Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1634/2024 29.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsinə dair mülki iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, Ərizəçi, maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə Allahşkür oğlunun iştirakları ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-15881/2017 nömrəli qətnaməsindən maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1981-ci il tarixdən 1993-cü il tarixədək Qubadlı rayonu tikinti idarəsindəki iş stajının olması hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 01 avqust 1965-ci ildə Qubadlı rayonunun, Tarovlu kəndində anadan olmuş, Sumqayıt şəhəri, 24-cü məhəllə, tikiş fabriki, otaq 15 ünvanda yaşayır. O, 1981-ci ildən 1993-cü ilə kimi Qubadlı rayon tikinti idarəsində fəhlə işləmişdir, bu faktı onunla birgə 1981-ci ildən 1993-cü ilə kimi Qubadlı rayon tikinti idarəsində fəhlə işləyənlər də təsdiq edə bilərlər. O, 1981-ci ildən 1993-cü ilə kimi Qubadlı rayon tikinti idarəsində fəhlə işləməsinin təsdiq edilməsini istəmiş, lakin həmin təşkilat indi fəaliyyət göstərmədiyi üçün həmin dövrdə işləməsinin də məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Həmin təşkilata dair hər-hansı sənədi əldə etmək qeyrimümkündür və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halhazırda o, pensiya yaşına çatdığına görə stajını təsdiq edən sənədləri istəmişlər, o bu barədə arayış təqdim edə bilməmişdir. Bu faktın təsdiqi ona pensiyaya çıxmaq üçün vacibdir.
3. Sumqayıt Şəhər Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli, 2(060)-15881/2017 nömrəli qətnaməsi ilə (hakim İlyas Mahmudov) Ərizəçi 1981-ci il tarixdən 1993-cü il tarixədək Qubadlı rayonu tikinti idarəsində fəhlə işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktının müəyyən edilməsi qət edilmişdir.
4. Məhkəmə ərizənin təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, ərizəçi əmək stajının müəyyən edilməsi barədə sənədləri başa qaydada ala bilmir, bu hal məhkəmə qaydasında müəyyən olunmalıdır.
5. Qətnamədən maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi iş stajının təsdiq olunması üçün: 1. Ən azı iki nəfər şahid olmalı; 2. Şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli); 3. Ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Normaların məzmunundan görünür ki, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (işə daxil olma və işdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Lakin hazırki iş üzrə şahidlər Z.İsmayılova və Ə.Paşayevin əmək fəaliyyətini təsdiq edən sənədlər mövcud deyil. İş materiallarından da göründüyü kimi şahid qismində dindirilmiş Z.İsmayılova və Ə.Paşayevin iş stajını təsdiqləyən hər hansı sənəd təqdim edilməmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə Allahşkür oğlu apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, ərizənin rədd edilməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: (...) 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; (...)
11. Maddə 259. Ərizənin baxılmamış saxlanmasının əsasları 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.1. məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə; (...)
12. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
13. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...) 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir (...)
14. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi (...)
15. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin şikayət üzrə qəbul etdiyi qərardadının qanuni qüvvəsi Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
16. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
17. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ərizə baxılmamış saxlanılmalıdır.
19. Belə ki, mülki prosesdə həyata keçirilən icraatın iddia icraatı və xüsusi icraat adlanan iki növü vardır.
20. MPM-in 306.1-cı maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, həmin icraatın qaydalarını, şərtlərini və baxılma əsaslarını tənzimləyən, qanunla müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla iddia icraatı qaydasında baxılır.
21. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
22. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.4-cü bəndinə əsasən “əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir”.
23. Həmin qərarın 13.2-ci maddəsində qeyd olunmuşdur ki, əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir.
24. Həmin qərarda qeyd olunur ki, bəzi kateqoriya işlər üçün mübahisənin qabaqcadan məhkəmədənkənar həll edilməsi qaydası müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə görə həmin əsasla ərizənin baxılmamış saxlanılmasına yalnız o hallarda yol verilir ki, bu ya qanunvericilikdə, yaxud da tərəflər arasında bağlanılmış müqavilə ilə həll edilmiş olur.
25. Məhkəmələrə izah edilmişdir ki, məhkəmədənkənar həlli qaydası müəyyən edilmiş işlər üzrə ərizələr yalnız o hallarda baxılmamış saxlanıla bilər ki, həmin qaydanın tətbiq edilməsi imkanı itirilməmiş olsun. Əks halda ərizə baxılmamış saxlanılmalı deyil, Azərbaycan Respublikası MPM-nin 261.0.9-cu maddəsinə müvafiq olaraq işin icraatına xitam verilməlidir.
26. İşdən görünür ki, ərizəçi müvafiq əmək stajının müəyyən edilməsini tələb etsə də, mövcud məsələnin qabaqcadan məhkəmədən kənar həll edilməsi qaydasına riayət etməmişdir. O cümlədən, ərizəçinin həmin faktı təsdiq edən lazımi sənədləri (əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) başqa qaydada ala bilməməsi (müvafiq müraciət və ya müraciətin icrasından imtina edilməsi) iş materiallarından müəyyən olunmur.
27. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-15881/2017 nömrəli qətnaməsi ləğv edilsin. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.