Məhkəmə qərarları › İş №2(105)-1637/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1637/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1637/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh və üçüncü şəxs Abşeron City” MTK-ya qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulması tələbi mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli, e-2(012)-1014/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddianın təmin edilməsi, 27 yanvar 2015-ci il tarixli, İH/B-A-(b)/0017 saylı mənzilin alqı-satqısı haqqında müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti, 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m. olan 2 otaqlı, 99 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 (iyirmi manat qırx qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-2596/2021 nömrəli iş üzrə 12 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – L.Məmmədova (sədrlik edən və məruzəçi), T.Quliyev və G.Tağızadə) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının 11 may 2022-ci il tarixli qərarı ilə (hakimlər Ə.Nurməmmədov (sədrlik edən və məruzəçi), İ.Xələfov və A.Hüseynov) kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)-2596/2021 nömrəli, 12 oktyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı "xxxx" MMC Cavabdeh (üçüncü şəxs: "xxxx" MTK) qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulması tələbi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddia tələbinin təmin edilməklə, 27 yanvar 2015-ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinin ləğv edilməsini və həmin müqavilə üzrə Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m. olan 2 otaqlı 99 saylı mənzilin boşaldılaraq iddiaçı "xxxx" MMC-nə təhvil verilməsi, habelə ödənilmiş dövlət rüsumu məbləği 20.40 (iyirmi manat 40 qəpik) manatın Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015- ci il tarixli İH/B-A-(b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzili "xxxx" ASC vasitəsilə kredit xətti üzrə hissəhissə aylıq annunitet məbləğdə ödənilməsi şərti ilə satılmışdır. Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 nömrəli Kredit müqaviləsinə əsasən, sözügedən 27 yanvar 2015-ci il tarixli İH/B-A- (b)/0017 saylı Mənzilin alqı-satqısı haqqında müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzilin alınması məqsədilə 120 (bir yüz iyirmi) ay müddətinə illik 14 (on dörd) faiz dərəcəsi ilə ödəmək şərti ilə 36200 (otuz altı min iki yüz) manat məbləğində kredit vəsaiti ayrılmış və istifadə edilmişdir. 27 yanvar 2015-ci il tarixli 15/022 nömrəli Kredit müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan Cavabdeh üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0.1%-i məbləğində borc verənə dəbbə pulu ödəməlidir. Müddəadan göründüyü kimi tələb üzrə öhdəlik Cavabdeh aiddir. Lakin borc verən "xxxx" ASC borclu Cavabdeh vaxtında və lazımi qaydada icra edilməyən kredit öhdəliklərini, daha konkret olaraq 34919.32 (otuz dörd min doqquz yüz on doqquz, 32 qəpik) manat əsas borc, 4851.12 (dörd min səkkiz yüzəlli bir, 12 qəpik) manat faiz borcu və 1419.38 (bir min dörd yüz on doqquz, 38 qəpik) manat cərimə borcu olmaqla, cəmi 41189.82 (qırx bir min bir yüz səksən doqquz, 82 qəpik) manat borcu məhkəmə qaydasında tələb edir. Bundan başqa, Cavabdeh ilə "xxxx" ASC arasında 27 yanvar 2015-ci il tarixli 15/022 nömrəli İpoteka müqaviləsi bağlanaraq kredit öhdəliyinin icrasının təmini üsulu kimi Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 240 ünvanında yerləşən “AAAF-Park 3” Yaşayış Massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 2 otaqlı 99 saylı mənzili girov kimi qeydə alınmışdır. Lakin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq qaydada ipoteka Bankın xeyrinə yüklü edilməmişdir. İddiaçı qismində LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh və Cəmiyyətə qarşı borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia tələbi üzrə məhkəmə çəkişməsi getmiş və yekunlaşmışdır. Məhkəmə aktlarını xronoloji ardıcıllıqla aşağıda sadalanır: İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi; Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-nin xeyrinə tutulması; iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF- Park 3” yaşayış massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsinin təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı Ləğv etmə prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayətləri verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1939/2018 nömrəli xx.xx.2018-ci il tarixli qərardadla iddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilməklə, İsmayıllı rayon məhkəməsinin 2(037)- 251/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi qismən, yəni iddia tələbinin tutmanın Abşeron rayonu, Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 ünvanında salınmış, “AAAF- Park 3” yaşayış massivi, 240C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m.olan 99 nömrəli mənzilinə yönəldilməsi; ilkin satış qiymətinin müəyyən edilməsi, həmin əmlakın hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsinə dair hissəsi ləğv edilmiş və həmin hissədə baxılmamış saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-1939/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ilə cavabdehin nümayədəsi X1 apellyasiya şikayəti təmin edilməməklə, İsmayıllı rayon məhkəməsinin 2(037)- 251/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən cavabdeh "xxxx" MMC tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-1591/19 nömrəli Qərarına əsasən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 2(107)-1939/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv olunaraq iş yeni apellyasiya baxışına göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın iş üzrə 2(107)-1478/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, İsmayıllı rayon məhkəməsinin 2(037)-251/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 yanvar 2015-ci il tarixli 15/022 saylı təminatlı kredit müqaviləsinə xitam verilməsi; Cavabdeh və "xxxx" MMC-dən müştərək qaydada 34619,32 manat əsas borc, 10193,88 manat faiz borcu və 30 manat dövlət rüsumu olmaqla cəmi 44843.20 manat kredit borcunun alınaraq "xxxx" ASC-yə verilməsi hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-7697/19 nömrəli Qərarına əsasən cavabdeh "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, 27 yanvar 2015-ci il tarixli, 15/022 saylı kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivində inşa edilən 240 C saylı evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 saylı mənzilin alınması üçün borcalana 36.200 manat məbləğində kredit verilmişdir. 27 yanvar 2015-ci il tarixli, İP 15/017 saylı ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə 36.200 manat məbləğində verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi tərəflər həmin mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Qeyd edir ki, həmin mənzilə görə Cavabdeh tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialına ilkin ödəniş kimi 6500 manat, aylıq isə cəmi 10000 manat ödənişlər edilmişdir. Bundan başqa qeyd edilən mənzil Cavabdeh təmirsiz verilmiş, cavabdeh tərəfindən təmin edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı addəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə çatdığı vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırılmalarını özündə saxlaya bilər. Yaxşılaşdırılmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə onun yaxşılaşdırılmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Şərh olunan qanunvericilik aktı normalarına əsasən mübahisəli mənzil yaxşılaşdırılmalarla və təmirli iddiaçı "xxxx" MMC-nə geri qaytarılmaqla iddiaçını əsassız varlandırdığından, mənzilin yaxşılaşdırılmasına və mənzilin təmir edilməsinə çəkilən xərcə görə 18000 (on səkkiz min) manat pul və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialına ödənilmiş 16500 manat pul iddiaçı "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməlidir. Həmçinin hesab edir ki, qətnamədə - mübahisəli mənzilin yaxşılaşdırılmalarla, tam təmirli şəkildə iddiaçı "xxxx" MMC-nə qaytarıldığından Cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış, “AAAF-Park 3” yaşayış massivində inşa edilən 240 C nömrəli evin 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.metr olan 99 nömrəli mənzildən çıxarılması ilə iddiaçı "xxxx" MMC-yə 18.000 (on səkkiz min) manat pulun və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt filialına ödənilmiş 16.500 manat pulun alınıb Cavabdeh verilməsinin eyni vaxtda icra edilməli olması müəyyən olunmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən gəldiyi nəticəni iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan mənzili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə verməsi, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməməsi ilə əsaslandırmışdır. Cavabdeh bu nəticə ilə razılaşmayaraq qətnaməni mübahisələndirərək onun ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Bu nəticədən narazı qalan Cavabdeh qətnamədən kassasiya şikayəti vermiş və işə kassasiya qaydasında baxan kassasiya instansiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edib, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alarkən gəldiyini nəticəni tərəflər arasında bağlanması qeyd edilmiş 27 yanvar 2015-ci il tarixli, İH/BA-(b)/0017 saylı mənzilin alqı-satqısı haqqında müqavilənin nə əsli, nə də surəti iş materiallarında mövcud olmaması, iddiaçı tərəfindən sübut növü kimi təqdim olunmaması, məhkəmələr işdə olmayan sübuta əsaslanaraq nəticəyə gəlməsi, mövcud vəziyyətdə məhkəmə qətnaməsinə əsasən Cavabdeh aldığı kreditə görə "xxxx" MMC-nin də borcalan Cavabdehla birlikdə müştərək qaydada məsuliyyət daşıması tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı barədə müqavilənin ləğvi üçün deyil, bank qarşısında olan birgə öhdəlik icra olunduğu təqdirdə "xxxx" MMC-nin digər birgə borclu olan Cavabdeh qarşı dəymiş zərər həcmində reqres qaydasında iddia qaldırmaq hüququnun əmələ gəlməsinə əsas ola bilməsini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, kassasiya instansiya məhkəməsi qərarında şərh edilən məcburi göstərişin tam, hərtərəfli və obyektiv araşdırılmaqla birinci instansiya məhkəmənin qəbul etdiyi qətnamənin qanuniliyi və əsaslılığı məsələsinə apellyasiya şikayətlərinin dəlilləri nəzərə alınmaqla hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə mənzilin alqı-satqı müqaviləsinin bağlanması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 421-ci maddəsi təşkil edir. İddiaçı müqavilənin ləğvinin əsası kimi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən iddiaçının müqavilələrin predmeti olan mənzili müəyyən edilmiş müddətlərdə və məbləğlərdə onun dəyərini ödəmək şərti ilə cavabdehə verdiyini, lakin cavabdehin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etmədiyinə əsaslanmış, iddianı təmin edən birinci instansiya məhkəməsi də tərəflər arasındakı xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsinə, "xxxx" ASC ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqaviləyə, eləcə də İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən edilmiş hallara əsaslanmaqla hesab etmişdir ki, Cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, "xxxx" ASC ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müqavilə üzrə Cavabdeh tərəf kimi iştirak etməmiş və iddiaçı "xxxx" MMC qarşısında hər hansı öhdəlik daşımamışdır. Qüvvədə olan xx.xx.2018ci il tarixli məhkəmə aktına gəldikdə isə həmin məhkəmə aktı kredit müqaviləsi üzrə borcun Cavabdehla "xxxx" MMC-dən müştərək qaydada tutulması barədədir. Məhkəmə kollegiyası qeyd edir ki, mövcud vəziyyətdə məhkəmə aktına əsasən Cavabdeh aldığı kreditə görə "xxxx" MMC-lə birlikdə müştərək qaydada məsuliyyət daşıması tərəflər arasında bağlanmış mənzilin alqı-satqısı barədə mövcud müqavilənin ləğvi üçün əsas ola bilməz. Bu hal bank qarşısında olan birgə öhdəlik icra olunduğu təqdirdə "xxxx" MMC-nin digər birgə borclu olan Cavabdeh qarşı dəymiş zərər həcmində reqres qaydasında iddia qaldırmaq hüququnun əmələ gəlməsinə əsas ola bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mənzilin yaxşılaşdırılmasına və təmirinə çəkilən xərcə görə 18.000 manat pul və "xxxx" ASC-nin Sumqayıt filialına ödənilmiş 16.500 manat pulun iddiaçı "xxxx" MMC-dən alınaraq Cavabdeh ödənilməsinə dair öhdəliklərinə gəldikdə isə hesab edir ki, hazırkı dəlil yeni tələbdir və Mülki Prosessual Məcəllənin 372.2. maddəsinin tələbinə əsasən baxılmır. Mülki Prosessual Məcəllənin 372.2. maddəsinə əsasən yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Odur ki, məhkəmə kollegiyası bu hissədə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı "xxxx" MMC-nin Cavabdeh və üçüncü şəxs Abşeron City” MTK-ya qarşı mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə üzrə daşınmaz əmlakın boşaldılmaqla geri təhvil verilməsi və dəymiş maddi ziyanın tutulmasına dair iddia tələbi rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar