Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1636/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, X3 katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, e-2(031)-270/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında sadələşdirilmiş yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Şabran Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ç.İsgəndərov) iddianın təmin edilməsi, Cavabdeh 3989 (üç min doqquz yüz səksən doqquz) manat 21 (iyirmi bir) qəpik məbləğində əsas borc və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı MMCyə ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3989 (üç min doqquz yüz səksən doqquz) manat 21 (iyirmi bir) qəpik məbləğində əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeharasında xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdehİddiaçı MMC-yə 5086 (beş min səksən altı) manat 70 (yetmiş) qəpik borcunun olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2022-ci il tarixindən, hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023- cü il tarixinə İddiaçı MMC-yə yekun olaraq 3989 (üç min doqquz yüz səksən doqquz) manat 21 (iyirmi bir) qəpik borcu qalmaqdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.2-ci maddəsinə görə Mülki Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Cavabdeh ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin 3.2-ci bəndinə əsasən borclu ödəniş etmədiyi təqdirdə İddiaçı MMC-nin məhkəməyə müraciət etmək hüququ yaranır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Şabran Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MPM-nin 8, 14, 47.2, 85, 88, 284-1., 284- 5.1. 284-5.2. maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məkəmə tərəflərin məhkəmə qarşısında bərabərliyi prinsipini pozaraq cavabdehin məhkəmədə mülki işə baxılması barədə lazımi qaydada xəbərdarlıq etməyərək sonuncunun məhkəmədə iştirakı təmin edilmədiyindən onun təqdim edə biləcəyi sübutların təqdim olunmasına şərait yaradılmamışdır. Məhkəmə cavabdehə qarşı yönəldilmiş borcun yaranma səbəblərini tam, hərtərəfli və obyektiv araşdırmadan iddiaçının təqdim etdiyi sənədləri əsas götürərək qərar qəbul etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 394-1.4-cü maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəliklərinin olması ilə əsaslandırmış, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə Cavabdeh tərəfindən mübahisələndirilmişdir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. İşdən görünür ki, iddia tələbi borcun tutulması barədədir. İşin mübahisə olunmayan halı isə ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmışdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 882-ci maddəsi təşkil edir. İşdən göründüyü kimi cavabdeh müqaviləyə əsasən iddiaçıya borclu olduğunu etiraf etmiş, lakin müqaviləyə əsasən yaranmış borcu İddiaçı MMC-yə ödəməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən Mülki Məcəllənin 385.1, 425, 442-ci maddələrinin tələbinə uyğun olaraq iddiaçı tələb olunan məbləği cavabdehdən tələb etməkdə haqlı olmuş və məhkəmədə bu iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Şabran Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1636/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1636/2023
22.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver