Məhkəmə qərarları › İş №2(105)-1645/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1645/2024

14.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1645/2024 14.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndələri X4 və X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kiçik iddialara dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(074)-1091/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli beh müqaviləsinə əsasən ödənilmiş beh məbləğinin iki misli miqdarında, yəni 2000 (iki min) manat məbləğində pulun və notariat xidmət haqqı kimi ödənilmiş 115 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh (etibarnamə üzrə nümayəndəsi X4) ilə onun arasında xx.xx.2023- cü il tarixdə X8 Xidmət Mərkəzinin Notariat ofisində beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsinə əsasən, xx.xx.2024-cü il tarixinədək alqı-satqı müqaviləsinin bağlanmasını təmin etmək məqsədi ilə, cavabdehin mülkiyyətində olan Şamaxı rayonu, Günəşli kəndində 0.22 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 77.50 kv. metr olan yaşayış evinə görə ödəməli olduğu 8000 manat puldan 1000 manat məbləğində pulu cavabdehə beh kimi vermişdir. Həmçinin, notariat xidmət haqqı kimi 115 manat dövlət rüsumu tərəfindən ödənilmişdir. Beh müqaviləsi bağlandığı tarixdən onun tərəfindən həmin yaşayış evində təmir tikinti işləri aparılmışdır. Həmçinin, beh müqaviləsində nəzərdə tutulmuş alqı-satqı müqaviləsinin bağlanmasından cavabdeh tərəfindən imtina edilmişdir. Buna görə də, müqavilənin 3-cü bəndinə əsasən, beh məbləğinin 2 misli ona ödənilməlidir. Cavabdehin nümayəndəsinə xx.xx.2024-cü il tarixdə bu məsələ ilə bağlı pretenziya məktubu göndərilmişdir. Lakin, bu günə qədər qeyd olunan məbləğ ona ödənilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şamaxı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(074)-1091/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 2000 (iki min) manat pul, 115 (bir yüz on beş) manat notariat xidmət haqqı və ödənilmiş 41,15 (qırx bir manat on beş qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı ödənilməsi qət edilmişdir (hakim Fərid Yaqubov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Şamaxı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2(074)-1091/2024 saylı qətnaməsinin tamamilə ləğv edilərək iddiaçının iddia tələbinin tamamilə rədd edilməsi, eyni zamanda ödədiyi 21 manat dövlət rüsumunun iddiaçıdan tutularaq ona verilməsi verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq şikayətin dəlillərində qeyd olunan halların araşdırılması, o cümlədən hazırki işə baxılıb obyektiv qərar qəbul edilməsi üçün tərəflərin iştirakı və onların dindirilməsi zərurəti olduğundan şifahi məhkəmə prosesində baxılmasına təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X5 mübahisə ilə bağlı 1000(min) manat ödəyə biləcəyini bildirdiyi üçün məhkəmə iclası təxirə salınmış, növbəti xx.xx.2024-cü il tarixli məhkəmə iclası zamanı 1000(min) manat məbləğində pul vəsaitini iddiaçıya təqdim etmişdir. Bununla əlaqədar məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbindən imtina etməsi barədə ərizəni məhkəmə kollegiyasına təqdim etmişdir. İddiaçının ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən ona 1000 (min) manat ödənilib, buna görə də behlə bağlı tələbi yoxdur, iddiadan imtina edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddiadan imtina ərizəsinin qəbul edilməsi və iddia tələbindən imtinanın hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiadan imtina edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddiaçının iddiadan imtina etməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul olunmalı, Şamaxı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(074)-1091/2024 nömrəli qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün, onun imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməli, Şamaxı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(074)-1091/2024 nömrəli qətnaməsi Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Hazırki iş üzrə Şamaxı Rayon Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(074)- 1091/2024 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar