Məhkəmə qərarları › İş №2(105)-1620/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1620/2022

23.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1620/2022 23.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, 40.000 manat pul ödəyərək aldığı ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilin Cavabdeh MMC tərəfindən ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, 074 nömrəli mənzil tikintisi haqqında müqavilə bağlanmış və müqavilənin birinci bəndinə əsasən cavabdeh Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 329 nömrəli mənzil izolə olunmuş, 3 otaqdan ibarət pay kimi payçıya verməyi öhdəsinə götürmüşdür. Mənzilin ümumi sahəsi 120,69 kv.m, ümumi dəyəri isə 40.000 manat təşkil edir. O, müqavilə üzrə ilkin olaraq 27.000 manat pulu cavabdeh "xxxx" MMC-yə ödəmişdir. Qalan məbləğ isə 6 ay müddətinə hər ay 2167 manat olmaqla onun tərəfindən cavabdehə ödənilmişdir. Buna dair cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixli maliyyə arayışı verilmişdir. Müqavilə üzrə mənzilin dəyərin tam şəkildə ödədikdən sonra mənzil təhvil verilməli olmasına baxmayaraq, cavabdeh öhdəliyinə əməl etməmiş və bu günə kimi müxtəlif bəhanələrə mənzili təhvil verməkdən yayınmışdır. Bütün bunlarla bağlı xx.xx.2021-ci il tarixdə cavabdehə yazılı formada pretenziya məktubu ünvanlasa da bir nəticəsi olmamış, bu günədək məktubuna hər hansı cavab verilməmiş, öhdəliyin icrası istiqamətində hər hansı addım atılmamışdır. O, müqavilə üzrə öhdəliklərini tam və vaxtında icra etmiş, cavabdeh isə götürdüyü öhdəliyə riayət etməmişdir. Cavabdehin iddia ərizəsinə qarşı yazılı etirazı daxil olmamışdır. İş materiallarında olan 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqavilədən görünür ki, icraçı Cavabdeh MMC Abşeron Rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 3-cü bəndinə əsasən mənzilin sahəsi 120,69 kv.metrdir, mənzilin 1 kv.metrinin dəyəri 331 manat və mənzilin ümumi dəyəri 40.000 manat olmaqla “Payçı” ilkin olaraq 27.000 manat məbləğində avans ödəyir. Müqavilənin 3.5-ci bəndinə əsasən “Payçı” hər ay 2167 manat ödəniş edir və kreditin müddəti 6 aydır. Cavabdeh MMC tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilə görə 40.000 manat məbləğində pul ödənilmişdir. Pretenziya məktubundan görünür ki, iddiaçı maliyyə arayışına əsasən 40.000 manat ödədiyi ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) İddiaçı Cavabdeh MMC-ya qarşı mənzilin təhvil verilməsi tələbinə dair iddia təmin edilib, ünvan 1 ünvanında yerləşən, 5-ci blok, 12- ci mərtəbə, 329 nömrəli mənzil Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, Cavabdeh MMC 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən İddiaçı sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, cavabdeh təşkilat olaraq Cavabdeh MMC podratçı kimi ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzili iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı halda bunu etmədiyi üçün mübahisəli mənzili iddiaçıya təhvil verməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 5.3, 385.1, 425.1, 431.1, 442, 752.1, 755-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: İşin faktiki halları ondan ibarədir ki, Cavabdeh MMC və İddiaçı arasında Cəmiyyətin ünvan 2 ünvanında inşa edilən yaşayış binasının 5-ci bloku 12-ci mərtəbəsində, ümumi sahəsi 120,69 kv.metr, 3 otaqlı 329 nömrəli mənzilin tikintisi haqqında 06 dekabr 2018-ci il tarixli, 074 nömrəli müqavilə bağlanıb. İddiaçı adına guya onun həmin mənzil sahəsinə görə Cavabdeh MMC-yə mənzilin dəyərinin ödənilməsi barədə 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı yazılaraq verilib. Əslində cavabdehin adına 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı verilsə də, həmin müqavilənin bir hissəsi qismində çıxış etmiş X3 tərəfindən müavilənin 5.7-ci bəndinə əsasən mənzil üçün ödəniləcək 25.000 manatı cəmiyyətə ödənilməyib. Cavabdeh İddiaçı adına müqavilə və maliyyə arayışı yazılsa da faktiki olaraq Cavabdeh MMC-yə bir manat da olsun pul ödənilməyib. Razılaşmaya görə tikinti materiallarının gətirilməsi ilə əlaqədar X1 xahişi nəzərə alınmaqla təminat olaraq müqavilə və maliyyə arayışı cavabdehin adına yazılıb və mənzilin dəyərinin bir hissəsinin də X3 tərəfindən ödənilməsi barədə öhdəlik götürülüb. Lakin müqavilənin şərtlərinə görə X3 mənzil üçün müqavilədə göstərilən ona aid hissə üzrə öhdəliyi yerinə yetriməyib. Müqavilənin 5.7-ci maddəsində yazılır: Bu mənzil X2 aid olduğu üçün müqavilənin qırx min manatı İddiaçı, iyirmi beş min manatı X3 tərəfindən şirkətə ödənildikdən sonra qüvvəyə minir, əks təqdirdə etibarsız sayılısın. İddiaçı tərəfindən mənzil üçün iyirmi beş min manat Cəmiyyətə ödənilmədiyi üçün Cəmiyyət cavabdehin adına yazılmış 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı müqavilənin 5.7-ci bəndinə əsasən etibarsızdır. İddiaçı müqavilənin və maliyyə arayışının ləğv olunması və həmin sənədlərin əslini qaytarılması barədə xəbərdarlıq olunsa da, ona bu barədə bildiriş göndərilsə də İddiaçı göstərilən sənədləri geri qaytarmayıb, bundan imtina edib. 06 dekabr 2018-ci il tarixli müqavilə və 12 yanvar 2021-ci il tarixli maliyyə arayışının əsli cavabdehdə qaldığı üçün cavabdeh bu fürsətdən istifadə edərək sənədləri iddiaçıya qaytarmamaqla göstərilən əmlakı əldə edərək əsassız varlanmaq niyyətinə düşüb. Göründüyü kimi mənzil tikintisi üçün pul tam ödnilmədiyindən, müqavilə və maliyyə arayışı başqa əqdi pərdələmək və görünüş üçün bağlandığından həmin sənədlər etibarsız hesab edilməlidir. Bu barədə birinci instansiya məhkəməsinə 25 fevral 2021-ci il tarixdə iddia ərizəsi ilə müraciət edilsə də, baxılmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. b) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdi. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Maddə 43.1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Maddə 442. Öhdəliyini icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 755. Podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olur ki, İddiaçı və Cavabdeh MMC arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən icraçı Cavabdeh MMC Abşeron rayon İH başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli, izolə olunmuş 3 otaqdan ibarət mənzili pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən mənzilin dəyəri tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. Tərəflər arasında bağlanmış 06 dekabr 2018-ci il tarixli, 0711 saylı mənzil tikintisi haqqında müqavilə və cavabdeh İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən 5-ci blok, 12-ci mərtəbə, 329 nömrəli mənzilə görə 40.000 manat məbləğində pul ödənilməsi barədə Cavabdeh MMC tərəfindən verilmiş 12 yanvar 2021-ci il tarixli maliyyə arayışı mübahisələndirilməmiş və ləğv edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlili formal mülahizələrdən ibarət olmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb, heç bir sübutla öz təsdiqini tapmadığına görə birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2(012)-546/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar