Məhkəmə qərarları › İş №2(105)-1638/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1638/2021

30.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1638/2021 30.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, ilkin İddiaçı, ilkin iddia üzrə Cavabdeh1 iştirakı ilə, İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılmasına dair qarşılıqlı iddia tələbi barədə mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 12 fevral 2021-ci il tarixli, 2(060)-322/2021 saylı qətnaməsindən ilkin İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Süleymanova) ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürmə” tələbinə dair ilkin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əmlakın çıxarılması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, İddiaçı məxsus olan əmlaklar ünvan 1 ünvanından çıxarılması qət edilmişdir. İlkin İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürmə tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 16.01.2016-cı il təvəllüdlü oğlu Uğur ilə birlikdə Cavabdeh1 adına olan ünvan 2 ünvanına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək iddia ərizəsində göstərilən ünvan texniki olaraq səhv qeyd edildiyindən həmin ünvanın ünvan 3 xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2014-cü ildə el adəti ilə ailə qurmuş, Lerik rayonun Piran kəndindən Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən və qayınanası Cavabdeh1 adına olan üç otaqlı evə gəlin gəlmiş, onu ailə üzvlüyünə qəbul etmişlər. Sonralar həmin evi satıb, Ceyranbatan qəsəbəsində ev almışlar. Bu münasibətdən 16.01.2016-ci il təvəllüdlü Uğur adında övladları dünyaya gəlmişdir. Evliliklərinin ilk vaxtlarında xoşbəxt yaşasalar da, sonralar istər qayınanası, istərsə də həyat yoldaşı ona və uşağına biganə yanaşmağa başlamışlar. O, "Bolluq" istehsalatında işləməklə pul qazanır, ailənin, xüsusilə həyat yoldaşının ona naməlum olan borclarını ödəyirdi. Sonuncu dəfə loteriyadan aldığı 2500 manat pulu gətirib qayınanası, iş üzrə cavabdeh olan Cavabdeh1 vermişdir. Borcları onun vasitəsi ilə verən Mahidə xanım həmin gün, yəni 28.01.2020-ci il tarixdə onu körpəsi ilə evdən qovmuş, o, hazırda Bakı şəhərində kirayədə yaşayır. Başqa yaşayıq yeri yoxdur. Sözügedən mənzilə qeydiyyatdadır, ona məxsus cehiz əşyaları, özünün və uşağının geyimləri həmin evdədir. Cavabdehlər onu həmin evə könüllü olaraq buraxmadıqları üçün məhkəməyə müraciət etməli olub. Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı əmlakın çıxarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi və əmlakları ilə birlikdə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdeh İddiaçı məxsus əmlakların ünvan 4 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh onun keçmiş gəlinidir. Oğlu 2014-cü ildə iddiaçı ilə rəsmi nikaha girib ailə həyatı qurmuşdur. Aralarındakı nikah Sumqayıt şəhər məhkəməsinin 19.06.2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsində göstərdiyi kimi 2020-ci ilin yanvar ayından mənzildə yaşamır və faktiki olaraq mənzillə heç bir əlaqəsi yoxdur. Mübahisəli mənzili o, alqı-satqı yolu ilə 2018-ci il tarixdə əldə etmişdir. Mənzil həmin tarixdən onun şəxsi mülkiyyətindədir. Cavabdeh həmin mənzildə qısa müddətdə, yəni mənzil alındığı müddətdən 2020-ci ilin yanvar ayına qədər yaşamışdır. Müəyyən sosial vəzifələri yerinə yetirməkdən ötrü cavabdeh mənzilə qeydiyyata alınmışdır. Mələkxanım evdən öz razılığı ilə çıxıb getmişdir, onu evdən qovmamışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İlkin İddiaçı Sumqayıt şəhər məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, gəldiyi nəticə üçün mühüm faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin iddia üzrə Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə ilkin iddia üzrə digər Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddianın təmin edilməməsini iddiaçının ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququnun olmaması, iddiaçının mülkiyyətçiyə məxsus əmlakdan istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilənin olmaması, iddiaçının həmin əmlakdan istifadə edə bilməsi üçün hüquqi əsas yaranmaması, qarşılıqlı iddia tələbinin təmin olunmasını isə əsaslı olması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan ilkin iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşdən görünür ki, ilkin iddia tələbi mənzilə köçürülmə, qarşılıqlı iddia tələbi isə əmlakın mənzildən çıxarılması barədədir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, ilkin iddiaçının köçürülməsini arzuladığı mənzil onun keçmiş qaynanası Mahidə Abdurrəhmanovanın mülkiyyətindədir. İşin digər halı ondan ibarətdir ki, ilkin iddiaçı cavabdeh Mahidə Abdurrəhmanovanın oğlu iş üzrə digər Cavabdeh2la rəsmi nikahda olmuş, bu nikahları məhkəmə qətnaməsinə əsasən pozularaq ailə münasibətlərinə xitam verilmişdir. Mənzil Məcəlləsinin 30.1. maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2 və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan qanunvericiliyin tələbi baxımından yaşayış sahəsinin mülkiyyətçisi Mahidə Abdurrəhmanovdan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, ilkin iddia tələbini rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. İlkin İddiaçı məxsus əmlakların ünvan 1 ünvanından çıxarılması barədə qarşılıqlı iddia tələbinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, ilkin iddiaçının mənzilə hüququ yaranmadığından, ona məxsus əmlakların həmin mənzildə qalması mülkiyyətçi olaraq Cavabdeh1 mülkiyyət hüququndan irəli gələn hüquqlarının həyata keçirilməsinə maneə yaratdığından, birinci instansiya məhkəməsi haqlı olaraq ilkin iddiaçıya məxsus əmlakların həmin mənzildən çıxarılması qənaətinə gəlmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamənin ləğvinə dair apellyasiya şikayətinin dəlilləri formal mülahizə kimi dəyərləndirilməli, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar