Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1640/2024 26.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ iddiaçılar İddiaçı1 və İddiaçı2 Tələt oğlunun cavabdehlər Cavabdeh3, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X18 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı1 (eyni zamanda İddiaçı2 Tələt oğlunun nümayəndəsi) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Tələt oğlunun cavabdehlər Cavabdeh3, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 1073/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İş materiallarında olan Quba rayon Notariat kontorunda bağlanmış reyestrdə 4-Ə- 781 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X1 Aydın Abdul oğlu, X16 və X13 DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, seriya nömrəsi RX 0673182, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,552 ha olan torpaq sahəsini Cavabdeh3 bağışlamışlar.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Vəl-vələ kəndində yerləşən 1,552 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır.
3. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-433/2021 saylı qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı X5 və onun ailə üzvlərinin adına verilmiş JN0062 (KOD ********) dövlət aktının 62 C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X5, X7, X6, Cavabdeh3 Səddar qızının və X8 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və İddiaçı2 Tələt oğlu cavabdehlər X9, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat ofisi və DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon kontoru tərəfindən xx.xx.2015-ci il tarixli 4Ə781 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə anası Hüseynova Mafizənin adına olan mülkiyyət hüququna dair JN 0065 nömrəli Dövlət Aktına və qardaşı İddiaçı2 Tələt oğlunun adına olan mülkiyyət hüququna dair JN 0067 nömrəli Dövlət Aktına çıxarış çıxarılması üçün aprel 2016-cı ildə Quba DƏDRX-nə ərizə ilə müraciət etmişlər. Lakin 07 may 2016-cı il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi onlara məktubla cavab verərək JN0065 və JN0067 nömrəli Dövlət Aktlarına çıxarış çıxarılmasına imtina edildiyi bildirilmişdir. Belə ki, JN0065 və JN0067 nömrəli Dövlət Aktlarında göstərilən sahə hissələrinə digər şəxsin, İsrafılova Railənin adına xx.xx.2015-ci il tarixdə ******* nömrəli çıxarış verilmişdir. Odur ki, həmin çıxarış qeyri-qanuni və saxta olduğundan ləğv edilməli idi. Buna görə də o məsələ ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ******* nömrəli çıxarışın ləğvini, daha sonra iddianın dəqiqləşməsi barədə yenidən ərizə ilə müraciət edərək ******* nömrəli çıxarışa əsas olan RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ******* nömrəli çıxarışın ləğv edilməsi vəzifəsi DƏDRX-nin 5 saylı Xaçmaz ərazi İdarəsinin Üzərinə qoyulmuşdur. Nəzərə çatdırır ki, yuxarıda qeyd etdiyi qərar 22 iyun 2023-cü il tarixli Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarı və xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı ilə dəyişdirilmədən öz qüvvəsində saxlamışdır. Qeyd edir ki, İnzibati Məhkəmənin xx.xx.2021ci il tarixli qərarının 12-ci səhifəsinin 2-ci abzastında (7-ci sətr) məhkəmə qeyd edir ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 67.3cü maddəsinin tələbləri baxımından qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələrin aradan qaldırılmasına baxmayaraq mübahisə predmeti olan torpaq sahəsinin birgə mülkiyyətçilərdən öz paylarının X10ma tam Mülkiyyət hüququ ilə keçməsinə əsas digər birgə mülkiyyətçilər ilə Railə İsrafılova arasında Bağlanmış 25 iyun 2015-ci il tarixli bağışlama müqaviləsi olmuşdur. Qeyd olunan bağışlama müqaviləsinə Hüquqi qiymət vermədən X3 adına verilmiş RX seriyalı ******* saylı çıxarışa hüquqi mövqe bildirmək yolverilməzdir. Qeyd olunan bağışlama müqaviləsi mülki hüquq xarakterli olduğundan həmin müqaviləyə mülki mühakimə icraatı qaydasında hüquqi qiymət verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmənin hazırki qərarı ilə Railə İsrafılovanın adına mülkiyyət hüququ ilə qeydə alınmış RX seriyalı ******* saylı çıxarışın inzibati icraat qaydasında ləğv edilməsi mümkün deyil. Beləliklə o məhkəmə qərarlarına əsaslanaraq 20 fevral 2024-cü il tarixdə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ərizə ilə müraciət edərək öz səhvləri nəticəsində Cavabdeh3 adına verilmiş qeyri qanuni RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsini xahiş etdi. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2024-cü il tarixdə ona cavab olaraq bildirmişdir ki, Cavabdeh3 adına 1.5521 ha torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən Dövlət Reyestrindən **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Beləliklədə Cavabdeh3 adına ******* saylı çıxarışın Sumaqayıt İnzibati Məhkəməsinin qərarı ilə ləğv edilməsi nəzərdə tutulmuşdursa deməli ******* saylı çıxrış etibarsız sayılmaqla ləğv edilməlidir. Qeyd edir ki, mübahisə predmeti olan torpaq sahəsinin birgə mülkiyyətçilərindən öz paylarının Cavabdeh3 tam mülkiyyət hüququ ilə keçməsinə əsas digər birgə mülkiyyətçilər ilə Cavabdeh3 arasında Quba notariusu tərəfindən bağlanmış 25 iyun 2015-ci il tarixli bağışlama müqaviləsi olmuşdur.
6. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X9 iddianı qəbul etməyərək bildirmişdir ki, aqrar isalatla əlaqədar püşklə onlara verilmiş torpaq sahəsini iddiaçlar istifadə edir. Torapaqa dair adlarına çıxarışları vardır, lakin iddiaçılar istifadə edirlər.
7. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1073/2024 nömrəli qətnaməsi ilə (hakim Vüqar Seyidov) iddia təmin edilmiş, Quba rayon kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2015-ci il tarixli 4Ə-781 reyestr nömrəli bağışlanma müqaviləsi etibarsız hesab edilərək onun əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli, RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Quba Rayon Məhkəməsində 2(027)-2025/2016 nömrəli mülki işin araşdırması zamanı təyin edilmiş ekspertizanın 5411 saylı rəyindən məlum olmuşdur ki, Cavabdeh3 mülkiyyət hüququ ilə məxsus və RX seriyalı ******* nömrəli çıxarışda qeydə alınmış 1.552 ha torpaq sahəsinin koordinatları İddiaçı1 və İddiaçı2 dövlət aktı əsasında məxsus olan torpaq sahəsinin koordinatları ilə üst üstə düşür. Məhkəmə tərəfindən bir neçə dəfə Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestr Xidmətinə ünvanlanmış sorğuların olmasına baxmayaraq xx.xx.1999-cu il tarixli 14 saylı qərarın "xxxx" MMC-nin arxivində aşkar olunmaması səbəbindən JN-0062 (KOD ********) dövlət aktına hər hansı bir dəyişikliyin edilməsinini müəyyən etmək mümkün olmamamışdır. Bu isə iddiaçı tərəfindən təqdim edilmiş Quba rayon Səməd Vurğun adına X20 Komissiyasının 26 noyabr 1999-cu iki tarixli 14 saylı qərarın mötəbərliyinə dəlalət edir. Belə ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətində JN-0062 nömrəli Dövlət aktının 62c konturuna dəyişiklik edilməsi barədə məlumatın olmamasına baxmayaraq, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyester Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında JN-62C konturu 1.31 kimi qeydə alınmışdır. Yəni JN-62C konturunun 1.31 kimi qeyd olunması Cavabdeh3 Səddar qızının mülkiyyətində 1.552 kv.m torpaq sahəsinin deyil 13098.75 (1,31) kv.m olmasına dəlalət edir. Ona görə də məhkəmə hesab edir ki, ümumi sahəsi 3.29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521.00 kv.m olan torpaq sahəsi əsasında aparılmış qeydlər qanunun tələblərinə ziddir. Məhkəmə tərəfindən aparılmış araşdlrma zamanı müəyyən edilmişdir ki, ümumi sahəsi 3.29 ha torpaq sahəsi kimi göstərilmiş dövlət aktının 62C plan cizgi sənədində göstərilmiş sahəsi 15521.00 kv.m olan torpaq sahəsinin X13 və onun ailə üzvlərinin sahibliyində olmamasına baxmayaraq, bəlli olmayan səbəblərdən artıq hüquqi qüvvəsini itirmiş 3.29 ha torpaq sahəsi ilə bağlı verilmiş dövlət aktı əsasında hüuqqi hərəkətlər aparılmış və nəticədə Cavabdeh3 (X13) Quba rayonunda fəaliyyət gösdərmiş Səməd Vurğun adına X20 Komissiyasının 26 noyabr 1999-cu il tarixli qərarında nəzərdə tutulmuş torpaq sahəsindən artıq hissəyə sahib olmuşdur. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestr Xidmətinin tabeliyində olan Kadastr və Yerquruluşu Lahiyə-Tədqiqat Mərkəzi MMC-nin elektron baza məlumatlarında 26 noyabr 1999-cu il tarixli qərara dəyişikliyin qeydə alınması barədə məlumatın olmasına baxmayaraq, hal hazırda elektron baza məlumatlarında Cavabdeh3 mülkiyyətində olan 1.552 kv.m torpaq sahəsinin verilməsi üçün əsas olmuş JN-0062 (KOD ********) dövlət aktının 62 C konturunda torpaq sahəsi 1.31 ha kimi qeyd edilmişdir. Bu isə bir daha iddia tələbinin əsaslı olmasına dəlalət edir. Yuxrıda göstərilən hallar Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(118)-433/2021 saylı qərarı ilə öz əksini tapmışdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Mülki Məcəllənin 139.1, 149.2, 152.1, 337.1, 337.2, 337.3, 337.4, 347.1, 347.2.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
10. Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə qanunsuz və əsassızdır. Belə ki, iş materiallarında olan Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-781 nömrə ilə qeyd edilmiş, xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X15, X12, X16 və X13 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, seriya nömrəsi RX 0673182, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,552 ha olan torpaq sahəsini Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixdə verilən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Vəl-vələ kəndində yerləşən 1,552 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki qanunvericiliyinin tələblərinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 (eyni zamanda İddiaçı2 Tələt oğlunun nümayəndəsi) apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
13. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər X9, Quba Regional “ASAN” Xidmət Mərkəzində Notariat Ofisinə, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
15. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
16. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
17. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
18. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
19. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
22. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır.
25. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
28. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Hazırkı iddia tələbi əqdin (bağışlama müqaviləsinin) etibarsız hesab edilməsi barədədir.
32. İşdən görünür ki, Quba rayon Notariat Kontorunda bağlanmış reyestrdə 4-Ə-781 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli Daşınmaz Əmlakın bağışlanması müqaviləsinə əsasən X1 Aydın Abdul oğlu, X16 və X13 DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, seriya nömrəsi RX 0673182, reyestr nömrəsi **********02, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 1,552 ha olan torpaq sahəsini Cavabdeh3 bağışlamışdır.
33. Mülki Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
34. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)- 433/2021 saylı qərarından görünür ki, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə qarşı X5 və onun ailə üzvlərinin adına verilmiş JN0062 (KOD ********) dövlət aktının 62 C konturunda edilmiş dəyişiklik nəzərə alınmadan daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X5, X7, X6, Cavabdeh3 Səddar qızının və X8 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın (RX seriya nömrəsi 0673182) ləğv edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinin üzərinə qoyulmuşdur.
35. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(105)-9/2023 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli 2-1(118)-433/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2627/2023 nömrəli qərarı ilə cavabdeh və üçüncü şəxs Cavabdeh3 Səddar qızının kassasiya şikayətləri təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 iyun 2023-cü il tarixli, 2-1(105)-9/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
37. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsi”nə dair 23 fevral 2016-cı il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.
39. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktlarından aydın olur ki, hədiyyə verənlərin mülkiyyət üzərində sərəncam vermək hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində X5, X7, X6, Cavabdeh3 Səddar qızının və X8 adına qeydə alınmış Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarış verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tələblərinə riayət edilməmişdir. Həmin çıxarış isə hazırkı iş üzrə mübahisələndirilən müqavilənin bağlanmasına əsas olmuşdur.
40. Kollegiya qeyd edir ki, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri).
41. Hər hansı əqdin (o cümlədən mübahisələndirilən müqavilələrin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
42. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur.
43. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən müqavilənin tərəfləri hədiyyə verilən torpaq sahəsinin onlara məxsus olmamasını və adlarına aparılmış reyestrdəki qeydin qeyri-dəqiqliyini əvvəlcədən bildiklərindən, adı çəkilən müqavilə mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır.
44. Sadalanan qanunvericilik aktları normalarına və işin araşdırılmış hallarına əsasən kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq sübutları Mülki Prosessual Məcəllənin tələblərinə əsasən düzgün qiymətləndirmişdir.
45. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1073/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh3 apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1073/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.