Məhkəmə qərarları › İş №2(105)-1624/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1624/2023

25.09.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1624/2023 25.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı tələbinə dair (Açar sözlər: istehsalatda xəsarət-sağlamlığın pozulmasına görə ödənc tələbi) X2 (sədrlik edən və məruzəçi), X5 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun vəkili X1, Cavabdeh "xxxx" ASC -nin nümayəndəsi Nümayəndə1 (sonuncu iclasda iştirak etmir) Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə4 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aylıq zərərin ödənilməsi tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: 1.xx.xx.1980-ci il tarixli, 5 saylı istehsalatda bədbəxt hadisə haqqında aktdan;

2. “Poladkonstruksiya” İdarəsində 32 saylı, xx.xx.1982-ci il tarixli əmrindən,

3. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli müayinə aktından çıxarışdan;

4. X10 Sistemindən çıxarışlardan;

5. 6 saylı Sumqayıt şəhəri TSEKnin əlilliyinin təyini üzrə müayinə iclaslarının protokol jurnalından (xx.xx.2002-xx.xx.2022);

6. iddiaçının əmək kitabçasından;

7. Rayonlar üzrə səhmdar cəmiyyətlərinin yaradılması şöbəsi üzrə dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi haqqında məlumatdan;

8. Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 527 №-li sərəncamından;

9. “Poladkonstruksiya” Quraşdırma İdarəsinin özəlləşdirmə planından (emissiya prospekti);

10. "xxxx" ASC-nin nizamnaməsindən;

11. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2003-cü il tarixli məktubundan işin mübahisəssiz halı kimi aşağıdakılar müəyyən edilmişdir:

12. İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci ilədək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəllişdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir.

13. İddiaçı xx.xx.1998-ci ilədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2022-ci ildən sonra həmin faizlə müddətsiz hesab edilmişdir.

14. xx.xx.1998-ci ildə müvafiq sərəncamla “Poladkonstruksiya” Quraşdırma İdarəsinin bazasında “Sumqayıt – Polad - Konstruksiya - Quraşdırma” açıq tipli səhmdar cəmiyyəti təsis edilmiş və onun emissiya planı təsdiq olunmuş, səhmlərin özəlləşdirilməsi xx.xx.2001-ci ildə başa çatdırılmış, sözügedən müəssisəsinin hüquqi varisi "xxxx" ASC yaranmış və xx.xx.2002-ci il tarixdə nizamnaməsi təsdiqlənərək dövlət qeydiyyatına alınmışdır. Özəlləşdirmə planında müəssisənin işçilərinin siyahısında iddiaçının adı qeyd olunmamışdır.

15. AR İN-i yanında ƏMDX-nin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramına” uyğun olaraq keçmiş DƏK-in xx.xx.1998-ci il tarixli, 527 nömrəli sərəncamı ilə “AZQUR” SF-n tabeliyində olmuş Sumqayıt Poladkonstruksiya Quraşdırma idarəsinin bazasında "xxxx" ASC yaradılmış, cəimyyətin səhmlərinin özəlləşdirilməsi xx.xx.2001-ci il tarixdə çaşa çatmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

16. İddiaçı Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC tərəfindən ona xx.xx.1988ci ildən xx.xx.2002-ci ilədək 147 manat, xx.xx.2002-ci il tarixdən Dövlət Statistika Komitəsinin müvafiq iqtisadiyyat sahəsinə uyğun orta aylıq nominal əmək haqqının altmış faizi məbləğində aylıq zərərin ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir.

17. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Poladkonstruksiya İdarəsində xx.xx.1980-ci ildə xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar ona xx.xx.1988-ci ilədək həmin müəssisə tərəfindən aylıq zərər verilmiş, sonuncu tarixdən bu günədək isə cavabdeh müvafiq ödənişi ödəməkdən imtina etmişdir

18. Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ə.Ələkbərov) 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qimsən təmin edilmiş, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə onun orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi cavabdeh tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək orta aylıq əmək haqqının 80%-i, bu tarixdən sonra isə 60%-i miqdarında aylıq ödənc verilməsi həcmində əsaslıdır. Belə ki, cavabdeh iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi artıq xx.xx.2001-ci ildə başa çatmışdır. Özəlləşmənin göstərilən tarixdə, 2003-cü ilin oktyabr ayınadək yekunlaşması mübahisənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının təsirinə düşməsini, eləcə də iddiaçıya müvafiq dövlət orqanı tərəfindən aylıq müavinətin verilməsini istisna edir. Qanunvericilik 2003-cü ilin oktyabr ayınadək özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrinin aylıq ödənc borclarının müavinət şəklində ödənilməsini müvafiq dövlət orqanının üzərinə qoymuşdur. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddia qismən təmin olunmalı, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc ödənilməlidir

20. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 45.1, 46, 47.1, 56.5, 1096.1, 1096.2, 1119.1-ci 1126-cı maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 129 saylı Qərarına, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarına, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, və 216-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti vermişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə tamamilə qanunsuz və əsassızdır. Məhkəmə iş üzrə düzgün hüquqi nəticəyə gəlməmişdir. İddiaçı 1980-ci il tarixdə Sumqayıt Poladkonstruksiya İdarəsinə işə qəbul olmuş, 1983-cü il tarixdə öz ərizəsi ilə işdən azad olmasına baxmayaraq hər il VTEK-in təqdim etdiyi əlillik arayışını idarəyə təqdim edərək 1988-ci il tarixədək əmək zədəsinə görə müavinat əldə etmişdir. İddiaçı özü etiraf edir ki, xx.xx.1988-ci il tarixdən sonra Sumqayıt Poladkonstruksiya İdarəsinə müraciət etməmişdir. Lakin məhkəmə iddiaçının etirafını qəbul etməmiş, iddiaçıya zərərin ödənilməməsini idarənin ödənişdən imtina etməsi kimi qiymətləndirmişdir. Halbuki iddiaçı hər il VTEK-in həkim komissiyasından keçdikdən sonra sənədin bir nüsxəsini idarəyə təqdim etməli və yalnız bundan sonra idarə ona ödənişi təmin etməli idi. Əgər İdarə ödənişdən imtina etmək istəsəydi, bunu 1983-cü il tarixdən iddiaçının öz xahişi ilə işdən azad olmasından sonra da edə bilərdi. Lakin idarə öz üzərinə düşən məsuliyyətini tam şəkildə icra edərək iddiaçının 1983-cü il tarixdən işdən çıxmasına baxmayaraq 1988-ci il tarixədək müavinatını tam olaraq vaxtı-vaxtında təmin etmişdir. İdarə əmək zədəsinə görə ödənişi VTEK-in təyin etdiyi əlilliyə görə icra edir. İddiaçının 1989-cu il tarixdə 3–cü qrup əlilliyi dayandırılmışdır. Bu səbəbdən də iddiaçı idarəyə əlilliyini təstiq edən sənədini təqdim edə bilmədiyindən, idarə tərəfindən ona ödənilən ödəniş dayandırılmışdır. İddiaçının əlilliyi 1993-cü il tarixdə bərpa olsa da, iddiaçı həmin idarədə işləmədiyi üçün ona müavinat ödənişi düşmədiyini nəzərə alaraq idarəyə müraciət etmədiyini etiraf etmişdir. Bundan başqa məhkəmə qərarında xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə onun orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi təmin edilmişdir ki, bu hal qəbuledilməzdir. X13-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.1988-ci il tarixdən iddiaçıya 3-cü qrup əlillik təyin etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31- 60 faizədək, 61-80 faizədək və 81-100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. Buna baxmayaraq məhkəmə tərəfindən qanunun tələblərini pozaraq 80 faiz hesablanmışdır. Bundan başqa Dövlət Sosial Müdafiə X11 Şəxsinin nümayəndəsi izahatında qeyd etdi ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Belə ki, idarə xx.xx.1998-ci ildə idarə özəlləşdirməyə verilmiş, xx.xx.2001-ci il tarixdə özəlləşdirilməsi başa çatmasına baxmayaraq, məhkəmə bu ödənişi də Dövlət Sosial Müdafiə Fondunun üzərinə deyil, "xxxx" ASC-nin üzərinə qoymuşdur. Həmçinin iddiaçının yenidən “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə” müayinəyə cəlb olunaraq xəstəliyin dərəcəsi təyin edilməsi barədə vəsatət təqdim edilsə də məhkəmə tərəfindən qəbul edilməmişdir. Baxmayaraq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına əsasən Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edə bilər. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bundan başqa xx.xx.1998-ci ildə idarə özəlləşdirməyə verilmiş və "xxxx" ASC-kimi özəlləşdirilərək təsis edilmiş, həmin dövr ərzində Poladkonstruksiya İdarəsində olan xəsarət almış işçi siyahısını və digər öhdəlikləri də qəbul edərək yerinə yetirməkdədir. Bunun sübutu kimi Emisiya Prospekti kitabında da əmək zədəsi almış şəxslərin adları mövcuddur, həmin işçilər bugünə kimi də öz müavinatını almaqdadır. Lakin iddiaçının adı həmin Emisiya Prospekti kitabında mövcud deyildir, bu səbəbdən də ASC bu barədə məlumatsız olmuşdur. İddiaçı 1988-ci il tarixdən İdarəyə müraciət etmədiyindən müavinatını almamasının səbəbkarı özüdür. Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Bu barədə müəssisə nazirliyə siyahı göndərir və müəssisənin hesabına pul vəsaiti köçürülür. Hazırda iddiaçı öz səhvi ucbatından ala bilmədiyi müavinatı heç bir əsas olmadan müəsisənin üzərinə qoymaqdadır. Həmçinin məhkəmə işə baxarkən iddiaçının iddia müddətini ötürməsini nəzərə almamışdır. Belə ki mülki qanunvericiliyə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Məcəllənin 1125.1-ci maddəsinə əssən zərərçəkənin əmək qabiliyyətinin azalması və ya ölümü nəticəsində dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə ödənilir. Göründüyü kimi məhkəmə qeyd olunan hallara düzgün hüquqi qiymət verməmiş və əsassız iddianı təmin etməklə, cavabdehin hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə qətnaməsi əsassızdır. İşə baxan məhkəmə təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verməmişdir. İddiaçı 1980-ci il tarixdə Sumqayıt Poladkonstruksiya İdarəsinə işə qəbul olmuş, elə həmin il istehsalatda əmək funksiyasını yerinə yetirən zaman xəsarət almışdır. Baxmayaraq ki, iddiaçı 1983-cü il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur, hər il VTEK-in təqdim etdiyi əlillik arayışını idarəyə təqdim edərək 1988-ci il tarixədək əmək zədəsinə görə iddiaçıya müavinat ödənilmişdir. İdarə əmək zədəsinə görə ödənişi VTEK-in təyin etdiyi əlilliyə görə icra edir. İddiaçının 1989-cu il tarixdə əlilliyi dayandırılmışdır. Bu səbəbdən də iddiaçı idarəyə əlilliyini təsdiq edən sənədini təqdim edə bilməmiş və idarə tərəfindən ona ödəniş edilməsi dayandırılmışdır. İddiaçı bundan sonra idarəyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. xx.xx.1998-ci ildə idarə özəlləşdirməyə verilmiş və həmin ildə "xxxx" ASC-nin 70%-i çeklərin təqdim olunması yolu ilə, 2001-ci ilə kimi isə nağd şəkildə ödəniş edilməklə tam şəkildə özəlləşdirilmişdir. Həmin dövr ərzində Poladkonstruksiya İdarəsində olan xəsarət almış işçi siyahısını və digər öhdəlikləri də qəbul edərək yerinə yetirməkdədir. Bunun sübutu kimi Emisiya Prospekti kitabında əmək zədəsi almış şəxslərin adları mövcuddur, həmin işçilər bugünə kimi də öz müavinatını almaqdadırlar. Lakin iddaçı İddiaçı adı həmin Emisiya Prospekti kitabında mövcud deyildir, bu səbəbdən də ASC iddiaçı barəsində məlumatsız olmuşdur. İddiaçı 1988-ci il tarixdən İdarəyə müraciət etmədiyindən müavinatını almamasının səbəbkarı özüdür. Cavabdeh müəssisə Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi Şəxsinə verilmiş sorğuya cavab olaraq iddiaçının əlillik dərəcəsinin müəyyən olunması məqsədilə dəvət olunduğu bildirilmişdir. Yəni hazırkı halda iddiaçıya hansı xəstəliyə görə əlillik dərəcəsi verildiyini, hazırda onun əlillliyinin hansı vəziyyətdə olması müəyyən edilmir. 1995-1998-ci ilədək cavabdeh VTEK-in təqdim etdiyi əlillik arayışına əsasən müavinət ödəyirdi. Vətəndaşa əlillik dərəcəsi verildikdə, habelə müddətsiz əlillik aldıqda bu barədə vətəndaş özü məlumat verməlidir. Sadalanan hallara isə işə baxan məhkəmə düzgün hüquqi qiymət verməmişdir. Qeyd olunanlara əsasən nümayəndə apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, o, 1980-ci ildə cavabdeh idarədə işlədiyi zaman xəsarət almışdır. Həmin xəsarət nəticəsində 1980-1988-ci illərdə cavabdeh tərəfindən ona kinci dərəcəli əlilliyə görə 80% olmaqla aylıq müavinət ödənilmişdir. 1988-ci ildən sonra həmin müəssisədən işdən çıxmış və ümumiyyətlə heç yerdə işləməmişdir. 1988-ci ildən etibarən cavabdeh müəssisəyə müraciət etməmişdir. Çünki o işdən çıxdığı üçün aylıq ödənc almalı olmasından məlumatsız olmuşdur. İddiaçı əvvəllər 2-ci qrup əllilliyə görə, sonradan isə 3cü qrup əlilliyə görə müvainat almışdır. İşə baxan məhkəmə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində qeyd olunan dəlillər əsassızdır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Birinci instansiya məhkəməsinin qətnaməsi ədalətli və qanunidir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı cavabdeh müəssisədə əmək vəzifələrini yerinə yetirərkən xx.xx.1980-ci ildə xəsarət almış və əmək qabiliyyətini itirmişdir. Cavabdeh tərəfindən xx.xx.1980-ci ildə istehsalat zədəsi aktı tərtib edilmişdir. Həmin vaxtdan iddiaçıya əlillik təyin edilmiş 1988-ci ilədək iş yerindən ona aylıq zərər ödənilmişdir. 1988-ci ildən sonra cavabdeh tərəfindən iddiaçıya müavinət ödənilməsi dayandırılmışdır. İddiaçının istehsalat zədəsi almasına dair aktda ona əlillik dərəcəsinin ömürlük verildiyi bildirilmişdir. Cavabdeh müəssisə aylıq ödəncin dayandırılma əsası kimi iddiaçı tərəfindən ona müraciət edilməməsi, habelə iddiaçının adının müəssisədə xəsarət alan işçilər siyahısında olmaması kimi halları qeyd edir ki, bu hallar cavabdehi iddiaçıya ödəncin ödənilməsindən azad edə bilməz. Beləliklə iddiaçının işlədiyi müəssisədə xəsarət aldığına görə, işdən çıxdıqdan sonra işləyib-işləməməsindən asılı olmayaraq, ona müavinət verilməsi cavabdeh tərəfindən davam etdirilməli idi. İşə baxan məhkəmə lazımi qədər araşdırma aparmış qanuni və ədalətli qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

27. Məhkəmə kollegiyası iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dövlət Sosial Müdafiə X11 Şəxsin nümayəndəsi Nümayəndə4 izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti ödəmək vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, özəlləşdirildikdən sonra isə müəssisənin üzərinə qoyulmuşdur. Müəssisənin özəlləşdirilməsi başa çatdıqdan sonra Nazirlik tərəfindən müavinət ödənilməsi dayandırılmışdır. Nümayəndə sonda apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi.

Tətbiq edilən hüquq

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 1096.1 maddəsinə əsasən «mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir)». 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçisinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqress) hüququ vardır. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2-ci maddəsinə əsasən itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. 1123.1. Əmək qabiliyyətini qismən itirmiş zərərçəkənin sağlamlığının pozulması ilə əlaqədar əmək qabiliyyəti sonralar zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən azaldıqda o, zərərin əvəzinin ödənilməsi vəzifəsinin həvalə olunduğu şəxsdən əvəz miqdarının müvafiq surətdə artırılmasını istənilən vaxt tələb edə bilər. 1123.2. Əgər zərərçəkənin əmək qabiliyyəti zərərin əvəzinin təyin edildiyi məqamdakına nisbətən artarsa, zərərçəkənin sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu şəxs əvəz miqdarının müvafiq surətdə azaldılmasını tələb edə bilər. 1123.3. Əgər zərərin əvəzini ödəmək vəzifəsinin həvalə olunduğu fiziki şəxsin əmlak vəziyyəti yaxşılaşmışsa, əvəz miqdarı isə bu Məcəllənin 1116.3-cü maddəsinə uyğun azaldılmışsa, zərərçəkən zərərin əvəzinin ödənilməsi miqdarının artırılmasını tələb edə bilər.

Maddə 1126. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

Maddə 191. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yalnız 3 şərtin (ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda) eyni zamanda hər üçü olduqda yaranır. Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət Bənd 3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Bənd 4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

30. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarının İ bölməsinin 1.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qərarın 1.2-ci bəndindən görünür ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qərarının İİ bölməsinin 2.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

31. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının İ bölməsindən görünür ki, bu Qaydalar “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların 5-ci bölməsinin 5.1-ci bəndindən görünür ki, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5-ci bölməsinin 5.6-cı bəndindən görünür ki, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 129 saylı Qərarının İ bölməsinin İ bəndinin İİ hissəsindən görünür ki, işçilər öz əmək vəzifələrini yerinə yetirərkən xəsarət aldıqda, peşə xəstəliyinə tutulduqda və yaxud həlak olduqda) bədbəxt hadisənin baş verməsində xüsusi təhqiqat aktının nəticələrinə görə təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar onlara dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar və bu zərər həmin müəssisələrin vəsaiti hesabına ödənilir. Həmin Qərarın İİ bölməsinin 8-ci bəndindən görünür ki, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkən şəxsə ödənilməli olan aylıq ödənc, onun xəsarət almazdan, yaxud peşə əmək qabiliyyətinin itirdiyi gündən əvvəl malik olduğu orta əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Bu Qərarın İV bölməsinin 26-cı bəndindən görünür ki, zərərin dəyməsində təqsirkar müəssisə birləşdikdə, yenidən təşkil edildikdə və yaxud ləğv olunduqda onun işini davam etdirən hüquqi varis və yaxud yuxarı təşkilat zərərşəkənə zərəri ödəyir. Hüquqi varisin və ya yuxarı təşkilatın olmadığı hallarda zərərçəkənə zərərə görə ödənclərin ödənilməsi barədə yaranan mübahisələrə təqsirkar müəssisə və hüquqi varisin yerləşdiyi ərazinin xalq məhkəməsində baxılır.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır 384.0. və 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsini tam ləğv olunmasını xahiş etsə də, şikayətin dəlillərində yalnız iddianın təmin olunmuş hissəsini mübahisələndirmişdir.

34. Ona görə də kollegiya birinci instansiya qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini tərəflərin izahatı və iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

36. Mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.

37. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir

38. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş və mübahisələndirilməyən hallarından görünür ki, İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci ilədək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəllişdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir.

39. İddiaçı xx.xx.1998-ci ilədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2022-ci ildən sonra həmin faizlə müddətsiz hesab edilmişdir. Cavabdeh isə iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi artıq xx.xx.2001-ci ildə başa çatmışdır.

40. Apellyasiya kollegiyası işin tədqiq olunmuş faktiki hallarını, tərəflərin qarşılıqlı izahatlarını, ən başlıcası mübahisəyə tətbiq edilməli olan maddi hüququ normalarının tələblərini nəzərə alaraq, yaranmış mübahisə üzrə aşağıdakıları qeyd edir.

41. Məlum olduğu kimi İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmişdir ki, hadisəylə bağlı tərtib olunmuş xüsusi təhqiqat aktında “PoladKonstruksiya” Quraşdırma İdarəsi təqsirli bilinmişdir.

42. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 129 saylı Qərarının İ bölməsinin İ bəndinin İİ hissəsindən görünür ki, işçilər öz əmək vəzifələrini yerinə yetirərkən xəsarət aldıqda, peşə xəstəliyinə tutulduqda və yaxud həlak olduqda) bədbəxt hadisənin baş verməsində xüsusi təhqiqat aktının nəticələrinə görə təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar onlara dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar və bu zərər həmin müəssisələrin vəsaiti hesabına ödənilir. Həmin Qərarın İİ bölməsinin 8-ci bəndindən görünür ki, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkən şəxsə ödənilməli olan aylıq ödənc, onun xəsarət almazdan, yaxud peşə əmək qabiliyyətinin itirdiyi gündən əvvəl malik olduğu orta əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir.

43. İşdən göründüyü kimi cavabdeh müəssisə xx.xx.1988-ci ilədək iddiaçıya baş vermiş hadisə nəticəsində onun sağlamlığına vurulmuş xəsarətə görə aylıq zərər ödəmişdir. Lakin həmin tarixdən iddiaçıya aylıq ödəniş ödənilməsi dayandırılmışdır.

44. İddiaçı tərəf hazırkı iddia ərizəsində qeyd edir ki, 1983-cü ildə cavabdeh müəssisədə tutduğu vəzifədən öz xahişi ilə daha yüngül işə keçirilmiş, xx.xx.1988-ci ildə isə artıq yenə öz xahişi ilə cavabdeh müəssisədə işdən azad edilmişdir. Qeyd olunan tarixdən hal-hazırkı tarixədək ona hər hansı ödəniş edilməmişdir. İddiaçı cavabdeh müəssisə tərəfindən ona aylıq ödənclərin bundan sonrada ödənilməsindən məlumatsız olduğundan bu məzmunda cavabdehə müraciət etməmişdir. Daha sonra bu cür hüququnun olduğunu bilmiş və hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

45. Cavabdeh tərəf isə iddia tələbinə etirazının əsası kimi bildirir ki, iddiaçının xəsarət aldığı məlum hadisədən sonra sonuncu hər il VTEK-dən aldığı əlillik arayışını idarəyə təqdim edərək, 1988-ci il tarixədək əmək zədəsinə görə müavinat əldə etmişdir. Lakin xx.xx.1988-ci il tarixdən, yəni işdən azad olunduqdan sonra iddiaçı Sumqayıt Poladkonstruksiya İdarəsinə müraciət etməmiş, başqa sözlə hər il təqdim etdiyi əlillik arayışını təqdim etməmiş və bu səbəbdən həmin vaxtdan etibarən aylıq ödəncini ala bilməmişdir. Həmçinin Sumqayıt Poladkonstruksiya İdarəsi xx.xx.1998-ci ildə özəlləşdirməyə verilmiş və özəlləşdirilmə 2001-ci ildə başa çataraq "xxxx" ASC-kimi özəlləşdirilərək təsis edilmişdir. Cavabdeh ASC bu dövr ərzində Poladkonstruksiya İdarəsində xəsarət almış işçi siyahısını və digər öhdəlikləri də qəbul edərək yerinə yetirməkdədir. Bunun sübutu kimi Emisiya Prospekti kitabında əmək zədəsi almış şəxslərin adları mövcuddur, həmin işçilər bugünə kimi də öz müavinatını almaqdadır. Lakin iddiaçının adı həmin Emisiya Prospekti kitabında mövcud deyildir, bu səbəbdən də ASC iddiaçı barədə məlumatsız olmuşdur. Başqa sözlə iddiaçı 1988-ci il tarixdən İdarəyə müraciət etmədiyindən müavinatını almamasının səbəbkarı da özüdür.

46. Məhkəmə kollegiyası bu hissədə qeyd edir ki, cavabdehin nümayəndəsinin izahatından da məlum olduğu kimi cavabdeh tərəf hazırkı iş üzrə iddiaçının baş vermiş hadisə ilə əlaqədar onda yaranan əlillik dərəcəsinə uyğun cavabdeh müəssisədən aylıq zərər ödənci əldə etmək hüququnun yaranmasını qəbul edir. Lakin hazırkı iş üzrə İddiaçı hüquqi varis olan ASC Sumqayıt Poladkonstruksiya İdarəsindən özəlləşmə zamanı Emissiya Prospekti kitabında adı keçmədiyindən, dolayısıyla cavabdeh ASC iddiaçı barəsində hər hansı öhdəlik götürmədiyindən, sonuncuya aylıq ödəncin ödənilməsinin ondan tələb edilməsinin qanunsuz olmasını bildirir.

47. Kollegiya bu hissədə cavabdehin dəlilini əsassız hesab edir və qeyd edir ki, Sumqayıt Poladkonstruksiya İdarəsi tərəfindən tərtib edilmiş Emissiya kitabında xəsarət alan işçilər siyahısında iddiaçının adının olmaması, habelə bunun davamı kimi özəlləşmə proseduru zamanı DSMF-dən iddiaçı üçün nəzərdə tutulan ödəncin hüquqi varis kimi "xxxx" ASC-nin hesabına ödənilməməsi kimi arqumentlər hazırkı halda iddiaçının qanuni təminatı olan cavabdeh müəssisə tərəfindən aylıq ödənc kimi hüququnun məhdudlaşdırılmasına dəlalət edə bilməz.

48. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarının İ bölməsinin 1.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir.

49. Həmin Qərarın 1.2-ci bəndindən görünür ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir.

50. Həmin Qərarının İİ bölməsinin 2.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir.

51. Həmin Qaydaların 5-ci bölməsinin 5.6-cı bəndindən görünür ki, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

52. Özəlləşmənin göstərilən tarixdə, 2003-cü ilin oktyabr ayınadək yekunlaşması mübahisənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının təsirinə düşməsini, eləcə də iddiaçıya müvafiq dövlət orqanı tərəfindən aylıq müavinətin verilməsini istisna edir.

53. Qanunvericilik 2003-cü ilin oktyabr ayınadək özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrinin aylıq ödənc borclarının müavinət şəklində ödənilməsini müvafiq dövlət orqanının üzərinə qoymuşdur.

54. Sadalananların yekunu kimi kollegiya qeyd edir ki, hazırkı iş üzrə cavabdeh "xxxx" ASC-nin özəlləşməsi xx.xx.2001-ci il tarixdə başa çatdığından əvvəlki müəssisənin hüquq və vəzifələri (aktiv və passivi) məhz bu tarixdən yeni yaradılmış ASC-yə keçdiyindən, həmin tarixdən İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödəncin ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan bu hissədə iddia təmin edilməlidir. Başqa sözlə kollegiyanın qənaətincə hazırki iş üzrə cavabdeh olan ASC iddiaçı qarşısında yalnız özəlləşmə başa çatdıqdan sonra hüquq və vəzifələrə malik olduğundan, iddiaçının cavabdehə olan tələbi də məhz həmin tarixdən sonra hesablanmalıdır.

55. Apellyasiya şikayətinin iddia müddətinin ötməsi barədə dəlilini qəbul etməyən kollegiya bildirir ki, hazırkı tələb fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı olduğundan, bu mübahisəyə iddia müddətinin tətbiqi yolverilməzdir.

56. Göstərilənlərə əsasən kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən-mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia bu hissədə qismən təmin edilməlidir.

57. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i:

Cavabdeh "xxxx" ASC tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-620/2023 nömrəli qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2001-ci ildən etibarən hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc (müavinət) ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına (elektron kabinet və vəkil vasitəsilə) kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar