Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1630/2021 03.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X7, Cavabdeh: Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər X5 və Cavabdeh2 Tafiq oğluna qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim X.İ.Quliyev) iddianın təmin edilməsi, İddiaçı azyaşlı uşaqları Sadiq və Nihadla birlikdə Xaçmaz şəhəri, Xanlar küçəsi 21 saylı evin 7 saylı mənzilindən istifadə hüquqları müəyyən edilməsi və onların həmin mənzilə köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun cavabdehə məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evinin gəlin köçürüldüyü otağına köçürülməklə həmin evdən istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbində dəqiqləşmə aparılması və iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh qismində cəlb etməklə onun iki azyaşlı uşaqları Sadiq və Nihadla birlikdə Xaçmaz şəhəri, Xanlar küçəsi 21 saylı evin 7 saylı mənzilindən istifadə hüquqlarının müəyyən edilməsi və onların həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iş üzrə cavabdehlərdən X5 onun keçmiş qaynatası, Cavabdeh2 isə keçmiş əridir. Cavabdeh2 ilə 21 avqust 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Evlənərkən el adəti ilə toy edilmiş, cavabdehlər tərəfindən sonunculara məxsus Xaçmaz şəhəri, Xanlar küçəsi 21 saylı evin 7 saylı mənzilinin bir otağına köçürülmüş və bütün cehiz və sair əmlaklarını cavabdehlərin evinə aparmışdır. Əmlakları hazırda da cavabdehlərə məxsus evdədir. O, cavabdehlərlə ailə üzvü olaraq 2020-ci ilədək mübahisəli evdə birgə yaşamışdır. Cavabdeh2la birgə nikahlarından 2011-ci ildə Sadiq və 2012-ci ildə isə Nihad adlı uşaqları anadan olmuşdur. Cavabdeh2 iddiasına əsasən Xaçmaz Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(067)-770/2020 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdeh2la ailə münasibətləri pozulduqdan sonra o, azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxmaq məcburiyyətində qalmışdır. Hazırda uşaqları ilə birlikdə əmlakları olduğu mübahisəli mənzilə qayıtmaq istəsə də cavabdehlər könüllü olaraq onu mənzilə buraxmamışlar. Halbuki o, cavabdehlərin özləri tərəfindən öz razılıqları ilə mübahisəli mənzilə köçürülmüş, orada daimi olaraq yaşamaqla və mənzilin sahibi ilə birgə ümumi təsərrüfat aparmaqla həmin mənzildən istifadə hüququnu əldə etmişdir. Həmin mənzilə daimi qeydiyyata da alınmışdır. Mövcud Mənzil qanunvericiliyinin tələblərinə əsasən o, cavabdehlərlə 13 il ümumi təsərrüfat apardığına görə cavabdehlərin ailə üzvü sayılır. Birgə nikahdan olan uşaqları da həmin mənzildə yaşadıqları müddətdə doğulmuşlar. O, bu müddət ərzində ailə üzvü kimi mübahisəli mənzilin yenidənqurma və təmir işlərində yaxından iştirak etmiş və bu işlərdə onun əməyi və zəhməti olmuşdur. Mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində cavabdedhlərin hər hansı birinin adına qeydiyyata alınmamış, mənzilə ilkin hüquq müəyyənedici sənədləri cavabdehlərdən keçmiş qaynatası Cavabdeh1 adınadır. Onun başqa yaşayış sahəsi olmadığından müvəqqəti olaraq valideynlərinə məxsus evdə yaşayır. Bundan sonra yaşayış evi almağa və azyaşlı uşaqları ilə birlikdə kirayələrdə yaşamağa maddi imkanı da yoxdur. Cavabdehlərin hərəkətləri nəticəsində onun və uşaqlarının hüquqları pozulduğundan o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, İddiaçı onun keçmiş gəlini, digər Cavabdeh2 isə oğludur. İddiaçı Aygün Balamirzə ilə 21 avqust 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Evləndikdən sonra iddiaçı Tofikə məxsus Xaçmaz şəhəri, Xanlar küçəsi 21 saylı evin 7 saylı mənzilinin bir otağına köçürülmüşdür. Gəlin köçərkən iddiaçı özünə məxsus əmlakları da mübahisəli mənzilə gətirmişdir. İddiaçı ilə Balamirzə arasında ailə münasibətləri pozulduğundan Xaçmaz rayon məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(067)-770/2020 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Ailə münasibətləri pozulduğu vaxtdan iddiaçı uşaqları da götürərək valideynlərinə məxsus evə getmiş və geri qayıtmamışdır. Nə o, nə də ki, digər ailə üzvləri iddiaçını mübahisəli mənzildən zorla çıxarmamışlar. Hazırda iddiaçı məhkəmədə onlara qarşı iddia qaldıraraq özünün və uşaqlarının mübahisəli mənzildən istifadə hüquqları tanınmaqla həmin mənzilə köçürülməsini xahiş enmişdir. Lakin onlar iddiaçının mübahisəli mənzilə köçüb yaşamasına razı deyillər. Belə ki, artıq uzun müddətdir ki, onun, oğlunun və digər ailə üzvlərinin iddiaçı ilə münasibətləri tamamilə pozulduğundan və aralarında gərgin münasibətlər yarandığından onların bir mənzildə yaşamaları qeyri mümkündür. İddiaçı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülərsə onların birgə yaşaması baş tutmayacaqdır və onların arasında münaqişələr baş verəcəkdir. Məhkəmə tərəfindən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Xaçmaz Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 2(067)-143/2021 saylı qətnaməsini ləğv edərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh2 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili A.B.Musayeva apellyasiya şikayətinin dəlilləri ilə razılaşmadı, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini təmin edərkən, iddiaçının uzun müddət ərzində mübahisəli evdə yaşamamasına, cavabdehlərin iddiaçını könüllü evə buraxmamasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan sənədlərdən məlum olur ki, İddiaçı, Cavabdeh1, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İşə əlavə olan 27 fevral 1997-ci il tarixli, 1233 saylı orderin surətindən görünür Xaçmaz şəhəri, keçmiş EÇK 2, 7 saylı mənzilə istifadə hüququna dair Cavabdeh1 adına order verilmişdir. İşdə olan Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 17 iyun 2020-ci il tarixli, 2(067)-770/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 21 avqust 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 17 yanvar 2011 ildə Sadiq və 18 mart 2012-ci ildə Nihad adlı iki nəfər uşaqları anadan olmuşdur. Məhkəmənin qeyd olunan qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuşdur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDK-nin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 02 fevral 2021-ci il tarixli, **********49 saylı məktubundan görünür ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən Xaçmaz şəhəri, Xanlar küçəsi 21 saylı evin 7 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. İşə əlavə olan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 03 noyabr 2020-ci il tarixli, 683 saylı arayışından görünür ki, Xaçmaz şəhəri Xanlar küçəsi 21 saylı evin 7 saylı mənzili 3 otaqdan ibarət olmaqla həmin mənzildə Cavabdeh1, ailə üzvləri H.S.Talıbova və Cavabdeh2 yaşayırlar. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İdarəsinin 16 noyabr 2020-ci il tarixli, 72 saylı arayışından görünür ki, İddiaçı Xaçmaz şəhəri Xanlar küçəsi 21 saylı evin 7 saylı mənzilində qeydiyyatdadır. Ailə tərkibi uşaqları- 2011-ci X6 və X1 ibarətdir. Məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı mübahisəli mənzildə cavabdehlərlə birlikdə ailə üzvü olaraaq 2020-ci ilədək yaşamışdır. İddiaçının həmin mənzildə yaşadıqları müddətdə Cavabdeh2la birgə nikahlarından 2011-ci ildə Sadiq və 2012-ci ildə isə Nihad adlı iki nəfər uşaqları anadan olmuşdur. Birgə yaşadıqları müddətdə iddiaçı cavabdehlərin razılığı ilə mübahisəli mənzilə daimi qeydiyyata da alınmışdır. Ailə münasibətləri pozulduğundan Xaçmaz Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli, 2(067)-770/2020 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh2 arasındakı nikah pozulmuşdur. Ailə münasibətləri pozulduqdan sonra iddiaçı azyaşlı uşaqları ilə birlikdə mübahisəli mənzildən çıxaraq valideynlərinə məxsus evə getmişdir. Hazırda iddiaçı uşaqları ilə birlikdə əmlakları olduğu mübahisəli mənzilə qayıtmaq istəsə də cavabdehlər könüllü olaraq onu mənzilə buraxmamışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Ali Məhəməsi Plenumunun «məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 04 saylı qərarının 2.2-ci bəndində təsdiq olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Plenum qərarının 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası cavabdehlərin iş üzrə düzgün maddi hüquq normalarının tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, işə əlavə edilmiş sənədlərdən və işdə iştirak edən şəxslərin izahatlarından müəyyən olunur ki, İddiaçı mübahisələndirilən Xaçmaz şəhəri, Xanlar küçəsi 21 saylı evin 7 saylı mənzilinə 2007-ci ildə köçərkən həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmamışdır. Hal-hazırda da həmin mənzil hər hansı şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda deyildir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələri tətbiq edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1 və 11.2-ci maddələrinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı Xaçmaz şəhəri, Xanlar küçəsi 21 saylı evin 7 saylı mənzilinə köçdüyü zaman həmin mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və tərəflər arasındakı hazırki mənzil hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək əmələ gəldiyindən, hazırki mənzil hüquq münasibətlərinə hüququn analogiyası tətbiq olunaraq mübahisəyə həmin dövrədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməklə, hüquqi qiymət verilməlidir. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüqüqu əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 02 saylı Qərarının 7-ci bəndinə əsasən kirayəçinin ailə üzvləri sırasına digər şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar onun öhdəsində olmuş olsunlar. Ayrı-ayrı hallarda kirayəçi ilə birgə yaşayıb ümumi təsərrüfatı birgə idarə edən və sırf ailə münasibətlərində olan başqa şəxslər də ailə üzvləri sırasına daxil ola bilərlər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu» haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 aprel 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən, yaşayış sahəsinə köçürmək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 54-cü maddəsinin İ hissəsindən göründüyü kimi icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganə şərti onunla birlikdə yaşayan ailə üzvlərinin razılığıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xüsusilə qeyd edir ki, icarədarın özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə hər hansı şəxsləri mənzilə köçürmək hüququnun məhdudlaşdırılması yolverilməzdir. Köçürmədən sonra yaranan hüquqi münasibətlər (qeydiyyat, vergi, sosial və s.) Azərbaycan Respublikasının qüvvədə olan müvafiq qanunları və digər normativ hüquqi aktlarla tənzimlənir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli mənzil hüquq münasibətlərinə tətbiq edərək, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı mübahisəli mənzilə həmin mənzilin evin faktiki sahibi olan qaynatası- cavabdeh X2 ailə üzvü, iş üzrə digər Cavabdeh2 arvadı qismində köçdüyündən, mənzilə köçərkən onunla evin faktiki sahibi olan cavabdeh Tofik Talıbov arasında hər hansı qeyd və şərt, yaxud başqa razılaşma olmadığından, iddiaçı həmin mənzilə köçdüyü vaxtdan etibarən ümumi birgə təsərrüfat aparan ailə üzvü kimi mübahisəli mıənzildə 2007-ci ildən 2020-ci ilədək yaşadığından onun qeyd olunan yaşayış sahəsindən istifadə hüququ yaranmışdır. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı Cavabdeh2 ilə birgə nikahlarından 17 yanvar 2011 ildə Sadiq və 18 mart 2012-ci ildə Nihad adlı iki nəfər uşaqları doğulmuşdur. Məhkəmənin hüquqi mövqeyinə görə həmin uşaqların da ailədə valideynləri, həmçinin babası və nənəsi ilə birgə mübahisəli evdə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər, (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq və onlardan qayğı görmək hüququ vardır. Həmin Qanunun 20-ci maddəsində göstərilir ki, hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlı) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşdan 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası MPM-nin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. İddiaçı uşaqları - 17 yanvar 2011 ildə Sadiq və 18 mart 2012-ci ildə Nihad azyaşlı olmaqla məhdud fəaliyyət qabiliyyətli olduqları üçün məhkəmə iclasında tərəf olaraq cəlb edilə bilməzlər və onların hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə valideyni olaraq anaları İddiaçı müdafiə etməsi qanuna müvafiqdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət insanların mənzil hüquqlarını gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinə əsasən insan, vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə hesab edir ki, İddiaçı və himayəsində olan azyaşlı uşaqları Sadiq və Nihadın Xaçmaz şəhəri, Xanlar küçəsi 21 saylı evin 7 saylı mübahisəli mənzilindən istifadə hüquqları olduğundan onlar həmin yaşayış sahəsindən məhrum edilə bilməzlər. Beləliklə, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdehlər X5 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin iş üzrə 11 fevral 2021-ci il tarixli 2(067)-143/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1630/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1630/2021
03.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver