Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1634/2022 02.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızının və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “kompensasiya ödəməklə evindən çıxarılma” tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-593/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). Qətnamədən narazı qalan iddiaçı X8 apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-593/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehər Cavabdeh1 və X2 şəxsi təşəbbüsü ilə 2000 (iki min) manat kompensasiya ödəməklə 0.12 ha torpaq sahəsi və orada yerləşən 2 (iki) mərtəbəli, 5 (beş) otaqlı, sahəsi 107.8 kv.metr olan yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, cavabdeh, yəni oğlu Cavabdeh1 anadan olandan mübahisəli evdə yaşayır, spirtli içki aludəçisidir. İçkinin təsiri altında gəlir, evi dağıdır, onu döyür, buna görə onunla bir evdə yaşamaq istəmir. Onun üçün torpaq da alıb. Digər cavabdeh X3 gəlinidir, 19-20 ildir ki, onlarla yaşayır, gəlini ilə münasibəti pis deyil. Bu gün cavabdehlər faktiki olaraq evdən çıxıb gediblər. Artıq onunla yaşamırlar, mübahisə artıq həll olunub. Qeyd olunanlara əsasən apellyasiya şikayətimin təmin edilməsini, Quba Rayon Məhkəməsinin 2(027)- 593/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edirəm. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və X3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iş üzrə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107,8 kv.m yaşayış, 76,2 kv.m köməkçi sahədən ibarətə fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı arasında xx.xx.1971-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, İddiaçı, X6 və X4 Quba rayonu AİK-nın xx.xx.2000-ci il tarixli, 02 saylı qərarı ilə Quba rayonu, Alekseyevka kəndində 0,12 ha torpaq sahəsi mülkiyyətlərinə verilmiş və bu barədə JN-166F, kod30304018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə tərtib edilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-254/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və X1 Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində İddiaçı məxsus 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, sahəsi 107.8 kv.m olan fərdi yaşayış evindən çıxarılmaları və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış manelərin aradan qaldırılması qərara alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-1555/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 2(027)-254/2021 saylı, 03 fevral 2021-ci il tarixli qətnaməsi iddianın təmin edilməsi hissəsində ləğv olunmuş, iş üzrə bu hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 və X2 qarşı fərdi yaşayış evindən çıxarılma və evə mülkiyyət hüququnun həyata keçirilməsinə yaranmış maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin olunmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddianın əsaslı olub-olmaması ilk növbədə iddiaçının məhkəməyə bildirdiyi faktiki hallar əsasında iddia tələbinin özlüyündə əsaslılığının yoxlanılmasını zəruri edir. Bunun üçün ilk növbədə tələbin qanuni əsası tapılmalıdır. İddianın qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə, qarşı tərəfdən icranı, müəyyən hərəkətin edilməsini və ya həmin hərəkətdən çəkinməyi tələb etmək imkanı verir. Yəni qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün. İddia tələbinin qanuni əsası tapıldıqdan sonra iddiaçının dəlilləri ilə iddianın qanuni əsasını təşkil edən hüquq normasının dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 01dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında mübahisəli evə dair hüquq münasibətləri xx.xx.2000-ci ilədək yarandığından məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə məhz 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Həmin Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 8 oktyabr tarixli Qərarı). Müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* nömrəli Çıxarışa əsasən Quba rayonu, Alekseyevka kəndində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 107,8 kv.m yaşayış, 76,2 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Cavabdeh1 mübahisəli ev inşa ediləndən (1985-ci ildən), digər Cavabdeh2 isə nikaha girəndən (1998-ci ildən) fasiləsiz olaraq mübahisəli evdə yaşayırlar. Hazırda isə iddiaçı cavabdehlərin kompensasiya ödənilməklə istifadə hüquqları olan yaşayış sahəsindən məhrum edilmələrini tələb edir. İddiaçı mübahisəli evin 2008-ci ildən mülkiyyətçisi olmasına əsaslanması və buna görə də cavabdehlərin oradan çıxarılmalı olması barədə dəlili əsassızdır və bu hal, oradan istifadə hüququna malik olan Cavabdeh1 və Cavabdeh2nın hüquqlarının pozulması, o cümlədən İddiaçı öz hüququndan sui-istifadə etməsi kimi qiymətləndirilməlidir, halbuki bu qanunla qadağandır. Digər tərəfdən, qeyd edildiyi kimi mübahisəli ev İddiaçı ilə Babaverdi Məmmədsalahovun birgə nikahda olduqları zaman inşa edilmişdir. Deməli həmin ev onların birgə mülkiyyətidir. Babaverdi Məmmədsalahov isə məhkəməyə ərizə ilə müraciət edərək hər iki cavabdehin mübahisəli evdən çıxarılmalarına razı olmadığını və iddianın təmin edilməməsini xahiş etmişdir. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlərə təklif etdiyi 2000 manat kompensasiya məbləği mənzildən istifadə hüququna xitam verilməsinin əvəzində adekvat kompensasiya hesab oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə haqdlı olaraq hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “kompensasiya ödəməklə evindən çıxarılma” tələbinə dair iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. İş materiallarından görünür ki, iddiaçı apellyasiya şikayətinin dəlillərini təsdiq edən halları sübuta yetirib əsaslandıra bilməmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edir ki, həmin dəlillərə də məhkəmə tərəfindən araşdırılaraq qiymət verilmişdir. İnsan hüquqlarının və X10 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətində qeyd edilən dəlillər formal mülahizə daşıdığından və onlara məhkəmə qətnaməsində qiymət verildiyindən təmin edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-593/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1634/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1634/2022
02.08.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver