mülki işi Şamaxı Rayon Məhkəməsinin icraatından alınaraq başqa rayon məhkəməsinin (Qobustan Rayon Məhkəməsi istisna olmaqla) icraatına verilməsini xahiş etmişlər. Etiraz onunla əsаslаndırılmışdır ki, onlar iddia tələblərində Azərbaycan Respublikasının Prezidenti X9 28 iyul 2022-ci il tarixli fərmanı ilə əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan bir çox elmi tədqiqat müəssisələri və o cümlədən N.Tusi adına X3, Azərbaycan Elm və Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Odur ki, onlar iddia tələblərində cavabdeh “Azərbaycan Elm və Təhsil Nazirliyi N.Tusi adına X3”na yönəltmələrinə baxmayaraq, “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına X3” adında cavabdehə yönəltməmişlər. Şamaxı Rayon Məhkəməsinin 8(074)-74/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə icra sənədi üzrə icraatın məcburi dayandırılmasına dair ərizələri yenə də məhkəmənin sədri Fərid Yaqubovun korrupsiya maraqları səbəbindən təmin edilmədiyindən Şamaxı İcra və Probasiya Şöbəsinin rəhbərliyi onları əmlakları ilə birgə qeydiyyatda olmaqla yaşadıqları mənzildən çıxartmışdırlar. İddiaçılar əlavə olaraq bildirmişdir ki, eyni hakim onların hüquqi məsələlərlə bağlı verdiyi vəsatət və şikayətlərinə baxmış, lakin sonda şikayət və vəsatətləri təmin olunmamış, beləliklə də prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-ci il tarixli, 2 (074)-532/2023 nömrəli qərarı ilə (protokol qaydasında) iddiaçıların Şamaxı Rayon Məhkəməsinin sədri Fərid Yaqubova və ümumən həmin məhkəmənin bütün hakimlərinə verdiyi etiraz baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Etiraz məsələsinə təxirəsalınmaz qaydada baxıldığından kollegiya tərəflərin iştirakı olmadan etiraza baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 19-cu maddəsində hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar göstərilmişdir. 19.1 və 19.1.7-ci maddələrinə əsasən hakimin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxılmasına yol verilmir. -22.5-ci mаddəsinə əsаsən, əgər etirаz birinci instаnsiyа məhkəməsində işə bаxаn məhkəmə sədrinə, yаxud təktərkibli məhkəmənin hаkiminə edilmişsə, bu hаldа etirаz bаxılmаq üçün аpellyаsiyа instаnsiyаsı məhkəməsinə göndərilir. -23.2-ci mаddəsinə əsаsən, birinci instаnsiyа məhkəməsinin bütün hakimlərinə ayrıayrılıqda və yа təktərkibli məhkəmənin hаkiminə edilmiş etirаz və yа özü-özünə etirаz təmin edilmişsə, bu hаldа iş аpellyаsiyа instаnsiyаsı məhkəməsi tərəfindən bаşqа birinci instаnsiyа məhkəməsinə verilir. Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının; 2.2.-ci bəndinə əsasən hakimə (məhkəmə tərkibinə) etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin Qərarın 5.3.-cü bəndinə əsasən bütün məhkəmə tərkibinə etiraz edildikdə, hər bir hakimə münasibətdə, etirazın əsasları konkret göstərilməlidir. 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinin yuxarıda sadalanan müddəaları, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi məhkəmə aktına inamı artırmaq üçün qərəzsizliyi önə çəkərək buna xüsusi əhəmiyyət vermiş, bu yolla qəbul ediləcək məhkəmə qərarının ədalətliliyinə təminatı nəzərdə tutmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, hakim onun qərəzsizliyinə əsaslı şübhə yarada biləcək hallar olduqda özünü icraatında olan işin baxılmasından kənarlaşdırmalıdır. Hakim qərəzsiz olmaqla yanaşı, məhkəmə icraatına hər hansı şəxs tərəfindən müdaxilə edilməsinə yol verməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Lindon, Otchakovsky-Laurens və July Fransaya qarşı” iş üzrə 22 oktyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, məhkəmənin qərəzsizliyi Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin mənasına görə, məhkəmədə qabaqcadan formalaşmış yanlış fikirlərin və qabaqcadan hasil olan qənaətlərin olmamasını ehtiva edir. Məhkəmənin qərəzsiz olmasının müəyyən edilməsinin iki metodu mövcuddur: 1) konkret hakimin işə dair şəxsi fikrinin və ya marağının müəyyən edilməsi cəhdi; 2) hakimin bu məsələyə dair hər hansı qanuni şübhələri istisna etməyə imkan verən zəmanətləri təmin edə bilib-bilməməsinin müəyyən edilməsi. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsi, vətəndaşların məhkəmələrin fəaliyyətindən narazı qalmaması və bu sahədə nöqsanların aradan qaldırılması üçün atılan addımlardan biri də hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqində vahid məhkəmə təcrübəsinin formalaşdırılmasıdır. Hazırki iş üzrə etirazın dəlillərini müzakirə edən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, ərizədə qeyd olunan dəlillər etirazın təmin olunması üçün əsas verməsə də, eləcə də Şamaxı Rayon Məhkəməsinin işə baxan hakiminin (və ya bütün məhkəmə tərkibinin) bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına yönəlmiş şübhələr mövcud olmasa da, ədalət mühakiməsinin obyektiv və qərəzsiz həyata keçirilməsi və iddiaçıların yenə də məhkəmələrin fəaliyyətindən narazı qalmaması baxımından etiraz təmin edilməli və mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 18,19, 23, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldı : İddiaçılar İddiaçı1 və İddiaçı2 Şamaxı Rayon Məhkəməsinin hakimi (sədri) X4 və həmin məhkəmənin bütün tərkibinə (hakimlərinə) edilmiş etirаz təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər “Azərbaycan Elm və Təhsil Nazirliyi N.Tusi adına X3”na və Azərbaycan Elm və Təhsil Nazirliyinə qarşı “daimi qeydiyyatda olmaqla yaşadıqları mənzildən istifadə hüquqlarının müvəqqəti olaraq üç il müddətinə uzadılması” tələbinə dair mülki iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1614/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1614/2023
26.07.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver