Məhkəmə qərarları › İş №2(105)-1631/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1631/2024

27.12.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1631/2024 27.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: evə köçürülmə) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X10 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, İddiaçı, onunu nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(012)-2519/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 4 otaqlı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 01 fevral 1996-ci il tarixində qeyri-rəsmi nikaha daxil olmaqla evlənmişdir. Evləndikdən sonra cavabdehin atasına məxsus olan Balakən rayonu, Qabaqçöl qəsəbəsi, Şərif kəndində yerləşən evdə yaşamağa başlamışlar. 1997-ci il tarixdə atası X1 şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən 0.6 ha torpaq sahəsi almışdır. Həmin torpaq sahəsinin 0.3 ha qardaşının adına, 0.3 ha torpaq sahəsini isə onun adına almışdır. Rəsmiyyətdə isə torpaq sahəsinin sənədi olmamışdır. Daha sonra atası həmin torpaq sahəsində onlar üçün bir otaqlı ev tikdirmişdir. 1998-ci il tarixdə o, həyat yoldaşıyla birlikdə atasının onun üçün Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında tikdirdiyi fərdi yaşayış evinə köçüb yaşamağa başlamışlar. Birgə yaşadıqları dövrdə əlavə otaqlar tikdirərək evə birləşdirmişlər. Onların birgə nikahdan övladları olmamış, daha sonra süni mayalanma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Lakin bunun üçün onların nikahlarının olması şərtdir. Bu səbəbdən də 2007-ci il tarixdə cavabdehlə nikahlarını rəsmiləşdirmişlər. Lakin süni mayalanmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu andan etibarən ailədə tez-tez ciddi problemlər yaranmağa başlamışdır. Sonuncu dəfə 2020-ci il tarixdə süni mayalandırma yolu ilə övlad sahibi olmaq qərarına gəlmişlər. Lakin təkrar süni mayalandırmadan müsbət nəticə əldə edə bilməmişlər. Bu da ailədə daha da ciddi problemlərin yaranmasına səbəb olmağa başlamış və cavabdeh onu evdən qovmuşdur. Odur ki, o, Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış sahəsinə köçrülməlidir.

3. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz verərək qeyd etmişdir ki, o, iddiaçının mübahisələndirdiyi Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi 35 ünvanda faktiki yaşayır, qeydiyyatı isə Balakən rayonunadır. İddiaçı bildirir ki, güya onlar 1996-cı ildə qeyri-rəsmi nikaha daxil olmaqla evlənmişlər. Lakin o, 1992-1996-cı illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra Bakı şəhərində qalmaq istədiyini anası bildiyi üçün Bakıda yaşayan qohumları vasitəsi ilə 1995-ci ildə ona hədiyyə olaraq Xırdalan şəhəri Quşçuluq yeni yaşayış massivində 3 sot sənədsiz torpaq alaraq hasarlamışdır. O, hərbi xidmətdən gəlib Bakıda qalaraq “Karmen” un fabrikində işləməyə başlamışdır. Onun anasının kənddə böyük təsərrüfatı olmuşdur. Anasının maddi köməkliyi ilə o, 3 otaqlı ev tikmişdir. İddiaçı bildirir ki guya iddiaçının atası sözügedən torpağı almış və evi tikmişdir. Həmin torpaq guya 6 sot olmuş, bir hissəsində iddiaçının qardaşına ev tikilmişdir. İddia ərizəsində göstərilənlər yalandır. İddiaçının qardaşlarının evləri Quşçuluq y/m, 11-ci küçə, ev 125 ünvanında tikilmiş və hazırda iddiaçının hər 2 qardaşı həmin ünvanda yaşayır. Hətta o, ev tikdiyi müddəti iddiaçının ailəsinin həyətində kirayədə yaşamış və iddiaçını da oradan tanımışdır. O, iddiaçıyla görüşmək məqsədilə iddiaçının ailəsinin həyətindən köçərək Novxanıda ev kirayələmişdir. O, iddiaçının ailəsinin evində kirayə qaldıqda mərhum anası tez-tez gəlib ona baş çəkmiş və elə o vaxtdan da ailələri arasında yaxın münasibət yaranmışdır. Odur ki, o, evini 1998-ci ildə tamamlamış və ora köçdükdən sonra iddiaçı onunla görüşməyə teztez gəlmiş, evini təmizləmiş, çox vaxt yeməyini bişirmişdir. Onların münasibətlərindən xəbər tutduqdan sonra hər 2 tərəfin razılığı ilə onlar 2007-ci ildə evlənmiş, onların birgə nikahdan övladı olmamışdır. O, iddiaçını 2007-ci ildən 2020-ci ilə qədər tez-tez müalicə və müayinələrə aparmışdır. O, səhər saat 07:00 radələrində evdən çıxmış, axşam 20:00 radələrində evə qayıtmışdır. O, iddiaçıya inanmış və xəyanət edəcəyini heç vaxt təsəvvür etməmişdir. Onun min əzabla qazandığı pulu iddiaçı başqa şəxslərə xərcləmişdir. Süni mayalanma məqsədi ilə o, ilk dəfə 2017-ci ildə Mərkəzi Klinikaya 11000 manat, 2019-cu ildə “Ömür” klinikasına 6000 manat pul ödəmiş, sonuncu dəfə isə iddiaçı “Bakı Sağlamlıq Mərkəzi” də süni mayalanma əməliyyatı 2020-ci ildə olmuşdur. Bu əməliyyatı həyata keçirmək üçün o, bankdan kredit götürmüş və klinikaya 5500 manat ödəniş etməklə yanaşı, o səhər saat 08:00-dan axşam saat 17:00-a qədər ac-susuz, həyəcanla iddiaçının əməliyyatdan çıxmasını gözlədiyi radələrdə iddiaçı rahat şəkildə başqa şəxslərlə mesajlaşmışdır. Bundan əlavə iddiaçı 14- 15 yaşlarında olanda guya tanımadığı adam tərəfindən zorlandığını bildirmiş, buna baxmayaraq o, iddiaçıya inanmışdır. Onu da qeyd edir ki 1996-ci ildə iddiaçının 19 yaşı olmuşdur. Necə ola bilərdi ki, iddiaçının ailəsi həmin yaşda qız övladını rəsmi nikah olmadan ərə versin? Bunlar absurd və yalandır. Onlar xəyanət üstündə ayrılmışlar. 2020-ci ilin 25 avqust tarixindən onlar rəsmi olaraq ayrılmışlar. İddiaçının köçmək istədiyi həmin fərdi yaşayış evinin isə heç bir sənədi yoxdur, özbaşına tikilidir. O, dəfələrlə evə mülkiyyət hüququnu təsdiq edən sənədi almaq istəmiş, lakin aidiyyəti orqanlar ona evin özbaşına tikili olduğunu və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən, özbaşına tikili aparmış şəxsin mülkiyyət hüququ əldə edə bilmədiyini bildirmişlər. Odur ki, o, iddianın əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın təmin edilməsi, İddiaçı Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisəli fərdi yaşayış evi iddiaçı və cavabdehin faktiki nikah münasibətləri olduğu dövrdə hər iki tərəfin birgə əməyi nəticəsində tikilmiş, tərəflər həmin mübahisə predmeti olan evdə birgə yaşamış və iddiaçı yaşayış yerinə malik olmağı arzulamışdır. Bu hal iddiaçının izahatı ilə yanaşı iş materiallarında olan fotoşəkillərlə də öz təsdiqini tapmış və həmin halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Hal-hazırda cavabdehin iddiaçını mübahisəli fərdi yaşayış evinə buraxmamasını məhkəmə cavabdehin hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirir və bu hal iddiaçının haqlı mənafeyinin pozulması ilə nəticələnir. Hazırkı halda mübahisəli fərdi yaşayış evinə cavabdehin hüquqdan sui-istifadə etməsi iddiaçının güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir.

6. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25-ci (1 və 3-cü bənd), 43-cü (1-ci bənd), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1, 164.2, 560.3.4-cü maddələrinə, Avropa Məhkəməsinin “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.1-ci və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarlarına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-230/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, İddiaçı Xırdalan şəhəri, Quşçuluq y/m 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

9. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması, iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024cü il tarixli, 2(102)-2402/2024 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-230/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi barədə qanunsuz qətnamə qəbul etmişdir. Həmin qətnamə maddi və prоsessual hüquq nоrmalarının kobud şəkildə pоzulması, düzgün tətbiq edilməməsi ilə qəbul edilmiş və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Onunla iddiaçı arasında 1996-cı ildən faktiki nikah münasibətləri olmamış, rəsmi nikaha daxil oldugu vaxtdan, yəni 2007-ci ildən ailə münasibətlərində olmuşlar. Məhkəməyə təqdim edilmiş etirazdan da göründüyü kimi, o, 1992-1996-cı illərdə hərbi xidmətdə olmuş, hərbi xidməti başa vurub Bakı şəhərində qalmaq istədiyini bilən anası X4 Bakıda yaşayan yaxın qohumları vasitəsilə kənddə ona məxsus olan mal-heyvanlarını sataraq Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 14, Niyazi küçəsi ev 35 ünvanında yerləşən 0.3 torpaq sahəsi almış, onu hasarlamışdır. Hərbi xidmətdən sonra Bakı şəhərində qalaraq Karmen un fabrikində işə düzəlmiş, anasının kənddə böyük təsərrüfatı olmuş, və onun maddi köməkliyi ilə 3 otaqlı ev tikmişlər. İddiaçının qardaşlarının evi isə onun göstərdiyi kimi, onun torpaq sahəsinin yanında deyil, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 11-ci küçə, ev 125 ünvanında tikilmişdir. Ev tikdirdiyi müddətdə iddiaçının qardaşının həyətində kirayəçi yaşayıb və iddiaçını da oradan tanıyıb. Qız uşagı olmadığı üçün onunla ara-sıra kirayə tutduğu evlərdə görüşürmüş. O zamanlar iddiaçı ilə evlənmək fikri belə olmayıb. Evi 1997-ci ildə tikib qurtarmış, evə köçəndən sonra iddiaçı ara-sıra onun evinə gəlmiş, orada da görüşmüşlər. Evlənmək qərarına yalnız 2007-ci ildə gəlmiş, o vaxta qədər iddiaçı cavabdehlə faktiki ailə münasibətində olmayıb, onunla yaşamayıb, birgə təsərrüfat aparmayıb və onunla evin tikintisində iştirak etməyib. 2007-ci ildə ailələrinin razılığı ilə iddiaçı ilə evlənmiş və onu evə apararaq bir yerdə yaşamağa başlamışlar. Lakin süni mayalanma etmək məqsədilə nikaha daxil olmayıblar, bundan ötrü rəsmi nikah tələb olunmur, bu prosedurdan rəsmi nikahı olmayan şəxslər də istifadə edə bilərdi. Birgə nikahdan övladları olmayıb, onu 2007-2020ci illərdə daim müayinə və müalicələrə aparmış, buna görə də banklardan kredit pul götürərək onun süni mayalanmasına və müalicəsinə xərcləmişdir. İddiaçını boşamasına səbəb isə uşağının olmaması deyil, onun müxtəlif kişilərlə xəyanət etməsi olub, buna sübut olaraq diski də məhkəməyə təqdim etmişdir. Bu xəyanətləri bildikdən sonra onu evdən qovmuşdur. Göründüyü kimi Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 14, Niyazi küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinin hüquqi sənədi yoxdur. İddiaçının nikahda olarkən müxtəlif kişilərlə ona xəyanət etdiyini bildikdən sonra onu 2020-ci ildə boşamışdır. İddiaya qarşı irəli sürdüyü dəlillərlə bağlı istinad etdiyi hallara dair heç bir sübutlara qiymət verilməmişdir. Belə bir sübutlar tədqiq edilmədən birinci instansiyası məhkəməsi tərəfindən iddianın təmin edilməsi nəticəsində MPM-nin 77-ci maddəsinin tələbi pozulmuşdur. Belə ki, cavabdeh yazılı etiraz və iddiaçının ona müxtəlif kişilərlə xəyanət etdiyini əks etdirən disk təqdim etsə də, məhkəmə sanki bunların heç biri olmayıbmış kimi qətnamədə cavabdehin həmin halları təkzib edəcək sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilmədiyini göstərmişdir. Məhkəmə də qətnamədə bu arayışa və qonşuların aktına istinad etsə də həmin aktın nə əsli, nə də surəti iş materiallarına əlavə edilməmiş və həmin qonşuların şəxsiyyətləri, kimliyi məlum deyil, bu da belə bir aktın ümumiyyətlə olmamasına dəlalət edir, aktın olmaması da həmin arayışın mötəbərliyini şübhə altına alır. Bundan başqa, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etməli oldugu halda, elə bir akt və aktı imzaları ilə təsdiqləyən qonşular olduğu halda onların məhkəməyə şahid qismində gəlib izahat verməmələri də bir daha həmin aktın və qonşuların olmadığı anlamına gəlir. Məhkəmədə verdiyi izahatında göstərilən dəlilləri araşdırmadan bu halın sübuta yetirilmədiyi, bunu təsdiq edən dəlilləri məhkəməyə təqdim etmədiyi haqqında qanunsuz nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Şahid5 onun evinə gəlib-getməmişdir. Kompensasiya verməyə razı deyil, imkanı yoxdur. Evi özü tikmiş, evdə divan dəsti, köhnə şkaf anasından qalıb, qalan hər şeyi özü alıb. 1999-cu ildən sonra evdə təmir-tikinti, artırma olmamış, imkanı olmadığına görə ilk tikildiyi halda qalmışdır. Qarşı tərəflə birgə yaşadıqları dövrdə sanitar qovşağın tikintisindən başqa artırma olmamışdır. 1996-cı ildə hərbi xidmətdən gələndə Təranəgilin evlərində kirayədə qalmış, Təranəgildən ayrı yaşamışdır.

15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi 14, Niyazi küçəsi ev 35 ünvanında yerləşən torpaq sahəsi cavabdehin anası X4 tərəfindən 1995-cı ildə alınmış, 1996-cı ildən isə anası tərəfindən fərdi yaşayış evinin tikintisinə başlamışdır. Əvvəl bir otaq, sonra ikinci, üçüncü otaqlar inşa etdirilmişdir. 2006-cı ilə kimi cavabdeh anası Pitimat xanımla birgə həmin evdə yaşamışdır. Cavabdeh iddiaçı ilə 2007ci ildə nikaha daxil olmuş, artıq bundan sonra onu evə gətirmiş və onlar həmin evdə yaşamağa başlamışlar. Həmin vaxtdan bəri evdə hər hansı dəyişiklik edilməmişdir. İki otaq, mətbəxdən ibarətdir. Təmsil etdiyi şəxs hazırda ikinci dəfə nikaha daxil olmuş, arvadı ilə həmin iki otaqda yaşayır. İddiaçı özü də ikinci dəfə nikaha girib, hazırda xaricdə yaşayır, onun bu evə ehtiyacı yoxdur. Tərəflərin övladı olmamış, süni mayalama yolu ilə övlad sahibi olmaq üçün illərlə kredit götürüb ödəmişlər. Evdə isə hər hansı artırma, təmir olmamışdır. Təmsil etdiyi şəxs iddiaçıya məxsus telefonda başqa kişilərlə yazışmaları görmüş, onlara pul xərclədiyini öyrənmişdir. Bu hərəkətlərin üstü açılandan sonra iddiaçı özü evdən çıxıb getmiş, izahatında isə əri tərəfindən evdən qovulduğunu bildirmişdir. 2020-ci ildə çıxıb gedib, nikah da pozulub, üstündən üç il keçdikdən sonra iddia qaldırmışdır. Həmin ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Verdiyi vəsatətlə bağlı isə ona deyə bilər ki, iş materiallarında 1996-cı ildən iki nəfərin həmin evdə yaşadığına dair arayış var. Dəfələrlə məhkəməyə müraciətlərindən sonra qarşı tərəfin vəkili elektron kabinetlə bir ərizə yerləşdirmişdir. Eyni zamanda, özü də sorğu vermiş, bununla bağlı təqdim olunmuş ərizədə X13 və X2 iş üzrə tərəflərlə yaxın qonşu olmaları və iddiaçının 1996-1997-ci ildən həmin evdə yaşamasını təsdiq etmələri öz əksini tapmışdır. Həmin qadınlar birinci intansiya məhkəməsinə də gəlməyiblər, əgər yaxın idilərsə, gələ bilərdilər. İşə apellyasiya instansiyası məhkəməsində baxılarkən təqdim etdiyi sənədlər qəbul edilməmiş və vəsatəti təmin olunmamışdır. Ona görə də yenidən vəsatətini təqdim edir. Həmin şəxslər cavabdehin dediyinə görə uzaqda yaşayırlar. Qarşı tərəfin vəkili Abşeron Rayon Məhkəməsində, həmçinin Sumqayıt Apellyasiya Məhkəməsində məhkəmə iclaslarında iştirak etmişdir. Mülki Prosessual Məcəllənin müvafiq maddəsinə əsasən sübutlar birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Qarşı tərəfin vəkili birinci instansiya məhkəməsində özü şəxsən iştirak etmiş, iddia ərizəsini yazmış və sübutları təqdim etmək üçün imkanı olmuşdur. Şahidlərə gəldikdə isə, vəsatətdə adı çəkilən şəxslərdən üçü iddiaçının ailə üzvləridir. Keçən məhkəmə iclasında qarşı tərəfin təqdim etdiyi şahid ifadəsində mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iddiaçının qardaşı tərəfindən alındığı bildirilir, halbuki torpaq sahəsinin alındığı vaxt həmin şəxs 15-16 yaşında yeniyetmə olmuşdur, bu yaşda uşağın torpaq sahəsi alması ağlabatan deyildir. Bundan əlavə iddia ərizəsində torpaq sahəsinin iddiaçının atası tərəfindən iddiaçı və qardaşı üçün eyni yerdən hər birinə 0.03 ha olmaqla alındığı qeyd olunur. Göründüyü kimi izahatlar arasında uyğunsuzluq var. Qarşı tərəf iş materiallarında olan fotoşəkillərin 2007-ci ilə qədər çəkildiyini və bununla da tərəflər arasında olan münasibətlərin 1996-cı ildən başladığını bildirir. İş materiallarında olan fotoşəkillərin üzərində onların hansı tarixdə çəkildiyi qeyd olunmamışdır. Buna görə də şəkillərə baxılanda hansı tarixdə çəkildiyini bilmək mümkün deyildir. 2007-ci ildən sonra təmsil etdiyi şəxs süni mayalanma, müalicə üçün xeyli xərc çəkmiş, kredit götürmüşdür. İddiaçı da öz izahatında ailədə problemlər olduğu üçün evi öz istəyi ilə tərk etdiyini bildirir, məhkəmədə təmsil olunmaq üçün etibarnamə verdiyini bildirsə də, iddia 2023-cü ildə qaldırılmışdır. İddiaçı torpaq sahəsinin Yaqut adlı şəxsdən alındığını bildirsə də Yaqut məhkəməyə gəlib torpaq sahəsini satdığı barədə məlumat verməmişdir. İddia ərizəsində iddiaçının atasının 0.06 ha torpaq sahəsi alaraq, övladları arasında böldüyü qeyd olunur, lakin iddiaçının qardaşının evi torpaq sahəsindən 1 km aralıdadır. Məhkəməyə təqdim etdiyi şahidlər Paşagilin hasar və yaxın qonşuları, digər tərəfin məhkəməyə təqdim etdiyi şahidlər Təranənin atasıgilin qonşuları olmuşlar. Təranənin əvvəldə mübahisəli fərdi yaşayış evində yaşadığı halda Paşanın xalası qızının həmin evdən gəlin olaraq çıxması da ağlabatan deyildir. Abşeron Rayon Məhkəməsində Paşanın vəkili olmamış, protokolla tanış olmaq və ona 3 gün ərzində qeydlər vermək hüququndan xəbərsiz olmuşdur. Birinci instansiya məhkəməsi təmsil etdiyi şəxsin hüquqlarını pozmuş, ona görə də apellyasiya şikayəti verilmişdir. Eyni zamanda 1996-cı ilin fevralında Murovda hərbi xidmətdə olan Paşanın gedib qız qaçırması da məntiqli deyil, Paşanın anası da Təranəni gəlin olaraq qəbul etməmişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.

16. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, apellyasiya şikayətində qeyd olunanlar həqiqəti əks etdirmir. Qarşı tərəf fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ona 1995ci ildə anası tərəfindən hədiyyə olaraq alındığı, anasının vəsaiti hesabına tikintiyə başlanıldığını və 1998-ci ildə tikintinin başa çatdığını bildirmişdir. Cavabdeh evin 30 ilə yaxın bir müddətdir ki, tikildiyini iddia etsə də, iş materiallarında olan mübahisəli fərdi yaşayış evinə dair fotoşəklə nəzər salındığında onun uzağı 15 ildir tikilmiş olduğunu görmək mümkündür. Məhkəməyə təqdim edilmiş qonşuların aktlarından görünür ki, təmsil etdiyi şəxs, guya 2007-ci ildən 2020-ci ilə qədər mübahisəli fərdi yaşayış evində yaşamışdır. Kənd soveti həmin aktlara əsasən arayış vermiş, arayış məhkəməyə sübut kimi təqdim olunmuş və əsaslı hesab edilmişdir. Hansı ki, onlar tərəf olaraq birinci instansiya məhkəməsində eyni xarakterli arayış təqdim etdikləri halda bu əsaslı hesab edilməmişdir. Qarşı tərəf yenidən nikaha daxil olduğunu, təmsil etdiyi şəxsin həmin evə köçürülməsinin mümkün olmadığını irəli sürür. Qarşı tərəfin iş məhz apellyasiya məhkəməsinin icraatında olduğu müddətdə nikaha daxil olması şübhə doğurur. Tərəflərin 2007-ci ildən əvvəl birgə çəkilmiş fotoşəkilləri, habelə övladlarının olmaması ilə əlaqədar xəstəxanaya müraciətlərinə dair sənədlər mövcuddur. Tərəflərin öncədən nikaha daxil olub 2007-ci ilə qədər ər-arvad münasibəti yaşamaması da şübhə doğuran məqamlardandır. Birinci instansiya məhkəməsində qarşı tərəfə arvadını evdən qovması ilə əlaqədar sual verildiyi zaman o arvadını evdən qovmadığını, indiki məqamda evə qayıtmasına münasibəti soruşulanda isə, buna etiraz etdiyini bildirmişdir. Cavabdehin arvadının xəyanətinə dair iddiasının mənzilə köçürülməyə dair mübahisə ilə əlaqəsi yoxdur. İddiaçının neçənci ildə və hansı məqsədlə Rusiya Federasiyasına getməsindən məlumatsızdır. İddiaçı ilə telefon danışığı zamanı müalicə məqsədilə getdiyini bildirmişdir, lakin ətraflı məlumatı yoxdur. Qarşı tərəfin şahidlərindən Kimyəxanım adlı şəxs məhkəməyə verdiyi ifadəsində həmin küçəyə 1996-cı ildə gəldiyini bildirir, amma 1995-ci ildə Paşanın torpaq sahəsini aldığı haqda məlumatı var, haradan bildiyi sual doğurur. Bundan savayı 2015-ci ildə həmin küçəyə köçən qonşunun 1995-ci ildə olan hadisələri necə bildiyi məlum deyil. Həmçinin qarşı tərəfin vəsatətində adı çəkilən Şəmistanın Təranənin valideynləri ilə münasibəti yaxşı olmuş, məhkəmə iclasına getməyəcəyini bildirmiş, lakin məhkəməyə teleqram vuraraq qarşı tərəfin dediklərini təsdiqləmişdir. 2020ci ildə tərəflər arasındakı nikah rəsmi qaydada pozulmuş, bu barədə qətnamədə Paşanın izahatı ilə tərəflərin 1996-cı ildən birgə yaşadıqlarını, 2007-ci ildə rəsmi nikaha girdiklərini təsdiq etmişdir. İş materiallarında olan diskdən də görünür ki, yaxın qohumları mübahisəli fərdi yaşayış evindən gəlin köçür. Bununla yanaşı, qarşı tərəfin vəkili bildirir ki, iş materiallarında olan fotoşəkillərin hansı tarixdə çəkildiyini bilmək mümkün deyildir, lakin fotoşəkillərə baxıldığında Paşa və Təranənin təxminən 18 yaşda gənc olduqları açıq-aşkar görünür.

17. Məhkəmə iclasında videogörüntülü əlaqə yaradılmış İddiaçı apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, xx.xx.1996-cı il tarixdə cavabdehlə birgə qoşulub qaçmış, hansıki həmin vaxtlar cavabdeh Xırdalan şəhərində hərbi xidmətdə idi. Qoşulub qaçdıqdan sonra bir neçə ay Balakəndə Paşanın valideynlərinin yanında yaşamışlar. Paşa hərbi xidmətdən qayıtdıqda sonra anasıgilə köçmüş və orada 2-3 il yaşamış, həmin müddət də, arada Paşanın valideynlərinin yanında da yaşamışlar. Qardaşının toyu olacağı üçün atasının evindən çıxmalı idilər. Qardaşının arvadı Paşanın xalası qızı olduğuna görə gəlin onların evindən çıxacaqdı. Atası Yaqut adlı qonşudan 0.06 ha torpaq sahəsi almış, 0.03 hektarını ona, 0.03 hektarını isə qardaşına vermişdir. Təxminən 1997-1998-ci illərdə topraq sahəsini üzərində bir otaqdan ibarət ev tikmiş, sonradan 2007-ci ilə qədər bir otaq da artırmışlar. 2007-ci ildən sonra 2 otaq tikmiş, evin fundamentini tökmüş, fundament digər otaqlara bitişikdir, lakin baxanda seçilir, fundamenti özü qazmışdır. 2019-cu ildə evin dam örtüyünü vurmuşlar. 2020-ci ildə ailə münaqişəsi zəmnində evdən çıxıb getmişdir. Ayağında sınıq var, işləyə bilmirdi. Azərbaycanda qardaşlarının yanında yaşaya bilmədiyi üçün anasıgilin yanına, yəni Gürcüstana, daha sonra Rusiyaya getmişdir. Hazırda Rusiya Federasiyasında qohumlarının evində yaşayır, burada ailə qurmamış, müalicə məqsədilə gəlmişdir. Atası 0.06 hektar torpaq sahəsini qonşu Yaqut xanımdan eyni yerdən qardaşı və onun üçün almışdır. Qardaşına məxsus olan 0.03 hektar torpaq sahəsi o evlənəndə satılmışdır. 1996-cı ildə 18 yaşı var idi, validenləri onu Paşaya ərə verməyə razı olmadığından ona qoşularaq evdən qaçmış, cavabdeh 1996-cı ildə Gəncəyə getmişdi, onu qaçırıb yenidən Gəncəyə qayıtmışdır. 2007-ci ilə qədər iki otaq var idi, evdən ayrılanadək ev tam təmirli olmamışdır. Pitimat tikilən ikinci otağı heç görməyib, ona qədər arada gəlib 2-3 ay oğlunun evində yaşayardı. İddiasını 2023-cü il tarixdə qaldırmasının səbəbi isə 2021-ci il tarixdə İlahə adlı şəxsə onu məhkəmədə təmsil etməsi üçün etibarnamə vermiş, Abşeron Rayon Məhkəməsində sonuncu məhkəmə iclasında iştirakı zamanı onu aldatdığı və məhkəmə iclaslarında iştirak etmədiyi məlum olmuşdur. Problemləri olduğu üçün işlə maraqlana bilməmiş, daha sonra iddia qaldırmağın mümkün olduğunu öyrənəndə iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Ev 4 otaqdan ibarət idi. Kimyəxanım adlı qonşu idi, onunla münasibəti yaxşı olub, onun evi onlara məxsus evin arxasında yerləşir, lakin məhkəmdə yalan ifadə verib. Barışıq təklif olunacaq məbləğin həcmindən asılı olaraq mümkündür, Hansı ki həmin məbləğlə özünə bir otaqlı ev ala bilməyi mümkün olsun. Cavabdeh evin yarı qiymətini verərsə, razılıq əldə oluna bilər. Birgə yaşadığı dövrdə aldıqları divan dəsti, yorğan-döşək, paltarları həmin evdə qalmışdır.

İşdə olan sübutlar

18. Abşeron Rayon Məhkəməsinin 2(012)-2550/2020 nömrəli, 25 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında 30 yanvar 2007-ci il tarixdə bağlanmış nikah pozulmuşdur

19. Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Xırdalan şəhəri, Quşçuluq Y/M 14, Niyazi küçəsi ünvanında yerləşən sənədsiz fərdi yaşayış evində yaşayır. Qonşuların aktına əsasən, İddiaçı Cavabdeh ilə 1998-ci ildən 2020-ci il tarixə kimi bir yerdə yaşamışlar.

20. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, tərəflərin ən yaxın qonşuları odur. Torpaq sahəsini 1995-ci ildə cavabdeh və anası alıblar, 1996-cı ildə isə o, həmin küçəyə gəlib. Cavabdehin anasının ölümündən sonra, 2007-ci ildə iddiaçı ilə cavabdeh evlənmişlər. Tərəflərlə münasibəti yaxşı idi, gediş-gəlişi olmuşdur. 2007-ci ilə qədər iddiaçını görməmiş, həmin vaxta qədər orada yaşamamış, həmin evdə cavabdeh və anası yaşamışdır. Cavabdehin anası torpaq sahəsini oğluna aldığını bildirmişdir. Cavabdehin anasının yaşadığı vaxtda İddiaçı mübahisəli evdə görməmişdir. Pitimat xanım 1996-cı ildə ölmüşdür. Cavabdehin anası bir otaq tikdirmişdi, yanında mətbəxi var idi. 1996-cı ildə həmin əraziyə köçəndə qonşuluq münasibəti yaratmışdır. Cavabdehi evlərində görmüş, hərbidə olmasına baxmayaraq, həmin ildə anasının yanında görmüşdür. Cavabdeh 2007-ci ildə iddiaçı ilə nikaha daxil olmuşdur. Cavabdeh 2007-ci ildə iddiaçı ilə evləndikdən sonra fərdi yaşayış evinə bir otaq da əlavə tikilmişdir. Amma indiki kimi deyildi. İndiki kimi deyildi dedikdə həyətini hasara alaraq, qapı qoymağını nəzərdə tutur. Çünki o da öz həyətini hasara almış, ona görə də qonşunun həyətini görmür.

21. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, fərdi yaşayış evinin tikildiyi torpaq sahəsini cavabdehin anası Pitimat xanım onların də iştirakı ilə almış, onlar proseslərin şahidi olmuşlar. Cavabdehin anası öz hesabına orada bir otaqlı ev tikdirmiş, lakin bünovrəsini gələcəkdə Paşanın oranı genişləndirməsi üçün böyük qoydurmuşdur. 1995-1996-cı illərdə Paşa hərbi xidmətdən qayıtdıqdan sonra anası ilə həmin evdə yaşamışdır. 2006-cı ildə Pitimat xanım xəstəliyi ilə bağlı olaraq ölmüşdür. Anasının ölümündən sonra gediş-gəlişi azalmış, bundan bir müddət sonra bir qadınla evləndiyi barədə məlumatı olmuşdur. Torpaq 1994-1995-ci illərdə o, anası və onun anasının iştirakı ilə alınmışdır. Cavabdeh 2006-cı ilə qədər anası ilə həmin evdə yaşamışdır. 2006-cı ildə Pitimat xanımın ölümündən sonra Paşanın bir qadınla evləndiyini eşitmişdir. Paşa ayrılıq səbəblərinin arvadının telefonunda tapdığı yazışmalar olduğunu bildirib. Dediyinə görə, o, mesajları aşkar edib oxuduğu müddətdə Təranə evdən qaçıb getmişdir. Hazırda evin hansı vəziyyətdə olması barədə fikri yoxdur. Bir otağı Pitimat xanımın tikdirdiyini özü görmüşdür. Torpaq sahəsini təxminən 1995-ci ilin əvvəllərində almışlar. Sonuncu dəfə 2006-cı ilin sonları Paşagilin evinə getmiş, ev əvvəl necə tikdirmişdilərsə, elə həmin vəziyyətdə idi. Paşagilin qonşuluğunda Təranənin qardaşları yaşamırlar.

22. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Paşanın 2007-ci ildə Təranə ilə evləndiyini öyrənmişdir. Paşagilin evi ilə evlərinin arasında 10 metr məsafə olar. Kimyəxanımgilə gəlib-gedəndə torpaq sahəsinin cavabdehin anası tərəfindən alındığını eşitmişdir. 2007-ci ilə qədər Təranəni, yaxud onun ailə üzvlərini tanımamış, mübahisəli evdə həmin şəxsləri görməmişdir. Təranənin qardaşları isə onlarda 2 küçə aralıda yaşayırlar. Kimyəxanımgilin Paşadan əlavə Şəmistan, Knyz adlı qonşuları da var. Pitimat xanımın ölümündən üç gün sonra onlara getmişdir. Paşagilin evi üç otaqdan ibarət idi, otaqlar isə tam təmirli deyildi. Təranə həmin evdə yaşadığı vaxt onlara gedib-gəlmişdir. 2015-ci ildə həmin küçəyə köçməyinə baxmayaraq, əvvəllər qohumu Kimyəxanımgilə gəlib-getmiş, ona görə də olanlardan xəbəri olub. Həmin məhləyə köçəndə ev tikili idi. 1995-1996-cı illərdə Kimyəxanımgilə gedib-gələndə görmüşdür ki, cavabdeh və anası ev tikdirir. 2007-ci ildən sonra evin tikintisi davam etdirilməmişdir.

23. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid4 bildirmişdir ki, Paşa ilə Təranə evləndikdən sonra bir müddət Təranənin anası Gülnaz xanımgildə yaşamışlar. X3 məxsus torpaq sahəsini alaraq qızı üçün ev tikdirmiş, qızının ailəsi orada yaşamışdır. Ev 1996-cı ildə tikilmişdir. Ev tikilənə qədər qızı anasının evində yaşamışdır. X17 küçəsi, ev 31 ünvanında yaşayır. Paşanın indiki evini tanıyır. Evlərinin arasında 500 metr ara var. Təranənin qardaşı ilə qonşudur. Torpağı iddiaçının anası 1996-cı ildə almış, orada ev tikdirmişdir. Tərəflər 2000-ci ildən əvvəl evləniblər. Süleyman ona məxsus olan torpaq sahəsinin yarısını bacısına vermiş, yarısını isə digər bir şəxsə satmışdır. Cavabdehin evini tanısa da, o evdə olmatıb. Torpaq sahəsini Təranəgil almış, orada bir otaq tikdirmiş, daha sonra evin genişləndirilməsinə Paşa da köməklik etmişdir.

24. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Təranə ilə eyni məktəbdə təhsil almış, məktəbi bitirdikdən sonra Paşanın Təranəni evlilik üçün qaçırdığını eşitmişdir. Cavabdeh təxminən 1996-1997-ci illərdə, Xırdalanda hərbi xidmətdə olduğu müddətdə Təranəni qaçırmış və Balakənə valideynlərinin evinə aparmışdır. 3-4 aydan sonra Təranənin hamilə olduğu məlum olmuş, bundan sonra tərəflər Bakıya gəlmişlər. Sonra Təranənin hamiləliyi pozulmuşdur. Bundan sonra Təranə anasıgilin yanına gəlmiş və geri qayıtmamışdır. Torpaq sahəsi isə Təranənin anasıgil tərəfindən Yaqut adlı qonşudan alınmışdır. Paşa və Təranə bir müddət sonuncunun anasıgildə yaşamış, Təranənin qardaşının evlənməsi ilə əlaqədar tərəflər Paşanın hazırda yaşadığı evə köçmüşlər. 4-5 il olar ki, həmin evə getmir, lakin ev təmirli olmalı idi. Paşagilin evi ilə onların evi arasında iki ev var. 1989-cu ildən həmin küçədə yaşayır. 1980-ci ildə anadan olub, Təranə ondan 2-3 yaş böyükdür, eyni sinifdə yox, eyni məktəbdə təhsil almış, məktəbə birgə gedib-gəlmişlər. Təranə məktəbi bitirən kimi Paşaya qoşulub qaçmışdır. Rəsmi nikaha nə üçün daxil olmasından məlumatsızdır. Paşanın hansı illərdə əsgərlikdə olduğunu xatırlamır. Pitimat xanımın kim olduğunu bilmir. Evi satan Yaqut xanımın harada olması barədə məlumatı yoxdur. Torpaq Təranənin atasıgil tərəfindən alınmış, atası orada ev tikdirmişdir. Ev əvvəl bir otaqlı olmuş, daha sonra əlavə otaqlar tikilmişdir. Paşa və Təranə 4-5 il Təranənin atasıgildə yaşadıqdan sonra, təxminən 1998- 2000-ci illərdə sözügedən bir otaqlı evə köçmüşlər.

Tətbiq edilən hüquq

25. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsi

11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. 11.5. Mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

27. Azərbaycan Respublikası Ailə Məcəlləsi

32.1.Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.

28. Mülki Prosessual Məcəllə

13.4. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 13.5. Belə normalar da olmadıqda, məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(012)-2519/2023 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

31. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edimişdir ki, mübahisəli ev özbaşna tikili olmaqla, onun yerləşdiyi torpaq sahəsinin də tərəflərə məxsus hər hansı bir hüquq müəyyənedici sənədi mövcud olmamışdır. Lakin, həmin ev iddiaçı və onun keçmiş ərinin sahibliyində və istifadəsində olmuşdur ki, iddiaçı hər hansı bir məhkəmə qərarı olmadan məcuri qaydada həmin evdən qanunsuz olaraq çıxarılmışdır. Belə ki, cavabdeh apellyasiya şikayətində iddiaçının ona etdiyi xəyanətləri bildikdən sonra onu evdən qovduğunu etiraf etmişdir. Hərçəndki, cavabdehl iddiaçının mübahisəli mənzildə yaşamasını istəmədiyi və bunun mümkün olmadığını iddia etdiyi halda onun həmin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etməkdə haqlı hesab oluna bilərdi. Hər hansı bir təzyiq vasitəsi ilə şəxsin daimi yaşadığı evdən çıxarılması həmin şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan mənzil hüququnun pozulmasına səbəb olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

32. Bundan başqa məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli evin bir hissəsi tərəflər rəsmi nikaha girməmişdən əvvəl, bir hissəsi isə nikaha girdikdən sonra, yəni 2007-ci il tarixdən sonra inşa edilmlişdir. İşin bu halı hətta cavabeh tərəfindən məhkəməyə təqdim edilmiş və mübahsəli evin ən yaxın qonşusu olan Şahid1 ifadəsi ilə də təsdiq edilmişdir. Cavabdeh 2007-ci il tarixinədək iddiaçı ilə ailə münasibətində olmadığını iddia etsə də onun bu etirazı əsaslı olmamışdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 25 avqust 2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh iddiaçı ilə 1996-cı ildən qeyri-rəsmi nikah münasibətlərində yaşamasında dair izahat vermişdir. İşin qeyd edilən halı məhkəməyə təqdim edilmiş fotoşəkillərlə və 2007-ci il tarixdən əvvələ aid tibb sənədləri də müəyyən edilməkdədir. Buna görə də məhkəmə kollegiyası mübahisəli evin bir hissəsinin tərəflər nikaha daxil olmayanadək onların birgə səyi nəticəsində inşa edilməsi qənaətinə gəlmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış binasından isifadə və ya ümumilikdə mülkiyyət hüququ Mülki Məcəllə və Mənzil Məcəlləsi ilə tənzimlənir. Lakin, hazırkı iddiada mübahisələndirilən yaşayış evi özbaşına zəbt edilmiş torpaq sahəsində, özbaşına inşa edilmiş tikili olduğu üçün həmin evdən istifadə və ya mülkiyyət hüququ ilə bağlı məsələlər həmin Məcəllələrlə tənzimlənmir, bu münasibətləri tənzimləyən hüquq normaları da yoxdur. Bu əsasla isə mübahisəyə baxılmasından imtinaya yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.5-ci maddəsinə əsasən mülki hüquq münasibətlərini tənzimləyən hüquq normasının olmaması və ya onun qeyri-müəyyənliyi məhkəmənin mülki işə baxmaqdan imtina etməsinə əsas verə bilməz.

34. Məhkəmə kollegiyası qeyd edir ki, istər qanunun analogiyası, istərsə də hüququn analogiyası nəzərə alınmaqla iddiaçının mübahisəli evə köçürülmə ilə bağlı iddia tələbi əsaslı olmuşdur. Belə ki, işin müəyyən edilmiş hallarına əsasən mübahisəli evin inşası əsasən tərəflər nikah bağladıqdan sonra edilmişdir ki, ehtimal olunan və gözlənilən mülkiyyət hüququ baxımından iddiaçının da həmin əmlak üzərində birgə mülkiyyətdən irəli gələn hüquqları hüququ mövcud olur. Digər tərəfdən isə birgə nikah dövründə inşa edilmiş evin özbaşına tikili olmasına baxmayaraq, iddiaçının həmin evdən istifadəsinə məhdudiyyətin yaradılması ədalət və insaf tələblərinə də uyğun hesab edilmir.

35. Beləliklə, məhkəmə yarınmış hazırkı vəziyyətdə belə nəticəyə gəlir ki, şəxsin özbaşına tikiliyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, Mülki Məcəllənin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər daimi məskunlaşmış şəxsin köçürülməsinə qadağalar da müəyyən edilməmişdir. Tərəflərin izahatından və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan göründüyü kimi iddiaçı cavabdehlə birlikdə 1990-cı illərin sonlarndan etibarən mübahisəli evdə yaşayaraq Konstitusiyada təsbit edilmiş öz mənzil hüququnu mübahisəli mənzildə gerçəkləşdirmişdir. Hazırkı vəziyyətdə iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində təsbit edilmiş mənzil hüququnun reallaşdırılmasının yeganə mənbəyi, həmin hüququn həyata keçirilməsi üçün yeganə vasitə olan mübahisəli evə köçürülməsidir. İddiaçının daimi yaşadığı evdən məcburi qaydada müxtəlif təzyiq vasitəsi ilə çıxarılması həmin şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan mənzil hüququnun pozulmasına səbəb olmaqla yanaşı, iddianın təmin edilməsi ilə həmin pozuntunun aradan qalırdırılması mümkündür.

36. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. Buna görə də apellyasiya şikayəti təmin olunmamalı, Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(012)-2519/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 11 avqust 2023-cü il tarixli, 2(012)-2519/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar