Məhkəmə qərarları › İş №2(105)-1660/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1660/2025

05.02.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1660/2025 05.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X4 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma" tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(029)- 37/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, **********21 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan, Qusar rayonunun Bədişqala kəndində yerləşən 0,4074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Bədişqala kəndində onun xüsusi mülkiyyətində 0,4074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinə mülkiyyət hüquqları DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, **********21 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla təsdiq olunur. Cavabdeh 4 ildən çoxdur ki, onun xüsusi mülkiyyətində olan həmin 0,4074 ha torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə edir. Bu müddət ərzində Cavabdeh həmin torpaq sahəsində onun iradəsinə zidd olaraq fındıq ağacları əkmişdir. O, dəfələrlə Cavabdeh torpaq sahəsindən çıxmasını, torpaq sahəsini aidiyyəti üzrə ona geri qaytarmasını xahiş etmiş, lakin Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək torpaq sahəsindən çıxmaqdan imtina edir.

3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

4. Qeydiyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən 0.4074 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli 3-21-3-34/2-16755/2024 saylı mütəxəssis rəyinən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, Tekius və Azcad modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, 04 aprel 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus ünvan 1ində yerləşən torpaq sahəsi ilə iddiaçının iddia elədiyi torpaq sahəsi tamamilə kəndin fərqli ərazilərində yerləşir. İddiaçı məxsus ünvan 1ində yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməsi mümkündür. Cavabdeh tərəfindən torpaq sahəsini və ya onun hər hansı bir hissəsini zəbt olunmamışdır (məlumatlar cizgidə təsvir edilmişdir). Qeyd: Mübahisələndirilən torpaq sahəsi hal-hazırda X1 və onun ailə üzvlərinin xüsusi mülkiyyətinə aid olmaqla, **********73 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir və meyvə bağı (fındıq bağı) kimi istifadə olunur. Qeyd: Bu ərazinin planından çıxarış torpaqların elektron kadastrı uçotu məlumat bazasına istinadən işlənilmişdir və hüquqların dövlət qeydiyyatı üçün əsas deyildir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 aprel 2025- ci il tarixli 10/39 saylı rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, 04 aprel 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli **********21 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus ünvan 1ində yerləşən torpaq sahəsi ilə iddiaçının iddia elədiyi torpaq sahəsi tamamilə kəndin fərqli ərazilərində yerləşir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, İdciaçı İddiaçı məxsus ünvan 1ində yerləşən torpaq sahəsinin sxematik planına uyğun olaraq künc koordinatları müəyyən edilməsi mümkündür. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh tərəfindən torpaq sahəsini və ya onun hər hansı bir hissəsini zəbt olunmamışdır.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 aprel 2025-ci il tarixli 10/39 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Qusar Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(029)-37/2025 nömrəli qətnaməsi ilə (hakim Əli Cəlilov) İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiasının təmin edilməməsi, iş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərclərinin İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndi, 29-cu maddəsinin 2-ci bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 152.5, 157.4 və 157.8-ci maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndi, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3 və 6-cı bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 103.1, 14.2, 77.1, 117.1, 118.1, 119.1, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

10. Qusar Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(029)-37/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh 4 ildən çoxdur ki, onun xüsusi mülkiyyətində olan 0,4074 ha torpaq sahəsini qanunsuz olaraq zəbt edərək istifadə edir. Bu müddət ərzində Cavabdeh həmin torpaq sahəsində onun iradəsinə zidd olaraq fındıq ağacları əkmişdir. O, Cavabdeh torpaq sahəsini aidiyyəti üzrə ona geri qaytarmasını xahiş etmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirərək torpaq sahəsindən çıxmaqdan imtina edir. Cavabdeh ona məxsus həmin torpaq sahəsindən könüllü çıxmadığı üçün 2023-cü ildə o, cavabdeh tərəfindən həmin torpaq sahəsində qanunsuz olaraq əkilmiş 8 fındıq ağacını kəsmişdir. Bununla əlaqədar Cavabdeh ondan Qusar rayon Polis Şöbəsinə şikayət etmişdir. Qusar rayon Polis Şöbəsində onun barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında material toplanaraq baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilmişdir. Həmin iş Qusar Rayon Məhkəməsində araşdırılarkən bir daha təsdiq olunmuşdur ki, həmin torpaq sahəsi 04 aprel 2022-ci il tarixli, **********21 reyestr nömrəli Çıxarışa əsasən ona məxsusdur və cavabdeh həmin torpaq sahəsindən qanunsuz istifadə edir. Məhkəmə bunu əsas tutaraq 14 avqust 2023-cü il tarixli, 3(029)-114/2023 saylı qərar qəbul etmiş, cavabdehin şikayəti əsasında Qusar rayon Polis Şöbəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiallara baxaraq onun əməlində inzibati xətanın tərkibi olmadığı üçün barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam vermişdir. O, qətnaməni qanunsuz və əsassız hesab edir və ona görə də həmin qətnamə apellyasiya qaydasında ləğv edilməli, iddiası təmin edilməlidir. Məhkəmə qətnaməni qəbul edərkən mübahisəli 0,4074 ha torpaq sahəsinin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, **********21 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışla onun mülkiyyətində olmasını, ondan əvvəl isə JN:0067 KOD 30107028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən mərhum anası X2 adında olmasını və həmin Dövlət Aktının “67M” saylı planşetində əks olunduğunu nəzərə almamış, yalnız iş üzrə DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 23 noyabr 2024cü il tarixli mütəxəssis rəyini əsas tutaraq iddianın rədd edilməsinə dair qətnamə çıxarmışdır. Məhkəmə işin bütün hallarını tam, obyektiv, hərtərəfli araşdırmamışdır. Bununla da Qusar Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli, 2(029)-37/2025 saylı qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1ci bəndinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərini pozmuşdur. Bundan əlavə məhkəmə iş üzrə DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən verilmiş rəyi araşdırmamış, həmin rəydə mübahisəli torpaq sahəsinin kordinatlarının düzgün göstərilmədiyini nəzərə almamışdır. O, bildirir ki, hal-hazırda Cavabdeh faktiki istifadə etdiyi və ondan geri tələb etdiyi 0,4074ha torpaq sahəsinin yerində faktiki koordinatları həmin torpaq sahəsinə onun adına verilmiş 04 aprel 2022-ci il tarixli, **********21 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışı, torpaq sahəsinin planı və ölçüsündəki koordinatlarla, habelə mərhum anası X2 adına olan JN-515F KOD 30106048 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktınının “67M” saylı planşetindəki koordinatlarla eynidir. Lakin DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli mütəxəssis rəyində torpaq sahəsinin koordinatları düzgün qeyd edilməmişdir. O, məhkəməyə DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən verilmiş 23 noyabr 2024-cü il tarixli mütəxəssis rəyi ilə razı olmadığını bildirmiş, torpaq sahəsinə DƏDKR PHŞ-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin başqa, Xaçmaz şəhərində yerləşən İdarənin əməkdaşları tərəfindən yenidən baxış keçirilməsini və iş üzrə yeni rəy alınmasını tələb etmişdir. Lakin məhkəmə onun vəsatətini təmin etməmişdir. Bununla da məhkəmənin həmin qətnamədə gəldiyi nəticələr qeyri-mötəbər sübutlarla əsaslandırıldığından qətnamə qəbul edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 385-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə MPM-nin 88, 103cü maddələrinin tələblərini pozmuş, yalnız iş üzrə verilmiş mütəxəssis, ekspert rəyi ilə kifayətlənərək, işin bütün hallarını araşdırmadan birtərəfli, qanunsuz qətnamə qəbul etmişdir. Onun tərəfindən təqdim edilmiş sübutlar araşdırılmamış və işin nəticəsi üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmənin qətnamədə gəldiyi nəticə işin hallarına uyğun deyildir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixində elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

13. Etiraz onunla əsaslandırılmışdır ki, aşağıda göstərəcəyi fakt və sübutlara əsasən hesab edir ki, iddia tələbi əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Naziurliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri rublik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində qeyd olunur ki, mübahisə olunan torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin kordinatlarını naturadan plana alınaraq kameral şəraitdə TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmiş, nəticədə müəyyən olunmuşdur ki, 04 aprel 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********21 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyartı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Qusar rayonu, Bədişqala kəndində yerləşən torpaq sahəsi ilə iddiaçının iddia elədiyi torpaq sahəsi tamamilə kəndin fərqli ərazilərində yerləşir. Cavabdeh tərəfindən torpaq sahəsini və ya onun hər hansı hissəsini zəbt olunmamışdır. İddiaçı mübahisəli torpaq sahəsi ilə bağlı müxtəlif qurumlara, həmçinin Qusar rayon Polis şöbəsinə müraciət olunmuş, hər dəfə araşdırma aparılmış və ona hərtərəfli, qanuni əsaslarla izah olunmuş, lakin bütün bunlara baxmayaraq o, həmin torpaq sahəsinin ona məxsus olduğunu bildirir. Qusar rayonu, Bədişqala kəndi ərazisində yerləşən mübahisə olunan 0.4074 ha torpaq səhəsi ona və onun ailə üzvlərinə məxsus olduğunu AR DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın reyestri **********73 nömrəli, qeydiyyat nömrəsi ********** Çıxarışla təsdiq olunur. Bununla da aydın olur ki, iddiaçının iddia tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi fikirləridir və məhkəmə tərəfindən apellyasiya şikayəti rədd edilməlidir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

15. Cavabdeh apellyasiya şikayətinə etitaz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi İddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kim sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

21. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh qarşı “qanunsuz olaraq zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 04 aprel 2022-ci il tarixli, **********21 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən onun mülkiyyətində olan, Qusar rayonunun Bədişqala kəndində yerləşən 0,4074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılaraq həmin torpaq sahəsinin aidiyyəti üzrə ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

22. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməmişdir /bax bənd 8/.

23. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsini zəbt etməsi və onun mülkiyyət hüququnu hər hansı şəkildə pozması öz təsdiqini tapmamış, əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli 3-21-3- 34/2-16755/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 28 aprel 2025-ci il tarixli 10/39 saylı ekspert rəyi ilə təkzib olunmuşdur.

24. Qusar Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(029)-37/2025 nömrəli qətnaməsi ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, həmin dəlillər iddia tələbinin əsasları ilə oxşar olmaqla, birinci instansiya məhkəməsi tərəfindən bu dəlillər üzrə araşdırma aparılaraq hüquqi qiymət verilmişdir. Odur ki, məhkəmə kollgiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

26. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

27. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qusar Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 2(029)-37/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar