Məhkəmə qərarları › İş №2(105)-1651/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1651/2024

28.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1651/2024 28.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma, istifadə hüququ) X4 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh X2, Cavabdehin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Cavabdeh İddiaçı qızna qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(060)- 3365/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçının nümayəndəsi Vəkil1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Zirəddin oğlunun İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Zirəddin oğlu ilə xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan ailə daxili münasibətləri pisləşmişdir. Ailə faktiki olaraq dağılmışdır və bərpası mümkün deyildir. Bu səbəbdən də tərəflər boşanmaq qərarına gəlmişdir. Hazırda tərəflər arasında nikahın pozulmasına dair iş ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidməti tərəfindən verilmiş RX seriyalı, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən sözügedən mənzil xx.xx.2016-cı il tarixdən tam payda İddiaçı mülkiyyətindədir. Həmin mənzil tərəflərin birgə nikahı müddətində iddiaçının mülkiyyətinə keçsə də, onların ümumi birgə mülkiyyəti deyil. Belə ki, həmin mənzil iddiaçıya atası tərəfindən bağışlanmışdır. Hazırda iddiaçı ilə cavabdeh arasında alilə münasibətləri tamamı ilə pozulmuşdur. Ona görə də, iddiaçı cavabdehin hazırda faktiki olaraq yaşadığı və iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 17 saylı mənzildən çıxarılmasını istəyir. İddiaçı dəfələrlə cavabdehə ona məxsus mənzildən könüllü şəkildə çıxmasını tələb etsə də, cavabdehdən müsbət bir cavab almaq mümkün olmamışdır. Mübahisənin mediasiya yolu ilə həll edilməsi də mümkün olmamışdır. Belə ki, cavabdehin sözügedən mənzildə yaşaması mülkiyyətçi kimi iddiaçının mənzildən sərbəst istifadə və mənzilə dair sərbəst sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edir. Hesab edir ki, məsələnin məhkəmədən kənar həlli mövcud deyildir.

3. Cavabdehin nümayəndəsi Vəkil2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia rədd edilməklə, Sumqayıt şəhəri, 10-cu mikrorayonun 32 saylı binasının 17 saylı mənzili üzərində qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh ½ payının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, nikah şəhadətnaməsinin və mənzilə dair sənədlərin surətlərindən açıq görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən 32 saylı binanın 17 saylı mənzili birgə nikah dövründə əldə olunub. Mənzilin bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçməsi barədə ilkin iddia tələbində qeyd olunanlar həqiqətə uyğun deyil və iş materialları ilə təsdiq olunmur. Bundan başqa, həmin əmlaka birgə nikah dövründə xeyli miqdarda pul vəsaiti xərclənməklə həmin mənzil Cavabdeh tərəfindən əsaslı təmir edilmişdir. Hal-hazırda da Cavabdeh həmin mənzilə həm istifadə hüquqları, həmdə ½ pay tələb etmək hüququ var.

5. İddia ərizələrinə qarşı yazılı etiraz daxil olmamışdır.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “Çıxarış”ın surətindən görünür ki, ünvan 3, mənzil 17 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2016-cı il tarixdə dövlət reyestrində qeydə alınmışdır.

7. İş materialları ilə müəyyən edilir ki, tərəflər 28 iyul 1990-cı il tarixdə nikaha daxil olmuşlar.

8. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh Zirəddin oğlu ünvan 3, mənzil 17-də xx.xx.1992-ci ildən qeydiyyatdadır və yaşayır.

9. “Qeydiyyat vəsiqəsi”nin surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 17 nömrəli yaşayış evi 3 nömrəli notariat kontorunun xx.xx.1993-cü il tarixində verdiyi M- 2/456 reyestr nömrəli bağışlama müqaviləsi əsasında İddiaçı adına qeydə alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

10. Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(060)- 3365/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnarə Tağızadə) iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia tələbinin təmin edilməməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “birgə nikah dövründə əldə olunmuş əmlak tələbi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2 və 225.2-ci maddələri, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 34.1-ci maddələri, Mülki Prosessual Məcəlləsinin 124.2, 217.2, 216- 220 və 227-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

12. İlk iddia üzrə İddiaçı nümayənəsi Vəkil1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(060)-3365/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Zirəddin oğlu ilə xx.xx.1990-cı i tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflər bir müddət mehriban yaşasalar da sonradan ailə daxili münasibətləri pisləşmişdir. Ailə faktiki olaraq dağılmışdır və bərpası mümkün deyildir. Bu səbəbdən də tərəflər boşanmaq qərarına gəlmişdir. Hazırda tərəflər arasında nikahın pozulmasına dair iş ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil iddiaçının mülkiyyətindədir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest Xidməti tərəfindən verilmiş RX seriyalı, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən sözügedən mənzil xx.xx.2016-cı il tarixdən tam payda İddiaçı mülkiyyətindədir. Həmin mənzil tərəflərin birgə nikahı müddətində iddiaçının mülkiyyətinə keçsə də, onların ümumi birgə mülkiyyəti deyil. Belə ki, həmin mənzil iddiaçıya atası tərəfindən bağışlanmışdır. Hazırda iddiaçı ilə cavabdeh arasında alilə münasibətləri tamamı ilə pozulmuşdur. Ona görə də, iddiaçı cavabdehin hazırda faktiki olaraq yaşadığı və iddiaçının mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 17 saylı mənzildən çıxarılmasını istəyir. İddiaçı dəfələrlə cavabdehə ona məxsus mənzildən könüllü şəkildə çıxmasını tələb etsə də, cavabdehdən müsbət bir cavab almaq mümkün olmamışdır. Mübahisənin mediasiya yolu ilə həll edilməsi də mümkün olmamışdır. Belə ki, cavabdehin sözügedən mənzildə yaşaması mülkiyyətçi kimi iddiaçının mənzildən sərbəst istifadə və mənzilə dair sərbəst sərəncam vermə hüquqlarını məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz». “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AzərbaycanRespublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqimüqəddəratını təyin etməyin hüquqicəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 157.4-cü maddəsinə görə Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə tərəflər arasında həmin mənzilə dair münasibəti yaranma vaxtını dəqiq müəyyən etmədən yanlış olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə kompensasiya təklif etməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

15. İlk iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

16. İlk iddia üzrə Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

17. İlk iddia üzrə cavabdehin nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi ilk iddia üzrə iddiaçının nümayənəsi Vəkil1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

20. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) Maddə 123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir.

21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin qarşılıqlı münasibəti üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olmuşlar. Mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən 17 nömrəli yaşayış evi 3 nömrəli notariat kontorunun xx.xx.1993-cü il tarixində verdiyi M- 2/456 reyestr nömrəli bağışlama müqaviləsi əsasında İddiaçı adına qeydə alınmış və Dövlət Reyestrindən çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İlkin iddia üzrə cavabdeh 1992-ci ildən bu evdə qeydiyyatdadır və yaşayır. İddiaçı cavabdehlə ailə münasibətlərinin pozulduğunu iddia edərək cavabdehin mülkiyyətində olan mənzildən çıxarılmasına dair ilkin iddia ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh mənzilin birgə nikah dövründə əldə olunduğunu, mənzilin bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçməsi barədə ilkin iddia tələbində qeyd olunanların həqiqətə uyğun olmadığını, bundan başqa, həmin əmlaka birgə nikah dövründə xeyli miqdarda pul vəsaiti xərclənməklə həmin mənzili əsaslı təmir etdirdiyini və əmlak üzərində ½ hissədə payının müəyyən edilməsinə dair qarşılıqlı iddia irəli sürmüşdür.

25. Birinci instansiya məhkəməsi tərəfindən ilkin və qarşılıqlı iddia tələblərinn təmin edilməməsinə dair qətnamə qəbul edilmişdir.

26. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh mübahisəli yaşayış sahəsində istifadə hüququna malik olan şəxs olduğu üçün ona yalnız kompensasiya ödənilməklə mənzildən çıxarıla bilər. İlk iddia üzrə İddiaçı Cavabdeh Zirəddin oğlunun ünvan 1 ünvanında yerləşən 17 saylı mənzildən məcburi şəkildə çıxarılmasını tələb etsə də, cavabdehin mənzildən çıxarılması üçün kompensasiya təklif etməmişdir. Bununla bağlı olaraq məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” ilkin iddia tələbi təmin edilməməlidir.

27. Bundan başqa məhkəmə hesab etmişdir ki, mübahisə predmeti olan əmlak bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmişdir, yəni mübahisəli əmlakı əvəzsiz əqd üzrə əldə etdiyindən və həmin əmlak onun ayrıca mülkiyyəti olduğundan qarşılıqlı iddia təmin oluna bilməz.

28. İlk iddia üzrə İddiaçı nümayənəsi Vəkil1 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(060)-3365/2024 nömrəli qətnaməsinin qismən ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

29. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır, hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

30. Bununla yanaşı məhkəmə kollegiya apellyasi şikayətinin dəlilləri üzrə aşağıda şərh olunanları qeyd etməyi zəruri bilir:

31. Kollegiya ilk öncə qeyd etməyi zəruri hesab edir ki, mənzilə köçürülmə və ya mənzildən çıxarılma ilə bağlı iddialar mahiyyət etibarı ilə mülkiyyət hüququnun əhəmiyyəti və yaşayış sahəsindən istifadə etmək hüququnun mövcudluğunun müəyyənləşdirilməsi ilə bağlıdır.

32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarın əsasən 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsin əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

34. İşin müəyyən edilmiş hallarından göründüyü kimi tərəflər 1990-ci ildə nikah bağlamışlar, cavabdeh 1992-ci ildən bu mənzildə qeydiyyatda olmqala yaşayır, mənzil 1993-cü il tarixdə bağışlama müqaviləsi əsasında iddiaçının mulkiyyətinə keçmişdir.

35. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 01 oktyabr 2009-cu il tarixədək yaranmışdır.

36. Kollegiya hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.

37. Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

38. Məhkəmə kollegiyası işin hallarına şərh olunan hüquq normasına istinadən qiymət verərək hesab edir ki, cavabdeh 1992-ci ildən hazırki vaxtadək mübahisəli mənzildə mülkiyyətçinin ailə üzvü kimi birgə yaşayaraq yaşayış sahəsindən bərabər istifadə etmək hüququ qazanmışdır.

39. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə, bu Məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanılması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir.

40. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir.

41. 2000-ci il sentyabrın 1-dən qüvvədə olan Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir.

42. Şərh olunanlara əsasən məhkəmə qeyd edir ki, mülkiyyətçi kompensasiya verməklə istifadə hüququna xitam verilməsini tələb edə bilər. Hazırki halda iddiaçı kompensasiya təklif etmədən cavabdehin istifadə hüququna xitam verilməsini xahiş etmişdir.

43. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında Mülki Məcəllədə “istifadə” sözünün mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilməsıni qeyd edərək, “istifadə hüququ” ifadəsinin əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə etdiyini göstərmişdir. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüququdur.

44. Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa görə ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu və yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar.

45. Məhkəmənin həmin Qərarında həmçinin qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.

46. Məhkəmə qeyd olunan Qərarda göstərmişir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

47. Kollegiya araşdırması zamanı müəyyən olundu ki, cavabdeh davamlı olaraq mübahisəli evdə yaşamış və hazırda da yaşayır, şərh olunan Qərarda irəli sürülmüş hüquqi mövqeyə uyğun hallar yoxdur. Beləliklə kollegiya hesab edir ki, araşdırılan mübahisə üzrə kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi əsasları olmadığından iddiaçının tələbi əsassızdır, təmin oluna bilməz.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara əsasən araşıdırılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

49. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 385 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İlk iddia üzrə İddiaçı nümayənəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, e-2(060)-3365/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar