Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1644/2025 05.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Takhmına Baıramovaya qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: yaşayış sahəsindən çıxarılma, hüquq münasibətlərinin yarandığı dövrün qanunvericiliyinin tətbiqi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X8 (sədrlik edən və məruzəçi), X9 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı, cavabdeh Takhmına Baıramovanın iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4010/2025 nömrəli qətnaməsindən cavabdeh Takhmına Baıramova tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi : İşin halları:
1. Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2010-cu il tarixli, 780 saylı sərəncamından görünür ki, vətəndaş İddiaçı Masazır kəndi ərazisində istifadəsində olan 0.40 ha torpaq sahəsində inşa etdirdiyi qeyri-yaşayış obyektinin istismara qəbul edilməsi, Abşeron rayon icra Hakimiyyəti Başçısı yanında inşası başa çatmış bina və qurğuların istismara qəbulu üzrə komissiyanın bu sərəncamdan irəli gələn vəzifələri həll etməsi, sərəncamın icrasına nəzarətin rayon icra hakimiyyəti aparatının memarlıq və tikinti şöbəsinin müdiri A.Əliyevə tapşırılması qərara alınmışdır.
2. Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında xx.xx.2011-ci il tarixli, 135 saylı aktdan görünür ki, İddiaçı tərəfindən Masazır kəndi ünvanda inşası başa çatmış iki ədəd bir mərtəbəli fərdi yaşayış evi və qeyri-yaşayış obyektinin istismar üçün qəbul edilməsi qərara alınmışdır.
3. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-200/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X10 ilə cavabdeh Baıramova Takhmına arasında 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 618 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X5 anaları Baıramova Takhmınanın yanında qalmalarının müəyyən edilməsi, xx.xx.2013-cü təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X4 xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh Baıramova Takhmınaya ödənilməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Proseslərinin Təhlili və İnformasiya Təminatı Baş İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, gürcüstan vətəndaşı, xx.xx.1994-cü il təvəllüdlü Takhmına Baıramova sonuncu dəfə olduğu yer üzrə qeydiyyata alınma ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və ünvan 1 ünvanına qeydiyyata alınmışdır. Şəxsin müvafiq yaşama icazələrinin alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciəti qeydə alınmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Takhmına Baıramovaya qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Gürcüstan vətəndaşı, xx.xx.1994-cü il təvəllüdlü Takhmına Baıramovanın, xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X5 iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən DYP-nin üst hissəsi, İV məhəllə vulkan ərazisi adlanan ünvandan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X10 xx.xx.2003-cü il tarixdə cavabdeh Takmına Bairamova ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahdan 3 övladları: xx.xx.2013-ci il tarixdə X7, xx.xx.2015ci il tarixdə X11 və xx.xx.2018-ci tarixdə isə X12 anadan olmuşdur. Oğlu cavabdehlə birgə nikahda olduğu dövrdə xasiyyətləri tutmamış, cavabdeh oğluna laqeyd münasibət bəsləmiş, aralarındakı münasibətlər kəskin şəkildə pisləşməyə doğru dəyişmiş və bu səbəbdən də birgə yaşamaqları mümkün olmadığından oğlu cavabdehə qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında xx.xx.2022-ci il tarixdə 1 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsində 618 saylı qeydə alınmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı X10 ilə cavabdeh Bairamova Takhmına arasında 1 saylı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2022-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 618 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018ci il təvəllüdlü X5 anaları Bairamova Takhmınanın yanında qalmaları müəyyən edilmiş, xx.xx.2013-cü təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün X4 xx.xx.2024-cü il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq cavabdeh Bairamova Takhmınaya ödənilməsi qət edilmişdir. Oğlu cavabdehlə birgə nikahda olduğu dövrdə 2017-ci il tarixdən, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 780 nömrəli Sərəncamı və Abşeron Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 135 nömrəsi ilə təsdiq edilmiş, xx.xx.2011-ci il tarixli Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında akta əsasən iddiaçının mülkiyyətinə verilmiş Abşeron Rayonu, Masazır qəsəbəsində yerləşən DYP-nin üst hissəsi, İV məhəllə vulkan ərazisi adlanan ünvanda iddiaçıya məxsus fərdi yaşayış evində yaşamış, lakin aralarındakı nikah pozulduqdan sonra iddiaçı cavabdehdən ona məxsus fərdi yaşayış evini boşaldaraq təhvil verilməsini tələb etməsinə baxmayaraq, cavabdeh buna məhəl qoymayaraq, yaşayış evini tərk etməkdən imtina etmiş, əksinə bu günədək kommunal xidmətlərindən istifadə edərək ödənişləri vaxtı-vaxtında ödəmədiyindən yüksək məbləğdə borc yaranmışdır və həmin borcun ödənilməsindən cavabdeh boyun qaçırır. Cavabdeh qanunsuz olaraq iddiaçının fərdi yaşayış evindən çıxmır, hazırki günə qədər də tələb edilməsinə baxmayaraq, gedəcək yerinin olmadığını bəhanə edərək evdən çıxmır. Halbuki əmlak iddiaçının mülkiyyətindədir. Cavabdeh faktiki olaraq iddiaçının mülkiyyətində olan fərdi yaşayış evindən çıxmalı və fərdi yaşayış evi tamamilə iddiaçıya təhvil verilməlidir. Göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir.
7. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4010/2025 nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia təmin edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, mübahisə predmeti olan ünvan 2i ünvanda yerləşən fərdi yaşayış evi iddiaçı tərəfindən tikilmiş və 2010-cu il tarixli aktla istismar üçün qəbul edilmiş, fərdi yaşayış evinə dair eskiz layihə tərtib olunmuş, bu hal həm iddiaçının, həm də cavabdehin izahatında öz əksini tapmışdır. Cavabdeh və iddiaçının oğlu X10 birgə nikaha daxil olmuş, birgə nikahdan 3 uşağı dünyaya gəlmiş, iddiaçının oğlu və gəlini (cavabdeh) birgə nikahdan olan uşaqları ilə birlikdə iddiaçının istifadəsində olan evdə yaşamışdır. Daha sonra Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)- 200/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçının oğlu və cavabdeh arasında nikah pozulmuş, iddiaçı tərəfindən keçmiş gəlini olan cavabdehə evdən çıxması tələb olunmasına baxmayaraq, cavabdeh evdən çıxmamış, hazırda da iddiaçının oğlu ilə birgə nikahdan anadan olmuş uşaqlarla birlikdə mübahisəli mənzildə yaşamağa davam etməkdədir. İşdən görünür ki, cavabdeh uşaqları ilə birlikdə iddiaçıya məxsus olan fərdi yaşayış evində yaşayır və bu iddiaçının qanunla qorunan hüquqlarını kobud şəkildə pozur. İddiaçının qanunla müəyyən edilmiş hüquqları və qanuni maraqları cavabdehin hərəkətləri nəticəsində pozulduğundan məhkəmə hesab edib ki, İddiaçı hazırki tələbi təmin edilməlidir. Belə ki, qüvvədə olan qanunvericiliyə görə iddiaçının mübahisəli fərdi yaşayış evinə dair mülkiyyətə qanuni gözləntisi mövcuddur ki, cavabdehin bu yaşayış sahəsində yaşaması buna maneçilik törədir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı öz tələbinin əsasları kimi istinad etdiyi halları qanunla nəzərdə tutulmuş qaydada sübut edə bilmişdir. Həmçinin cavabdeh Takhmına Baıramovanın da həmin fərdi yaşayış evi və torpaq sahəsinə dair hər hansı hüququnun olmadığı müəyyən edilmişdir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 60-cı maddələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 140, 152.1, 157.2, 157.4, 164.1, 165.1-ci maddələrinə, İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, Mənzil Məcəlləsinin 2, 3, 5, 9, 27.2-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh Takhmına Baıramova qətnamədən apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(012)-4010/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.4-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 217.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. Şikayətdə göstərilir ki, cavabdeh iddiaçının oğlu X10 ilə 2012-ci ildə ailə qurmuş, 2015-ci il tarixdən mübahisəli evdə yaşamışlar. İddiaçının oğlu tərəfindən zorakılığa məruz qalmış, bununla bağlı polisə şikayət etmişdir. Bu barədə mühafizə orderi var. Nikahları pozulduqdan sonra iddiaçının oğlundan aliment ala bilməmiş, hazırda da alimentin əvəzi olaraq başqa yaşayış yeri olmadığından 3 uşağı ilə birlikdə həmin evdə yaşayır. Birgə nikahdan anadan olmuş uşaqlar Azərbaycan Respublikasının vətəndaşı olmaqla Kəlbəcər məktəbində oxuyurlar. Məktəb hazırkı evə yaxındır. Özü Gürcüstan Respublikası vətəndaşı olduğundan yaşayış yeri əldə etməkdə çətinlik çəkir. Ev şəraitsiz olmasına baxmayaraq, uşaqları ilə birlikdə başqa yaşayış yeri olmadığından orada yaşayır. İddiaçının və oğlunun bir neçə evi olmasına baxmayaraq, onun uşaqları ilə birlikdə həmin şəraitsiz evdə yaşamağına da imkan vermirlər. Yaşadığı müddətdə tək qadın olaraq uşaqlara baxmaqla yanaşı, kommunal xərcləri də ödəməyə çalışmışdır. Məhkəmə yekun nəticəyə gələrkən mövcud vəziyyəti nəzərə almamışdır. Ümumiyyətlə iş lazımi qaydada araşdırılmamış, ədalətsiz və qanunsuz qərar qəbul etməklə onun konstitusion hüququ kobud şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Takhmına Baıramova apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddiaçı onun keçmiş qayınatasıdır. O, 3 azyaşlı övladı ilə birlikdə 10 ildən artıqdır ki, həmin ünvanda yaşayır. Mübahisəli ev köhnə tikili olmaqla əvvəl fermaya baxan şəxslər üçün tikilmiş daxmadır. İddiaçının maddi imkanı yaxşıdır. Onun isə bu ünvandan başqa yaşamağa yeri yoxdur. Həmin ev həmçinin uşaqlarının təhsil aldığı məktəbə də yaxındır. Cavabdeh sonda göstərilənlərə əsasən uşaqları ilə birlikdə sözügedən ünvanda müvəqqəti yaşamaq hüququnun verilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, sözügedən ev ona məxsusdur. Evi o tikmişdir. Cavabdeh onun keçmiş gəlinidir. O, iddiaçı tərəfə hər ay 600 manat aliment ödəyir. Cavabdehin qeydiyyatda olduğu ünvan var, həmin evdə yaşaya bilər. Ona məxsus evdən cavabdehin çıxarılmasını tələb edir. İşə baxan məhkəmə əsaslı qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
16. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin və ya qəyyumlarının yaşayış yeri sayılır.
17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.1 Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2 Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. ... Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, apellyator Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e2(012)-4010/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməklə, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
23. Tələb cavabdehin (yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə) mübahisəli yaşayış evindən çıxarılması barədədir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, tərəflər arasında yaşayış sahəsi ilə bağlı hüquq münasibətlərinin hansı tarixdən yaranmasını, mübahisəli yaşayış sahəsinə iddiaçının gözlənilən mülkiyyət hüquqlarının nə vaxt və hansı əsaslarla yaranması, cavabdehin iddiaçının oğlu ilə hansı tarixdən ailə hüquq münasibətinə daxil olduğunu müəyyən etmək lazım idi.
25. Mülki işdə olan sənədlərdən müəyyən olunur ki, Cavabdeh iddiaçının oğlu İddiaçıla əvvəl faktiki nikah münasibətinə daxil olmaqla yaşamış, nikahları isə 2022-ci ildə rəsmiləşdirilmişdir.
26. Baxılan işin mübahisəsiz hallarından müəyyən edilir ki, mübahisəli yaşayış evi dövlət qeydiyyatına alınmasa da, 11 mart 2011-ci il tarixli “...istismara qəbul aktına “ əsasən İddiaçı məxsusdur.
27. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçının keçmiş gəlini olmaqla, bir müddət ailəsi ilə birlikdə sözügedən evdə yaşamış, sonra isə münasibətləri pisləşdiyindən aralarındakı nikah pozulmuş və iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
28. İddiaçı bildirir ki, oğlu ilə cavabdehin ailə münasibətlərinə xitam verildiyindən cavabdeh sözügedən yaşayış sahəsindən çıxarılmalı olmasına baxmayaraq, sonuncu uşaqları ilə birlikdə həmin evdə yaşamaqda davam etdiyindən, özü istifadə edə bilmir.
29. Cavabdeh etirazını onunla əsaslandırır ki, o, 2015-ci ildə mübahisəli evə köçmüş və başqa yaşayış yeri olmadığından hazırkı tarixədək azyaşlı uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. İddiaçı tərəfin başqa evi olduğundan, onun isə digər yaşayış evi olmadığından uşaqları ilə bu ünvanda yaşamaq hüququnun olduğunu bildirir.
30. Beləliklə, hazırkı işin yuxarıda göstərilən hallarından aydın olur ki, tərəflərin mübahisəli əşyaya (əmlaka) olan faktiki və hüquqi vəziyyətləri fərqlidir.
31. Belə ki, araşdırılan işin faktiki hallarından görünür ki, mübahisəli yaşayış sahəsi iddiaçıya məxsus olmaqla, cavabdeh iddiaçının oğlu ilə ailə qurduqdan sonra, yəni 2015-ci il tarixdə mübahisəli evə köçmüş, nikah isə 2022-ci ildə rəsmiləşdirilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə cavabdehin mübahisəli evə 2015-ci ildə köçməsi, həmin evin elə o zamandan iddiaçının mülkiyyətində olması müəyyən edildiyi üçün qanunvericiliyin tələbinə görə həmin münasibətlərə 2009-cu ilin 1 oktyabrından qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq normalarının tətbiq edilməsini məhkəmə kollegiyası düzgün sayır. Üstəlik, iddiaçı mülkiyyətçi olaraq mülkiyyətinə yaranan maneəyə son qoymağı tələb edə bilər.
33. Beləliklə, mübahisəli hüquq münasibəti 2015-ci ildə yaranmışdır. Qeyd olunan hala əsasən iddiaçının mübahisəli əmlakdan cavabdehin çıxarılması barədə tələbi cavabdehin həmin fərdi yaşayış evinə köçdüyü vaxt qüvvədə olan maddi hüquq normalarına uyğun olaraq həll edilməlidir.
34. Belə ki, 01 oktyabr 2009-cu ildə yeni Mənzil Məcəlləsi qüvvəyə minmiş və həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
35. Qeyd olunan Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
36. Bu baxımdan, işin müəyyən edilmiş halları tələbin hüquqi əsasını təşkil edən maddi hüquq normalarının dispozitiv şərtlərinə uyğun olduğundan iddia tələbi təmin edilməlidir.
37. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı mübahisəli yaşayış sahəsinə gözlənilən mülkiyyət hüququna malik olmaqla, o həmin mülkiyyətinə sahiblik etmək, istədiyi kimi istifadə etmək və sərəncam vermək hüququna malikdir. Cavabdeh isə iddiaçının ailə üzvü sayılmadığından onun həmin yaşayış sahəsində istifadə hüququ da yaranmamış olur. Lakin bütün bunlara baxmayaraq, cavabdehin iddiaçının iradəsinə zidd hərəkət etməsi, həmin yaşayış sahəsinin iddiaçının mülkiyyətində olduğunu bilə-bilə evdən könüllü surətdə çıxmaması iddiaçının hüquqlarının həyata keçirilməsinə maneələr yaradır və bu hal özlüyündə mülkiyyət hüququnun pozulmasına səbəb olur.
38. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
39. Məhkəmə kollegiyası eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarına (Mülki Məcəllə 27.2-ci maddəsi və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə) istinad edərək bir daha bildirir ki, iddia tələbi təmin edildiyindən cavabdeh Takhmına Baıramova ilə birlikdə onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 da iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən DYP-nin üst hissəsi, İV məhəllə vulkan ərazisi adlanan ünvandan çıxarılmalıdırlar.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh Takhmına Baıramova tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-4010/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin edilsin. Cavabdeh Takhmına Baıramova və onun yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2018-ci il təvəllüdlü X12 ilə birlikdə iddiaçıya məxsus olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən DYP-nin üst hissəsi, İV məhəllə vulkan ərazisi adlanan ünvandan çıxarılsınlar. Ödənilmiş 101 (yüz bir) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdeh Takhmına Baıramovadan alınaraq İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.