Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-166/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh2 nümayəndə və vəkili X6 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma, evin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3537/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Abşeron Rayon Məhkəməsinin 2(012)-3537/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2, Cavabdeh1, onun ailə üzvləri Cavabdeh2, X11, azyaşlı qızı X7, X3 ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evindən çıxarılmaları və həmin evin iddiaçıya təhvil verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim C.İ.Səfiyeva). Qətnamədən narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3537/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilib iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-3537/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. İŞİN HALLARİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı evdən çıxarılma, evin boşaldılması və təhvil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 16.04.2019-cu il tarixli, **********8 qeydiyyat nömrəli Çıxarışa əsasən ona məxsus olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evindən Cavabdeh1 və əsasən Cavabdeh2, o cümlədən ailə üzvlərinin çıxarılması, fərdi yaşayış evinin Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılması, 6000 manat pulun əldən çıxmış fayda kimi onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ailə üzvləri Cavabdeh2, X11, azyaşlı qızı X7, X3 ilə birlikdə mübahisəli evdən çıxarılmaları, iddiaçıya təhvil verilməli və 10 000 manat pulun əldən çıxmış fayda kimi tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə onun iddiasını qismən təmin etmişdir ki, o, bununla razı deyil. Belə ki, Abşeron Rayon Məhkəməsi tərəfindən işə aidiyyatı üzrə baxılarkən, onun əldən çıxmış 10.000 manatlıq faydası nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsində əldən çıxmış fayda kimi şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər olması göstərilir. Lakin qeyd olunan şəxslərin, həmin mənzili boşaltmaması səbəbindən o, adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlərdən məhrum olmuşdur. Bununla belə Abşeron Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən qeyd olunan məsələyə heç bir münasibət bildirilməmişdir. Məhkəmə sadalanan halla bağlı sadəcə olaraq cavabdehlərin hərəkətlərində iddiaçıya münasibətdə hər hansı hüquq münasibəti və təqsirli hərəkətlər olmadığından iddia həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir qeyd etməklə kifayətlənmişdir. Qeyd etmişdir kti, məhkəmənin cavabdehlərin hərəkətlərində iddiaçıya münasibətdə hər hansı hüquq münasibəti olmaması kimi ifadələrə yer verməsi məhkəmənin işin halları ilə ətraflı tanış olmamasının göstəricisidir. Belə ki, yuxarıda qeyd olunduğu kimi hazırki praktikada sadalanan hala vurulmuş zərərin əvəzinin ödənilməsi institutu aid olunur. Bundan əlavə məhkəmə onun əldən çıxmış fayda ilə bağlı olaraq cavabdehlərin hər iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl dəfələrlə qanuni əsaslarla ona məxsus olan mənzili boşaltmaları barədə cavabdehlərə iradını bildirmiş, bundan sonra məhkəməyə mürpaciət etmişdir. Məhkəmənin belə bir nəticəyə gəlməsi əsassızdır. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-3537/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin qismən ləğv edilib iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndə və vəkili X20 iddiaçının apelyasiya şikayətini qəbul etmədiyini, cavabdehin apelyasiya şikayətini müdafiə edərək bildirir ki, iş üzrə cavabdeh Mircəfərova X2 30.000 manata ev alıb, ailə üzvləri, o cümlədən oğlu ilə köçüb həmin evdə yaşamışdır, hazırda da o ünvanda yaşayır. Sonradan evin təmirinə 20.000 manatdan çox vəsait sərf edərək təmir etmişdir. X4 şəhərində, o cümlədən cavabdehin yaşadığı ərazidə bu layihədə bir neçə fərdi yaşayış evləri tikib satdıqdan sonra özəlləşdirib, başqa şəxslərə ikinci dəfə satıb qanunsuz olaraq pul qazanır. Məhkəmədə etirazın əsaslarından biri kimi qeyd etmişdir ki, iddiaçının iddia etdiyi mübahisəli ev cavabdeh və ailə üzvlərinin yaşadığı ev deyil, həmin evdən təxminən 300-500 metr aralıda, yolun üstündə yerləşən fərdi yaşayış evidir. Mütəxəssisin yerli baxış zamanı məhkəməyə bildirdiyindən də göründü ki, hazırki evin yerləşmə yeri və forması mübahisəli evə deyil, daha çox qeyd etdiyi məsafədə yerləşən fərdi yaşayış evinin forma və ölçüləri ilə üst-üstə düşən evə daha çox uyğun gəlir. Buna baxmayaraq qətnamədə mütəxəssisin verdiyi rəyə istinad olunmamışdır. İddiaçıdan əvvəl mübahisəli 3 mərtəbəli evi tikən və onun xüsusi mülkiyyətçisi X17 olmuşdur. 2016-cı ilin iyun ayında cavabdeh onunla birinci mərtəbədə yerləşən 3 otaqlı mənzilin qiymətini 30.000 manata, bunun 11.000 manatını əvvəlcədən, qalan 19.000 manatını isə 2016-cı ilin sonuna kimi hissə-hissə ödəməyi barədə razılaşmışdır. Bina üzərində onun xüsusi mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışı olmadığına görə alqı-satqı müqaviləsini notariat orqanında rəsmiləşdirə bilməmişlər. Buna görə ona 11.000 manat borc verməyi barədə 14 iyun 2016-cı il tarixdə notariat ofisində kredit müqaviləsi bağlamışlar. Həmin tarixdə X19 şəhəri, 27-ci məhəllədə tikdiyi binanın birinci mərtəbəsindəki iki otaqlı mənzilini 30.000 manata Cavabdeh2 satması, 14.06.2016-cı il tarixdə ondan 11.000 manat pul alması, qalan 19.000 manatı isə 2016-cı ilin sonuna kimi ödəyəcəyi barədə qəbz yazıb ona vermişdir. Cavabdeh də oğlu ilə elə həmin gün mənzilə köçmüş və onu təmir etmişdir. Bu işlərin görülməsinə 20.000 manatdan çox vəsait sərf olunmuşdur. 27.03.2017-ci il tarixdə mənzilin alınması ilə əlqədar Vüqar Xalıqova olan borc tam ödənilib. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, yaşadıqları binanın üçüncü mərtəbəsində olan üç otaqlı mənzili Vüqar Xalıqov 45.000 manata Cavabdeh1 satmışdır. Yenə də çıxarış olmadığı üçün o, 18.12.2016-cı il tarixdə Gülsarə Şəkərovadan 20.000 manat, 22.12.2016-cı il tarixdə Cavabdeh1 20.000 manat borc alması barədə kredit müqaviləsi bağlamışdır. İş materiallarında olan sadə yazılı qəbzdən görünür ki, X22 Şəkərovadan həmçinin 5000 manat məbləğində pul almışdır. Cavabdeh1 ilk kredit müqaviləsini ödədiyi tarixdən Cavabdeh2 kimi mənzilə köçüb ailə üzvləri ilə bu gün də həmin mənzildə yaşayır. Mülki iş materiallarına əlavə edilmiş ipoteka müqaviləsindən görünür ki, Vüqar Xalıqovun mübahisəli bina üzərində xüsusi mülkiyyət hüquqları 24.12.2016-cı il tarixdə qeydiyyata alınmışdır. Göründüyü kimi o, hər iki tərəfdən mənzilə görə razılaşdığı məbləğin əksər hissəsini almasına baxmayaraq, cavabdehlə alqı-satqı müqaviləsi bağlamaq əvəzinə 14.01.2017-ci il tarixdə İddiaçı 150.000 manat borc pul alması barədə kredit və ipoteka müqaviləsi bağlamışdır. Vüqar Xalıqovun qardaşı və etibarnamə ilə nümayəndəsi Canbala Xalıqovun bildirdiyinə görə müqavilədə 150.000 manat pul göstərilməsinə baxmayaraq, İddiaçı Vüqara 40.000 ABŞ dolları borc pul vermişdir. Onlar qohum, yaxud dost olmamışlar. Kifayət qədər yüksək məbləği faizsiz və 4 ay müddətinə verilməsi inandırıcı görünmədiyi kimi ağıla da batmır. Həmin əqdin 2016-cı ilin əvvəllərindən respublikanın bütün notariuslarına verilən göstərişə görə borc məbləğləri bankın depozitinə ödənildikdən sonra kredit müqavilələrinin bağlanmasına icazə verilmişdir. Qeyd edir ki, onların arasındakı kredit müqaviləsi 14 yanvar 2017-ci il tarixdə bağlamışdır. Görünür ki, verilən borc məbləği müqavilədə göstərildiyindən xeyli az olmuş, borc öhdəliyinin ipoteka müqaviləsi ilə təmin edilməsi onların arasında borcun faizlə verilməsi ilə yanaşı başqa razılaşmanın olmasını da göstərir. Kredit və ipoteka müqaviləsinin zorakılıq, hədə təsiri altında bağlanması da istisna olunmur. Qətnamədən görünür ki, mülki qaydada Vüqar Xalıqova qarşı pul tələbini irəli sürməsi tövsiyyə olunmuşdir. Lakin işə baxan məhkəmə iş üzrə nəticəyə gələrkən İddiaçı əvvəl Vüqar Xalıqova binada yaşayan hər iki ailənin borc verməsini, borcun da məhz mənzilini satmasına görə verilməsini, köçüb mənzildə yaşamaqlarını 24.12.2016-cı il tarixdə çıxarış almasına baxmayaraq cavabdehlərlə mənzillərin alqı-satqı müqaviləsini bağlamamasını nəzərə almamışdır. Məhz işin bu halları apelyasiya şikayətinə əlavə təqdim etməyini zəruri edən apelyasiya şikayətinin dəlilləridir. Ona məlum olmuşdur ki, Vüqar Xalıqov başqa şəxslərə də borclu olduğuna görə respublikanı tərk edib hazırda Rusiya Federasiyasının hansısa şəhərlərinin birində yaşayır və ölkəyə qayıtmaq fikri yoxdur. Vüqar Xalıqovun yaxın qohumlarının bildirdiyinə görə İddiaçı cavabdehlərin yaşadığı binanın ikinci mərtəbəsində olan 3 otaqlı mənzil 40.000 ABŞ dollarına satılmışdır. Onun oğlu isə mənzilləri cavabdehin və Cavabdeh1 mülkiyyətinə keçirmək istəmir. Bu prosesdə hər iki ailənin pozulmuş hüquqları məhkəmə tərəfindən müdafiə olunmasa onlar heç vaxt Vüqar Xalıqova verdikləri pulu ala bilməyəcəklər, bu isə hər iki ailənin daimi evsiz qalması deməkdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3537/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə üzrə iddiaçının hüquqi varisi X18 və cavabdehlər Cavabdeh1, X11, X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsinə, cavabdehin apelyasiya şikayəti qətnamənin tam ləğv edilməsinə yönəldiyindən və apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AZ-İİ, 109343 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı 16.07.2020-ci il tarixdə vəfat etmişdir. Məhkəmə kollegiyası tərəfindən iddiaçının oğlu X12 onun hüquqi varisi kimi tanınmışdır. İş materiallarında olan 14 yanvar 2017-ci il tarixli, 3m-37 saylı kredit müqaviləsindən müəyyən edilir ki, İddiaçı tərəfindən X13 14.04.2017-ci il tarixinədək qaytarmaq şərti ilə 150.000 (yüz əlli min) manat məbləğində kredit verilmişdir. Mülki işin materiallarında olan 14 yanvar 2017-ci il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, 14 yanvar 2017-ci il tarixli, 3m-37 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyin icrasını təmin etməkdən ötrü X13 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evi ipoteka predmeti kimi qoyulmuş və həmin əmlak ipoteka ilə yüklü edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 17.01.2017-ci il tarixli, ******* qeydiyyat nömrəli Çıxarışdan müəyyən edilir ki, X13 məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evi İddiaçı xeyrinə daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan “X9” MMC-nin 10 oktyabr 2018-ci il tarixdə keçirilmiş 140/1 saylı Hərraccın nəticələri haqqında yekun protokolundan müəyyən edilir ki, Abşeron rayonu. Xırdalan şəhəri, 27-ci məhəllə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış evi İddiaçı 159.375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manata satılmışdır. Mülki işin materiallarında olan “X9” MMC ilə İddiaçı arasında bağlanmış 29.10.2018-ci il tarixli hərracın yekunları üzrə mənzilin alqı-satqısı müqaviləsindən müəyyən edilir ki, X13 məxsus olmuş Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış ev İddiaçı tərəfindən 159375 (yüz əlli doqquz min üç yüz yetmiş beş) manata alınmışdır. İş materiallarında olan X17 ilə Cavabdeh1 arasında bağlanan 22 dekabr 2016-cı il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, borcverən Cavabdeh1 borcalan X13 22.01.2017-ci il tarixinədək 20.000 manat məbləğində pulu borc verir. İş materiallarında olan X17 ilə X3 arasında bağlanan 18 dekabr 2016-cı il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, borcverən X3 borcalan X13 18.02.2017-ci il tarixinədək 20.000 manat məbləğində pulu borc verir. İşin materiallarında olan sadə yazılı qəbzin surətindən müəyyən edilir ki, X17 X1 5000 manat məbləğində pul almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli, 16.04.2019-cu il tarixli, **********8 qeydiyyat nömrəli Çıxarışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış ev İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli reyestr kitabının 31 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan yerli müayinə zamanı cavabdehlərin iddiaçının mülkiyyətində olan mübahisəli evdə yaşamaları müəyyən edildi. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə və 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.2-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. İş materiallarından görünür ki, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab etmişdir ki, mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yerləşən ümumi sahəsi 279 kv.metr olan fərdi yaşayış ev mülkiyyət hüququ əsasında 16.04.2019-cu il tarixdən İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hal-hazırda onun mülkiyyətindədir. Cavabdehlər mübahisəli mənzilləri mənzilin əvvəlki mülkiyyətçisi olan X13 müəyyən məbləğdə pul vəsaiti ödəməklə oraya köçüb yaşasayaraq aldıqlarını bildirsələr də onlar arasında daşınmaz əmlakın alqısatqısı müqaviləsi bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 146.1 və 146.2-ci maddələrinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəllənin 144.1 və 394-cü maddələrində isə təsbit edilmişdir ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Qanunvericiliyin qeyd edilən tələblərindən göründüyü kimi əqd əsasında əldə edilən daşınmaz əmlaka sahiblik, istifadə və sərəncam hüquqlarının yaranması anları fərqli müəyyən edilmişdir. Sərəncam hüququ sərəncam verən tərəfindən daşınmaz əmlakın dövlət reyestrinə əsasən belə hüquqa malik olması ilə təsdiqlənir. Qanunvericinin belə yanaşması isə ondan irəli gəlir ki, daşınmaz əmlaka mülkiyyət hüququnun məhdudlaşdırılması barədə məlumatlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Beləliklə tərəflərin razılığı ilə yanaşı daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehlərlə mübahisəli mənzillərin əvvəlki mülkiyyətçisi arasında alqı-satqı münasibətləri qanunvericiliyin tələblərinə uyğun rəsmiləşdirilmədiyindən və həmin mənzillərin mülkiyyətçisi olan hazırkı iddiaçıya münasibətdə cavabdehlər mənzildən istifadə hüquqları olmayan şəxslər olduğundan iddia mənzildən çıxarılmaya və mənzillərin təhvil verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd etmişdir ki, cavabdehlərin X13 qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmaq hüquqları vardır. İddia tələbinin ziyan tələbi hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli mənzildən istifadə etmələri ilə bağlı cavabdehlərin hərəkətlərində iddiaçıya münasibətdə hər hansı hüquq münasibəti və təqsirli hərəkətlər olmadığından iddia həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Bedlə ki, iddiaçı iddiasını bu hissədə əsaslandıra bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən Azərbaycan Respublikası MPMnin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Qanunvericilik fiziki və hüquqi şəxslərin hər hansı bir mənafe və maraqlarının müdafiəsini deyil, yalnız qanundan və digər normativ-hüquqi aktlardan irəli gələn, yəni qanunla qorunan mənafe və maraqlarını müdafiəsini nəzərdə tutub. Qeyd edilməlidir ki, məhkəmə mübahisəni həll edərkən iddiaçının subyektiv hüquqa malik olmasını müəyyən etdikdə həmin hüququn müdafiəsini təmin edir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, mübahisəli ev iddiaçının mülkiyyətindədir və cavabdehlərin orada yaşaması onun hüquqlarını pozur. Ona görə də iddia tələbi mənzilən çıxarılma hissəsidə əsaslı olduğu üçün təmin olunmalıdır. Lakin iddiaçı iddia tələbini 10.000 manat pulun əldən çıxmış fayda kimi tutulması hissəsində əsaslandıra və buna dair sübut təqdim etmədiyinə görə iddiası həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin maddə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Brumaresku Rumıniyaya qarşı» iş üzrə 28 oktyabr 1999-cu il tarixli qərarında göstərmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2-ci bəndinin izahına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üzrə toplanılmış sübutlara məcmu halında qiymət verməklə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bundan başqa müəyyən edilmişdir ki, apelyantlar apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etsələr də şikayəti əsaslandıra bilməmiş, buna dair hər hansı bir sübut təqdim etməmişlər. Apelyasiya şikayətlərində qeyd edilən dəlillər məhkəmə tərəfindən araşdırılaraq qətnamədə qiymət verilmiş və iş imaterialları ilə təkzib olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, iddiaçının və cavabdehin apelyasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3537/2019 saylı, 29 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətləri təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-166/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-166/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver