Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1647/2024 18.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərin ödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: əsassız varlanma-iddia müddəti, maddi və mənəvi zərərin ödənilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh ) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(028)-248/2024 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. xx.xx.2023-cü il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında 2014-cü ilin yay aylarında həyat yoldaşının onkoloji xəstə olduğu üçün onun müalicəsinə pul lazım olduğunu həmin ərəfələrdə Sumqayıt Dəmiryol vağzalında məcburi köçkün kimi məskunlaşmış Şura adlı tanış bir qadının onu faizə pul verən Suqra ilə tanış etdiyini, sonuncunun ilkin olaraq Şuranın yaşadığı mənzildə ona aylıq 10% olmaqla 5000 manat faizə pul verdiyini bildirmişdir. O, ilk iki ay Suqraya hər ay 500 manat olmaqla iki ay müddətinə 1000 manat pul verdiyini, bundan üç ay sonra yenə pul lazım olduğu üçün Suqradan aylıq 10% olmaqla əlavə 6000 manat da faizə pul aldığını və ümumilikdə Suqraya 11000 manat borcu yarandığını bildirmişdir. O, faizləri ödəyə bilmədiyindən Suqradan xahiş edərək ayda 700 manat ödəməklə əsas borcundan silməsini xahiş etdiyini və Suqranın da razılaşdığını demişdir. O, 15 ay müddətinə hər ay 700 manat olmaqla Suqraya pul verdiyini demişdir. O, Suqradan pulu iş görmək adı ilə deyil, faizə aldığını, Suqradan aldığı 11000 manat pulu 500 manat əlavə olmaqla ümumilikdə 11500 manat qaytardığını, Şuranın dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir.
2. İddiaçı Sumqayıt ŞPİ-nin 5-ci PB-sində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, 2017-ci il tarixdə işlədiyi Polimer zavodu ərazisində məcburi köçkün kimi məskunlaşıb yaşayan Şura adlı tanışıgilə getdikdə Şura qonşuluqda yaşayan Arif adlı şəxsin pula ehtiyacı olduğunu deyib ona köməklik göstərməyini xahiş etdi, o, ilk öncə Arifi tanımadığıma görə köməklik edə bilməyəcəyini dedi, daha sonra evdə olan zaman Şura ilə Arif onlara gəldilər, Arif qızının xəsdə olduğunu, müalicəsi üçün pul lazım olduğunu deyib ondan ona borca 5000 manat pul verməyimi xahiş etdi, onun Arifə yazığı gəldiyinə görə yaşadığı evdə Şuranın yanında ona 5000 manat pul verdi, Arif pulu götürüb bir iki aya qaytaracağını dedi, pulu verməyindən 6 ay keçməsinə baxmayaraq, Arifin pulu qaytarmadığını görüb ona zəng etdikdə Arif hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldadırdı, daha sonra o, Arif ilə qardaşı Məcnun yaxın münasibətləri olduğunu bildi, Arif qardaşı Məcnunla onlara gələrək pulu qaytara bilməsi üçün yaxşı iş olduğunu beləki, plastik qapı pəncərə sexi açacağını, oğlununda həmin sexi işlədəcəyini, sexdən gələn gəlirdən hər ikisinin ailəsinin dolanacağını deyib bunun üçün ilkin olaraq 6000 manat pul lazım olduğunu dedi, həmin ərəfələrdə oğlu vəfat etdiyindən, fikirlərinin dağınıq olduğu vaxt olduğundan Arifə inanaraq əlavə olaraq yaşadığı evdə qardaşı Məcnunun yanında Arifə 6000 manat pul verdi, bir müddət sonra Arifdən işlərin nə yerdə olduğunu soruşduqda, Arif narahat olmamasını, işlərin qaydasında getdiyini deyirdi, o, ona sexi görmək istədiyini dedikdə isə Arif hər dəfə bəhanə gətirib onu sexə aparmırdı, daha sonra isə o, ondan işlə bağlı maraqlandıqda Arif oğlunun sexdə istifadə etmək üçün gətirdiyi şüşələri avtoqəza keçirdiyinə görə şüşələrin qırılıb yarasız hala düşdüyündən ziyana getdiklərini bildirdi. O aldadıldığını başa düşüb Arifdən ona verdiyi ümumilikdə 11000 manat pulu qaytarmasını tələb etdi, Arif ilk öncə bəhanələr gətirib onu aldatdı, daha sonra isə ondan pulunu tələb etdiyi halda onun ona pulu faizlə verdiyini deyərək onu şərləyəcəyini bildirdi.
3. İş materiallarında olan X2 Sumqayıt ŞPİ-nin 5-ci PBsində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, 2012-ci ildən İddiaçı tanımış, onların yaxşı münasibəti olub, Suqra ayrı-ayrı şəxslərə aylıq 10 faizdən olmaqla pul verirdi, on özü də pul lazım olduqda ondan faizə pul alıb sonra qaytarmışdır. 2014-cü ildə tanışının vasitəsi ilə Cavabdeh onlara gələrək onun tanışının faizə pul verdiyini dediyini ona pul lazım olduğunu dedi, onlar olan zaman Suqra da bizə gəldi, Arif ilkin olaraq Suqraya 5000 manat pul lazım olduğunu dedi, onlar Arifə verilən pula görə zamin dayandığını bildirdikdən sonra Suqra aylıq 10 faiz olmaqla Arifə istədiyi pulu verə biləcəyini dedi, Arif də razılaşadıqdan sonra səhəri gün yenidən onlarda görüşdükdə Suqra onların iştirakı ilə Arifə 5000 manat pul verdi. Arif hər ay götürdüyü pula görə razılaşdıqları formada pulu ödəyirdi, onlar bir müddət sonra Arif ona zəng edib razılıq edərək Suqranın pulunu tam olaraq qaytardığını dedi, o, Suqraya zəng etdikdə Suqra pulunu tam olaraq Arifdən aldığını bildirdi, Bundan sonra onun onlarla heç bir ünsiyyəti olmayıb və bir-birlərinə pul alıb vermələrini bilmir.
4. İş materiallarında olan X3 Sumqayıt ŞPİ-nin 5-ci PB-sində verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Cavabdeh onun qohumumdur, 2014-cü ildə Arif ilə görüşdükdə Arif yoldaşının onkoloji xəsdə olduğuna görə müalicəsi üçün pul lazım olduğunu dedi, o, Arifə pulu olmadığını dedikdə Arif faizə də olsa pulun tapılmasının vacib olduğunu bildirdi. O maraqlandıqda həmin ərəfədə Dəmiryol vağzalında məcburi köçkün kimi məskunlaşaraq yaşayan Şura adlı tanışı onun Suqra adlı tanışının faizə pul verdiyini dedi, o, Arif ilə Şuragilə getdi, Şuragildə olan zaman Şuranın tanışı Suqra da oraya gəldi, Arif ilkin olaraq Suqaraya 5000 manat pul lazım olduğunu dedi, o və Şura Arifə verilən pula görə zamin dayandığını dedikdən sonra Suqra aylıq 10 faiz olmaqla Arifə istədiyi pulu verə biləcəyini dedi, Arif də razılaşadıqdan sonra səhəri gün yenidən Şuragildə görüşdükdə Suqra onun və Şuranın iştirakı ilə Arifə 5000 manat pul verdi. Arif hər ay götürdüyü pula görə razılaşdıqları formada pulu ödəyirdi, pulu bir neçə gün gecikdirdikdə isə Suqra Şuraya zəng edir, eləcə də Şura ona deyirdi, o da Arifə dedikdən sonra Arif aparıb pulu ödəyirdi. 3 ay sonra yenidən Arifin yoldaşının müalicəsi üçün pul lazım olduğundan Arif ilə birlikdə Suqragilə gedib əlavə 6000 manatda pul lazım olduğunu dedi, Suqra Şuraya zəng edərək ona onların yenə də faizə pul götürmək üçün gəldiyini deyib pulu verib verməyəcəyini soruşduqda Şura verməsini dedi, bundan sonra Suqra yaşadığı evdə onun və qardaşı Məcnunun yanında aylıq 10 faiz olmaqla Arifə 6000 manat pul verdi. Arif bir müddət pulu versə də, daha sonra maddi vəziyyətinin pişləsməsi ilə əlaqədar Suqraya faizi verə bilməyəcəyini, aylıq 700 manat ödəməyə ümumi borcundan çıxmasını dedi, Suqra da razılaşdıqdan sonra Arif 15 ay müddətində Suqraya 700 manat pul vermişdir, Arif pulu onun yanında verməsə də, ona Şura tərəfindən zəng gəlmədiyinə görə pulun ödənildiyini bilirdi, eləcədə Arif hər ödədikcə ona deyirdi. Arif Suqaradan 11000 manat pulu iş görmək adı ilə deyil, aylıq 10 faiz ödəməklə borca götürmüşdür və bu günə kimi götürdüyü 11000 manat pula görə 500 manat artıq olmaqla (11500 manat) tam olaraq qaytarmışdır. Suqranın dedikləri həqiqətə uyğun deyil və onun üstündən 9 il keçdikdən sonra nə səbəbdən şikayət etməsini bilmir
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 11000 manat məbləğində pulun alınıb ona verilməsi və həmçinin dövlət rüsumu kimi ödədiyi 123 manat pulun cavabdehə aid edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İlk iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh 11000 manat məbləğində borc pul vermişdir. Lakin o, borcunu bu günə kimi qaytarmamışdır. Ona görə onun barəsində Sumqayıt ŞPİ-nin 5-ci PB-nə şikayət etmişdir. Şikayəti ilə əlaqədar olaraq araşdırma aparılmış, iş mülki xarakterli olduğundan cinayət işinin başlanlmasının rədd olunması haqqında qərar qəbul olunmuş və ona məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Həmin vaxt Cavabdeh izahatı alınmışdır. O, izahatında Suqradan 11000 manat aldığını etiraf etmişdir. Lakin bildirmişdir ki, guya aldığı pul vəsaitini geri qaytarıb. Lakin bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir. Hazırda iddiaçı Cavabdeh pulunu tələb edir. Lakin o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edib. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.
7. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin təmin edilərək qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı maddi zərərə (hüquqi xidmət xərcinə) görə 300 manat və mənəvi zərərə görə 5000 manat olmaqla, ümumilikdə 5300 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilk iddia tələbi tamamilə əsassızdır. Belə ki, İddiaçı 2014-cü il tarixdə ona aylıq faizlə və hissələrlə (iki dəfəyə) 11000 manat borc vermiş və o, Suqraya 2017-ci ilin ortalarına qədər cəmi 11500 (on bir min beş yüz) manat pul qaytarmışdır. Qeyd edilənlər Sumqayıt ŞPİ 5-ci PB tərəfindən aparılan araşdırma zamanı şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Lakin buna baxmayaraq İddiaçı hər dəfə əsassız olaraq onu borcu qaytarmamaqda ittiham edir, bununla bağlı Sumqayıt ŞPİ 5-ci PB-nə əsassız şikayət etmiş və hal-hazırda məhkəməyə müraciət etmişdir. Cavabdeh hazırkı mülki iş üzrə hüquqlarının müdafiə olunması məqsədilə “Hümbətov və Partnyorları” Vəkil Bürosu ilə 239 nömrəli, xx.xx.2024- cü il tarixli müqavilə bağlanmaqla 300 manat ödəniş etmişdir. Bu xərci İddiaçı əsassız iddiasından müdafiə olunmaq üçün çəkmiş və maddi zərərə məruz qalmışdır. Qeyd edilən zərəri tələb etmək hüququ həm mülki, həm də mülki prosessual qanunvericiliklə tanınmaqdadır. Həmçinin Arif şəkər xəstəsidir və Suqranın əsassız şikayəti nəticəsində Sumqayıt ŞPİ 5-ci PB-də 5-6 saat polisin nəzarəti altında saxlanılmış, ciddi stress və əsəb sarsıntısı keçirmişdir. Davam edən əsassız iddia və məhkəmə mübahisəsi onun davamlı stress və əsəb keçirməsinə, şərəf və ləyaqətinin təhqir olunmasına səbəb olmuşdur. Suqranın qeyd edilən hərəkətləri nəticəsində Arifə mənəvi zərər vurulmuşdur və vurulmuş mənəvi zərəri o, 5000 manat məbləğində qiymətləndirir. Eyni zamanda ilkin iddia tələbinə münasibətdə iddia müddəti tətbiq olunmalı və iddia tələbi təmin edilməməlidir. İlkin iddia tələbi tamamilə əsassız olduğundan və borc müqaviləsi üzrə öhdəliklər tam icra olunduğundan iddia təmin edilə bilməz. Göstərilənlərə əsasən ilk iddia rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.
9. Cavabdeh vəkili elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh qarşı 11000 manat pul tələbinə dair ilkin iddia ərizəsinə münasibətdə iddia müddəti tətbiq edilməsi və ilkin iddia tələbinin iddia müddətinin keçməsi əsası ilə təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(028)-248/2024 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynov) ilk və qarşılıqlı iddialar rədd edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasındakı borc münasibətləri təxminən 2014-2017-ci illərdə yaranmışdır. Qanunvericilik normalarından çıxış edərək Cavabdeh həmin münasibətlərə iddia müddəti tətbiq edilməsi tələbi əsaslıdır. Belə ki, İddiaçı hesab etdiyi hüquqlarının pozulmasını bilməsindən üç ildən də artıq bir müddət keçmişdir. Bu səbəbdən məhkəmə ilk iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edib ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə, keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hazırki halda Cavabdeh İddiaçı hərəkəti nəticəsində mənəvi ziyana düşməsini göstərsə də, həmin zərərin real olduğunu təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin hesab edib ki, Cavabdeh iddiası təmin edilmədiyinə görə nümayəndə və vəkilinə göstərdiyi yardıma görə xərclərin verilməsi hissəsində də təmin edilə bilməz.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 373.2, 373.3, 739, 740-cı maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı və cavabdeh tərəf apellyasiya şikayəti vermişlər.
14. İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia müddətinin keçdiyini əsas gətirərək ilk iddia tələbini rədd etməklə qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə əsassız olaraq belə nəcəyə gəlib ki, tərəflər arasındakı borc münasibətləri təxminən 2014-2017-ci illərdə yaranmışdır. Məhkəmə bu nəticəyə gələrkən iş materillarında olan 29 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsaslanmışdır. Cavabdehə pul vəsaitlərini 2021-ci ilin sonu, 2022-ci ilin əvvəllərində vermişdir. Məhkəmə iclasında nümayəndə və vəkili də bunu təsdiq etmişdir. Lakin məhkəmə izahatında qeyd etdiyi 2017-ci ilə və cavabdehin izahatında qeyd etdiyi 2014-cü ilə əsaslanaraq belə nəticəyə gəlib ki, tərəflər arasında borc münasibəti 2014-2017-ci illərə təsadüf edir Məhkəmənin bu mövqeyi ilə qə şəkildə razı deyil. Çünki iddiaçı xx.xx.2023-cü ildə, saat 14:45-də DİN-nin 102 xidmətinə zəng edərək, bildirib ki, təxminən 3-4 il bundan əvvəl Arif adlı şəxsə 11000 manat pul vermişdir. Bundan əlavə cavabdeh tərəfindən həmi pul vəsaitinin hansı tarixdə qaytarılması ilə bağlı hər hansı bir qeyd yoxdur. Cavabdeh tərəfindən pulun hansı tarixdə qaytarılması ilə bağlı müddət qeyd olunmadığından iddia tələbinə iddia müddəti tətbiq oluna bilməz. İddiaçı cavabdeh iki dəfə pul vermişdir. İlk dəfə 5000 manat, daha sonra isə 6000 manat pul vermişdir. İzahatdan görünür ki, Arif 5000 pulu götürüb bir iki aya qaytaracağını demişdir. Hətta məhkəmənin gəldiyi nəticə ilə razılaşsa belə, o zaman 5000 manata münasibətdə iddia müddəti tətbiq oluna bilərdi, 6000 manata münasibətdə isə iddia müddətinin tətbiq olunması yolverilməzdir. Çünki həmin pulun nə zamana qaytarılması ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda tərəflərin hər hansı bir qeydi yoxdur. Bundan əlavə işə əlavə etdiyi cavabdehin əlyazmasında da, pulun hansı tarixdə verilməsi və qaytarılması ilə bağlı hər hansı bir qeyd yoxdur. Yəni belə olan halda iddia tələbinə iddia müddə tətbiq etmək yolverilməzdir. Çünki heç bir məntiqə sığmır ki, 2014-cü ildə cavabdehə pul verib, qaytarmadığı halda 2023-cü ildə polisə şikayət edilsin. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda həmin tarix texniki səhv də ola bilər. Əsas məsələ məhkəmə iclasında verilən izahatdır. Bir daha bildirir ki, ilk olaraq cavabdehə 5000 manat pul verib, o, isə bir iki aya qaytaracağını demişdir. Lakin 6 aydan çox vaxt keçməsinə baxmayaraq o, pulu qaytarmadığı üçün onunla əlaqə saxlamış və cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Sonradan cavabdehin iddiaçının qardaşı Məcnunla yaxın münasibəti olduğu üçün Arif qardaşı Məcnunla iddiaçının evinə gələrək, plastik qapı-pəncərə sexi açacağını, bunun çün 6 min manata ehtiyac olduğu bildirmiş. Borc veriləcəyi təqdirdə qısa müddətdə qazanc əldə edib borcu qaytaracağını bildirmişdir. İddiaçı da həmin pulu qardaşı Məcnunun yanında Arifə vermişdir. Lakin bir müddət sonra Ariflə əlaqə saxladıqdan sonra Arifin hər dəfə ona fərqli yalanlar daşınması ona məlum olmuş və aldadıldığını anlamışdır. Göstərilən halları işə baxan məhkəmə düzgün araşdırmamışdır. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(028)- 248/2024 nömrəli qətnaməsi ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
15. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılıb ki, məhkəmə qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi hissəsində əsassız olmuşdur və bu səbəbdən həmin hissədə ləğv edilərək iş üzrə qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məhkəmə 5000 manat mənəvi zərər tələbinin təmin edilməməsi əsası kimi həmin zərərin sübut edilməməsinə istinad etmişdir. Halbuki, iş materiallarından göründüyü kimi iddiaçı hər dəfə əsassız olaraq cavabdehi borcu qaytarmamaqda ittiham edir, bununla bağlı Sumqayıt ŞPİ 5-ci PB-nə əsassız şikayət etmiş və həmçinin məhkəməyə müraciət etmişdir. Cavabdeh şəkər xəstəsidir və iddiaçının əsassız şikayəti nəticəsində Sumqayıt ŞPİ 5-ci PB-də 5-6 saat polisin nəzarəti altında saxlanılmış, ciddi stress və əsəb sarsıntısı keçirmişdir. Həmçinin, davam edən əsassız iddia və məhkəmə mübahisəsi də cavabdehin davamlı stress və əsəb keçirməsinə, şərəf və ləyaqətinin təhqir olunmasına səbəb olub. Mənəvi zərərin sübut edilməli olmaması və sübutunun qeyrimaddi xarakter daşımasından tələb edilməməsi isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair xx.xx.2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında öz əksini tapmışdır. Bundan əlavə məhkəmə qətnaməsi qarşılıqlı iddianın 300 manat vəkil xərcinin ödənilməsi hissəsinin təmin edilməməsində də əsassız olmuşdur. Belə ki, məhkəmə vəkil xərcinin təmin edilməməsi əsası kimi, vəkilin qarşılıqlı iddianın verilməsi ilə bağlı tutulduğunu və bu səbəbdən həmin tələb rədd edildiyindən vəkil xərcinin də rədd edilməli olduğunu qeyd etmişdir. Halbuki, iş materiallarından görünür ki, müqavilə qarşılıqlı iddia verilməmişdən əvvəl ilk iddianın qaldırılması ilə bağlı bağlanmışdır. İşə baxan məhkəmə qeyd olunan halları lazımı qaydada araşdırmadığından iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Cavabdeh iddiaçının apellyasiya şikayətinə qarşı etiraz vermişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ilk iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, ilk iddia verildikdən sonra qarşılıqlı iddia formal olaraq verilmişdir. İşə baxan məhkəmə hesab edib ki, tərəflər arasında münasibətlər təxminən 2014-cü ildə yaranmışdır və bu münasibətlərə iddia müddətini tətbiq etməklə ilk iddia tələbini rədd etmişdir. Məhkəmənin gəldiyi nəticə əsassız və qanunsuzdur. İlk iddia üzrə iddiaçı 2023-cü ildə DİN-in “102” qaynar xəttinə zəng edərək cavabdehə 3-4 il əvvəl pul verdiyini bildirmişdir. Bundan başqa məhkəmə iclasında o özü iddiaçı tərəfindən cavabdehə pulun 2021-ci ilin sonu – 2022-ci ilin əvvəllərində verildiyini bildirmişdir. Pul vəsaiti cavabdehə 2 dəfə verilmişdir. İlk dəfə 5000 manat məbləğində pul vəsaiti verilmişdir, lakin qarşı tərəf həmin pulu qaytarmamışdır, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda pulu 2 ay müddətində qaytarmaqla bağlı izahat verilmişdir. Daha sonra həmin pulu qaytarmaq üçün qarşı tərəf biznes qurmaq adı ilə iddiaçıdan 6000 manat məbləğində pul almışdır. Həmin pul alınarkən pulun qaytarılması ilə bağlı müddət göstərilməmişdir. Beləliklə cavabdeh 11000 manat məbləğində pul vəsaitini verəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Məhkəməyə təqdim edilmiş əlyazma sənəddə və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda 11000 manat məbləğində pulun verilməsi etiraf edilmişdir. Bu məbləğ mübahisələndirilmir. Cavabdeh aldığı pulu qaytarmamışdır. İşə baxan məhkəmənin iddia müddətinin keçməsi əsası ilə qismən razılaşılsa belə bu yalnız 5000 manata aid hissədə əsaslı hesab oluna bilər. 6000 manata münasibətdə isə həmin pulun nə zaman qaytarılması ilə bağlı müddət göstərilmədiyi üçün həmin hissədə ümumi iddia müddəti tətbiq oluna bilərdi. Göründüyü kimi məhkəmə qanunvericiliyin tələbini pozmuşdur. Nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Bu səbəbdən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonda iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, cavabdehin apellyasiya şikayətinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
18. İlk iddia üzrə cavadeh- qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq səhhətində yaranmış problemlərlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi;
Maddə 14.2.6. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 386. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
Maddə 372. İddia müddəti anlayışı.
372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 373. İddia müddətləri 373.1. Ümumi iddia müddəti on il təşkil edir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 373.3. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
Maddə 375. İddia müddətinin tətbiqi.
375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
Maddə 377. İddia müddətinin başlanması. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
Maddə 380. İddia müddəti axımının kəsilməsi 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Maddə 381. İddianın baxılmamış saxlandığı halda iddia müddətinin axımı. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi;
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarları:
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 2013-cü il tarixli Qərarı: “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Bununla belə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə uyğun olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı).”
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərar: “
Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.
"Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11-ci bəndində isə Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır
Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı qətnaməni, ilk iddia tələbinə aid hissədə, cavabdeh isə qarşılıqlı iddia tələbinə aid hissədə mübahisələndirmiş və müvafiq olaraq mübahisələndirilən hissələrdə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
24. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb verilən apellyasiya şikayətlərinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ilk İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(028)-248/2024 nömrəli qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia yenidən trədd edilməli, qarşılıqlı iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir.
26. Hazırki işdə ilk iddia tələbi iddiaçı tərəfindən cavabdehə verilmiş pulun geri qaytarılması, qarşılqlı iddia isə “maddi və mənəvi zərərin ödənilməsi” barədədir.
27. Kollegiya ilk olaraq qeyd edir ki, etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varalanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur.
28. Belə olan halda apellyasiya instansiyası məhkəməsi hesab edir ki, tərəflər arasında yaranmış hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin “Əsassız varlanma və onun nəticələri”ni tənzimləyən 1091-1095-ci maddələrinin tələbləri nəzərdə keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
29. Odur ki, hazırkı işdə iddianın əsaslı sayılması üçün cavabdehlərin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir. 30 Lakin işə baxmış birinci instansiya məhkəməsi işin bu hallarını nəzərə almamışdır. Halbuki, işin bu halları iddia tələbinin maddi hüquqi əsasının müəyyən edilməsində əhəmiyyətli rol oynayır. Çünki yuxarıda qeyd olunduğu kimi tərəflər arasında hər hansı yazılı müqavilə olmamışdır
31. Araşdırılan işin faktiki hallarından müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh tanışlıq münasibəti əsnasında iddiaçı sonuncuya özünün dediyinə görə 2017-ci il tarixdə, cavabdehin bildirdiyinə görə isə 2014-cü il tarixdə bir neçə aya qaytarmaq şərtilə, birinci dəfə 5000, ikinci dəfə isə 6000 manat olmaqla, ümumilikdə 11000 manat pul vermişdir.
32. İddiaçı bəyan edir ki, həmin pulu 2017-ci ildə bir neçə aya qaytarmaq şərtilə borc olaraq vermiş, cavabdeh isə əksinə, 2014-cü ildə iki ay müddətinə aldığını və artıqlaması ilə qaytardığını bildirir.
33. Araşdırılan işdən müəyyən edilir ki, tərəflər arasında qeyd olunan məbləğin verilməsi və cavabdeh tərəfindən alınması işin mübahisəiz halıdır. Lakin, işdən göründüyü kimi tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün onlar arasında hər hansı yazılı müqavilə bağlanması müəyyən edilməmişdir.
34. Əsassız varlanmadan bəhs edən Mülki Məcəllənin 1091.1-ci maddəsində deyilir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
35. Mülki Məcəllənin 1092.1-ci maddəsində deyilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
36. Lakin bu tələblər iddia müddətinə tabe tutulur. Belə ki, Mülki Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir
37. Hazırki işin hallarından göründüyü kimi mübahisəsləndirilən pul məbləği 2014, iddiaçının bildirdiyinə görə isə 2017-ci ilə təsadüf edir. Bundan əlavə araşdırılan işdən görünür ki, həmin pul məbləği cavabdehə bir neçə aylığa verilmişdir. Cavabdeh mübahisələndirilən pulu deyilən aylar çərçivəsində qaytarmadığı halda, artıq iddiaçı hüququnun pozulmasını həmin vaxdan bilmiş, lakin qanunvericiliklə müəyyən olunmuş müddət ərzində müvafiq iddia ilə məhkəməyə müraciət etməmişdir. Yalnız üstündən xeyli illər keçdikdən sonra iddiaçı 2023-cü il tarixdə polis orqanına, 2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir.
38. Göründüyü kimi İddiaçı istər 2014-cü ildən, istərsə də 2017-ci ildən hesabladıqda iddia müddətini ötürmüşdür.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
40. Məlum olduğu kimi, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır .
41. Odur ki, işə mahiyyəti üzrə baxan məhkəmə də hazırkı iddiaya Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulan iddia müddətinin tətbiqinin mümkün olubolmamasına iş materialları əsasında hüquqi qiymət verməlidir.
42. Bununla yanaşı Kollegiya vurğulayır ki, tərəfin bildirməsindən asılı olmayaraq, iddianın düzgün həlli üçün hüquq normalarını tətbiq etmək məhkəmənin vəzifəsidir. Hüququn tətbiqinə bilavasitə hakimin cavabdehlik daşıması və tərəflərin faktlar barəsində hüquqi mövqeyinin hakim üçün məcburi olmamasına dair “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipi Konstitusiya Məhkəməsinin qərarlarında dəfələrlə vurğulanmışdır.
43. İşin hallarından göründüyü kimi barəsində apellyasiya şikayətləri verilən işin faktiki hallarından müəyyən edilir ki, hazırki iş üzrə tərəflər arasında hər hansı yazılı borc münasibətini təstiq edən sənəd olmamışdır. Bu halda yaranmış münasibəti borc münasibəti kimi şərh etmək və mübahisənin həllinə Mülki Məcəllənin 739 və 740-cı maddələrini tətbiq etməkdə işə baxan məhkəmə maddi hüquq normaların tətbiqində səhvə yol vermişdir.
44. Mübahisənin qanuni əsası kimi MM-in 1091.2-ci maddəsini nəzərdən keçirən kollegiya məhz tətbiq edilməli iddia müddətinə aid hissədə də 1095-ci maddənin tələbini mümkün hesab edir. 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İşin araşdırılan mübahisəsiz halından müəyyən edilir ki, tərəflər arasındakı münasibətlər təxminən 2014-2017-ci illərdə yarandığından Cavabdeh həmin münasibətlərə iddia müddəti tətbiq edilməsi barədə ərizəsi əsaslıdır. Çünki, İddiaçı hesab etdiyi hüquqlarının pozulmasını bilməsindən iki ildən də artıq bir müddət keçmişdir.
45. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan mübahisə üzrə cavabdehə münasibətdə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur.
46. Kollegiya bildirir ki, kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarının 37-ci səhifəsindəki ərizədən də göründüyü kimi cavabdeh tərəf iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur.
48. Göründüyü kimi iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilirdi. Bu səbəbdən də iddiaçı tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillər (borc münasibətlərinin 2021-2022-ci illərə təsadüf etməsi) artıq məhkəmə kollegiyası tərəfindən inandırıcı və ağalbatan görünmür.
49. Məhkəmə kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətinə münasibətdə isə bildirir ki, mənəvi ziyanın tələb olunması üçün bu mənəvi ziyan tələbinin əsasında dayanan mənəvi iztirab və sarsıntılara səbəb olan hərəkətlərin edilməsi sübut edilməli və bunun nəticəsində qarşı tərəfdə yaranmış mənəvi əzab və sarsıntılara dair sübutlar mütləq qaydada məhkəməyə təqdim edilməlidir. Belə ki, mənəvi ziyan ləkələyici məlumatların həqiqətə uyğun olmaması halının müəyyən edilməsinin nəticəsidir, onunla birbaşa bağlıdır və ondan asılıdr. Şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların həqiqətə uyğun olmamasının müəyyən edilməsi barədə tələb qoyulmadan və ya həmin tələb təmin edilmədiyi halda mənəvi ziyanın tələb edilməsi əsassızdır. Belə ki, qeyd edildiyi kimi, mənəvi ziyan tələbi özlüyündə müstəqil əsaslı tələb kimi qəbul oluna bilməz və birbaşa olaraq onun yetirildiyi ehtimal olunan şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların yayılmasından və bu məlumatların həqiqətə uyğun olmamasından asılı bir tələbdir.
50. Hazırkı halda isə tərəflər arasında pul tələbinə dair mübahisə üzrə münasibətlərin mövcud olması işin mübahisəsiz halıdır və iddiaçı tərəf israrlı şəkildə pulun ona ödənilmədiyini bildirərək, müvafiq orqanlara, habelə məhkəməyə müraciət etmişdir ki, bu onun konstitusion hüququdur və hər hansı formada məhdudlaşdırıla bilməz. Eləcə də bu hallarla bağlı iddiaçının hüquqlarından istifadə etməsi, habelə onun tələbinin hər hansı əsaslar üzrə təmin edilməməsi, cavabdehin mənəvi ziyan tələbində əsaslı olması anlamına gələ bilməz.
51. Həmçinin qarşılıqlı iddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilmiş xərcin əvəzinin ödənilməsinin təmin edilməməsi barədə məhkəmənin mövqeyini işin hallarına uyğun hesab edən kollegiya qeyd edir ki, Cavabdeh iddiası təmin edilmədiyinə görə onujn vəkilinə göstərdiyi yardıma görə xərclərin ödənilməsi tələbi də təmin edilə bilməz.
52. Beləliklə yekunda kollegiya qeyd edir ki, hər iki tərəf fərqli dəlillərlə verdikləri şikayətlərində qeyd edilənlərə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, eləcə də məhkəmə tədqiqi zamanı tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişlər.
53. Göstərilənlərə əsasən məhkəmə kollegiyası yekunda bildirir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(028)-248/2024 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
54. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(028)-248/2024 nömrəli qətnaməsi qismən, yəni ilk iddianın təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh 11000 manat məbləğində pulun alınıb ona verilməsi və həmçinin dövlət rüsumu kimi ödədiyi 123 manat pulun Cavabdeh aid edilməsinə dair iddiası rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə (qarşılıqlı iddianın təmin olunmaması hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.