Məhkəmə qərarları › İş №2(105)-1631/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1631/2022

05.07.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1631/2022 05.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi torpaq sahəsinin eyniliyinin yoxlanılaraq təsdiq edilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)- 1404/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyü məsələsinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin 1.0 ha hissəsinə İddiaçı mülkiyyətçi hüququnun tanınması, torpaq sahəsinin İddiaçı məxsus, faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktı olan 1.44 ha hissəsinin satılmış 1.0 ha torpaq sahəsi ilə eyniliyinin yoxlanaraq təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1404/2022 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir (hakim Sərxan Səmədzadə). İddiaçı Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1404/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunması və işin məhkəmə icraatına qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayəti onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1404/2022 saylı qərardadı ilə Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin 1.0 ha hissəsinə İddiaçı mülkiyyətçi hüququnun tanınması, torpaq sahəsinin İddiaçı məxsus, faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi və torpaq sahəsinin mülkiyyət hüququna dair dövlət aktı olan 1.44 ha hissəsinin satılmış 1.0 ha torpaq sahəsi ilə eyniliyinin yoxlanaraq təsdiq edilməsi ilə bağlı mülki iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul etmişdir. Məhkəmənin qəbul etdiyi qərar, prosessual hüquq normasına ziddir. İddia tələbinə əlavə olaraq qeyd olunmuş Xaçmaz rayonu, Fərzəli Oba kəndində yerləşən JN-0228 KOD 30212068 saylı mülkiyyət hüququna dair dövlət aktı üzrə müəyyən edilmiş 1.44 ha torpaq sahəsinin 1.0 ha hissəsinə İddiaçı mülkiyyətçi hüququnun tanınması, torpaq sahəsinin İddiaçı məxsus, faktiki istifadəsində olan 1.0 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi kimi əsla məhkəmə mübahisəsi olmayan nüanslara diqqət yetirilməmişdir. İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, bütünlükdə rədd edilməsinə dair yeni qərardadın qəbul edilməsi mütləq və zəruridir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1404/2022 saylı qərardadı ilə ilə şikayət təmin edilməmiş, baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi Nümayəndə şikayətin icraata qəbul edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı, maraqlı şəxslər DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi və Xaçmaz şəhər 1 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası daxil olmuş şikayəti iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2021-ci il tarixli Qanunun keçid müddəalarına əsasən: 2.1. Bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir; 2.2. Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələri və digər ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir. Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Bundan başqa, MPM-nin 10-1.3-cü maddəsində təsbit edilmişdir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.5-ci maddəsində göstərilir ki, apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Hazırki işdən görünür ki, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada (Əlavə 2-Apellyasiya şikayətinin forması) tərtib edilməmiş, eləcə də şikayət elektron kabinet vasitəsi ilə göndərilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Balasoltan oğlu tərəfindən verilmiş şikayəti qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apellyasiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-1404/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar