Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-163/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikililərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılması və onun istifadəsinə qaytarılması tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 2(074)-119/2023 nömrəli, 10 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim N.İsmayılov) iddianın qismən təmin edilməsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin Cavabdeh1 tərəfindən istifadə edilən 0,0258 ha hissəsi cavabdehlər tərəfindən boşaldılması və İddiaçı mülkiyyətində olan Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililər və çəkilmiş dəmir tor sökülməsi və həmin torpaq sahəsi iddiaçının əməli istifadəsinə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertizanın xərcini təşkil edən 50 manat pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X2 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE********************) hesabına köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şamaxı rayonu Sabir qəsəbəsində yerləşən, ona məxsus torpaq sahəsində Cavabdeh1 tərəfindən özbaşına tikilmiş evin 2 metr enində olan hissəsinin, ot küləş üçün tikilmiş yardımçı tikilinin, qanunsuz zəbt olunmuş torpaq sahəsinə dəmir torun onun öz hesabına sökülərək ona məxsus torpaq sahəsindən çıxarılmasına və torpağın onun istifadəsinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Şamaxı rayonu Sabir qəsəbəsində 0.0976 ha həyətyanı torpaq sahəsi var. Cavabdeh onunla qonşudur. Bir neçə ildir ki, o ona məxsus torpaq sahəsinin 0,04 ha hissəsini zəbt edərək orada ot küləş damı tikib. Tikdiyi evin isə 2 metr enində hissəsi onun torpağındadır. Sonra isə 7mX56 metr enində onun torpaq sahəsi zəbt edərək orada olan setkanı çıxarıb atmış, sahəyə tökülmüş ona məxsus mişar daşlarını da götürüb torpağın digər hissəsinə köçürmüş və həmin sahəni çəpərləmişdir. O, dəfələrlə ona müraciət edərək damı onun torpağından çıxarmasını, dəmir toru çıxarıb öz sahəsinə çəkməsini evin onun torpağına düşən hissəsini söküb çıxarmasını desə də heç bir nəticəsi olmamışdır. Hətta son vaxtlar onu öz torpağına belə yaxın buraxmır və həmin torpaq sahəsində heyvan, qara, at, eşşək saxlayır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, apellyasiya şikayəti təmin edilməsi, Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi qanunvericiliyin maddi və prosessual normalarına zidd olduğu kimi, həm də ədalətsiz və əsassızdır. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. Şəhid atası X1 adına qeydiyyata alınmış və reyestr idarəsi tərəfindən Dövlət torpaq komitəsi tərəfindən verilmiş JN 2000 H kod 41014017 nömrəli torpağın mülkiyyətinə dair şəhadətnamə verilmiş Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsi xx.xx.2007-ci il tarixli notarial qaydada bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh2 satılmış və həmin tarixdən onun və həyat yoldaşı Cavabdeh1 və digər ailə üzvlərinin istifadəsindədir. Cavabdehlər orada bir həyat qurub yaşayış evi və heyvanlarının saxlaya bilməsi üçün tövlə tikmişlər. Cavabdehlərə sənəd üzrə verilmiş torpaq sahəsi 0,12 hektar olduğu kimi, onların faktiki istifadəsində olan torpaq sahəsi də 0,12 hektardır. İndi 15 il sonra iddiaçı iddia irəli sürərək həmin yerin zəbt olunduğunu iddia etməsi tamamilə əsassız və qanunsuzdur. Lakin məhkəmə işi hər tərəfli araşdırmadan, maddi və prosessual normaları pozaraq qətnamə qəbul etmiş, bununla cavabdehlərin hüquqlarını pozmuşdur Belə ki, məhkəmə qeyd edilən qətnaməni qəbul edərkən iş üzrə verilmiş natamam ekspertiza rəyinə istinad edib, təkrar ekspertizanın keçirilməsi üçün verdiyi vəsatəti isə əsassız olaraq rədd edib. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 28 fevral 2023-cü il tarixli **********27nömrəli mütəxəssis rəyinə əsasən, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya MA № ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0.0976 ha torpaq sahəsinin naturada ölçülmüş torpaq sahəsi ilə eyni ərazidə yerləşdiyi, lakin sahə və konfiquriasiya fərqinin olduğu müəyyən olundu. Seriya MA № ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş, Şamaxı rayon Sabir qəsəbəsində yerləşən 0,0976 ha torpaq sahəsinin 0,0258 ha hissəsinin Cavabdeh1 tərəfindən istifadə olunduğu müəyyən olundu. Ekspertiza rəyindən anlaşmır ki, № ******* nömrəli çıxarışla İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsinin sənəddəki sahəsi ilə faktiki istifadəsində olan sahə eynidirmi. İş materiallarında olan daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında cavabdehlərə satılmış və onların faktiki istifadəsində olan X1 adında Dövlət Torpaq Komitəsi tərəfindən verilmiş JN 2000 H kod 41014017 nömrəli torpağın mükiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən qeydiyyatda olan Şamaxı rayonunun Sabir qəsəbəsi ərazisində yerləşən 0,12 hektar torpaq sahəsinin sənəd üzrə sahəsi ilə faktiki istifadə olan sahəsi eynidirmi. Ekspert bu mühüm sualları aydınlaşdırmadan natamam rəy verməsinə baxmayaraq məhkəmə bu rəy ilə razılaşaraq cavabdehlərin təkrar ekspertizanın keçirilməsi barədə əsaslı vəsatətlərini rədd edərək, onların mülkiyyət hüququnu, ədalətli məhkəmə araşdırması hüququnu, başqa bir ifadə ilə Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 25-ci, 60-cı və digər maddələrini, o cümlədən Mülki Məcəllənin 152-ci maddəsinin və digər maddələrinin tələblərini pozmuşdur. Bu səbəblə hesab edir ki, həmin qətnamə ləğv edilməli və iddiaçının iddia ərizəsi rədd olunmalıdır. İndi 15 il sonra iddiaçı iddia irəli sürərək həmin yerin zəbt olunduğunu iddia etməsi tamamilə əsassız və qanunsuzdur. Lakin məhkəmə işi hər tərəfli araşdırmadan, maddi və prosessual normaları pozaraq qətnamə qəbul etmiş, bununla cavabdehlərin hüquqlarını pozmuşdur. Belə ki, məhkəmə qeyd edilən qətnaməni qəbul edərkən iş üzrə verilmiş natamam ekspertiza rəyinə istinad edib, təkrar ekspertizanın keçirilməsi üçün verdiyi vəsatəti isə əsassız olaraq rədd etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən cavabdehlərin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallanı araşdırıb, məruzəçini və işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissədə ləğv edilməli, həmin hissədə iddia tələbinin rədd edilməsi və qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçılara məxsus torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilməsinin iş materialları o cümlədən, ekspertiza rəyi ilə öz təsdiqini tapması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətində qətnamənin tam ləğv edilməklə, iddia tələbinin rədd edilməsini xahiş etsələr də, şikayətin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin edilən hissəsində mübahisələndirmişlər. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, mübahisələndirilən hissədə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Hazırkı iş üzrə Şamaxı rayonu Sabir qəsəbəsində 0,0976 ha torpaq sahəsinin İddiaçı və onun ailə üzvlərinin adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə mübahisələndirilən hissədə iddia tələbi qanunsuz tikililərin sökülməsi, zəbt olunmuş torpaq sahəsinə çəkilmiş dəmir torun öz hesabına sökülərək torpaq sahəsinin boşaldılaraq onun istifadəsinə qaytarılması barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Məlum olduğu kimi, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Bu maddənin dizpozisiya şərtinə görə bu cür iddianın təmin olunması üçün üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. Bunun üçün iddiaçı ilk növbədə mübahisəli torpaq sahəsinin onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu işin mübahisəsiz halı kimi müəyyən olunmalıdır. Qeyd olunduğu kimi mübahisəli torpaq sahəsinin iddiaçıların mülkiyyətində olduğu işin mübahisəsiz halıdır. İkinci iddiaçılar tələb edilən anda əmlakın cavabdehin sahibliyində olduğunu sübut etməli, üçüncüsü isə cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Qanunun mənasına görə mülkiyyətçi öz əmlakının başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir. Bu tələb mülkiyyətçinin öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə aktının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Qeyd olunmalıdır ki, cavabdehlər apellyasiya şikayətində məhkəmənin kifayət qədər tam olmayan Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyinə istinad etməsinə, obyektiv nəticəyə gəlməkdən ötrü əlavə məhkəmə ekspertizanın keçirilməsinə dair qərardad qəbul edilməsinə istinad etmişlər. Məhkəmə kollegiyası tərəfindən tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi məqsədi ilə əlavə məhkəmə ekspertizası təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/4110 nömrəli 14 iyun 2024-cü il tarixli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-41/2-896/2024 nömrəli mütəxəssis rəyində qeyd olunur ki, Şamaxı rayonu Sabir qəsəbəsi sakinlərinin həyətyanı torpaq sahələrinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə naturadakı faktiki istifadədə olan torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq (sürüşmələr) vardır. Bu səbəbdən mübahisəli ərazidə yerləşən, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları ona məxsus A № 214774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlara uyğun deyil və həmin sənəddə göstərilən koordinatlardakı torpaq sahəsinin harada yerləşməsini əks etdirən ortofoto görüntüləri mütəxəssis rəyinə əlavə olunmuşdur. Mütəxəssis rəyində qeyd olunur ki, Şamaxı rayonu Sabir qəsəbəsi sakinlərinin həyətyanı torpaq sahələrinə verilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərində qeyd olunmuş koordinatlar daxilində yerləşən torpaq sahəsi ilə naturadakı faktiki istifadədə olan torpaq sahələrinin koordinatları arasında uyğunsuzluq vardır. Bu səbəbdən mübahisəli ərazidə yerləşən, cavabdehlərin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları X3 məxsus A No 215258 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlara uyğun deyil və həmin sənəddə göstərilən koordinatlardakı torpaq sahəsinin harada yerləşməsini əks etdirən ortofoto görüntüləri mütəxəssis rəyinə əlavə olunmuşdur. Mütəxəssis rəyinə əsasən Ərazi idarəsində mövcud olan elektron məlumat bazasında Cavabdeh1 və Cavabdeh2 adlarına naturada istifadələrində olan torpaq sahəsinə (mübahisə predmeti olan torpaq sahəsinə) dair heç bir hüquqmüəyyənedici sənəd aşkar olunmadı. Torpaq sahəsinin cavabdehlərə satılmasında istifadə olunmuş X1 adına olan JN-2000H saylı (kod ********) “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” elektron məlumat bazasında öz əksini tapmadığından, şəhadətnamədə məsafə və koordinatlar olmadığından həmin şəhadətnamədə qeyd olunan 0.12 ha torpaq sahəsinin naturada yerini müəyyən etmək mümkün deyildir. X1 adına olan JN-2000H saylı kod 41014017 “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron məlumat bazasında mövcud olmadığından və koordinatlarını müəyyənləşdirmək olmadığından iddiaçıya məxsus A No 214774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlara və X3 məxsus A No 215258 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş koordinatlarla üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Mütəxəssis rəyində qeyd olunur ki, həmin ərazidə həyətyanı torpaq sahələrinə sənədlər həmin sürüşmələr nəzərə alınaraq (naturaya uyğunlaşdırılaraq) verilir. Mübahisəli torpaq sahəsində tikililər mövcuddur və həmin tikililər cavabdehlər tərəfindən istifadə olunur. Plan ölçü sənədlərini naturaya uyğunlaşdırdıqda (sürüşmələr nəzərə alındıqda) cavabdehlərə məxsus tikililərin bir hissəsi X3 məxsus A No 215258 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində olan torpaq sahəsinə, bir hissəsi İddiaçı məxsus A No 214774 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunmuş torpaq sahəsində yerləşir. Göründüyü kimi ekspert rəyi ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlər tərəfindən faktiki istifadə olunması və onlara məxsus tikililərin bir hissəsinin iddiaçıya məxsus torpaq sahəsinə düşməsi öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə kollegiyası iddia tələbinin cavabdehlər tərəfindən çəkilmiş dəmir torun sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Lakin iddia tələbinin cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məlum olduğu kimi Mülki Məcəllənin 172.3. maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir. Qonşu torpaq sahəsinin mülkiyyətçisi öz mülkiyyət hüququnu yolverilməz şəkildə poza biləcək belə qurğuların tikilməsini və ya istismarını qadağan edə bilər. Belə qadağanlara o zaman yol verilir ki, hüququ pozulan mülkiyyətçi pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi bu işlərin aparılmasına qarşı öz etirazını bildirmiş olsun. Belə bildiriş verilmədikdə onun hüququnun qərəzsiz şəkildə pozulmasının nəticələrinə dözməlidir. Lakin mülkiyyətçi qərəzsiz olaraq qonşu torpaq sahəsinin sərhədini pozduqda və bunu görərək qonşu mülkiyyətçi (İddiaçı) vaxtında etiraz etməmişsə müəyyən məsrəflər hesabına başa gələn tikilinin tikilib istifadəyə verildikdən sonra, şübhəsiz ki, onun sökülməsini tələb etmək ədalətsiz olardı. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya məxsus torpaq sahəsində cavabdeh tərəfindən müəyyən məsrəflər hesabına başa gələn tikililərin sökülərək həmin söküntü materialları cavabdehlərin şəxsi vəsaiti hesabına daşınması cavabdehləri daha da ağır itkilərə məruz qoyduğundan, iddiaçının isə hüququnu əhəmiyyətli dərəcədə pozmadığından, həmin hissədə iddia tələbi təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli və mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 50+50=100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilməlidir. Həmçinin mütəxəssis rəyinin verilməsi üçün iddiaçının nümayəndəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən inşa edilmiş tikililərin sökülməsi hissəsində iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada ekspertiza xərci 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin hesabına ödənilmiş 95 (doxsan beş) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-163/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-163/2024
30.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver