Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1640/2021 21.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili: X6 iştirakı ilə, İddiaçı Nəbiyev Mirzə-Ağa Fazil oğlunun Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.M.Süleymanova) iddiaçı Nəbiyev Mirzə-Ağa Fazil oğlunun Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddianın təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Nəbiyev Mirzə-Ağa Fazil oğlu Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 85 ünvanında yerləşən 19 saylı mənzil 10.10.1973-cü il tarixdə 10/2122 saylı order əsasında X1na verilmişdir. X1 17 mart 2004-cü il tarixdə, anası X5 isə 21.12.1985-ci il tarixdə vəfat etmişlər. Hal-hazırda o, həmin mənzildə ailə üzvləriylə birlikdə yaşayır. Cavabdeh onun doğma bacısıdır. O, 1999-cu ildən həmin mənzildə yaşamır. Belə ki, o, 1999-cu ildə ailə həyatı qurmuş və daimi yaşamaq üçün başqa yerə getmişdir. Həmin vaxtdan da bu günə kimi cavabdeh bir gün də olsun həmin mənzildə yaşamamışdır. Bu qonşuların İştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Onun harada yaşaması barədə məlumatı yoxdur. Hesab edir ki, cavabdeh 1999-cu ildən həmin mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə getdiyindən onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, onun həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Həmçinin mənzilin özəlləşdirilməsində cavabdehin də razılığı olmalıdır. Lakin qeyd etdiyi kimi cavabdehin harada yaşaması barədə məlumatı yoxdur. Bütün sadalananlar isə ona çətinliklər yaradır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən maddi hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki mübahisə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası MM-nin 53, 54, 60, 87-ci mənzillərin tələblərini pozmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 16 fevral 2021-ci il tarixli 2(060)-634/2021 saylı qətnaməsini ləğv edərək, iş üzrə iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili S.E.Qasımov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, şikayətə uyğun izahat verdi və onun təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, cavabdehin mübahisəli mənzildən köçüb getməsini sübuta yetirə bilməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Sumqayıt şəhər X3 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 10/2122 saylı, 10.10.1973-cü il tarixli orderinin təsdiq olunmuş surətindən görünür ki, X4 5 nəfər ailə tərikibi daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə Sumqayıt şəhəri, 9-cu mkr, ev 85 ünvanında yerləşən 19 saylı mənzil ayrılmışdır. İşə əlavə olan 096924 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, F.Ə.Nəbiyev 17 mart 2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan İİİ-JQ seriyalı 331863 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 21 dekabr 1985-ci il tarixdə ölmüşdür. İşdə olan Sumqayıt İcra Hakimiyyəti MKTİB-nin 14 saylı MKS tərəfindən verilmiş 06.07.2020-ci il tarixli 332 saylı arayışdan görünür ki, Cavabdeh 22 oktyabr 1974-cü il tarixdən Sumqayıt şəhəri, 9-cu mkr, ev 85 ünvanında yerləşən 19 saylı mənzildə qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında işin araşdırılan mübahisəsiz hallar ilə müəyyən olundu ki, mübahisə predmeti olan ev order əsasında iddiaçının atasına ayrılmışdır. Mənzilin icarədarı 2004-cü il tarixdə vəfat etmişdir. İcarədarın ölümündan sonra icarədarın oğlu, hazırki iş üzrə iddaçı həmin mənzilə sahiblik və istifadə edir. Cavabdeh 1973-cü ildən bu mənzildə yaşamış, iddiaçının sözlərinə görə 1999-cu ildə ailə quraraq həmin evdən köçüb getmiş, həmin vaxtdan mübahisəli evdə yaşamamış və istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşə əlavə edilmiş Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin 20 may 2021-ci il tarixli 05/Q- 1341/13 saylı məktubdan görünür ki, 22 oktyabr 1974-cü il təvəllüdlü Cavabdeh 1998-ci ildən sonra Vətəndaşlıq Vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, Cavabdeh haqqında heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mənzil Məcəlləsinin 60-ci maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, araşdırılan mübahisə üzrə İddiaçı mübahisə predmeti olan mənzildə yaşamaqla daimi istifadəçi kimi məhkəmədə iddia hüququna malikdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçı tərəf cavabdehin 1999-cu il tarixdən mübahisəli evdən köçüb getdiyini, ailə quraraq başqa yerdə yaşadığını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iddiaçı tərəf cavabdehin ailə qurduğunu, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiyini göstərsə də, cavabdehin nikahda olması, daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəmə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə şahid ifadələrinə gəlincə hesab edir ki, şahidlər iddiaçıya yaxın olan şəxslər olmaqla iddianın həllində maraqlı şəxslərdir, odur ki, həmin şahid ifadələri əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən əsaslıdır, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadıgından, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Nəbiyev Mirzə-Ağa Fazil oğlunun apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə 16 fevral 2021-ci il tarixli 2(060)-634/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1640/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1640/2021
21.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver